“Özümü
həmişə ikinci plana atdım”
Günay Kılıc: “Evlilikdə kinə
yer yoxdur”
Azərbaycan Jurnalist Qadınlar
Assosiasiyasının tərkibində fəaliyyət göstərən
“Qadın jurnalistlər klubu”nun suallarını bu dəfə
Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri
Hulusi Kılıcın xanımı Günay Kılıc
cavablandırıb
- Günay xanım, təklifimizi qəbul
etdiyinizə görə sizə təşəkkür edirik.
Xanımlarımız üçün maraqlıdır,
özünüzü bir ana və bir həyat yoldaşı
kimi necə xarakterizə edə bilərsiz?
- Ailə
quranda 22 yaşım var idi. Ailədən aldığım tərbiyə
və dinimizin gərəyi olaraq ailəni daima müqəddəs
qəbul etdim. Atam bizə delə deyərdi: “İçəridə
nə yaşarsanız yaşayın, amma kənarda həmişə
dik durun. Probleminizi evdə buraxın, gözəllikləri kənara
çıxarın”. Bu nəsihət mənim və
üç bacımın evlilik fəlsəfəsi oldu. Ailəmizi
dolayısıyla həyat yoldaşımızı hər zaman
ön planda tutduq. Böyüklərimizin ifadəsiylə həyat
yoldaşımızı “evimizin dirəyi” qəbul etdik. Amma
bununla bərabər öz mənliyimizi və
gücümüzü də mühafizə edə bildik
Türk qadınlığının bilincində olduq.
Mən 23
yaşımda ana oldum. Oğlumu qucağıma alanda bənzərsiz
sevginin xoşbəxtliyini yaşadım. Eyni zamanda üzərində
olan çox böyük məsuliyyəti də hiss etdim.
Övladıma verəcəyim hər şeyin vətənə
geri dönəcəyini düşündüm. Oğlum iki
yaşında olanda Fransaya getdik. Həyat yoldaşım ikinci
bir fakültəyə qəbul oldu. Həm işlədi, həm
də təhsil aldı. Bütün ev məsuliyyətinin mənim
üzərimdə olduğu çox çətin 4 il
keçirdik. Gənc yaşda xarici ölkədə heç
bir ailə yardımı almadan tək başına belə bir
məsuliyyətlə yükləndim. Fakültə bitdi,
Türkiyəyə döndüyümüzdə həyatımızın
rotası dəyişdi. Çünki həyat yoldaşım
çətin bir imtahanı verib Xarici İşlər
Nazirliyinə siyasi məmur olaraq işə düzəldi
Verdiyimiz mübarizənin nəticəsini almışdıq.
Həyat yoldaşımın uğuru mənə dörd ildə
çəkdiyim sıxıntıları unutdurdu. Oğlumdan 8
il sonra 31 yaşımda sevgili gözəl
qızımızı qucağıma aldım. Eyni
duyğularla sarıldım ona, amma təbii ki, bu dəfə
daha təcrübəli idim. Bir yandan peşəmə davam edərkən
digər tərəfdən həyat yoldaşım və
uşaqlarım üçün yaşadım. Mən, həyat
yoldaşım və uşaqlar təhsili həmişə
ön planda tutduq. Təhsildən heç bir vaxt qənaət
etmədik. Özümü isə həmişə ikinci plana
atdım. Yaxşı ki, elə də eləmişəm.
Şükürlər olsun ki, indi hər iki
övladımın da həyatları yolundadır. Öz
ayaqları üzərində durmağı bacardılar və
cəmiyyətdə hörmətli yerə sahibdirlər.
Övladlarımla qürur duyuram, mənə problem
yaşatmadılar. Bir ana daha nə istəyər ki? Xoşbəxtliyin
ən böyüyü budur.
- Hulusi bəylə bir- birinizi sevərəkmi
ailə qurdunuz?
- Bəli.
Universitetdə eyni kursda oxuyurduq. İkinci kursdan etibarən
dostluğumuz başladı. Universitet bitincə də evləndik.
- Tədbirlərdə həmişə
diqqətimizi çəkib ki, Hulusi Kılıc şəkil
çəkdirməyi çox sevir. Bu sizi
qısqandırmır ki...?
- Niyə
qısqanım ki? Bizim ailəmiz elə çürük iplə
bağlı deyil. Əgər bir şəkil çəkdirmək
, bu ipi qoparmağa yol açacaksa, onsuz da gözləmənin
bir anlamı yoxdur. Amma şəkil çəkdirmək istəyən
şəxs bunu fərqli anlamda başa düşəcəksə,
bu da onun əxlaqi səviyyəsi ilə
bağlıdır.
- Türkiyəlilərin belə bir
sözü var: “Hər başarılı erkeyin arxasında
güclü bir qadın var”. Hulusi bəyin arxasında duran
qadının bu başarıda payı nə qədərdir?
- Əslində
bu söz bütün Türk dünyasına aiddir. İfadələr
fərqli olsa da məna eynidir. Türk qadınının ailədəki
rolunu, gücünü, dayanıqlığını, vəfasını
anladan çox köklü sözdür. Bunu xüsusilə
vurğulayıram, evlilik çox fərqli bir bərabərlikdir.
Heç tanımadığınız ailənin
yetişdirdiyi bir insanla həyatınızı
paylaşırsınız. Əslində, bu heç də
asan deyil. Bizim tərəflərdə evlilik üçün
“kəsilməmiş qarpız” ifadəsini işlədirlər.
Diqqətlə seçsəniz də necə
çıxacağı bəlli deyil. Amma qurduğumuz ailənin
təməlinin, maddi və mövqeli maraqlara dayanıq
olmaması çox önəmlidir. Birlikdə verdiyiniz
mücadiləylə zatən mənəvi və maddi hədəflərinizi
yaxalaya bilirsiniz. Bir universitetin birinci kursunda tanış olduq.
Yəni cibimizin boş olduğu, kredit alıb təhsilimizi
davam etdirdiyimiz zamanlar idi. O vaxtdan bəri də bərabərik.
Əlbəttə, çox çətin, problemli günlər
də yaşadıq. Amma belə günlərdə fədakarlığın
böyük qismi deyəsən qadının üzərindədir.
Çünki qadın yaradılış etibarı ilə
daha sülhsevər, vasitəçi və qüvvətlidir.
Evlilikdə kinə yer yoxdur. Həyat yolunda eniş və
yoxuşlarda, yaxşı və pis günlərdə , varlıqda
və yoxluqda eyni insan olaraq qala bilməyi bacarmaq
lazımdır. Əlbəttə ki, həyat
yoldaşınızın da bu dəyərlərə sahib
olduğundan əmin olmaq şərtilə. Onda bütün həyatınızı
paylaşdığınız bir insanın arxasındamı,
yanındamı, önündəmi, sağındamı,
solundamı durmağınızın nə önəmi var ki?
Önəmli olan ona verdiyiniz dəyər və dəstəkdir.
Gerisi boş sözlərdir, məncə.
- Günay xanım, çatışan və
çatışmayan cəhətinizi qeyd edə bilərsinizmi?
- Cəmiyyət
içində danışarkən həyəcanlanıram.
Ümumiyyətlə, səbirli bir insanam, amma olaylar
qarşısında bəzən çaxnaşma
yaşayıram. Əlbəttə ki, xoş münasibətimin,
səmimiyyətimin suistimal edilmədiyi, sərhədlərimin
zorlanmadığı müddətdə. Belə olanda zaman-
zaman çox sərt reaksiya verə bilirəm. Sonra da
üzülürəm və özümü mühakimə
edirəm. Kinli olmadığım üçün çox məmnunam.
Yorulmadan gün boyu işləyib, ertəsi gün yenə səhərdən
işləməyə başlaya bilərəm. Bu günlərcə
davam edə bilər. Amma “mütləq buna sahib olmalıyam”
kimi bir ehtirasım yoxdur.
- Artıq bir neçə ildir ki, Azərbaycandasınız.
Azərbaycan və türk xanımlarını mədəni,
dil, din və bir sıra xüsusiyyətlər birləşdirir.
İlk dəfə Bakıya gələndə bizim
xanımlardakı hansı xüsusiyyət sizin təəccübünüzə
səbəb oldu? (Həm mənfi, həm də müsbət mənada.)
-
Açığı, çox böyük fərq görmədim.
- Azərbaycan və Türkiyədə bir
çox məsələlərdə bənzərlik var. Bəs
qadın hüquqları məsələsində hansı
ölkədə vəziyyət daha yaxşıdır, yoxsa bu
məsələdə də ortağıq?
- Mən
hüquqşünas deyiləm. Dolayısı ilə qanun
çərçivəsində bir müqayisə
aparmağım imkansızdır. Azərbaycanda da Türkiyədə
olduğu kimi bəzi problemlər var. Bu problemlərin daxilinə
varanda xalqın öz yapısını görə bilirsiniz.
Siz istədiyiniz qədər qanun yaradın, təəssüf
ki, günlük yaşamda insanlar öz ənənələri
ilə yaşayır və öz qanunlarını tətbiq
edirlər. Bu da böyük problemlər yaradır.
- Türkiyədə yaradıcı
qadınlara öz fəaliyyətlərini genişləndirmək
üçün nə cür imkan yaradılır?
- Türkiyədə
KOBİ dediyimiz Kiçik və Orta Boy İşlətmələri
dəstəkləmək və inkişaf etdirmək
üçün proqram tətbiq olunur. Hər hansı sahədə
öz işini qurmaq istəyən ev qadınları, gənc
sahibkarlar, kiçik iş adamları layihələrini
hazırlayırlar. Tətbiqi sahibkarlıq təhsilində
müvəffəqiyyətli olub, sənədini alan hər kəs
öz layihəsini təqdim edir. Dövlət layihəsi qəbul
edilən iş adamına qrant olaraq, yəni geri ödəməsiz
sərmayə krediti verir. Bir sözlə, “Projen hər nədirsə
mənə göstər, sərmayəni al” deyir. İşini
qurub böyüdənlərə bir il sonra sıfır faizlə
təkrar kredit verir. İş adamı öz şəhərində
yaxud qəsəbəsində qalaraq işini inkişaf etdirmək
imkanı tapır. Beləcə də bu böyük şəhərlərə
köçü durdurmaya yardımçı olur.
Çünki bir iş yerinin qurulması bir çox insanlara
çörək pulu qazanmaq imkanı verir. İş
adamlarına dəstək proqramı çərçivəsində
Yeni İş Fikirləri Proje Yarışmaları da
gerçəkləşir. Əlbəttə, bu
yaradıcılığa, dolayısıyla da inkişafa imkan
verir.
- Müsahibələrinizdən birində
bizim yeməkləri xoşladığınızı
demisiniz. Neçə ildir Azərbaycandasınız, sevdiyiniz
yeməklərdən hansını bişirməyi öyrənmisiniz?
-
Düzünü deyim, mən burda yemək bişirmirəm.
Amma yemək reseptlərini yığıram. Türkiyədə
öz mətbəximlə baş- başa qalanda mütləq
o reseptlərdən istifadə edəcəm. Azərbaycan mətbəxindən
ən çox sevdiyim göy qutab, yarpaq dolması və
süfrələrin şahı plovdur.
- Azərbaycan mətbəxinin ən məşhur
yeməyi plov və dolmadır. Bizim dolmaya ermənilər də
sahiblənmək iddiasındadırlar. Sizcə, türk mətbəxinin
ən məşhur yeməyi hansıdır?
- Bir yemək
adı vermək çox çətindir. Bizim mətbəximiz
çox zəngindir. Uzun illər bir yerdə yaşayan
insanların bir -birinin mətbəxindən təsirlənməməsi
mümkün deyil. Bəzən evində ilk dəfə
olduğunuz birindən belə yemək reseptini
alırsınız. Osmanlı mətbəxini fikirləşin,
500-600 il birlikdə olduğumuz mədəniyyətlərlə
yemək alış-verişimiz olub. Amma bir xalq iddia edəndə
çox diqqətli olmalıdır. Sual edilə bilər - həmin
iddia etdiyi yemək adı öz dillərində hansısa məna
kəsb edirmi? Sarmak –sarılmak, dolmak-doldurmak cümlələrini
dəyişdirmədən lügətdə axtarmaq və mənasını
tapmaq yetərlidir.
- Ümumiyyətlə, hansı yeməyi
bişirməkdən xoşlanırsınız?
-
Bütün yeməkləri bişirməyi sevirəm. Yetər
ki, hazırladığım yeməyi bərabər yeyə
biləcəyim birisi olsun. Ailəmdən və ya
dostlarımdan biri ilə paylaşmaq bütün
yorğunluğumu unutdurur.
- Bəzən deyirlər ki, qadının
istirahət etdiyi yerlərdən biri də mətbəxdir. Siz
necə, mətbəxdə dincəlirsiniz, yoxsa ailənizin
zövqünü oxşamaq üçün yalnız ləziz
yeməklər bişirməklə kifayətlənirsiniz?
- Tam da mənim
ən çox sevdiyim mövzunu açdınız.
Düzdür, mətbəx məni çox sakitləşdirir
Bu mənim ən böyük hobbimdir. Çünki
yaradıcılığı sevirəm. Mətbəxdə isə
yaradıcılığın sonu yoxdur. Öz damaq
dadınızı, yaratdığınız və ya reseptini
başqa yerdən tapdığınız hər yeməyə
verə bilərsiniz. Bəzən ilk dəfəylə
alınmır, amma vazgeçmirəm, təkrar-təkrar edirəm.
Ta ki, damaq dadını tutuncaya qədər...
- “Mənim həyat yoldaşım
Çankırılı olduğu halda Antep paxlava, kabab,
lahmacunlarını çox sevir” demisiniz. Antep yeməklərinin
çox sevilməsinə səbəb sənayenin çox
yaxşı olması, yoxsa insanlarının
çalışqan olmasıdır?
- İkisi də.
Səbəb –nəticə münasibətidir bu. Antep İpəkyolu
üzərində yerləşən şəhərdir. Yəni
tarix boyunca dəyişən mədəniyyətlərə həmişə
açıq olub. Yemək mədəniyyəti də buna
daxildir. Amma bu da dəqiqdir ki, insanlar çalışqan,
yeniliyi öyrənməyə açıq deyillərsə, hər
şey olduğu kimi qalır, dəyişən heç bir
şey olmur. Heç bir əmək sərf etmədən nəyi
bacarmaq olar həyatda? “Mirasım var” deyəcəksiniz, amma
çalışmasanız o da tez qurtarar. Anteplilərin bir
sözü var , o bizim yaşam fəlsəfəmizi
anladır. “Oğlum ağıllı malı ( mirası) neyləsin,
oğlum dəli malı neyləsin” Yəni
ağıllıdırsa özü öz malını düzəldər,
mirasa gərək yoxdur. Dəlidirsə malı neyləyəcəyini
bilməyəcək, olanı da yeyib qurtaracaq. Tənbəl
insanı belə tərif deyər antepli “Arsız (tənbəl)
adama söz neyləsin, iylənmiş ətə duz neyləsin”.
Qısacası, çalışqanlıq anteplilərin təməl
fəlsəfəsidir. “Kölə kimi çalışıb
bəy kimi yeyərik” deyirlər. Bəy kimi yemək
üçün də mətbəxin zənginləşməsi
lazımdır. Mətbəx və ağız dadı
başlı - başına mədəniyyət
yığnağıdır. Bu mədəniyyətin zənginləşməsi
isə eyni yeməklərdən uzaqlaşıb, yeni dadlar
yaratmaqla olur. Yəni inkişaf etmək üçün
çalışmaya, istehsal etməyə davam etmək
lazımdır. Bu səbəblə də Gaziantep bu gün mətbəxi
ilə bərabər, sürətlə istehsal edən
çox böyük sənaye şəhəridir.
- Azərbaycan cəmiyyətində nələri
bəyənirsiniz və bunun Türkiyədə də
olmasını arzulardınızmı?
- Burda
uşaqların musiqi təhsilinə çox erkən
yaşdan başlamaları çox gözəl şeydir.
Türkiyədə də bu var, amma fərdi səylərlə,
ailələrin öz təşəbbüsləri ilə.
Türkiyədə də buradakı kimi dövlət musiqi məktəblərinin
olmasını istərdim.
- Azərbaycanın hansı bölgələrində
olmusunuz və o yerlər haqqında təəssüratlarınız?
- Demək
olar ki, bütün bölgələrdə oldum. Xüsusilə
ilk iki il hər fürsətdə gəzdik. Türkiyə ilə
müqayisə edəndə məsafələr çox
qısadır, ona görə həftə sonlarını belə
dəyərləndirirdik. Bakıdan uzaqlaşdıqca təbiət
daha yaşıl, hava daha təmizdir. Sanki Anadoluda səyahətə
çıxmışıq təsiri bağışlayır
adama. İnsanların qonaqpərvərliyini, ürəklərindəki
Türkiyə sevgisini gördük. Bir sözlə, çox
zövqlə dolaşdıq.
- Türk tarixindən hansı
qadının adını çəkə bilərsiniz ki, bu
günki Türk qadınını onun simvolu kimi görüb
qiymətləndirəsiniz?
- Tariximizdə
ilklərə imzan atan bir çox qadın var. Məsələn,
ilk türk qadın roman ustası Fatma Aliyə (1862- 1936), ilk əsgəri
qadın pilot Sabiha Gökçen (1913- 2001), ilk müsəlman
teatr sənətçisi Afifə Jalə (1902- 1941), ilk
türk qadın həkimi Safiyə Ali (1891- 1952),
qadınları milli mübarizəyə çağıran
Halidə Edip (1884- 1964), Nene Hatunlar, şəhid qadınlar,
qazi qadınlar və daha neçələri. Əlbəttə
belə qadınlar digər qadınlara yol açdı və
bügünki Türk qadınının təməli oldu.
- Bu baxımdan Azərbaycan
qadınının rolunu necə görürsünüz?
- Eyni.
Keçmişdən bu günə qədər
qadınların verdiyi mübarizə hər zaman təqdirə
layiqdir. Bu gün də qadın hər alanda söz sahibidir. Məncə,
qadını güclü olmayan cəmiyyət çökməyə
məhkumdur.
- Əgər sizə bir filmdə Azərbaycan
qadını rolunu oynamağı təklif etsələr,
razılaşardınızmı?
İlkokul ve ortaokul yıllarımda
birçok oyunda rol aldım, amatörce tabii. Ama hep çok
alkış alırdım. Demek ki iyi oynuyormuşum. Şu anda
rolümü evde oynuyorum. Eğer profesyonel bir oyuncu olsaydım
Azerbaycan Kadını rolünü memnuniyetle kabul ederdim.
Türksoylu bir kadın olarak büyük zevkle oynardım. Çünkü
ben Azerbaycan kadını, Türkiye kadını diye bir
ayrım yapmıyorum.
Məktəb
illərimdə həvəskar kimi bir çox tamaşada
oynamışam. Həmişə də çox alqış
alırdım. Demək ki, rolumu yaxşı
oynayırmışam. İndi rolumu evdə oynayıram. Əgər
professional aktrisa olsaydım, Azərbaycan qadını rolunu məmnuniyyətlə
qəbul edib, Türksoylu bir qadın olaraq böyük
zövqlə oynayardım. Çünki mən Azərbaycan
qadını, Türkiyə qadını deyə bir
ayrı-seçkilik salmıram.
- Bizim qadınların geyimləri sizə
görə mədəni və müasirdimi?
- Geyim hər
qadının, hər öz seçimidir. Geyimi təndiq etmək,
məncə çox mənasızdır. Çünki birisi
çox bəzəkli, rəngli geyər, birisi sadə sevər.
Kimisi klassik geyimdə rahat olar, kimisi modern. Kimisi də her
şeyi qarışdırıb öz tərzini yaratmağa
çalışar. Bu bir seçim məsələsidir.
Önəmli olan o geyimin içində olan insanlıqdır.
Bir söz var – “İnsanlar xarici görünüşünə
görə qarşılayıb, ağlına görə yola
salarlar”.
- Günay xanım, dostluğa münasibətinizi
bilmək istərdik. Azərbaycanda dostluq etdiyiniz qadınlar
varmı?
-
“Yalnızlıq Allaha məxsusdur”, deyirlər. İnsan dostsuz
yaşayamaz. Bəzən çox yorucu günlərdən
sonra bir neçə gün dincəlmək istəyirsiniz. Amma
bir boşluq hiss edirsiniz və dost axtarırsınız. Azərbaycanda
da dostlarım var. O qədər ortaq tərəflərimiz var
ki.
- Dostluqda nələrə
üstünlük verirsiniz?
- Hər
şeydən öncə sədəqət və güvən
lazım. Etiketlər dəyişdiyində eyni qala biləcək,
dəyişməyəcək bir dostluq. Yəni daimi dostluq,
yaxşı günün dostluğu yox.
- Bir sıra layihələrə imza
atmısınız və bu, Azərbaycanda çox bəyənilib.
Həmin layihələr sizi razı salırmı və nəticə
verirmi?
- Bəyənilibsə
nə mutlu bana. Bir projeyi gerçəkləşdirdikdən
sonra əlbəttə ki, xoşbəxt oluram. Amma
yorğunluğum keçdikdən sonra çox
götür-qoy edirəm: “Bir də etsəm nələrə
diqqət etməliyəm, nələr əlavə edə və
çıxara bilərəm?”
- Boş vaxtlarınızı necə
keçirirsiniz?
- Bakıya gəldiyimdən
bəri boş vaxt tapmaq həqiqətən çətindir.
Bizim evdəki basırıqlığı xəyal edə bilməzsiniz.
Şikayətçi deyiləm, çünki qonağı
çox sevirəm. Vaxt tapanda kitab oxumağa
çalışıram. Tez-tez səyahətlər edirəm.
Hər iki –üç ayda bir Türkiyəyə gedirəm.
Uşaqlar Türkiyədə deyil, dolasıyı ilə onlara
da, xaricdəki dostlarıma da baş çəkirəm.
- Azərbaycanın hansı kanalına və
proqramına baxırsınız?
- Televizora
baxmağa vaxtım olmur. Vaxt tapan kimi isə hansı kanalda xəbər
gedirsə, ona baxıram.
- Bəs hansı musiqilərimizə qulaq
asırsınız?
- Daha
çox köhnə musiqilərə qulaq asıram.
Türküləri sevirəm. Onlar məni çox sakitləşdirir.
Bir sözlə, titrədən deyil, ruha toxunan musiqiləri
sevirəm.
- Azərbaycan muğam musiqisinin vətəni
sayılır. Dinlədiyiniz muğam ustası varmı?
- Adları
yadımda saxlaya bilmirəm, amma bir çox sənətçinin
ifasında muğamı dinləmişəm. Xüsusilə
uşaq muğam xanəndələri mənə çox təsir
etdi.
- Yadınızda qalan Azərbaycan
tamaşası və aktyorları varmı?
- Məndən
ad soruşmayın, unuduram. Bir çox opera və balet
tamaşalarına, konsertlərə getmişik. Hamısı
çox gözəldir. Yorğun olduğumuz vaxtlarda bizə hər
zaman doping oldu.
- Azərbaycanın tanınmış
insanlarının toylarında olmusunuzmu?
-
Dostlarımızın uşaqlarının toyunda olduq.
Türkiyədəki mərasimlər kimidir. Hətta təsadüfən
kənd toyuna da şahid olduq, eyni Anadoludakı toylardır. Bilərziklər,
hədiyyələr, halaylar eynidir.
- Azərbaycan ləhcəsində
danışmaq necədir? Hansı sözlərimizin mənasını
tapmaqda çətinlik çəkirsiniz?
- Çətin
deyil. İlk əvvəllər sözlərin anlamından əmin
olmaq üçün lüğətə daha çox
baxırdım. Amma sonra baxdım ki, Gaziantep şivəsində
imiş. Nənəm və babamdan eşitdiyim, amma istifadə
etmədiyim üçün unutduğum sözlərdir. Hətta
əvvəllər ö sözləri qeyd də edirdim.
Qısacası, mənim üçün danışmaq
çətin deyil, amma dili istifadə etmək vərdiş məsələsidir.
Bir- birimizi yaxşı başa düşürük. Önəmli
olan bu deyilmi? Sözlərin mənasını tərcümə
etmək isə mənim üçün problem deyil. Əslində
buna tərcümə etmək deyil, fərqli sözlərlə
ifadə etmək demək daha doğru olar. Bu da bir zənginlikdir.
- Günay xanım, bayaq bir hobbinizi dediniz.
Başqa hobbiləriniz varmı?
- Bir də ipək
parça üzərinə boya ilə çəkməyi
çox sevirəm. Türk motivlərini əl boyaması ilə
ipək parçaya köçürtmək mənə
inanılmaz böyük zövq verir. Tapdığım Türk
motivlərinin kompozisiyasını özüm
quraşdırıram. Bakıya gəldiyimdən bəri isə
boyaya əlimi vura bilməmişəm. Çünki
bütün ləvazimatlarım Türkiyədədir. Bundan
başqa tikməyi də sevirəm.
Olaylar.- 2011.- 26 oktyabr.- S.14.