Yarımçıq
müsahibə
Sənətdə
hər kəsin öz yeri var,
Heç kəs kiminsə yerini tutmur.
Heydər Əliyev.
Müdriklər incəsənəti olmayan
milləti həyat damarlarından biri qırılmış xəstəyə
bənzədiblər. Belə hesab edirlər ki, elə xəstələrə
millət yox, yiyəsi olmayan tayfa demək olar.
Şükürlər olsun ki, bu gün Türk millətinin
sağlam ruhu və sağlam düşüncəli də yiyəsi
var... Bildiyimiz kimi incəsənətin növləri
çoxdur. Onlardan ən gözəli kinodur. Sivil dövlətlərdə
olduğu kimi bizim kinomuz da dünya gözəlliyi ilə bağlıdır.
Gözəllik yaradıcıları yalnız reallıq deyil,
həm də xalqın daxilinə, ruhuna nüfuz edib onların
sevinc və qəminə şərik olmaq missiyasını
daşıyırlar. Və bilirlər ki, bəşəriyyətin
vicdanı olan incəsənət satılması və
alınması mümkün olmayan ali ruhdur.
Başlıca
vəzifəsi isə ən incə duyğuları ifadə
etməklə insanları mənəvi xoşbəxtliyə
çatdırmaqdır. Onu da başa düşürlər
ki, yaratmaq yalnız Uca Tanrıya məxsusdur. O, özü ən
böyük sənətkar, ən böyük məhadır.
Dünya boyda bir tamaşanın rəssamı da, bəstəkarı
da, quruluşçusu da o, özüdür. Yalnız sevdiyi bəndələrinə
rəhm əta edir ki, onlar xoş arzu və məramları ilə
Yaradana yaxınlaşa bilsinlər. Bu qəbil insanlar millətin
güzgüsü, zamanın barometri olmaqla problemləri bədii
boyalarla gələcək nəsillərə ötürməyə
çalışırlar. Belə fədakarlar sırasında
qəlbində Allah və millət sevgisi, inam və imanı
ilə kamilliyə yüksəlmiş xalq artisti Həmidə Ömərova da
var. Həmkarları və milyonlarla tamaşaçılar onu
ustad sənətkar, əziz- mərhəm bir insan kimi sevirlər...
Birdən könlümə Həmidə
xanımla görüşmək həvəsi
düşdüyündən kino günü münasibətilə
başladığım bu yazını elə buradaca
yarımçıq saxlamalı oldum...
Zəng vurub onunla
salamlaşdım... Səsinin ahəngində yorğunluq və
pərişanlıq duyulurdu. Dedi:- Yasin üstünə sağlıq, anamı itirdim. O məni
yetim qoyub dünyasını dəyişdi...
Gözləmədiyim xəbər məni
dilxor elədi. Bivaxt zəngimə peşmançılıq
çəksəm də yalan danışmağa məcbur
oldum. Dedim:- Həmidə
xanım, narahatlığa görə üzr istəyirəm...
Zəng elədim ki, az da olsa dərdinə şərik olum...
Allah rəhmət eləsin! Yeri behiştlik olsun... Neyləmək?
Reallıqla barışmaq lazımdır... Görünür
tale yazısı belə imiş... Telefon dəstəyində
hıçqırıq səsləri gəlirdi...Onun çox
iradəli qadın olduğunu bilirdim. Lakin o
ağlayırdı... Anasının yaşını, xəstəliyini
soruşmağa cürətim çatmadı. Çünki həmişə,
anadan söz düşəndə o “Ananın yaşı
olmur” deyərdi... Deyəsən bir balaca özünü ələ
aldı. Onu da deyim ki, o ağlayanda da gülümsəməyi
bacaran insandır... Özünəməxsus səlist nitqi ilə
razılığını bildirdi:- Sağ ol, qardaşım! Allah sənin də valideynlərinə
rəhmət eləsin... Diqqətinə görə çox
sağ ol!
- Siz də
sağ olun! Allah bir oğlunuzu qorusun! Özünüzdən
muğayat olun...- dedim. İlk yazımın təməli
uğursuz başladığından yarımçıq
qalmış yazını tamamlamaq fikrindən vaz keçdim...
Azərbaycan kino gününü çox təmtəraqlı
surətdə, dövlət səviyyəsində qeyd elədilər.
Layiqlilərə mükafatlar, fəxri adlar verildi. Əlim-
ünüm çatanları təbrik elədim... Bu
yaxınlarda elə bil məni yenidən cin vurdu və dəli
şeytan dedi:- Dur, Həmidəyə zəng elə! Dəstəyi
götürüb rəqəmləri yığdım...
- Bəli,
Yasin müəllim, eşidirəm.
- Salam, Həmidə xanım!
- Əleykuməsalam.
Nə əcəb səndən?
- ...
- Həəə...
Yəqin Etibar Babayev kinokluba çağırır. Sənə
tapşırıb məni tapasan, eləmi?
- Yox,- dedim.
- Bəs?
- Sizin haqqınızda qəzetə
yazı hazırlamaq istəyirəm.
- “Qoja”
vaxtı jurnalistliyə keçdin?
- Yooox... özümü sınamaq istəyirəm,-
dedim.
- Dəlləkliyin
elə mənə qalıb?
Mırtım tutdu.
Ölçülməmiş suala biçilməmiş cavab
vermək istədim.
- Həmidə xanım! Alla Puqaçovadan
başlamaq istəyirdim. Zəng vurdum, qastroldadır. Türkan
Şorayın səsi batıb, Sofi Lorenin də çəkilişləri
başlayıb. Əlacım kəsildiyindən sizə zəng
vurdum...
- Həəə...
İndi bildim ki, bacararsan... Mən hazır.
Deyəsən
qımışığı açılmışdı.
Ürəklənib əminliklə Gənc Tamaşaçılar
Teatrının yanındakı çayxanaya görüş təyin
elədim...
Ertəsi
gün çayxanada əyləşmişdik.
Mağmın-mağmın bir-birimizə baxıb çay
içirdik. Həmidə xeyli sınıxmışdı.
Çöhrəsində bikeflik və həzin bir
üzüntü var idi. Gözləri yol çəkirdi.
Anladım ki, ilk sualın vaxtı çatıb. Əsas məramım
onun tamaşaçılara məlum olmayan həyat
düşüncələrini öyrənmək idi. Dedim:
- Həmidə xanım, bəlkə bir az
gülümsəyəsiniz, bir təbəssüm bağlı
qapıları açar...
- Neyləyim?
Dünya bir qəmxanədir,
Ağlayan çox, gülən az!-
dedi.
- Özünüz yazmısınız?-
deyə soruşdum.
- Yox, xalq
bayatısıdır...- dedi. Gülümsədi. Sanki
çöhrəsinə nur çiləndi. Sifəti
işıqlandı, yaraşıqlı gözləri cana gəldi.
Dedi:
- Yasin,
bağlı qapıları təbəssümlə yox...
Döyməklə açmaq olar.
Həmidə xanım, demək istəyirdim
ki, problemin çarəsi onu unutmaqdır. Atalar “Keçən
keçdi, gələnə bax” deyiblər...
Mən onun intellektinə bələd
olduğum üçün maraqlı və sanballı bir
mövzu axtardım ki, birdən yadıma bir əhvalat
düşdü.
- Bir gün Mikelancelodan soruşurlar: “Nə
üçün evlənmirsən?” o “Mən sənətimlə
evliyəm, əsərlərim də övladlarımdır”
deyib. Bu mənada neçə övladınız var?
O bir an fikirləşib
üzümə baxdı...
-
Övladlarım, siz deyən mənada çoxdur,- dedi. –Hər
biriynən də fəxr eləyirəm. Lakin iki
övladımla xüsusi fəxr edirəm. Oğlum, bir də
qızım-anamla. Amma biri bu yaxınlarda uçdu və onun
yerini heç kim tuta bilməz. Son altı-yeddi ildə o məni
ana deyə çağırırdı. Mən də ona
analıq edirdim. Hərfi və məcazi mənada Qız
övlada həsrət idim. Onu son illərdə anamın
timsalında tapdım və itirdim...
Kövrək notlarla dolu olan bu
cavabdan pəjmürdə olduğumçün sözü sənətdən,
istedaddan salmaq istədim. Lakin istedad barədə bildiyim hikmətli
bir sözün müəllifini xatırlaya bilmədim. Əlqərəz...
Lənət şeytana... Həəə... məzmunu belədir.
Guya istedadlı insanlarda xüsusi cazibədarlıq olduğu
üçün adamlar elə ilk baxışdan onları sevməyə
başlayırlar... İcazə alaraq, bir siqaret yandırıb
sözə başladım.
- Bəzi sənət adamları vaxtı
oğurlamağı, bəziləri isə vaxtı
öldürməyi yaxşı əyləncə sayırlar.
Heç vaxt öldürmək, yaxud oğurlamaq fikrinə
düşmüsünüzmü?
- Vaxtım
var ki...- deyə gülümsündü. – Bəzən
vaxtın çatışmamazlığından şikayət
edirdim. İndi isə sevinirəm. Çünki vaxt
çatışmamazlığı içimdəki məni
göynədən dərdimi istədiyim kimi ağlamağa
qoymur. Özüm özümlə istədiyim kimi qala bilmirəm.
Qala bilsəydim... yəqin ki, dəli olardım...
Həmidə
xanımın yaxşı qələm sahibi olduğunu
bilirdim. Odur ki, dedim:
- Bir gün Bernard Şoudan soruşanda ki,
“Məşhur yazıçı olmaq üçün necə
yazmaq lazımdır?” O, deyib:- “Soldan sağa”. İndi onun
sözü olmasın, məşhur aktrisa olmaq
üçün nə etmək lazımdır?
- Heç nə.
Məşhur insanların açdığı yolla
addımlamaq. Vəssalam...
- Gözəl sözdür... Həmidə
xanım, gözəl söz nədir?
- Heç kəsin
xətrinə dəyməyən söz gözəldi,- dedi.
- Deyirlər, şöhrətə
çatmış sənətkarlar xoşbəxtliyi özləri
ilə gəzdirirlər. Deməli, məşhur adamların
hamısı xoşbəxtdir?
- Xeyr! Əgər
bədbəxt deyilsənsə sən də özünü
xoşbəxt saya bilərsən.
- Bəzi qadınlar deyir:- “Bəxtim
olsaydı, qız olardım”. Siz oğlan olsaydınız, neyləyərdiniz?
- Bəxtim
var ki, qız olmuşam... oğlan olsaydım... ömrüm
qısa olardı... Ya müharibədə ölərdim, ya da
“dilimin uzunluğundan”.
- Deyirlər “Fürsət adamın
qapısını iki dəfə döyməz”, fürsət
tərəfindən qapınız neçə dəfə
döyülüb?
- Neçə
dəfəsini deyənmərəm. Sadəcə olaraq
qapını döyənin fürsət olduğunu bilmədiyimdən
qapını açmamışam. O da gedib başqa
qapını döyüb. Bir sözlə fürsəti əldən
vermişəm.
Mən Həmidə
xanımın islam dini ilə çox
maraqlandığını, Qurani- Kərimi bir neçə dəfə
oxuduğunu da bildiyim üçün dedim:- Sevimli peyğəmbərimiz...
o sağ əlini üzünə çəkib, ədəb- ərkanla
salavat çevirdi.
Həzrəti
Məhəmməd deyib ki: “Ən başlıca düşmənim
nəfsimdir”. Nəfsinizlə bacarırsınızmı?
- Dünyada
baş verən bütün bəd əməllərin təməli
tamahıdır. Tamahkar öz nəfsinin quludur. Körpəliyimdən
bu günə qədər nəfsimin ağası olmağa
çalışmamışam.
- Həmidə xanım, AzTv- də
Adıgözəlovun yerinə Kinoklubu aparmaq sizə çətin
deyil ki?
- Olarmı bu
suala müdrik bir şəxsiyyətin hikmətli kəlamı
ilə cavab verim.
- Olar, niyə olmur ki?
- Ulu öndərimiz
Heydər Əliyev deyirdi: “Sənətdə hər kəsin
öz yeri var, heç kəs kiminsə yerini tutmur”.
***
Birdən narın bir payız
yağışı başladı. Yağışdan qorunmaq
üçün hamı çayxana çətirlərinin
altına toplaşdı. Tanıdığım jurnalistlər
sənət adamları ilə iki- bir üç- bir əyləşib
xısınlaşırdılar. Təbii ki, müsahibə
götürürdülər. Yağış güclənirdi.
Təbiətin bu gözəl möcüzəsindən ətraf,
küçə, səki, daş, ağac hamısı təmizlənib
paklanırdı. Elə mən özüm də paklanıb
saflaşırdım. Çünki pak bir insanla oturmuşdum. Ətrafımıza
dost-tanışlar toplaşdılar. Hamı Həmidəni
bağrına basıb əzizləyirdi. Məclis
böyüdü, söhbət də uzandı...
Mənimsə müsahibəm yenə
də yarımçıq qaldı...
Yasin Qarayev,
Azərbaycan Respublikasının
Xalq artisti
Olaylar.- 2011.- 18 oktyabr.- S.12.