“Allahı,
yoxsa Əzrayılı qatil
edənlər?”
Nəhayət ki, Azərbaycan ədəbiyyatında
dövlətin və cəmiyyətin əsas hissəsi olan
ordumuz haqqında tənqidi roman yazıldı. Söhbət
Aqil Abbasın “Allahı qatil edənlər” əsərindən
gedir. Məni əsas təəccübləndirən bu
romanı Aqil Abbasın yazmasıdır. Çünki
görüşlərimizdə, mətbuata
açıqlamalarında ordumuz haqqında ən çox
dözümlülük göstərən, ordudakı neqativ
halları xəsisliklə öz qəzetində yerləşdirən
elə bu romanın müəllifidir.
“Öz ordusunu yedizdirməyən
xalq, başqa ordunun əsgərlərini yedizdirməyə məcbur
olacaq” kəlamı romanda qırmızı xətlə
keçir.
Məlumdur ki, son zamanlar orduda
ölüm sayları əsasən intiharların
ayağına yazılır. Bu roman məhz bir neçə
intiharın ümumiləşdirilməsi nəticəsində
yaranıb, desək yanılmarıq.
Bütün dövlətlərin ordusunda belə hallar olur. Şəhid, qəza, döyülmək,
söyülmək, təhqir
olmaq və ya çoxsaylı başqa hallar. Bu halları təhqiq
edən müstəntiqlər,
kriminalistlər, polkovniklər
(bilərəkdən, Aqildən
fərqli olaraq adları kiçik hərflərlə yazıram,
yalnız yaratdığın
“Akademik”, böyük
hərflə yazılmağa
layiqdir) başqa ölkələrdə ədalətlə
bu işin axırına gedir, cavabdehləri qanunla mühakimə edirlər.
Yəqin ki, kimsə romanın əvvəlində ölüm
hadisələrini oxuyanda
fikirləşəcək ki,
Aqil Abbas da bu yolla
gedəcək və N
saylı hərbi hissədə baş verən intihar hadisələrinin səbəbkar,
yaxud səbəbkarları
tapılacaq və layiqli cəzalarını
alacaqlar və roman sizə quru süjet üzərində
qurulan əsər kimi deyil, yaxud
quru məhkəmə
prosesi qədər maraqlı gəlməyəcəkdir.
Yox, yox, tələsməyin,
romanı oxumaqda davam edin. Aqil də Aqil Abbas
olmazdı ki, əsəri quru və konyuktur süjet üzərində
qursun. Hadisələr tez-tez dəyişir.
Aqil Abbas qatilin axtarışına
çıxdıqca gah
müstəntiqin, gah da kriminalistin dili və məntiqi
ilə Şerlok Holms kimi axtarışa çıxır, mülahizələr
yürüdür. Nəticədə istədiyinə çatır.
Qanunsuz işlər görən, hərbi hissəni öz dükanı hesab edən alay
komandirini oğlunun ölümünə görə
güllələyən şəxs
nəhayət ki, tapılır. Qatil Anadır, ölən əsgər- Akademikin anası.
Bax burada Aqilin improvizəsi baş gicəlləndirir. Necə
yəni alay
komandirinin qatili qadındır, özü
də böyük hərflərlə yazılan
ANA. Bəs atalar, oğullar
haradadır? Bəs qanunlar
haradadır? Hə, bax
burada oxucuları intizarda saxlamağa məcbur olacam ki, özləri oxuyub ədalətin necə bərpa olunduğunu görsünlər.
Aqil Abbas bu romanda çox ciddi bir problem qoyub. N saylı
hərbi hissədə
qanun işləmirsə,
kimsə etdiyi cinayətə görə
həbsxanada deyil, azadlıqda gəzirsə,
bu cəzasızlıq
sindromu yaradır.
O zaman cəzasızlıq
sindromu özbaşınalıqla
əhatələnir. Və...
ürəyi param-parça olmuş insan intiqam hissi
ilə alışıb
yanır. Bu intiqamı
almağı əsərdə
ANA boynuna götürür
və həyata keçirir. Amma əsərdə
Aqil bəy onu da cəzasızlıq
sindromuna yuvarlayır və haqq da
eyləyir.
Nə isə, Aqil
bəy demişkən,
yenə qırx bulağın suyunu bir çaya axıtdım deyəsən.
İstənilən halda
Aqil Abbas romanında cəmiyyətdə
bu gün yaşanan problemin üzərinə cəsarətlə
gedib və onu cəsarətlə açıb göstərib,
həm də həllini tələb edir... “Axı
biz bu ölkədə
hamımız qardaşıq,
müsəlmanıq, bir
yerdə çörək
kəsib yemişik”.
Təşəkkürlər Aqil Abbas!!!
P.S. Dünyaya gəlmək və ölmək əmrini Allah
verir. Amma bu əmri mələklər və insanlar həyata keçirir. Əgər
bu romanı mən yazsaydım onu belə adlandırardım:
“Əzrayılı qatil
edənlər.”
Yunus Oğuz
Olaylar.- 2011.-
22-24 oktyabr.- S.9.