"...Ağızlarını
açmaqdan çox,
bədənlərini açmağa üstünlük verirlər"
Səkinə
İsmayılova: "Onların hamısı muğam
ustası olmayacaq ki!".
Tanınmış
muğam ifaçısı, xalq artisti Səkinə
İsmayılovanın müsahibəsi.
Müsahibim
artıq 30 ildən çoxdur ki, sənətdədir. Bu
müddətdə haqsızlıqla da
üzləşib, çətinliklə də. Amma özünün dediyi kimi, sənətə
olan sevgisi ona bu yoldan
dönməyə imkan verməyib. Məqsədi
uğrunda mübarizə aparıb, həm
özünü, həm də Azərbaycan
muğamını bir çox
ölkələrdə tanıdıb. Qadın xanəndələrin
ifa zamanı qavaldan
istifadə etmələrini də o dəb
salıb. Bəli, bütün bu sadaladıqlarımızın hamısı
tanınmış muğam
ifaçısı, xalq artisti
Səkinə İsmayılova edib. Əlbəttə,
Səkinə xanımın elədikləri daha
çox və daha
qiymətlidir. Ancaq onları sadalamağa ehtiyac yoxdu. Çünki onu hamı yaxşı tanıyır, Azərbaycan
musiqisinə xidmətlərini hamı görür.
Yaxşısı budur, xanəndə özü danışsın, biz
qulaq asaq.
-
Hazırda Milli Musiqi
Akademiyasında muğamdan dərs keçirsiniz. Necə düşünürsünüz,
illər sonra Azərbaycanda sizin kimi, Alim
Qasımov kimi muğam
ustalarımız olacaqmı?
-
Bilirsiniz, hər dövrün
öz ifaçıları olur. Sizdən öncə bu
otaqda 20 tələbə var
idi. Onların hamısı muğam ustası olmayacaq ki! Bəlkə aralarından bir
xanəndə çıxa. Ancaq elə hər
tədris ocağından bir muğam ustası çıxsa bəsdir.
Hamı zamanın xəlbirindən keçəcək.
Korifeylərimizdən
sonra muğam ölmədi.
Barmaqla sayılsaq da,
peşəkar ifaçılar - biz
varıq. Gələcəkdə də belə olacaq.
Muğamın inkişaf etməsi üçün çox
işlər görmək lazımdır. Muğam
bizim dünənimiz, bu
günümüz, sabahımızdır. Muğama məhəbbət, sevgi
ailədən gəlməlidir. Demirəm ki,
uşağı muğama qulaq
asmağa məcbur etmək
lazımdır. Xeyr, sadəcə olaraq, kiçik
yaşlarından Opera və Balet Teatrına, muğam
konsertlərinə aparmaq lazımdır.
Bizim kişi xanəndələrimizlə
yanaşı, qadın xanəndələrimiz də olub: Həqiqət Rzayeva, Cahan Talışinski, Yavər Kələntərli,
sonra yeni nəsil -
Rübabə Muradova, Sara
Qədimova gəldi. Yəni muğam sənəti
davam etdi. Ancaq heç kəs, heç kəsi əvəz eləmir. Hərənin
öz dəst-xətti var.
İndi sənətə gələnlərdə
isə özünü korifeylərə bənzətmək
istəyi yaranıb. Hərə özünə görə məsuliyyət
daşımalıdır. Əgər bu gün sən Səkinə xanım kimi oxuya bilmirsənsə,
oxuma. Çünki
büdrəyəcəksən.
- Deyəsən,
dərslər sizi yorur?
-
İşim çoxdur.
Hər dəfə tələbələrlə bu qədər məşğul olmaq, təbii ki, enerji istəyir. Mənim işim
təkcə tələbə yetişdirmək deyil
ki. Qastrol səfərlərim
də çox olur.
Digər tərəfdən, müəllimliklə
ifaçılıq bir araya
sığmır. Elə ifaçı var
ki, həyatını sırf pedaqoji fəaliyyətə həsr edir. Məsələn, mənim ustadım Nəriman
Əliyev. O, gözəl müəllim idi.
Bu gün muğam sənətində öz
sözünü demiş
sənətkarların böyük əksəriyyəti
onun tələbəsi olub.
Onun tələbələrinin tələbələri
indi xalq artistidir. Məsələn, Ağaxan
Abdullayev onun tələbəsi
olub, o, da Alim Qasımovun müəllimi
olub. O, bütün ömrünü pedaqoji fəaliyyətə
sərf etdi. Mən özüm
müəllimliyə tələbələrimin arzusu ilə gəldim. Bu gün Mədəniyyət və İncəsənət
Universiteti ilə yanaşı, Asəf
Zeynallı adına Musiqi Kollecində, Milli Musiqi
Konservatoriyasında da dərs deyirəm.
- Tələbələrinizin
səviyyəsi sizi qane
edirmi?
-
Qane edəni də var,
etməyəni də. Elə bizim
dövrümüzdə də belə olub.
Məktəbi qurtaran 30 tələbənin
30-u da xanəndə olsaydı, o zaman seçim
aparmaq olmazdı ki. Əgər
30 tələbənin arasından 5-6 xanəndə
çıxırsa, bu da
böyük göstəricidir. Amma indi gözəl səsi
olanların məktəbə daxil
olmalarında da böyük
problem yaranıb. Bu da imtahanların test üsulu ilə olmasıdır. Görürsən
ki, gözəl səsi olan
uşaq test
imtahanından kəsilir. Amma bir balaca səsi olan imtahandan keçir. Belələrinə də dərs
keçəndə biz yoruluruq.
Xanəndə üçün səs daha önəmlidir. İstedadı olan gənclərə tarix
və ya coğrafiya fənnini
bilməməsi o qədər də böyük qəbahət deyil.
Axı, həmin adama Allah-təala istedad verib.
- Siz xarici ölkələrdə
tez-tez olan sənətkarlarımızdansınız.
İlk səfərinizi
xatırlayırsınızmı?
-
İlk dəfə xaricdə, 1983-cü
ildə Fransada olmuşam.
Düz 45 gün Fransada qaldıq. İki
şəhərdə folklor musiqisi festivalı keçirilirdi.
Həmin festivalda mənimlə birlikdə
rəhmətlik Məmmədbağır Bağırzadə,
Şəkidən məşhur balabançalan
Ələfsər də iştirak edirdi. Təsəvvür edin,
festival hər gün
Azərbaycan muğamı ilə
açılıb-bağlanırdı. O zamanlar
Avropada muğama böyük diqqət vardı. Ondan
sonra ildə heç olmasa, bir dəfə Fransaya konsertə dəvət alıram. Təxminən
35 dövlətdə, qitələrin hamısında olmuşam. Səfərlər həm fərdi olur, həm də Mədəniyyət Nazirliyinin xətti ilə.
- Səkinə
xanım, siz sənətə gələndə
qadınların səhnəyə çıxmasında böyük problemlər vardı. Nə
yaxşı Bülbülə kimi bir kənddə sizə oxumağa
imkan verdilər?
-
O dövrdə qızların müğənnilik sənətinə
üz tutmasını ailədə sevinclə
qarşılamırdılar. Çünki
valideynlər uşaqlarının daha ciddi peşə seçməsini istəyirdilər.
Mənim arzum isə hüquqşünas
olmaq idi, buna görə dərslərimi də
yaxşı oxuyurdum. Amma mənim bir musiqi müəllimim vardı - Vidadi Xəlilov, indi professordur. Özü də qarabağlı idi. O, dedi ki,
"sənin gözəl
səsin olduğuna görə mümkün deyil ki, gedib
hansısa başqa peşəni seçəsən".
Onun sözü məni hüquqşünas
olmaq arzusundan çəkindirdi.
Onu da deyim
ki, valideynlərimi güc-bəla ilə yola gətirib razılıqlarını aldı.
Yadımdadır, təzə-təzə
tanınırdım, böyük-böyük
sənətkarların diqqətini
cəlb etmişdim. Rəşid Behbudov kimi bir korifey
sənətkar, Rafiq Babayev kimi məşhur
caz ustasını Bülbüləyə, bizim
evə göndərmişdi
ki, "Rəşid müəllim sabah saat 2-də öz teatrında səni gözləyir". Yəni
istedadlı uşaqlara
dahilər qayğı
göstərirdilər, özləri
çağırırdılar. Amma indi tərsinədir.
Gənclər özləri
gedib yalvarırlar ki, "mən səhnəyə gəlim".
- Bəlkə də ona görə
o vaxtlar ortalığa
ən istedadlılar seçilib çıxırdı.
Amma indi pulun hesabına bəziləri səhnəyə
axışır...
- O da var. Digər tərəfdən, gənclər
asan yol tutmağa meyl edirlər. Bu gün muğam sinfini bitirən
30 tələbədən 1-2-si muğamın dalınca
düşür. Çoxusu gedir, hardan rahat
pul gəlir, harda yaxşı qazanc var, ora.
Dindirəndə də deyirlər ki, ehtiyacımız var. Bəs,
bizim ehtiyacımız olmayıb? Bizim də ailəmiz var, pula
ehtiyacımız var. Ola bilsin, istədiyimi əldə edə
bilməmişəm, amma qismətimdə nə varsa, onu da əldə
etmişəm. Öz tamahımıza qarşı
çıxmışıq. Muğam sənətinin
ağır yükünü daşımışıq. Bu,
çox çətindir.
Şükür
edirəm ki, vaxtında yüngül qazanc dalınca getmədim.
Amma dövlətim də sağ olsun ki, mənim əziyyətimi
qiymətləndirib. Əsl sənət olandan sonra güzəran
da qazanmaq olur. Əsl sənəti zibilliyə atsan, orada
brilyant kimi parlayıb özünü göstərəcək.
Yenə də çəkdiyin əziyyətin bəhrəsini
görəcəksən. Amma indikilər, istəyirlər hər
şeyi bir anda əldə etsinlər. Bir məsəl də
var ki, "tez alışan tez yanar". Görün, nə qədər
ifaçılar bir-birini əvəz edir. İnanın, nə
adları, nə də soyadları yadda qalır. Yenə də
bir sorğu keçirilərsə, əsl musiqinin
daşıyıcıları kimi bir-iki sənətçinin
adı çəkiləcək.
Sənətimin
çox böyk çətinlikləri var. Çətinliklərə
sinə gərmişəm ki, bu yerə
çıxmışam. Sənət çox çətindir.
Mən həmişə deyirəm ki, istedadla bərabər,
qadının həm də ağlı olmalıdır. Allah
insanın ağlını əlindən almasın. Birinci
ağıldır, ikinci istedad, üçüncü zəhmətsevərlik.
Bu üçü olsa, o, ailə də quracaq, ailəni də
saxlayacaq. Ancaq ağılla istedad bir-birini tamamlamayanda, qadının
sənəti olur, ailəsi olmur. Cəmiyyətdə
qadının hansı yeri tutmasından asılı olmayaraq,
öz evinin içində elə qadındır. Mənim ailəm
də var, sənətim də. Xırda problemə görə
ailəni dağıtmaq olmaz. Çünki biz Azərbaycan
qadınıyıq.
Bəzi sənətçilər
haqda şayiələr gəzir. Əzizim, od olmayan yerdən
tüstü çıxmaz... Çoxları telekanalları
günahlandırır. Mən onlarda günah görmürəm.
Çünki bu saat demokratik bir ölkədə
yaşayırıq, azadlıqdır. Təbii ki, gündə
efirə çıxsalar da, zamanın ələyindən
keçə bilmirlər. Elin gözü tərəzidir. Kimin
kim olduğunu, kimin hansı istedad sahibi olduğunu xalq gözəl
bilir. Bilirsinizmi, burada maddiyyatın rolu var. Amma pul heç vaxt
sənətə qalib gələ bilməz. Baxın, bu gün
Səkinə İsmayılovanın klipi yoxdur. Məgər Səkinə
İsmayılova tanınmır, sevilmir? Heç klipə
ehtiyacım da yoxdur. Elə mənim oxuduğum hər mahnı
özü klipdir də. Mənim ifamı dinləyən adam elə
həmin klipi özü təsəvvür edir. Böyük
çıxmasın, nəinki mən, digər böyük sənətkarların
- Şövkət Ələkbərovanın, Rəşid
Behbudovun, Bülbülün klipi olub? Amma onları xalq bu
gün də sevə-sevə dinləyir...
- İndi əsas iradlardan biri də sənətçilərimizin
açıq-saçıq geyinməsinədir.
- Mən bunu
belə başa düşürəm: əgər sənətin
varsa, ehtiyac yoxdu bədənini açmağa,
ağzını aç. Bədənini açmaqla nə
sübut edəcəksən? Mənə elə gəlir ki, sənəti
olmayanlar ağızlarını açmaqdan çox bədənlərini
açmağa üstünlük verirlər. Bədənlərini
açmaqla özlərini reklam edənlər sənətdə
qalmayacaqlar. Qadın bağlı olmaq üçün
yaranıb. Əgər bu gün qadın açıq geynirsə,
o heç kəs üçün maraqlı ola bilməz. Nə
sənətkar kimi, nə də insan kimi. Elələrinə
baxanda, xəcalət çəkirəm. Çünki həmin
səhnəyə mən də çıxıram. Səhnə
adamları göz qabağında olduqları üçün
tərbiyəli olmalıdırlar. Açıq geyinənlər
uşaqların tərbiyəsini pozurlar. Demokratiya deyəndə,
onlar açıq geyinməyi nəzərdə tuturlar. Bəziləri
deyir ki, "mən sənətə görə ailəmi
dağıtdım". Baxırsan, heç sənəti də
yoxdu. Beləsinin iki uşaq böyütməsi daha
faydalıdır.
- Sizin sənətə gəldiyiniz
dövrlə, indiki dövr arasında sənət
baxımından hansı fərqlər var?
- Çox
böyük fərq var. Mən Opera və Balet Teatrına gələndə,
çox cavan idim. Özüm də Bülbülədə
yaşayırdım. Bir gecə saat 12-də Rafiq Babayev bizə
gəldi və Rəşid Behbudovun məni
axtardığını söylədi. Onda mən xeyli fikirləşdim
ki, gedim Rəşid Behbudovun yanına, yoxsa yox. Məni qastrol
səfərlərinə aparmaq istəyəndə isə,
yoldaşımdan icazə almalı olduğumu söylədim.
Onlar da yoldaşımı dilə tutub
razılaşdırdılar. İndi isə sənətçilər
özləri gedib qapılar döyürlər.
- İşinizlə əlaqədar
ailədə problemlər yaranmırdı ki?
- Zamanında
olurdu. Ancaq vaxt keçdi, o da razılaşdı. Onu fikrindən
döndərən xalqın mənə olan məhəbbəti
oldu. Hara getdisə, mənim haqqımda yaxşı eşitdi.
O da çox şeyə dözdü. Ailə həyatında
bir dövr var ki, söz-söhbət olur. Həmin
dövrü dözmədin, ailə dağılır. Amma gərək
biri od olanda, biri su olsun.
- Sənətdə haqsızlıqlarla
üzləşmisinizmi?
- Olub. Mən
çox çətin zamanda sənətə gəlmişəm.
O zamanlar imkanlı imkansızın qarşısına sədd
çəkirdi. Amma istedad olanda, hər şeyə qalib gəlmək
olur. Mənim də çətinliklərim olub. Amma bu gün
varam.
- Ruhdan düşdüyünüz
anlar olubmu?
- Yox. Efirə çıxanda, gərək
sənət nümayiş
etdirəsən. Qaval çalmağı qadın
xanəndəliyinə mən
gətirdimsə, bu mənim Azərbaycan muğamına verdiyim yenilikdir. "Şur" muğamını simfonik orkestrlə mən ifa etmişəm. Niyə ruhdan düşməliyəm ki?
Bəzi sənətçilər
var, deyirlər "mən sənətdə sözümü demişəm".
Mən belələrini
başa düşə
bilmirəm, sözünü
demisənsə, deməli,
daha sənə sənətdə yer yoxdu. Əsl sənətçi sənətdə
yaşaya-yaşaya sözünü
deyir. Çıxıb
efirdə demir ki, "mən sözümü demişəm".
- Solo-konsert vermək fikriniz varmı?
- Var, hazırlaşıram.
İlk rəsmi dəvət mənə filarmoniyadan edilib. Planlaşdırıram. İstəyirəm
həmin gün əsl muğam gecəsi olsun.
Olaylar.- 2011.- 19 oktyabr.- S.13.