Övladlarınızı ana südü ilə qidalandırın

 

Bu həm övladınızın, həm də sizin sağlamlığınız üçündür

 

Sevda Rzayeva: “İndi bir çox qadın xəstəliklərinin, süd vəzi xərçənginin artmasının da əsas səbəbi...”

 

Eyyub Hüseynov:  “... ona görə də, analar körpə qidalarından istifadə qaydaları haqqında düzgün informasiyaya sahib olmurlar”

 

Ana südü Allahın analara və dolayısı ilə onu qəbul edən bütün insanlara bəxş etdiyi ən gözəl nemətdir. Tərkibi heç nə ilə əvəzlənə bilinməyən, qarşılığı heç vaxt ödənilməyən, analarımızın damarların, ruhundan süzülüb gələn bu qida uşaqların inkişafı, gələcəyi üçün çox önəmlidir. Ana südünün məlhəm olması “Kitabi Dədə-Qorqud” dastanında da göstərilir. Yaralı igidin yarasını ana südü ilə dağ çiçəyindən hazırlanmış məlhəm sağaldır. Mütəxəssislər də hər zaman körpələrin ana südü ilə qidalanmasını məsləhət görürlər. Amma təəssüf ki, son zamanlar analar ana südündən imtina edib hazır qidalara meyl edirlər. Onlar imtinanın səbəbini ana südü verməyin daha əziyyətli olması və ya bədən ölçülərinin dəyişməsi, bəziləri isə vaxtının olmaması ilə əsaslandırırlar. Amma analıq övladı üçün əziyyətlərə qatlaşmaq deyilmi? Üstəlik bu həm ananın, həm də uşağın öz sağlamlığı üçün əvəzolunmazdır. Mütəxəssislər də deyir ki, nə qədər keyfiyyətli uşaq qida olursa-olsun bu təbii qidanı heç vaxt əvəzləyə bilməz.

 

 M.Qəmbərov adına 5 saylı Uşaq poliklinikasının şöbə müdiri, pediatr Sevda Rzayeva deyir: “Ana südü əvəzolunmaz bir qidadır. Onun tərkibində uşaq üçün lazım olan vitamin, amin turşuları, yağlar, karbohidrat, şəkər ideal formadadır. O həm də, uşağın 6 aya qədər su ehtiyacını belə qarşılayır. Həm də ana südündən heç vaxt alergik reaksiya olmur.”

 

 Neçə yaşa qədər

 

 Pediatr deyir ki, ana südü nə qədər çox verilsə, uşaq üçün o qədər xeyirlidir. “Ümumiyyətlə isə, uşaqların iki yaşa qədər ana südü qəbul etmələri daha məsləhətlidir. Bəzən olur ki, işləyən analar, hansısa xəstəliyi olanlar, südü yetərli olmayanlar uşaq qidalarından istifadə edirlər. Amma istənilən halda ən azı bir yaşa qədər ana südü verilməsi vacibdir”.

 

Nə vaxt əlavə qidaya ehtiyac yaranır?

 

  S.Rzayeva əlavə qidalar ən tez 6 aydan sonra başlamağı məsləhət görür. “Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, 6 aya qədər uşağa heç bir əlavə qida, hətta maye belə qəbuledilməsi belə təyin olunmamalıdır. Çünki ana südündə hər şey yetərincə var. Yalnız 6 aydan sonra uşaq fiziki cəhətdən inkişaf edib çəkisi, boyu artdığını nəzərə alaraq əlavə qidalar məsləhət olunur. Bunlar meyvə şirəsi, püresi, sıyıqlar, şorbalar ola bilər”.

 

  Özünüz hazırlayın

 

  Amma bir şey də məlumdur ki, bəzi anaların südü yetərli olmur və ya heç olmur, ona görə də onlar hazır qidalardan istifadə edirlər. Mağazalarda satılan və hər yerdə reklam olunan ana südü qədər faydalıdır deyilən hazır uşaq qidaları görəsən, uşaqlar üçün nə qədər faydalıdır ümumiyyətlə faydalıdırmı? Pediatr analara hazır qidalardan istifadə etməməyi məsləhət görür. “Mən bunu bir pediatr kimi məsləhət görürəm. Hətta deyim ki, əgər mən özüm də övladıma verməli olsaydım hazır qidalar yox, evdə özümün hazırladığım qidalara üstünlük verərdim. Çünki nə qədər yaxşı hazırlansa da, uzun müddət saxlamaq üçün onların tərkibinə müxtəlif konservant maddələr qatılır. Düzdür, ideal dərəcədə, tərkibi maksimum ana südünə yaxın qidalar hazırlanır, amma onları da müəyyənləşdirmək çətindir. Ona görə də, yaxşı olardı ki, analar təzə-təzə evdə özlərinin hazırladıqları qidalara üstünlük versinlər”.

 

Analar üçün də faydalıdır

 

Araşdırmalara zamanı, cəmi 2 il körpə əmizdirən qadınların sinə xərçənginə tutulma riskinin 25 % azaldığı göstərilir. Pediatr bəzi anaların süd vermək istəməməsinin səbəbini belə əsaslandırdı: “Bəzi analar “fiquram pozulur, bədən ölçülərim dəyişir” düşüncəsi ilə süd verməkdən imtina edir. Amma onlar bilməlidirlər ki, doğum prosesində süd əmələ gəlir və o axmalıdır. Südü qaytarmağa çalışmaq süd axarlarında durğunluq əmələ gətirə bilər. Bu qadınlarda süd vəzi xərçəngi, mestopatiya əmələ gəlmə riski artır. İndi bir çox qadın xəstəliklərinin, süd vəzi xərçənginin artmasının da əsas səbəbi qadınlarımızın süd verməkdən imtina etmələridir. Amma son zamanlar müəyyən qədər tendensiyanın dəyişdiyini görürəm, artıq maarifləndirmə işlərinin güclənməsi ilə əlaqədar olaraq qadınlarımız ana südü verməyə meyllənirlər. Əlbəttə ki, mən bunu bizim xəstəxanaya müraciət edən xəstələrə əsasən deyirəm”.

 

Ana südü yeyənlərin üstünlüyü

 

Həkim ana südü ilə qidalanmayan uşaqların daha çox aqressiv olduqlarını, hətta valideynlərinə qarşı belə məhəbbətləri az olduğunu bildirdi. “Ana südü ilə qidalanan uşaqlar normal inkişaf edir, onların çox az-az hallarda mədə-bağırsaq problemi olur, amma süni qida qəbul edən uşaqların isə 70%-də bu xəstəliklərə rast gəlinir. Bununla yanaşı həmin uşaqların 90%-də qəbzliyə meyllilik olur. Çünki onlarda qidalanmadan dolayı düzgün həzm prosesi getmir. Əgər uşaq vaxtlarında həzm prosesi, mədə-bağırsağı normaldırsa, gələcəkdə həmin uşaqda qastrit və digər bağırsaq problemləri olmayacaq. Həmçinin ana südü ilə qidalanan uşaqların zehni qabiliyyəti də güclü inkişaf edir”.

 

  Hazır qidalar...

 

  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov uşaq qidaları ilə bağlı beynəlxalq standartların olduğunu, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə qidalanmaya dair kodekslər hazırladığını, buna əsaslanaraq da ölkəmizdə “Erkən yaşlı körpə qidaları” ilə bağlı qanunun qəbul olunduğunu deyir. “Bu qanunda körpə qidalarının marketinqi, satışı, reklamı ilə bağlı tənzimləmələr nəzərdə tutulub, həmçinin bu qidaların 3-cü ölkədən də idxalı qadağan olunur. Amma təəssüf ki, Azərbaycanda ana südü ilə qidalanma ilə bağlı vəziyyət heç də ürək açan deyil. Səhiyyə nazirliyi, YUNİCEF bununla bağı işlər aparır, amma vəziyyət hələ də yaxşı deyil. Bu qidaların 50%-i milli dildə markalanmır, ona görə də, analar körpə qidalarından istifadə qaydaları ilə haqqda düzgün informasiyaya sahib olmurlar. Həmçinin onları reklam edərkən deyirlər ki, ana südünə bərabərdir, amma bununla həm qanunun tələblərini pourlar, həm də istehlakçını aldadırlar. Maksimum çalışırlar ki, ana südünə yaxın olsun, amma istənilən halda süni qida ana südünü əvəz edə bilməz”.

 

Ancaq ana südü

 

S.Rzayeva da istənilən halda anaların ana südünə önəm vermələrini vacib sayır. “Analar çalışmalıdırlar ki, körpələrinə ancaq ana südü versinlər, dediyimiz kimi bu həm özlərinin, həm də övladlarının sağlamlığı üçü vacibdir. Bəzən analar deyir, uşaq istəmir, amma onlar çalışmalıdırlar uşaqları öyrətsinlər. 3-5 gün dalbadal versələr uşaq sonda qəbul edəcək. Analar tənbəllik etməyib, süd verməyə çalışmalıdırlar. Həmçinin süd verən analar da normal qidalanmalı, əsəb sistemlərinə nəzarət etməlidirlər, çünki əsəblər normal olmayanda süd də azalır, həmçinin onlar çoxlu maye qəbul etməlidirlər”.

 

Analar nə düşünür?

 

  Mövzu ilə bağlı anaların da fikrini öyrəndik. Fidan Mirzəyeva: “İki uşağım var. Birinci yeddi aylıq olanda elə fikirləşdim ki, südlə doymur ona görə hazır yeməklərdən aldım, amma qədər versəm uşaq istəmədi. İkinci hələ beş aylıqdır, ona hələ ki, ana südündən başqa heç nə verməmişəm”. Aytən Həsənova: “Böyük oğluma iki yaşına kimi ana südü vermişəm, ikinci hələ altı aylıqdı ona da verirəm, nəinki əlavə qida heç su belə verirəm istəmir. Ümumiyyətlə, “Qurani-Kərim”də də var ki, oğlan uşaqları iki yaşına, qız uşaqları isə bir yaş səkkiz ayına kimi ana südü qəbul etməlidir. Ona görə , mən belə edirəm, əlavə ancaq özün hazırladığım yeməkləri verirəm”.

  Deməli, mütəxəssislərin ümumi qənaəti ana südü tərəfdə oldu. Əgər siz ağıllı, sağlam övlad böyütmək, həm özünüz sağlam qalmaq istəyirsinizsə, körpələrinizi hazır qidalarla yox ana südü ilə qidalandırın.

 

 

Gülxar Şərif

 

Olaylar.- 2011.- 20 oktyabr.- S.6.