«Bax! Gör! Unutma!» layihəsi başa çatdı

 

Erməni vəhşilikləri canlı şahidlərin dili ilə rəssam Vaqif Ucutayın əsərlərində əks olunub

 

Erməni vəhşiliklərini əks etdirən, Qarabağ münaqişəsi dövründə və ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi ağlasığmaz cinayətləri əks etdirən daha bir kitab işıq üzü görüb.

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyinin təşəbbüsü ilə nəşr olunan bu kitab «Bax! Gör! Unutma!» adlanır. «Azərbaycan həqiqətləri və erməni vəhşilikləri: rəsm əsərlərindən ibarət «Bax! Gör! Unutma!» layihəsi çərçivəsində işıq üzü görən kitabın müəllifi tanınmış rəssam Vaqif Ucataydır. Kitab Azərbaycan, rus və ingilis dillərindədir.

Dünən «Türküstan» qəzetinin redaksiyasında kitabın təqdimam mərasimi keçirilib. Mərasimdə çıxış edən müəllif Vaqif Ucutay ermənilərin tarixi boyu Azərbaycan xalqına və türklərə qarşı törətdiyi cinayətlərdən, ağlasığmaz əməllərdən söz açıb. O bildirib ki, bu kitabda əks olunan həqiqətləri danmaq olmaz. Çünki kitabda əks olunmuş 69 rəsm əsərinin hər biri əsirlikdə olmuş və erməni vəhşiliklərinə məruz qalmış canlı şahidlərin danışdığı faktlar əsasında ərsəyə gəlib. Vaqif Ucutayın sözlərinə görə, bu kitabın hazırlanması ilə çoxdan məşğul imiş və bunu özünə mənəvi borc bilir: «Mən bunu qəhrəmanlıq saymıram. Erməni vəhşilikləri bitib-tükənmir. Bizim onlara «dur» deməyimizin vaxtıdır. Nə vaxta kimi susacağıq? Təəssüf edirəm ki, kitabdakı bəzi fotoların dünyaya yayılmasına öz içimizdən maneələr var. Niyə? Axı ermənilər bizim namusumuza toxunub, qadınlarımızı, uşaqları öldürüb, işgəncə verib, təcavüz ediblər. Bunu dünyaya çatdırmağımız bəzilərini niyə qorxudur?».

Tədbirdə çıxış edən «Jurnalistika və İnkişaf Mərkəzi» İB-nin sədri Elməddin Muradlı bildirib ki, kitab olduqca maraqlı faktlarla zəngindir və təsirsiz ötüşməyəcək. Bu işi davam etdirməyin, kitabın daha geniş tirajda və yeni formada çapını vacib sayan E.Muradlı deyib ki, rəhbərlik etdiyi təşkilat bu istiqamətdə işlərini davam etdirəcək.

Tədbirdə çıxış edən media nümayəndələri, Qarabağ əlilləri, QHT nümayəndələri və digər ictimai-siyasi xadimlər bu təşəbbüsü dəstəkləyərək Vaqif Ucatayın yeni kitabının xarici ölkələrdə geniş yayılmasının vacibliyini qeyd edərək bunun erməniləri ifşa etmək üçün tutarlı fakt olduğunu bildiriblər.

 

 

Olaylar.- 2011.- 25 oktyabr.- S.13.