Gəncə nəhəng tikinti meydanına çevrilib

 

Şəhərdə həyata keçirilən sosial infrastruktur layihələri hər bir gəncəlinin ürəyincədir

 

 Milli-mənəvi dəyərlər qorunur

 

Son illər ərzində ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlaronun müsbət nəticələri paytaxtla yanaşı regionlarda da müşahidə edilməkdədir. Artıq təkcə Bakıda deyil, eləcə də ayrı-ayrı regionlarda, ucqar dağ rayonlarında belə sosial infrastrukturun yaradılması, həyata keçirilən quruculuq-abadlıq işləri ümumilikdə respublikamızın simasını əvvəlki illərə nisbətən xeyli dəyişib. Bütün bu deyilənləri bu gün Gəncə şəhərinin timsalında da görmək mümkündür. Məlumat üçün onu qeyd edək ki, 110 kvadrat kilometr ərazisi, 320 mindən artıq əhalisi olan Gəncə Nizami və Kəpəz rayonlarından ibarətdir. Bundan başqa Hacıkənd və Göy-göl qəsəbələri də Gəncə şəhərinin ərazi vahidinə daxildir. Bu səbəbdən həyata keçirilən quruculuq-abadlıq işləri, sosial infrastruktur layihələri təkcə Gəncə şəhəri deyil, onun rayon və qəsəbələrini də əhatə edir. Xüsusilə, son bir ilə yaxın müddətdə Gəncə və onun ərazi vahidinə daxil olan rayon-qəsəbələrdə görülən işlər müsbət qiymətləndirilməlidir. Bu gün Gəncə prezident İlham Əliyevin təbirincə desək sözün əsl mənasında, nəhəng tikinti meydanına çevrilib. Aparılan quruculuq-abadlıq işləri zamanı milli-mənəvi dəyərlərə böyük ehtiramla yanaşılma gəncəlilər tərəfindən də rəğbətlə qarşılanır. Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevin müntəzəm olaraq İmamzadə kompleksinə baş çəkməsi və orada həyata keçirilən yenidənqurma işləri ilə yaxından tanış olması deyilənləri təsdiqləyir. Hazırda Gəncədə 6 məscid fəaliyyət göstərir ki, həmin dini ibadət yerlərinin də yenidənqurulması, ora yaxın ərazilərdə sosial infrastrukturun yaradılması şəhər icra hakimiyyəti başçısının diqqət mərkəzindədir. Məlumat üçün onu da qeyd edək ki, hazırda Gəncədə 6 məscidlə yanaşı 1 kilsə də fəaliyyət göstərir. Bundan başqa şəhərdə 6 dini icma da mövcuddur. Şəhid ailələrinə diqqət və qayğının artırılması, qaçqın və məcburi köçkünlərin, eləcə də müharibə iştirakçısı və əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması da Gəncə Şəhər İcra Hakimiyyəti başçısının əsas diqqət yetirdiyi sahədir. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mütəmadi olaraq Şəhidlər xiyabanını ziyarət etməsi, şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşməsi, Şəhidlər Xiyabanında bərpa işlərinin aparılması ilə tapşırıq verməsi və s. deyilənlərə sübutdur.

 

  Yerli və xarici qonaqlar üçün hər cür şərait

 

Əhalinin asudə vaxtının səmərəli təşkili, eləcə də şəhərdə yaşıllaşdırma işlərinin həyata keçirilməsi də Şəhər İcra Hakimiyyətinin diqqətindədir. Belə ki, 1979-cu ildə şəhərdə “Quru Qobu” adlanan məişət tullantıları üçün istifadə olunan 360 hektar sahədə “Xatirə parkı” adı ilə yaşıllıq massivi salınıb. Uzunluğu 1, eni isə 52 metr olan mövcud xiyaban 1,150 kilometr Şəmkir-Gəncə yoluna qədər uzadılır. Ümumilikdə salınan xiyabanın sahəsi 73500 kvadrat metrdir. Xiyabanın mərkəz hissəsində 23 ədəd fəvvarəli hovuz yerləşdirilib. Bundan başqa Şəmkir-Gəncə yolunun kənarında 350 metr məsafədə ölçüləri 48,8x20,5 metr olan “Zəfər tağı” yerləşdirilir. Tağın hündürlüyü 36 metrdir.1979-cu ildə Heydər Əliyevin şəxsən əkdirdiyi, hazırda möhtəşəm bir görkəmi olan “Xan çinarı”nın 12-15 metr yaxınlığında ölçüləri 55x42 metr olan Heydər Əliyev Mərkəzi layihələndirilib. 3 mərtəbəli binanın hündürlüyü 22 metrdir. Layihə üzrə mərkəz binasının önündə Heydər Əliyevin 7,5 metr hündürlüyündə heykəli, arxa hissəsinin isə 50 metr yüksəkliyində Azərbaycan bayrağının yerləşdirilməsi nəzərdə tutulur. Şəhərdə paralel olaraq mədəniyyət ocaqlarının təmiri və yenidənqurulması, eləcə də yeni mədəniyyət mərkəzlərinin tikintisi prosesi də həyata keçirilir. Bu gün Gəncə şəhərində Mədəniyyət və Turizm İdarəsinin tabeliyində 5 musiqi məktəbi, İncəsənət Məktəbi, Rəssamlıq məktəbi və onun filialı, 5 muzey, 3 mədəniyyət evi, 6 klub, Musiqi evi, Tarix-Mədəniyyət Qoruğu, Rəsm Qalereyası, Mərkəzi Kitabxana Sistemi və onun 25 kitabxana filialı, Mərkəzi Uşaq Kitabxanası, Gənclər Sarayı, Nizami Məqbərəsi, “Xan Bağı” Mədəniyyət və İstirahət Parkı, Gəncə Kinovideo Birliyi fəaliyyət göstərir ki, bütün bunların hamısı yenidən qurularaq müasir standartlara cavab verən avadanlıqlarla təmin edilib. Gəncəyə səfər edən yerli və xarici qonaqlara da diqqət yüksək səviyyədədir. Belə ki, şəhərə gələn yerli və xarici turistlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə beş ulduzlu “Ramada Plaza”, dörd ulduzlu “My Way”, “Emon”, “Karvansaray”, üç ulduzlu “Gəncə” otelləri fəaliyyət göstərir. Qonaqlar və xarici turistlər şəhərdə olduğu müddət ərzində onlara Gəncənin Günəş və Şir abidəsi, Ay ulduz abidəsi, Gəncə Qala divarları, Rəmzi Qız qalası, Gəncə Emblemli abidə sütun, Heydər Əliyev meydanı, Heydər Əliyev Xatirə Muzeyi, Musiqili fəvvarə, Cümə Məscidi, Cavad xan Məqbərəsi, Çökək hamam, Tarix-Diyarşünaslıq Muzeyi, İncəsənət Mərkəzi, “Xan Bağı”, Cümhuriyyət Muzeyi, Nizami Məqbərəsi, Mir Cəlal Paşayev Muzeyi, İ.Məmmədov Xatirə Ev Muzeyi, H.Əliyev adına park, Fizuli parkı, Fikrət Əmirov adına parkı kimi müxtəlif mənzərəli, tarixi və mədəni yerləri ziyarət etmək fürsəti yaradılır. Hazırda şəhərin ikinci hissəsində - Hacı Zeynalabdin Tağıyev küçəsi ilə şəhid Bəxtiyar Əliyev küçəsinin kəsişdiyi ərazidəki parkda da yenidənqurma işləri həyata keçirilir. Sözügedən parkda fəvvarə quraşdırılması, dekorativ kol və çiçək skverlərinin qoyulması, sakinlərin istirahəti üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulub.. Bu gün Üçbulaq ərazisi də sakinlərin sevimli istirahət guşələrindən biridir. Xüsusilə isti yay günlərində buraya daha çox adam istirahətə gəlir. Hazırda bulaq kompleksində də yenidənqurma işləri aparılır. Yeni, daha maraqlı və estetik zövqlə qurulacaq bulaq kompleksində işlər tezliklə başa çatdırılacaq.

Ötən müddət ərzində Gəncə şəhərində uzun illər ərzində təmirsiz qalan yaşayış və inzibati binalarda da təmir-bərpa işləri həyata keçirilib, yaşayış binaları və iaşə obyektlərinin dam örtüyü təzələnib. Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Nəriman Nərimanov prospektinin Heydər Əliyev prospektindən başlayan hissəsində, eləcə də Nizami küçəsinin Gəncə çayı üzərindəki körpüyədək ərazisində yerləşən bütün binaların dam örtüyü mansardla əvəz olunub. Ümumilikdə 22 binada bu kimi işlər görüldükdən sonra şəhərin siması daha da gözəlləşib. Binaların zahiri görkəmi tam bərpa olunduqdan sonra isə mənzillərin su-kanalizasiya xətləri dəyişdiriləcək. Bundan başqa, həmin binaların həyətində nümunəvi uşaq meydançalarının yaradılması da planlaşdırılır.

 

  Yüksək səviyyəli kommunal xidmətlər

 

Gəncədə kommunal xidmətlər yüksək səviyyədədir desək yanılmarıq. Şəhər İcra Hakimiyyəti başçısının tapşırığı əsasında ötən müddət ərzində əhalinin kommunal problemlərinin həlli istiqamətində kifayət qədər işlər görülüb. Şəhər İcra Hakimiyyətindən bildirilib ki, əhalinin içməli suya olan tələbatının ödənilməsi, eləcə də kanalizasiya sistemlərinin bərpası və yenidənqurulması istiqamətində cari ilin birinci rübündə müvafiq tədbirlər həyata keçirilib. Belə ki, cari ilin birinci rübündə Gəncə “Sukanal” Törəmə Açıq Səhmdar Cəmiyyəti tərəfindən tranzitmagistral su kəmərlərində, eləcə də şəhərdaxili su şəbəkəsində uzunluğu 1308 p/m müxtəlif ölçüdə polad boru, 2 ədəd 160 kilovoltluq elektrik mühərriki, 5 ədəd su nasos stansiyası, 10668 p/metr müxtəlif ölçüdə elektrik kabeli, 56 ədəd müxtəlif ölçüdə su nizamlayıcı siyirtmələr, 54 ədəd ESV-10-65-110 markalı subartezian nasosu, 972 p/metr müxtəlif ölçüdə asbosemet kanalizasiya boru xətti, 77 dəst kanalizasiya lyuk qapağı dəyişdirilib təzəsi ilə əvəzlənib. Natəvan qəsəbəsində 1 ədəd subartezian quyusu qazılıb, 3030 metr kanalizasiya xətti və 3430 metr su xəttinin çəkilişi, Cavadxan küçəsində isə 870 p/m su və 450 p/m kanalizasiya xətlərinin yenisi ilə əvəz olunması işləri başa çatıb. Gülüstan qəsəbəsində isə əhalinin ümumi istifadəsində olanBeş bulaqbulaq kompleksinin yeni üslubda tikintisi işləri tam başa çatdırılıb. Almaniyanın KFW bankı və İsveçrənin SECO təşkilatının Azərbaycanla maliyyə əməkdaşlığı çərçivəsində Açıq Kommunal İnfrastrukturu Proqramı II Gəncə və Şəki şəhərlərində su təchizatı və çirkab suyu layihəsinin yeni Texniki İqtisadi Əsaslanması aparılıb. Layihəyə görə, Gəncəyə 3 istiqamətdən Göy-göldən 200 litr/ saniyə, Qızıl Qayadan 250 litr/saniyə, Şəmkirdən isə 540 litr/saniyə su verilməsi planlaşdırılır. Layihə çərçivəsində şəhərin  kanalizasiya sisteminin yenidənqurulması işləri də həyata keçiriləcək.

Gəncə şəhəri, eləcə də rayon və qəsəbələrin qazla təminatının yaxşılaşdırılması istiqamətində də cari ilin birinci rübündə nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilib. Hazırda şəhərdə metal boruların polietilen borularla əvəz olunması prosesi aparılır. Ümumilikdə göstərilən müddət ərzində 4000 p/m qaz xətti təmir edilib, həyətlərdən keçən, əhali üçün təhlükəli olan qaz xətləri küçəyə çıxarılıb. Bundan başqa 8 ədəd yeni qaz təmizləyici, 16 ədəd siyirtmə, 14 ədəd qaz kranı quraşdırılıb. Tərtib edilmiş qrafikə uyğun olaraq 400 ədəd qaz təmizləyici, 310 ədəd siyirtmə təftiş və təmir olunub. Bütün bunlarla paralel olaraq 2165 ünvanda Smart-kart və İtron tipli sayğac quraşdırılıb. Bununla da Gəncə şəhəri üzrə 68995 abonentin 66106-ı sayğacla təmin olunub. Əhaliyə verilən elektrik enerjisinin keyfiyyətinin artırılması məqsədilə isə 13,645 kilometr yeni “SİP” xətləri çəkilib, 25 kilometr elektrik verilişi hava xətləri yeni kabel xətləri ilə əvəzlənib. Həmçinin göstərilən müddət ərzində 110 ədəd transformator məntəqələri təmir edilib, 6 kilovoltluq yeni kabellər çəkilib. Ümumilikdə 2011-2012-ci ilin payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar cari ilin I, II və III rüblərində 9 tədbir nəzərdə tutulub ki, onların da hamısı həyata keçirilib.

 

 

Süleyman İsmayılbəyli

 

Olaylar.- 2011.- 22-24 oktyabr.- S.13.