Yas mərasimlərindəki
israfçılıq
Qanun,
yoxsa düşüncə dəyişməlidir
Hacı
Bəxtiyar: “Yasa
gedirik mənəvi dayaq olmağa, getmirik ki,
ev yiyəsinin evini
yıxaq”
Rafiq Təmrazov: “İnsan özü dərk etsin
ki, mənim imkanım bir stəkan çayla
qəndə çatır, yoxsa dəbdəbəli, dörd
cür yemək verməyə”
Yas və toy mərasimlərindəki
israfçılıq mövzusu artıq ciddi bir müzakirəyə
çevrilib. Belə ki, dəfələrlə müxtəlif
din xadimləri, Qafqaz Müsəlmanları İdarəsi, millət
vəkilləri, ictimai xadimlər bu məsələ ilə
bağlı fikir söyləsələr də, problem hələ
də həllini tapmayıb. Əslində hamı bu mərasimlərdəki
israfçılıqdan şikayət etsə də, heç
kim bu məsələyə son qoymaqda birinci olmaq istəmir.
Birinə deyəndə ki, bəlkə elə siz ilk
addımı atasınız, deyirlər ki, “elə mənim
filankəsimin yasına qalmışdı məsələnin
həlli? Qoy başqaları eləsin də”.
Əgər hamımız belə deyəcəyiksə
problem necə həll olunsun? Axı təkcə deməklə
iş bitmir, gərək, dediyinə əməl edəsən.
Anlamaq lazımdır ki, dəbdəbəli ehsanın ölən
adama nə xeyri, bu sadəcə ev sahibinin qayğılarını
artırmaqdan başqa bir işə yaramır. Belə ki,
insanlar artıq ölənin dərdini çəkməyi bir
tərəfə qoyub gələnləri necə
doyurmaqlarını düşünürlər. Üstəlik
onların dərdi təkcə bir qab yemək, bir stəkan
çay olmur, gərək süfrədə mövsümə
uyğun oldu-olmadı 5-6 növdə meyvə, meyvə şirələri,
çünki ola bilər ki, biri sadə su xoşlamır,
filan meyvənin şirəsini xoşlayır, konfet, şokolad
və növbənöv şirniyyatlar, ləbləbi, daha nələr-nələr
olmalıdır. Bəs görəsən ehsanın əsl
mahiyyəti nədir?
Zabrat
Cümə məscidinin Axundu Hacı Bəxtiyar yas mərasiminin
yaranma tarixi ilə bağlı danışarkən deyir:
“İlk dəfə Məhəmməd Peyğəmbərin əmisi
oğlu Əli (ə) –ın əmisi oğlu Cəfər Təyyar
rəhmətə gedəndə Peyğəmbər onun evinə
gəlir, uşaqlarının başına sığal
çəkir və bildirir ki, 40 gün bu ailə yaşda
olduğundan bu müddətdə kimin evində nə bişəcəksə
bu ailəyə də gətirsin. Çünki hüzrü
olan adam yemək düşünmür axı. Ona görə
də peyğəmbər(S)buyurub ki, hər kəs evində
bişəndən gətirsin, həm öz ailəsi, həm də
yas da, olan ailə yesin. Deyilməyib ki, sən qarpız gətir,
yemiş gətir, min cür şirniyyat gətir. İndi bəzi
rayonlarda pul yığıb kömək eləyirlər ev
sahibinə, amma bəzi rayonlarda bu köməklik də olmur.
Biz yasa gedirik mənəvi dayaq olmağa, getmirik ki, ev yiyəsinin
evini yıxaq. Ehsan sözünün kökü də
yaxşılıq deməkdir. Biz yaxşılığı
süfrənin bolluğunda görürük, amma belə
deyil, mən evinə gəlsəm, bir stəkan çay da versən,
bir yaxşı söz də desən, ehtiram göstərsən,
küçədə getdiyin birinə kömək etsən bu
da yaxşılıqdır”.
Sosioloq Rafiq Təmrazov bildirdi ki, yas və ya toy mərasimi
insanların, yaxınların, tanışların
toplaşdığı bir məqamdır ki, onlarla toyda
sevincini, yasda isə kədərini bölüşmək
mahiyyəti daşıyır. Tarixən formalaşıb ki,
belə mərasimlərdə onun ətrafına toplaşanlar
müxtəlif yerlərdən gəldiyinə görə, hər
hansı bir formada onların qarşılanması, bu anlamda
süfrənin açılmasından söhbət gedir. Amma
zaman keçdikcə, bu məsələ adət halını
alıb, dəbdəbəyə çevrilib. “İndi çox
müzakirə olunur, amma heç kim bu məsələdə
nümunə olmaq istəmir. Məşhur insanlar bu məsələdə
nümunə olmalıdırlar ki, digərləri də həmin
yolla getsinlər. Amma bu mümkün deyil, çünki tarixən
elə formalaşıb ki, adətən insanlar maddi durumu,
dünyagörüşü, təhsilinə görə,
bir-birindən fərqləniblər, ona görə də, hər
bir insanın da məclisi özünə, əhatəsinə
görə fərqlənir. Bu səbəbdən də həmin
məclisləri hər hansı formada qaydaya salmaq
mümkün deyil”. Sosioloq problemin kökünün
insanların ayaqlarını yorğanlarına görə
uzatmaq istəməmələrində olduğunu deyir: “Əsas
problem odur ki, normal cəmiyyətlərdə kasıb və
varlı adamların məclisi bir-birindən fərqlənir,
amma bizdə belə deyil, kasıblar da özlərini varlı
adamlar kimi göstərmək istəyirlər. Ümumiyyətlə
hər kəsin özünü başqası kimi göstərmək
istəməsi bir problemə çevrilib, həmçinin o bu
məsələdə də özünü göstərir.
Kasıb adamlar külli miqdarda borca girərək, müxtəlif
yerlərdən vəsait əldə edərək dəbdəbəli
yas mərasimləri təşkil edir. İnsanlar arasında
belə bir fikir formalaşıb ki, o məclisi o formada təşkil
etməsə qınaq obyektinə çevriləcək. Bu da əslində
bir psixoloji problemdir ki, biz özümüz üçün
yox, başqaları üçün yaşayırıq, kimlərin
bizə nə deyəcəyi barədə
hesablaşırıq həyatımızı da ona uyğun
qururuq. Bu israfçılıq da bundan irəli gəlir”.
Məsələni necə həll edək
Problemin həllində yanaşmalar
müxtəlifdir. Bəziləri bununla bağlı müəyyən
qanunun qəbul olunmasını, bəziləri din xadimlərinin
təbliğat işi aparmalarını düşünür.
Hacı Bəxtiyar deyir: “Biz ruhanilər
Bakının Fatmeyi, Digah, Məhəmmədi, Balaxanı kəndlərində
ehsanların yüngülləşməsi üçün
çalışırıq. Məsələn, qazan yeməkləri
olmasın, pendir, halva belə şeylər olsun. Ehsan
yüngülvari olmalıdır. Əgər kimsə qoyulan bu
qaydalara əməl etməsə, məclisi idarə edən
molla o məclisi tərk edir. Bakı kəndlərinin
ağsaqqallarını topladıq belə qərara gəldik
ki, kim ehsan vermək istəyir, getsin bir imkansıza, yetimlər
evinə, valideyni olmayan bir tələbəni oxutsun, bunun
savabı daha böyükdür. Şəhər yerlərinə
bizim gücümüz çatmır. Bunun üçün gərək
şeyx həzrətləri, bir dəfə qəti surətdə
fikir bildirsin. Qanun yuxarıdan olmalıdır, məsələn
orucluqda əvvəl oturub yeyirdilər. Amma şeyx həzrətləri
deyəndən sonra indi azalıb”.
R.Təmrazov
isə məsələyə tamam fərqli yanaşdı, o
hansısa qanunun bu məsələni həll etməyəcəyini
düşünür: “Niyə dəbdəbəli oldu, niyə
belə oldu, bunu nizam, intizama düzək, hamının
süfrəsində bir çay, bir qənd olsun bu söhbətlərin
heç bir mənası yoxdur. Tarixən belə olub ki,
insanlar müxtəlif kateqoriyalara bölünürlər, həm
maddi təminatına, həm də dünyagörüşlərinə,
həm cəmiyyətdə tutduqları yerə görə.
Ona görə də, hər bir insanın öz çevrəsi,
tanışları var, hər bir insanın da məclisi öz
ətrafına uyğun qurulur. Bunu qaydaya salmaq olmaz. Bununla
bağlı tez-tez din xadimləri. müxtəlif qurumların
nümayəndələri qanun qəbul olunmasından
danışırlar, amma düşünürəm ki, bu məsələni
hansısa bir adminstrativ qaydada həll etmək
gülüncdür. Hətta bunu tətbiq etsələr belə,
müəyyən müddətdən sonra aradan qalxacaq. Bu həm
də insanların şəxsi həyatına müdaxilədir.
Biri deyəcək ki, mən istəyirəm məclisimdə
bunu verim, amma məsələ ondadır ki, həmin adamın
ona imkanı varmı? İmkanı yoxdur, amma bu addımı
atırsa, özünü əziyyətə salırsa bu həm
dini baxımdan günahdır, həm də maddi baxımdan
özünə zərər verir. Bunun qarşısını
almaq lazımdır. Təbliğat işi elə
qurulmalıdır ki, insan özü dərk etsin ki, mənim
imkanım bir stəkan çayla qəndə çatır,
yoxsa dəbdəbəli, dörd cür yemək verməyə.
Ona görə də insanların
dünyagörüşü, ictimai şüur dəyişməlidir
ki, insanlar başa düşsünlər ki, o varlı
adamdır, onun imkanı var, belə məclis verə bilər,
mənim yoxdursa mən etməyə bilərəm. adminstrativ tədbirlərlə
bunun qarşısını almaq nə mümkün, nə də
düzgün deyil”. Ehsana çəkilən xərc israf olunan
nemətlər əvəzində, həmin pulun hansısa bir
yoxsula kömək etmək, bir imkansız tələbə
oxutmaq məsələsinə gəlincə sosioloq bu məsələyə
də fərqli yanaşdı: “Bu düzgün
düşüncə deyil. Əgər mənim imkanım varsa
özüm bilərəm bir tələbəyə və ya
başqa birinə kömək edərəm. Əgər cəmiyyətdə
belə normalar formalaşsa, hiss olunsa ki, hansısa bir tələbənin
istedadı var, amma imkanı yoxdur ki, oxusun, bir imkanlı adam
ona kömək edərsə bu onun şəxsi işidir.
Hansı formada insanları istiqamətləndirmək olar ki, “Sən
atana dəbdəbəli ehsan vermə, onun əvəzində
filan tələbəyə kömək elə” axı bu
insanların şəxsi işidir. Bu xeyriyyəçilik tədricən
formalaşan, ictimai şüurla bağlı olan bir şeydir.
Ola bilər ki, hansısa bir hesab açılar ki, bir
imkansız tələbə üçün 50 nəfər
müəyyən köməklik göstərər, bu tamam
başqa bir işdir”. Sosioloq bu məsələnin həllinin
insanların düşüncələrinin dəyişməsində
görür. “İnsanlarda fikir formalaşmalıdır ki,
imkanım 5 manatlıq məclisə çatırsa, 5
manatlıq məclis etməliyəm, yoxsa əlavə 5 manat
borc edib 10 manatlıq məclis etməməliyəm. Bəlkə
birinin imkanı 20 manatlıq məclisə çatır, qoy
elə versin. Biz həmişə başqaları
üçün yaşayırıq, belə etməsəm
qonşum, qohumum nə deyər, filankəs nə deyər?
“Atası rəhmətə getdi, amma yaxşı məclis verə
bilmədi”. Bu psixologiyadan uzaqlaşmaq lazımdır. Mən tərəfdarı
da deyiləm ki, insanları çərçivəyə salaq
ki, belə məclis ver və ya vermə”.
Yas mərasimləri
ilə bağlı gündəmə gələn başqa bir
məsələ həmin mərasimlər üçün
qurulan çadırların maşın yollarına yaxın
olması, bəzən nəqliyyatın hərəkətinə
maneə olması və s. dir. R.Təmrazov deyir: “Bu da çox
çətin bir məsələdir. Xüsusən də,
şəhər yerlərində. Kənddə hər kəsin
öz həyəti olur, orada qurur yas çadırını,
amma şəhərdə isə bu bir problemdir. Mərasimi evdə
keçirmək olmur sıxlığa görə. Ona görə
də, gələn qonaqları qarşılamaq
üçün müəyyən bir obyekt, ərazi
olmalıdır. Toy mərasimlərindən fərqli olaraq, yas
mərasimlərinin keçirilməsi üçün mərasim
zallarından istifadə olunmur. Bəzi yerlər var ki, onlar
artıq bu məsələni həll ediblər, yəni məscidlərdə,
ya da xüsusən yas mərasimləri üçün nəzərdə
tutulmuş yerlərdə təşkil edirlər, amma bu hələ
kütləviləşməyib. Bu həll olunsa nəqliyyatın
hərəkətinə maneə olunmaz, insanların da
narahatlığı aradan qalxar”.
Gülxar Şərif
Olaylar.- 2011.- 26 oktyabr.- S.12.