Milli Məclisdə Müstəqillik günü 

                                           

Oqtay Əsədov: “Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə edərək tarixi varislik üzərində müstəqil dövlət yaradıb”

 

Oktyabrın 18-də Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş plenar iclası keçirilib. İclas Azərbaycan dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Spiker Oqtay Əsədov iclasın açılışında bildirib ki, sovetlər birliyinin dağılması ilə 1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən istifadə edərək tarixi varislik üzərində müstəqil dövlət yaradıb:

"Təəssüf ki, müstəqilliyin ilk illərində ölkəmiz çox mürəkkəb problemlərlə qarşılaşıb, çox çətin vəziyyətə düşmüşdü. Dövlətimiz erməni təcavüzü, xarici ölkələrin təxribatı ilə üzləşmişdi. O vaxt hakimiyyət başında duranların səriştəsizliyi, ölkədə baş verən siyasi və iqtisadi tənəzzül, xaos, özbaşınalıq bu çətin vəziyyətdən çıxmağa imkan vermirdi. Bu da taleyin qisməti idi ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasi dahi Azərbaycanın "sükanı arxasında" olmalı idi". Spikerin sözlərinə görə, xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni məhv olma təhlükəsindən xilas etdi. Beləliklə ulu öndər ölkəmizin gələcək siyasi iqtisadi inkişafının təməlini qoydu. Bu gün İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilir.

 

***

 

  Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məruzəsində Azərbaycanın dövlətçilik tarixinə nəzər saldı. O, Azərbaycanın Sovet İttifaqının tərkibindəki dönəmindən danışaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Birinci vitse-spiker müstəqillik əldə olunandan sonra Azərbaycanın qarşılaşdığı çətinliklərdən danışaraq müstəqilliyin ilk illərində ölkənin Ermənistanın təcavüzkar siyasəti və ölkə rəhbərliyinin səriştəsizliyi ilə üzləşdiyini qeyd edib. Z.Əsgərov çıxışında Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yolundan danışaraq qeyd edib ki, artan imkanlar qarşıya qoyulan bütün məqsədlərin həyata keçirilməsinə şərait yaradır: "Azərbaycan Parlamenti 16 ildir ki, qanunvericilik sahəsində fəaliyyətini uğurla davam etdirir. Ötən illərdə Azərbaycan parlamenti milli qanunvericiliyin Avropa hüquq normalarına uyğunlaşdırılmasına nail olub, hüququn aliliyinin bərqərar olmasına şərait yaradıb". Millət vəkili Vahid Əhmədov bildirib ki, SSRİ-nin süqutu Azərbaycanın müstəqilliyinin əsas amili olsa da, bu müstəqillik 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycan xalqının qanı bahasına qazanılıb: “Bu gün başımız üzərində dalğalanan üçrəngli bayrağı ilk dəfə Heydər Əliyev Naxçıvanda qaldırıb. Bakıda isə 43 deputat Azərbaycanın müstəqilliyinə səs verib. Bu tarixi düzgün yazmaq lazımdır. Bu gün Azərbaycanda demokratik institutlar yaransa da bu, tam vətəndaş cəmiyyətinin formalaşması demək deyil. Bunun üçün Azərbaycan cəmiyyəti dialoqa getməli, prinspial məsələlərdə dövlətlə həmrəy olmalıdır. Bu gün ölkədə aparılan siyasi və iqtisadi islahatlar Azərbaycanın müstəqilliyinin daimi, əbədi olmasına inam yaradır”. Azərbaycan xalqının yalnız bir hissəsi öz müstəqilliyinə qovuşduğunu qeyd edən millət vəkili Fazil Mustafa Cənubda yaşayan 35 milyon soydaşımızın da müstəqillik qazanmasını arzuladı: "Bu heç bir dövlətin daxili işinə qarışmaq deyil, sadəcə olaraq xalqın haqqının səsləndirilməsidir". Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə bütün azərbaycanlıları təbrik edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan dövlətinin müstəqilliyinin bütün azərbaycanlılar üçün ən müqəddəs nemət olduğunu diqqətə çatdırdı: “Gülüstan müqaviləsindən sonra Vətənin keçdiyi faciələrə baxsaq, dövlət müstəqilliyinin nə qədər önəmli olduğunu görərik. Ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən insanlar olub ki, onların qarşısında hər zaman baş əyirik. O insanlardan biri də Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətlərin müəllifi ümummilli lider Heydər Əliyevdir. Müstəqilliyin 20 illiyinin Qarabağda, Şuşada qeyd olunmaması içimizdə olan kədərdir. Ölkənin bugünkü inkişafı, nailiyyətləri bunu deməyə əsas verir ki, Qarabağda qeyd edəcəyimiz müstəqillik günü uzaqda deyil". Millət vəkili İqbal Ağazadə Azərbaycanın müstəqilliyi barədə Konstitusiya aktına imza atan 43 millət vəkilinə xüsusi imtiyazlar verilməsi, konkret olaraq “İstiqlal ordeni” və Prezident təqaüdü verilməsi barədə fikirlər səsləndirdi. Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında qeyd etdi ki, o vaxt həmin akta imza atan 43 nəfərin əziyyətini indi danmaq olmaz. Post-sovet məkanında ən pis vəziyyətdə müstəqillik əldə edən dövlətin Azərbaycan olduğunu diqqətə çatdıran deputat Səyavuş Novruzovun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan indi ən inkişaf etmiş ölkələrdəndir: “Heydər Əliyev olmasaydı Azərbaycan indi parçalanmış, dağılmış bir dövlət idi. O, xəzinəsi boş, ordusu olmayan, separatçıların baş qaldırdığı ölkədə hakimiyyətə gəldi. Heydər Əliyev olmasaydı Azərbaycanda 6-7 dövlət yaranmışdı. İndi Azərbaycanda həmrəylik mövcuddur, lakin ona qarşı çıxan qüvvələr var. Onlar cəmiyyətdən təcrid olunub belə çirkin işlərlə məşğuldur. İndi ölkədə həyata keçirilən uğurlu siyasət nəticəsində dünya ölkələri Azərbaycan standartlarına uyğunlaşmağa çalışır”. 

 

 

Alim

 

Olaylar.- 2011.- 19 oktyabr.- S.8.