Hüseyn Cavid göyü
Hüseyn
Cavid nəinki Azərbaycan, bəşər mədəniyyətinin
nadir simalarındandır. O, bənzərsiz göy
adamıdır.
Onun əsərlərində
Göyə yüksəlmək, insaniliyə yetmək
çağırışı səslənir – inamlı,
inadlı, ilahi…
Oktyabrın
24-ü Azərbaycanın, türk dünyasının
böyük şairi Hüseyn Cavidin anadan olmasından 129 il
ötür.
1937-ci ilin
qovğaları ilk olaraq aydınların sıradan
çıxarılmasına, ümumən millətimizin
sarsıdılmasına yönəlmişdi. Bunun ilk zərbəsini
alanlardan biri də Hüseyn Cavid idi. O, həmin il iyunun 4-də
həbs edilərək Sibirə sürgün edildi. 1941-ci il
dekabrın 5-də imperiyanın İrkutsk vilayətinin
Tayşet rayonunun Şevçenko qəsəbəsində
öldü.
Oktyabr
ayı Cavidin doğum günü ilə əlamətdar olsa
da, bir neçə aydınımızın da qətli ilə
yadda qalıb. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən
gecə Azərbaycanın tanınmış aydınları Əhməd
Cavad, Bəkir Çobanzadə, Böyükağa
Talıblı, Vəli Xuluflu, Məmmədkazım Ələkbərli,
Hənəfi Zeynallı, Xalid Səid Xocayev qətlə
yetirildilər. İmperiya əlindən gələn etdi ki,
xalqın ruhunu bütünlüklə sarsıtsın...
Bununla
bağlı İnam Ata (Asif Ata) yazır: “1920-ci ildə
xalqın başını kəsdilər, 1937-ci ildə ürəyini
yedilər”.
***
Hüseyn
Cavid yaşadığı çağa, mühitə
sığmırdı. Onunla toplum arasında yerlə göy fərqi
vardı. O, yerdəkilərin
qurtuluşu üçün çalışan göy
adamı idi. Onun əsərləri, qəhrəmanları
bunu göstərir.
Hüseyn
Cavidin "Şeyx Sənan" faciəsi çox sevdiyim əsərlərdəndir. İnsanın həqiqətə
doğru qarşısıalınmaz, qeyri-adi, bənzərsiz
sevgisini, həqiqətə qovuşmaq ehtirasını
özündə əks etdirən bu əsər misilsizdir.
Şişirtməsiz demək olar ki, dünya
dramaturgiyasında "Şeyx Sənan" ruhlu ikinci bir əsər
tapmaq çox çətindir. Ümumiyyətlə,
Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışı
başlıca yer tutur:
"Hər
qaranlıqda çırpınır bir nur,
Hər
həqiqətdə bir xəyal uyuyur".
Şeyx
Sənanı həqiqətə yetmək istəyi
yandırıb-yaxır. O, sanki
eşqini qarşıda gözləyən fəlakətlərdən
xəbərdardır.
Zəhra
ruhən Şeyx Sənanın ondan çox yüksəklikdə
olduğunu anlayır. Bilir ki, Şeyx Sənanın elmi-kamalının
ucalığı ruhunun qeyri-adiliyindəndir.
"Şeyx,
gəl-gəl!
Sevimli Sənan,
gəl-gəl!
Sənə
layiq deyil o yer, yüksəl!"
Bu,
artıq Sənanın Xumarın şəxsində həqiqətin
səsini eşitməsidir. Sənan bu halını kimsəyə
anlada bilmir.
"Ər
kişidə olur bir söz, bir məram,
Əzm eylədim
məhv olsa aləm tamam
Dönməm
geri, hər yana yol açıq".
Əslində
Şeyx Sənanı Xumarın xəyalı yaşadır. Qarşıda ucalıq, göylük aqibəti
var. Müridlərin yalvarışlarına baxmayaraq Şeyx Sənan
– "Yüksələn fəqət enməz, hər kim məni istərsə, göyə yüksəlsin"-deyir...
***
Əslində
Şeyx Sənan ucalığını Hüseyn Cavid
özü gerçəkcəsinə yaşadı, bununla da əbədiliyini
göstərdi.
Şeyx
Sənan göyə ucalmaq rəmzidir əslində. Göyə yüksəlmək
– insanın öz daxili-mənəvi dünyasına baş
vurmasıdır. Mütləq ədalətə,
həqiqətə, ülviyyətə çatmasıdır.
İnam
harayı səslənir Sənanların göyündə –
ardıcıl, qəti!
Şeyx
Sənanların, Xumarların göyləşmək həsrəti
var.
Xumar – Sənanın
illərlə aradığı, sonda tapdığı
idealıdır.
Sənan
dəyişməzliyin, bütövlüyün bütün
çalarlarını Xumarda tapır və ona dəlicəsinə
vurulur.
O, Xumarı səcdəgah
saydığı dərəcədə, özü də onun
üçün səcdəgah olur.
Sənan
Xumarını, yəni həqiqətini tapır, İnama
yüksəlir, göyləşir, durulaşır,
özümlüyünə qovuşur.
Həqiqətinə
doğru yol gedən, əzab içində qovrulan, əzabdan
fərəh alan, həqiqətinə yetəndir
Sənan!
***
Ancaq Sənanın
və Xumarın yanındakılar naşı inamlara
tapınırlar. Onlar Sənanı və Xumarı anlamaqdan çox
uzaqdırlar.
Fitnə-fəsadla,
həsədlə yoğrulmuşlar inamsızlıq fəlakətinə
düçar olublar.
Cavid
«Şeyx Sənan»da özlərindən ayrı düşənlərin
faciəsini dahiyanə şəkildə göstərir.
İnamsızlıqdan
adamların içərisində qorxu, böhtan ağacı
boy atır, şübhə meyvələri yetişir.
Ancaq Sənanların
içərisində ədalət, ülviyyət
ağacı bitir, fərəh, inam meyvələri yetişir.
Göy
qətiyyəti gəlir göy oğlu Sənanın
ömrünə – İradə Göyünə yüksəlir.
***
İdrakın
göy səviyyəsi var – gerçək idrakdan göy qədər
uca, əlçatmaz.
Cavidin Xəyyamı
insanları göy idrakına qovuşmağa
çağırır. Xəyyam mənəviyyatı zamana
qarşıdır. O, zamandan, şəraitdən,
mühitdən yüksək həqiqət istəyir.
Cavidi
oxuduqca bir daha anlayırsan ki, göy işığı gərəkdir
yerdəkilərə. Onlara qaranlıqları yaran, idrakın göy səviyyəsi
gərəkdir.
Şairin
qəhrəmanları Yer mənəviyyatından əl çəkirlər,
Göy mənəviyyatına yüksəlirlər. Bu obrazlar insanları Yer ədalətsizliyinə,
həqiqətsizliyinə, ülviyyətsizliyinə
qarşı durmağa çağırırlar.
***
Cavid
«Peyğəmbər» əsərində peyğəmbərliyin
mahiyyətini dərindən duyub, ifadə edib.
Peyğəmbərin
ilk peyğəmbərlik illəri, halı təhlil, təqdir
olunur. Cavidin Peyğəmbəri amal üçün seçilib,
amala sevgisi onu ülviləşdirir, ilahiləşdirir.
Göy
hökmü səslənir Cavidin peyğəmbərinin aqibətində. Sonrakı mərhələdə
kitabı qılıncla əvəz edən peyğəmbərin
halı Cavid qələmində ruhani duyum
ustalığıyla açılır.
***
Yer iradəsi
qorxusuyla, tərəddüdüylə Göy hökmünə,
qətiyyətinə qarşıdır.
Cavidin Səyavuşu
ülvi, müqəddəs duyğular yiyəsidir.
Göy
hökmü, Göy çağırışı
düşür göy İnamlı Səyavuşun aqibətinə. Səyavuş da göy
idrakına yüksəlir, yetir.
Həsrət
göyünə yüksəlir Səyavuş: dərd çəkir,
dərdə batır.
***
Oxu
daşa dəyir göy inamlıların – göy həsrətilə
yana-yana qalırlar.
Göysüzlər yazırlar göylülərin aqibətini:
hərcayilik, insansızlıq törədirlər. «Uçurum»da insan faciəsi bütün
çılpaqlığı ilə açılır.
***
Cavidin
“İblis”indəki insanilik harayı göysüzlərin
inamsızlığına qarşıdır.
Yerdəkilərin
İblis adlı səcdəgahı var. Yüksələn
görünürlər, alçalırlar, çünki
göysüzdürlər.
Cavid haray
çəkir: İblisləşən Yerdə xurafat
göysüzlüyü yaranıb.
Yerdəkilərin
yaşamında İblis halı yaranır – zülmət gətirən. İdrak göysüzlüyündən
duyğu, iradə yoxluğu yaranır.
Fitnə-fəsad,
şərdən yoğrulmuş işlər törəyir Yer
idrakından. Xurafat, cəhalət, anlamsız adət-ənənələr
mənəviyyat göysüzlüyü yaradır.
Şairin
qəhrəmanları zəlilləşmənin
yaratdığı qələbəyə inanmır. Mənəviyyatsızlar vicdanın
səsini eşitmirlər.
Mənəviyyatsızlığın
İblislik adlı məqamı var. İblislik –
İnsansızlıqdan yaranır.
Cavidin qəhrəmanları
ləyaqətsizliyə, azğınlığa,
zalımlığa, harınlığa, öz insani
imkanlarına inanmayanlara qarşı vuruşurlar.
Yadlaşma
yağılığından ayrıla bilmirlər mənəviyyat
korları, çünki iradəsizdirlər.
***
Cavid
“Topal Teymur”unda fatehliyin faciəsini dahiyanə şəkildə
açıb göstərir. Şair demək istəyir
ki, Teymurlar həqiqət, ədalət, ülviyyət
dağını fəth edə bilmirlər; zorla ürəklərə
yiyələnmək istəyirlər, ancaq bacarmırlar.
***
İnam Ata “25 söz”
izharında bəşərin oxumasını gərəkli
saydığı 25 nəfər söz yiyəsi
sırasında Hüseyn Cavidin də adını çəkir.
Yüzillər ötəcək, Cavidin
yaradıcılığı yenə də öz bənzərsizliyini
qoruyacaq, yaşadacaq. Onun İnsan
soraqlı əsərləri bəşərin bütün
çağlarında öz ilahi dəyərini daha da yüksəldəcək,
artıracaq.
İşıqlı ATALI
Olaylar.- 2011.- 27
oktyabr.-S.10.