Övladlığa uşaq götürməyin çətinlikləri...

 

Bəs həll yolu nədir?

 

 Ailənin təməlinin möhkəmlənməsinin əsas amillərindən biri də övladdır. Övlad sevgisi dünyada ən gözəl sevgidir. Bunu Allah hər kəsə nəsib etmir. Bəziləri yenicə dünyaya gəlmiş övladını küçəyə, müxtəlif binaların qarşısına qoyarkən bəzi ailələr illərlə övlad həsrəti ilə alışıb yanır. Onlar son çarəni hansısa bir qohumdan və yaxud da internat evindən uşaq götürməkdə görürlər. Nazirlər Kabinetinin 20 sentyabr 2000-ci il tarixli, 172 saylı qərarına əsasən mərkəzləşdirilmiş uçotunu isə 3 yaşa qədər olan uşaqlar üzrə Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı uşaqlar üzrə Təhsil Nazirliyi həyata keçirir.

 

 Hazırda Səhiyyə Nazirliyində övladlığa uşaq götürmək üçün 281 nəfər növbədə dayanıb. Onlardan 24-ü bu il, qalanları isə əvvəlki illərdən müraciət edənlərdir. Ancaq bu gün internat evlərində olan uşaqların sayı heç də az deyil. Ancaq Azərbaycanda övladlığa götürmə ilə bağlı xeyli bürokratik çətinliklər mövcuddur. Övladlığa uşaq götürmək istəyən insanlar bunun üçün çoxlu sənədlər hazırlamalı və uzun prosesdən keçməlidir. Bu isə həmin sənədlərin toplanması zamanı korrupsiyanın olması ilə yanaşı, bir çox insanların övladlığa uşaq götürməsinə süni əngəllər yaradır. Uşaq hüquqları üzrə QHT alyansı idarə heyətinin sədri Nazir Quliyev də bu fikirləri təsdiqləyir, bu gün övladlığa götürmə ilə bağlı prosedurlarda vahid mərkəzləşdirilmiş qaydaların olmamasıdır. “Yəni, valideyn müraciət edir, müəyyən sənədləri hazırlayır və sonra da uzun növbələrə dayanırlar. Bundan başqa bəzən onların valideynlərinin də olması problem kimi göstərilir. Halbuki internat evində yaşayan uşaqların bir çoxunun valideyni sadəcə sənədlər üzərindədir. Çünki onların çoxu heç uşaqla maraqlanmır, ona görə də həmin uşaqları övladlığa vermək olar. Hətta “İnternat evləri haqqında ümumi əsasnamə”də də qeyd olunur ki, əgər valideyn 6 aydan artıq müddətdə uşaqla ünsiyyətdə olmursa, onun tərbiyəsində iştirak etmirsə, müəssisə rəhbərliyinin həmin valideyni hüquqlarında məhrumetmə ilə bağlı iddia qaldıra bilər və çox asanlıqla həmin uşaq övladlığa verilə bilər”.

 

Valideynlər hazır deyil

 

Bu məsələdə valideynlər də unudulmamalıdır. Çünki bu gün övladlığa uşaq götürmək istəyən ailələr bəzən heç uşaqla davranmaq qaydalarına bələd olmurlar. Nazir müəllim deyir: “Bu məsələdə övladlığa götürmək üçün uşağın tapılması işin bir tərəfidir. Övladlığa uşaq götürmək istəyənlərin valideynlik bacarıqlarının artırılması, uşaqlarla işləmək vərdişlərinin olması çox önəmlidir. Azərbaycanda həmin ailələr üçün məsləhət və ya təlim mərkəzləri yoxdur. Yəni, valideynlər gedib uşaqla davranış qaydalarını araşdırıb öyrənsinlər. Bir çox xarici ölkələrdə isə belə mərkəzlər var ki, valideynlər ora gedib təcrübə kursları, psixoloji testlərdən keçir, onların həyat bacarıqları qiymətləndirilir”. Müsahibim problemin başqa bir tərəfinin həmin uşaqlara nəzarət məsələsində də boşluqların olduğunu deyir: “Bu məsələdə başqa bir məqam isə, övladlığa verilən uşaqların sonrakı həyatına nəzarət mexanizmi, monitorinq sistemi ilə bağlıdır. Çünki hamı hesab edir ki, proses övladlığa götürmə ilə bitir. Heç kim bu ailəni narahat edib ailə ilə ünsiyyətdə olmamalıdır. Bu bir çox problemlər yaradır. Bəzən isə həmin müəssisələrə qaytarılması və həmçinin müəyyən hüquqların pozulması halları da ortaya çıxır”.

 

Niyə daha çox körpələr?

 

Bəzən isə valideynlər istəyirlər ki, daha çox azyaşlı, hətta körpə uşaqları götürsünlər. Çünki onlar uşağın onlara uyğunlaşmamasından qorxur, həm də onları ana-ata bilmələrini istəyir, hətta ona övladlıq götürdüklərini heç vaxt açıqlamaq belə istəməyənlər olur. Amma bu məsələ heç vaxt gizli qalmır, bəzən hansısa bir tanış və ya qonşu uşağa deyir, bu da əlbəttə ki, həmin uşağın psixologiyasını pozur, onun ailə, ata, anaya olan inamı da sarsılır. N.Quluyev də bu məsələdə uşağın əvvəldən məlumatlı olmasını vacib sayır: “Qeyd etdiyimiz kimi həmin təlim, məsləhət mərkəzlərinin olmaması nəticəsində də valideynlərdə bu qorxu olur ki, mən 6 yaşlı uşağı götürsəm o mənə uyğunlaşmaz, bu da valideynin özünə inamının olmaması ilə bağlıdır. Ikinci bir məqam isə valideynlər istəyirlər ki, uşağın artıq ağlı kəsəndə onları valideyn kimi görsün. Hətta Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də övladlığa götürmə sirrinin yayılması ilə bağlı cinayət məsuliyyəti müəyyən olunub. Yəni bu məsələnin açılması xüsusi dərəcədə məhdudlaşdırılır. Ancaq mən hesab edirəm ki, uşaqların da öz hüquqları var və onlar övladlığa götürüldüklərini bilməlidirlər. Bunu əvvəldən bilsələr daha yaxşı olar. Çünki başqa insanlarda öyrəndikdə gərginliyə düşüb psixoloji travma ala bilərlər, nəinki onu böyüdən valideyndən eşitsələr. Əgər onlar bilsələr ki, onların valideynləri olmadığı və ya onları tərk etdiyi halda həmin insanlar ona valideynlik qayğısı ilə yanaşıblar, bu zaman həmin uşaqlar üçün daha çox stimul olar. Bu məsələlərin aradan qaldırılması üçün dediyimiz kimi ilk növbədə həmin valideynlər hazır olmalıdırlar. Həmçinin bu gün televiziyalar, sosial reklamlar vasitəsilə bu işi təbliğ etmək lazımdır. Çünki bu gün internat evlərində 10 minə yaxın belə ailəyə ehtiyacı olan uşaq var”.

 

Nəzarət mexanizmi

 

Adətən, uşaqların ailələrə verilməsi ilə əlaqələr sona çatır. Amma mütəmadi olaraq həmin uşaqların ailələrdəki vəziyyəti öyrənilməlidir. Çünki bəzən həmin uşaqlar müəyyən problemlərlə rastlaşırlar. Müsahibim deyir: “Düşünürəm ki, Azərbaycanda övladlığa götürülmə prosesində sadələşmə aparılmalıdır, amma bunun əvəzində nəzarət mexanizmi gücləndirilməlidir. Məsələn biz uşaqlarla işləyən müxtəlif dövlət orqanlarının əməkdaşlarına bunu müzakirə edəndə onlar deyirlər ki, “mən gedim həmin ailələrin monitorinqini aparsam, uşaq şübhələnər ki, niyə tez-tez gəlirlər?” Amma bunun üçün bir peşəkarlıq lazımdır, gərək sosial işçi və ya psixoloq gedim məhz həmin uşağın yaşadığı 50-ci mənzilin qapısını döyüb ora girməsin, ətrafdakı 10 mənzilin qapısını döysün bununla da şübhə yaratmasın ki, mən həmin uşağın vəziyyətini öyrənmək üçün gəlmişəm. Ona görə də, bu məsələdə peşəkarların cəlb olunması vacibdir”.

 

Aralıq müddət

 

  N.Quluyev uşaqların həmin gedəcəyi ailəyə uyğunlaşması üçün onun bir müddət ailə ilə əlaqələrinin qurulmasını, daha sonra isə övladlığa verilməsini vacib sayır: “ Prosesi asanlaşdırmaq, həmin valideynlərin həm maarifləndirilməsi, həm vərdişlərinin artırılması baxımından bu sahə ilə məşğul olan QHT-in də rolunu gücləndirmək lazımdır. Həmçinin övladlığa götürəndən sonra da bu mərkəzlərə çıxış imkanları da olsun ki, uşaqları da aparsınlar ki, onların da yeni mühitə uyğunlaşmalarına kömək olsun. Həmçinin qanunvericilikdə valideyn məsuliyyətinin artırılmasına da ehtiyac var. Onu da qeyd edim ki, bəzi ölkələrdə övladlığa uşaq götürmək üçün aralıq müddət olur ki, bu da 3 və ya 6 ay nəzərdə tutulur. Yəni əgər valideyn gedib bəyənirsə uşağı, onu birbaşa ailəyə gətirmir, o qalır sadəcə valideyn şənbə bazar günləri gedib onu götürür kinoya, parka gedir, uşaqla müəyyən vaxt keçirir, həftədə bir dəfə evinə qonaq gətirir, yəni arada bir ünsiyyət yaradır və bundan sonra övladlığa götürür”.

 

Qanunlar da sadələşməlidir

 

  Problemin tamamilə həllolunması üçün Nazir müəllimin bəzi təklifləri də var: “Bu gün həm Səhiyyə, həm də Təhsil Nazirliyinin bu məsələ ilə bağlı özlərinin bazaları var, ancaq övladlığa götürmə ilə bağlı vahid məlumat bazası yoxdur. Övladlığa götürən valideynlərlə bağlı da məlumat bazası yenilənməlidir. Açıq məlumat bazası olmalıdır, həmin uşaqların məxfiliyini qorumaq şərti ilə, həmin valideyn sistemə daxil olub məsələn, 5 yaşlı bir uşaq var, onun adı, ünvanı, hansı müəssisədə saxlanıldığı olmaya da bilər, amma o həmin uşağı görüb onun boyuna, çəkisinə, gözlərinin rənginə baxa bilər, anası- atası kim olub, hansı səbəbdən yerləşdirilib, xasiyyəti necədir, nəyə meyllidir və s. bunların hamısını valideyn görməlidir. Çünki övladlığa götürmə bir paltar deyil ki, gedib alasan, xoşuna gəlmədi qaytarasan. Azərbaycanda belə bir problem də var ki, uşaq götürürlər, sonra isə qaytarırlar, çünki uyğunlaşma olmur. Bu isə uşağa iki qat zərbədir, belə ki, o müəssisədə olur, ev mühitinə gəlir, sonra yenidən müəssisəyə qaytarılır. Ona görə də, qeyd etdiyimiz məqamlara fikir verib dəyişikliklər aparılmasına ehtiyac var. Bununla yanaşı həmin ailələrin sosial təminatının da yaxşılaşdırılması üçün işlər aparılmalıdır. Dövlətin həmin uşaq üçün müəssisəyə ayırdığı pulun çox cüzi bir hissəsini həmin ailəyə verməklə, həm uşağın ailə mühitində böyüməsinə şərait yaratmaq olar, həm ailənin sosial ehtiyaclarını ödəmək olar, həm də dövlət büdcəsinə xeyli qənaət edilmiş olarlar. Ona görə də, həm qanunvericiliyin dəyişməsi, həm də icra baxımından dəyişikliklərə ehtiyac var. Biz övladlığa götürməyə köhnə sovet dövründən qalma qaydalarla yanaşırıq. Bunun üçün də uşaq müdafiə mexanizminin gücləndirilməsinə ehtiyac var. Problemin həlli mexanizmin dəyişməyindədir”.

 

 

Gülxar Şərif

 

Olaylar.- 2011.- 15-17 oktyabr.- S.11.