Uşaqların kompüter marağı onun nəticələri

 

Rasim Əliquliyev: “...uşaqlar zərərli proqramlardan istifadə edəndə proqram həmin uşağa, onun valideyninə, müəlliminə xəbər versin ki...”

 

Nazir Quliyev: “Həm internet klubların, həm uşaqların internetdən istifadəsinə imkan valideynlərin bu işdə məsuliyyəti var”

 

  İnformasiya texnologiyalarının inkişafının bir təzahürü də kompüter oyunlarıdır. Bu texnologiyalar həyatımızın bir çox sahələrində xoş yeniliklərlə yanaşı, həm də bir çox çətinliklər də yaratdı. Belə ki, kompüter oyunları insanların reallıqdan uzaqlaşıb virtual aləmə meyl etməsinə, günün böyük bir hissəsini kompüter qarşısında keçirməsinə səbəb olur. Hətta bu hal sadəcə böyüklərdə müşahidə olunmur, uşaqların da oyunlara marağının artması daha təhlükəli məqamların yaşanmasına səbəb olur. Böyük Britaniya Kral İnstitutunun keçmiş direktoru, Baronessa Qrinfildin açıqlamalarına görə, əgər insan monitor qarşısında həddindən artıq vaxt keçirirsə, onun beynində fizioloji səviyyədə dəyişiklik baş verir ki, bu da mütləq davranış və diqqətlə bağlı problemlərə gətirib çıxarır.

 

 Həmçinin bu oyunlar beyində müəyyən əsəb bağlarını fəaliyyətdən saxlayır. Üstəgəl, kompüter oyunlarına son dərəcə aludəçilik insanın diqqətini cəmləşdirəcəyi vaxtı qısaldır və uşağı düşüncəsiz əməllər törətməyə təhrik edir. Bəs bizim mütəxəssislərin bu məsələ ilə bağlı qənaətləri nəcədir?

Qeyd edək ki, fikrini öyrəndiyimiz mütəxəssislərin bu məsələyə yanaşmaları müxtəlif oldu. Psixoloq Samir Əhmədov kompüter oyunlarının hər zaman zərərli olmadığı qənaətindədir. “Oyunların uşaqlara təsiri onların mahiyyətindən asılıdır. Yəni, məntiqi oyunlar uşaqların inkişafını, döyüş, zorakılıqla zəngin olan oyunlar isə onların daxilindəki aqressivlik baryerini aşmasını tezləşdirir. Həmin baryer isə yalnız 16-18 yaşdan sonra aşılır. Bu hadisənin tezləşməsi həmin uşaqlarda qeyri-stabil davranışlara, verbal aqressivliyə, həmyaşıdları ilə davranışında zorakılığı üstün tutmasına səbəb olur. Bundan başqa bu oyunlar elə qurulur ki, insanda asılılıq yaradır. Onlarda müəyyən pillələr olur ki, onları aşmaqla qalibiyyətə yaxınlaşırsan. Hər bir insanın da daxilində üzü yuxarıya doğru bir meyl olduğundan ən yüksək pilləyə çatana qədər davam edir. İnsanların bu xüsusiyyətləri nəzərə alınaraq həmin oyunlar da hazırlanır. Onu da qeyd edim ki, hətta Bill Geyts belə uşaqlarının 45 dəqiqədən artıq kompüter qarşısında olmasına qadağa qoyub”.

 

Bu həm də pul qazanmaq üçün bir vasitədir

 

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquluyev bu oyunların informasiya iqtisadiyyatının təzahürlərindən biri olduğunu deyir: “Bu oyunları hazırlayanların əsas məqsədlərindən biri pul qazanmaqdır. Onlar qumar kimidir, yəni oyunun sonunda nə isə qazanmaq vəd olunur və onu əldə edənə qədər də mübarizə aparılır. Nəticədə bu oyunlara maraq göstərən uşaqların kompüter qarşısında daha çox vaxt keçirmələrinə səbəb olur. Bu da onların səhhətinə zərər vurur və təhsildən, ailədən, real həyatdan uzaqlaşdırır. Bu da kompüter asılılığına doğru atılan addımdır. İnternet üzərində oynanılan bir çox oyunlar var ki, onlar uşaqların psixologiyasının zəifliyini nəzərə alaraq oyundan istifadə və ya müxtəlif bəhanələrlə təklif edirlər ki, onlar valideynlərinin bank hesablarının kartının nömrəsini, şifrəsini daxil etsinlər. Nəticədə, həmin uşaqlar əslində kibercinayətkarlığın qurbanına çevrilirlər”.

 

Bu həm də xəstəlikdir

 

  Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə uşaqların kompüterdən istifadəsinin onlarda aludəçilik yarada biləcəyini düşünür: “Həmin uşaqlar təhsildən yayınır və vaxtının böyük bir hissəsini də kompüter qarşısında keçirir. Xüsusən də ailədə problem yaşayarkən bu oyunlara daha çox maraq göstərir. Müşahidələr onu göstərir ki, bu oyunlar artıq bir xəstəliyə çevrilib. Biz uşaqlarla işləyirik və görürəm ki, uşaqlar bu oyunlardan nə qədər asılıdırlar, bu da onlar üçün bir təhlükə yaradır. Bunun davamı olaraq pornoqrafik, tanışlıq saytlarına meyl edə, hətta insan alverinin qurbanına belə çevrilə bilərlər. Həmçinin bu onların psixoloji durumlarına və qavrayışlarına da təsir edə bilər”. Rasim Əliquliyev də bu problemin daha ciddi fəsadlarının olduğunu və artıq kompüter oyunlarından uzun müddətli istifadənin bir xəstəliyə çevrildiyinin bir sıra beynəlxalq təşkilatlar səviyyəsində də təsdiqləndiyini deyir: “Ümumdünya Səhiyyə Təşkilatı da artıq kompüter xəstəliyini də ciddi xəstəliklər sırasına daxil edib. Artıq dünyanın bir sıra ölkələrində digər xəstəliklər kimi kompüter xəstəliyinin də müayinə və müalicə olunduğu mərkəzlər var. Belə ki, uşaqları müəyyən kabinələrdə müayinə olunur, onların nə dərəcədə asılı olduğu müəyyənləşdirilir və müalicə işləri aparılır”.

Psixoloq həmin uşaqların ancaq kompüterlə yaşadığını, onların həyatının kompüter və klaviaturadan ibarət olduğu deyir. “Daha çox real həyatda özünə yer tapa bilməyən, insanlarla əlaqə qura bilməyən uşaqlar virtual aləmə üz tutur”.

 

Cinayətkara çevrilə bilərlər

 

 Gündə bir neçə saat kompüter oyunlarından istifadə etmək uşaqların psixologiyasını pozub, dərsə davamiyyətlərinə, qavrayışlarına təsir etdiyi kimi onların hətta cinayətkara çevrilmələrinə də səbəb ola bilər. Uşaq hüquqları üzrə QHT alyansı idarə heyətinin sədri Nazir Quliyev kompüter oyunlarının artıq uşaqların əyləncələrinin ayrılmaz bir hissəsinə çevrildiyini deyir: “Uşaqlar bu oyunları evdə oynamaqla yanaşı, bəzən də hətta dərsdən yayınaraq müxtəlif internet klublarda oynayırlar. Bu uşaqların virtual həyata aludəçiliyini də artırır. Onlar artıq demək olar ki, real həyatdan uzaqlaşırlar. Zorakılığı təbliğ edən, uşaqların yaş dövrlərinə uyğun gəlməyən oyunlar isə daha təhlükəlidir. Belə ki, həmin oyunlardan istifadə edən uşaqlar bir müddət sonra pornoqrafik materialların çəkilməsində, yayılmasında da iştirak etmələrinə də rast gəlinir. Bu zaman da həmin uşaqlar cinayət törətmiş olurlar. Çünki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, pornoqrafik materialların yayılması cinayət məsuliyyəti yaradır, həmçinin bununla onlar digər uşaqların da hüquqlarını pozmuş olurlar”.

 

Cəza üsulları

 

Əgər bu oyunlar uşaqlar üçün bu qədər zərərlidirlərsə, onda bu işdə cəza kimə verilməlidir. Uşaqlarına nəzarət edə bilməyən, bəzən onun bu oyunlar oynamasına göz yuman valideynlər, bu oyunların nə qədər zərərli olduğunu bilərək onu hazırlayanlar, yoxsa onun kütləvi yayılmasına şərait yaradanlar? R.Əliquliyev bu tip hallarla mübarizədə aparmaqda bütün dünyanın əziyyət çəkdiyini deyir: “Ayrı-ayrı ölkələrdə, həmçinin beynəlxalq məkanda bununla bağlı işlər görülür. Müxtəlif ölkələrin qanunvericilik sənədlərində bununla mübarizə aparmaq üçün müxtəlif yollar göstərilib. Amma bildiyiniz kimi, bu məsələ ilə mübarizə aparmaq elə də asan deyil”.

N.Quliyev hər kəsin bu işdə bərabər məsuliyyət daşıdığını deyir: “Həm internet klubların, həm bu uşaqları internetdən istifadəsinə imkan valideynlərin bu işdə məsuliyyəti var. Həmçinin  Daxili İşlər Nazirliyinin xüsusi əmri var ki, polislər kompüter oyunları yerlərinə nəzarət etməlidirlər, dərs vaxtı internet klubda olan, əxlaqa zidd oyunlar oynayanlarla bağlı müəyyən işlər görülməlidir. Əsas məsələlərdən biri də uşaqlarla iş aparan təşkilatların, qurumların bu məsələdə hüquqlarının genişləndirilməsidir ki, onlar da bu məsələ müəyyən işlər görə bilsinlər”.

 

Problemdə həll yolu

 

Psixoloq problemin həllində valideynlərin rolunun əhəmiyyətli olduğunu hesab edir. “Valideynlər uşaqları bu oyunlardan yayındıra bilərlər. Əlbəttə ki, bunu açıq- aşkar demək olmaz, çünki nəyi qadağan etsək uşaqlar ona daha çox maraq göstərirlər. Sadəcə, çalışmaq lazımdır ki, uşaqlar müəyyən dərnəklərə, idman növlərinə yönəlsinlər”.

R.Əliquliyev isə problemi yaradan kompüterlərin də onu həll edə biləcəyini düşünür. “Kompüterlərin özündə intellektual proqramlar təminatı olmalıdır ki, uşaqlar zərərli proqramlardan istifadə edəndə proqram həmin uşağa, onun valideyninə, müəlliminə xəbər versin ki, artıq kompüterdən istifadə onun üçün zərərlidir”.

 

Xoşniyyətli proqramlar

 

Bu zərərli oyunlardan yayınmağın bir forması da uşaqların biliyinin artırılmasında kompüter oyunlarının tətbiqidir. R.Əliquliyev deyir: “Daha xoşniyyətli oyunlardan istifadə etməklə uşaqların dərsləri daha yaxşı mənimsəmələrinə də şərait yaratmaq olar. Bununla onlar həm oyun oynayar, həm də hansısa məsələnin həllində “bunu mütləq sona qədər həll etməliyəm deyə” düşünərlər. Nəticədə bu onların daha yaxşı qiymət alar və həmçinin onların intellektual bilikləri, məntiqi təfəkkürləri inkişaf edər. Bu oyunlar vasitəsilə uşaqlar dərsi candərdi yox, dərk edərək həll edə bilərlər. Ona görə də, zərərli oyunların qarşısının alınmasında bir vasitə də tədris prosesində bu tip öyrədici oyunların tətbiq olunmasıdır”.

 

Gülxar Şərif

 

Olaylar.- 2011.- 19 oktyabr.- S.4.