Boşanmalar artır...
Bəs səbəblər nədir?
Mehriban Zeynalova: “Biz həmişə
haqlardan danışırıq, heç məsuliyyət haqda
düşünmürük”
Elnarə Hüseynova: “Ona görə də,
ailə qurarkən bioloji yaşla yanaşı, psixoloji yaş
da nəzərə alınmalıdır”
Ölkəmizdə
boşanmaların sayı ildən-ilə artır. Belə ki, Dövlət Statistika Komitəsinin son
açıqlamalarına əsasən, bu ilin ilk doqquz ayı ərzində
8 min boşanma qeydə alınıb ki, bu da ötən ilin
eyni dövrü ilə nisbətdə 1.4% çoxdur.
Ümumilikdə isə, rəsmi dövlət orqanları tərəfindən
61.6 min nikah, 8 min boşanma qeydə alınıb. Əhalinin
hər 1000 nəfər hesabı ilə 2010-cu ilin ilk doqquz
ayına nisbətən nikahların sayı 8-dən 9.1-ə,
boşanmaların sayı isə 1-dən 1.2-yə qədər
artıb. Demək olar ki, hər ay təxminən min nəfər
ayrılıb.
Bəs bu kütləvi
boşanmaların səbəbi nədir? Azərbaycanın illərdir
formalaşan ailə dəyərlərinin təhlükə
altında olmasındanmı xəbər verir? Bu sualları ekspertlərə
ünvanladıq. Onlar isə bunu müxtəlif problemlərlə
əlaqələndirdilər. Təmiz
Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova ekspertlərin
bunu daha çox iqtisadi səbəblərlə əlaqələndirdiklərini,
amma məsələnin kökündə bir sıra müxtəlif
amillərin də olduğunu bildirdi. “Əvvəllər ailə
qurmamışdan əvvəl araşdırırdılar ki, bu
şəxsin ailə vəziyyəti, nəsli, kökü
kimdir. Bu araşdırmalar ailənin möhkəmliyinə təsir
edən amillərdən idi. Bu gün isə evlənmə
prosesi çox tez baş verir. Bunu insan haqqları, demokratiya,
sevgi azadlığı və.s ilə əlaqələndirib
qapıya kim gəldi verirlər. Bu davranış həm də,
ailələrdə qıza, qadına olan münasibətdən
asılıdır. Təki qız yükündən azad
olsunlar deyə bu addımı atırlar. Bundan başqa iş
yerlərindəki gərginlik, dözümsüzlük də
boşanmaya səbəb olur. Hər kəs
düşünür ki, özünün haqqı daha
çoxdur, nəinki qarşı tərəfin. Bəzən
olur ki, kişilər işdə, cəmiyyətdə
aldıqları gərginliyi evə tətbiq edir. Hətta son
zamanlar çox qeyri-normal bir hal yaranıb ki, kişilər
öz xanımlarını xəyanətdə ittiham edirlər.
Bundan başqa informasiya texnologiyalarının inkişafı,
kompüter, telefonlar da boşanma səbəbi ola bilir. Məsələn,
birinin telefonuna iki dəfə tanımadığı bir
nömrədən zəng gəlirsə, bu da artıq ailədə
ciddi bir konfliktin yaranmasına səbəb ola bilir. Üstəlik,
son zamanlar qızların əksəriyyəti təhsilini
başa vurmadan ailə qurmağa meyl edirlər. Onların təhsili,
peşə bacarığı olmadığına görə
kişidən asılı vəziyyətə
düşürlər, fikir söyləmək, mübahisə
aparmaq imkanları da məhdudlaşır”. Uşaq və gənclərə sosial yardım mərkəzinin
psixoloqu Elnarə Hüseynova boşananların əsas səbəb
kimi xasiyyətin uyğun gəlməməsini göstərsələr
də əslində bunun altında çox böyük səbəblərin
olduğunu deyir: “Burada müxtəlif sosial, iqtisadi, psixoloji səbəblər
ola bilər. Boşananlar “xasiyyətimiz uyğun gəlmir” deyərkən,
əslində bu onların eyni xasiyyətə malik
olduqlarını göstərir. Çünki eyni xasiyyətli
insanlar arasında konfliktlər tez-tez baş verir. Yeni ailəyə
uyğunlaşmada problemlər olur, xüsusən də
adaptasiya qabiliyyəti aşağı olan qızlar daha
çox çətinlik yaşayırlar. Övladın
olmaması da ən çox yaşanan problemlərdəndir.
Maariflənmənin də aşağı olması bir
problemdir, çünki məlumatlanma olmayanda gənclər
problemi həll edə bilmir, bəzən problemin ciddiliyini dərk
etmirlər”.
Gənclər yeni həyata hazır
olurmu?
Bəzən gənclər ailənin
nə demək olduğunu tam dərk etmədən ailə
qururlar. Onların ailə təfəkkürü evdə
valideynlərinin davranışlarıdır, amma bu da bir həqiqətdir
ki, valideynlər hər zaman örnək ola bilmirlər. Ona
görə də bu məsələdə başqa bir tərəfin
köməyinə ehtiyac olur. M.Zeynalova vətəndaş nikah
şöbələrinin bu məsələdə mühüm
rol oynaya biləcəklərini düşünür. “Vətəndaş
nikah şöbələri çox passivdir. Onların vəzifəsi
sənədləri qəbul etmək, nikah və doğum haqqında
sənədləri qeydə almaq və s. ilə bitir.
Düşünürəm ki, gənclərin
hazırlanmasında bu qurumun çox böyük rolu ola bilər.
Şəxslər ərizə verdikdən sonra onlara bir ay
müddət verilir ki, bu da çox şeyi dəyişə
bilər. Belə ki, bu müddətdə tərəflər
düşünə bilərlər ki, onlar ailə qura bilərlər,
yoxsa yox”.
Adaptasiya
ola bilmirlər
Psixoloq ailə qurarkən psixoloji
hazırlığın önəmli olduğunu deyir: “Erkən
nikahlarda maariflənmə olmadığına görə, gənclər
hazır olmurlar. Bundan başqa qızlar çox zaman yeni ailəyə
adaptasiya ola bilmirlər. Düzdür, burada iki məqam var. Belə
ki, yaşı az olanlar yeni mühitə daha tez adaptasiya
olurlar, uyğunlaşırlar. Amma bir məqam da var ki, 13
yaşlı qız yeni ailəyə tez adaptasiya olsa da, onlar
fizioloji, psixoloji baxımdan hazır olmurlar. Üzərlərinə
düşən yükün altından qalxa bilmirlər. Ona
görə də, ailə qurarkən bioloji yaşla
yanaşı, psixoloji yaş da nəzərə
alınmalıdır. Ola bilər ki, bir gəncin 22
yaşı olsun, amma o özünü hələ ailə həyatına
hazır hiss etmir”.
Seriallar,
müğənnilərin həyatı etalon olub
Televiziyada gördüklərimiz,
seriallar, müğənnilərin həyatının təbliği
insanların həmin həyatlara meyl etməsinə səbəb
olur. Mehriban xanım da bunların boşanmalara səbəb
olacağını düşünür. “Bunların həyatımıza
təsiri var. Düzdür, ola bilər ki,
hansısa bir müğənni əvvəlcə çətin
şəraitdə yaşayıb sonra isə sənətə
gəlib, indi onun maşını, evi və.s hər şeyi
var, amma bu o demək deyil ki, o ideal olmalıdır. Əslində
başqa bir təbliğat da yoxdur. Televiziyalar
yaxşı ailə nümunələrini göstərmir,
qızların təhsilə meyl etməsini təbliğ etmir,
qızlarını erkən ərə verən valideynlər cəzalanmır.
İnsanlar seriala baxır ki, kişi xəyanət edirsə,
qadın ondan əvvəl edir, qısamüddətli münasibətlər
formalaşır,
bunlara meyl edirlər. Bunu da Avropa həyat tərzi
ilə əlaqələndirirlər. Əslində isə
Avropada ailə münasibətlərinin
etibarlılığı təbliğ olunur. İndi kim harada,
kiminlə istəyir ailə qurur, yaşayır, sonra da
özünü uşaq, ailə qarşısında məsuliyyətdən
azad hesab edir. Ancaq ailə böyük məsuliyyət
deməkdir. Ailəni qoruyub saxlamaqda isə hər iki tərəfin
üzərinə məsuliyyət düşür. Biz həmişə
haqlardan danışırıq, heç məsuliyyət haqda
düşünmürük.
Vətəndaş nikahı, yoxsa
nişanlılıq dövrü
Bu gün gənclər arasında
yeni bir dəb də vətəndaş nikahıdır. Bu zaman
gənclər bir müddət bir yerdə yaşayıb xasiyyətlərinin
uyğun olub-olmadığını, yarana biləcək
problemləri öyrənirlər. Mehriban xanım bu məsələnin
bizdə hələ tam dərk olunmadığını
düşünür. “Hər bir xalqın öz milli
xüsusiyyətləri var. Vətəndaş nikahı o
ölkələrdə olur ki, orada şüurluluq çox
yüksək səviyyədədir. Vətəndaş
nikahında yaşadığı halda qanun
qarşısında müəyyən məsuliyyətləri
olur. Bizdə vətəndaş nikahı deyəndə dini kəbin
kəsdirirlər, sonra da deyirlər ki, uşaq mənim deyil.
Halbuki, onun atalıq məsuliyyəti olur. Bundan başqa bəzən
qadınlar vətəndaş nikahında yaşayır ki,
övlad dünyaya gətirim. Düşünürəm ki,
şüurluluq mövcud olmadan vətəndaş nikahında
yaşamaq ağılsızlıqdır. Bizdə vətəndaş
nikahı sovet dövründə də olub ki, onlar müəyyən
yaş həddini keçmiş, tənha qalmaq istəməyən
insanlar olub. Gənclərin buna meyl etməsi isə ciddi fəsadlar
törədə bilər, ona görə də bu ənənə
ola bilməz”. Psixoloq isə vətəndaş nikahının
bizim nişanlılıq dövrünə uyğun gəldiyini
deyir: “Bizim kimi ölkələrdə vətəndaş
nikahı əvəzinə nişanlılıq, sevgililik
dövrü var ki, bu zaman gənclər bir-birilərini daha
yaxşı tanıya bilir. Nişan, xına bunlar
hamısı bu məqsədə xidmət edir və gənclərimiz
bu dövrü yaxşı dəyərləndirməlidirlər.
Hər şey tez olanda fikirlər tam formalaşmır. Onlar dərk
etmirlər ki, bizim ailədə vəzifələrimiz nədir”.
Ailələrin
müdaxiləsi də problemdir
Bəzən boşanmalarda digər
ailə üzvləri də səbəb ola bilir. Böyük
məsləhəti problemi həll etdiyi kimi, onun daha da
böyüməsinə də şərait yaratmış
olur. Oğlan tərəfi oğlunun, qız tərəfi isə
qızının haqlı olduğunu sübut etməyə
çalışarkən, münasibətlər elə korlana
bilir ki, hətta barışıq ehtimalı olan gənclər
bundan imtina edir.
M.Zeynalova deyir: “Digər ailə
üzvləri gənclərin həyatına müdaxilə
edir, onları istəklərini həyata keçirməyə
məcbur edirlər. Bəzən isə övladlarını
iqtisadi cəhətdən asılı saxlayır, onların
maddi cəhətdən güclənməsinə imkan vermir,
öz təsirləri altında saxlayırlar. Bu həm ənənəvi
haldır, həm də son zamanlar daha da artıb. Valideynlər övladlarına maddi kömək edirsə,
onu öz istəklərini yerinə yetirməyə də məcbur
edir “mən sənə pul verirəmsə, mənim dediklərimi
etməlisən, ailənə, övladlarına bu cür davranmalısan”
kimi təzyiq göstərirlər. E.Hüseynova isə
valideynlərin hər zaman övladlarının problemlərini
həll etməklə onlarda məsuliyyət hissinin
formalaşmamasına səbəb olduqlarını bildirdi: “Bəzən
iki tərəf arasındakı konflikti yatırmaq daha
asandır, nəinki bura bir neçə nəfər
qarışanda. Bu zaman keçmişdə baş verən
konfliktlər də yada düşür, məsələ daha
da böyüyür. Valideynlər
çalışmalıdırlar ki, ailə məsələlərinə
qarışmasınlar. Onlar hər zaman övladlarının
problemlərini həll edəndə, onlar da hər şeyi ata-anadan
gözləyəcəklər. Hətta ailə qurub övlad
sahibi olanda da, məsuliyyəti öz üzərlərinə
götürməyəcək. Əlbəttə, ağsaqqal məsləhəti
almaq yaxşıdır, amma çağrılmadan da kömək
etmək düzgün deyil. Bundan başqa məhkəmədən
əvvəl psixoloqa müraciət etsələr yaxşı
olar. Çünki bəzən araşdıranda məlum olur
ki, çox adi bir səbəbdən boşanmaya qərar verirlər”.
Gülxar Şərif
Olaylar.- 2011.- 28 oktyabr.- S.12.