«Sübhün səfirinə» start verilib 

 

 Ramiz Həsənoğlu: «Mürafiə vəkilləri» artıq hazırdır

 

 Artıq neçə müddətdir ki, Mirzə Fətəli Axundovun (1812-1878) 200 illik yubileyi münasibətilə “Azərbaycanfilm” kinostudiyasında böyük ədibin həyat və yaradıcılığından bəhs edən ikiseriyalı “Sübhün səfiri” bədii filminin çəkilişləri başlanıb. Dövlət sifarişi ilə çəkilən filmin ilk kadrları lentə alınıb.

Çəkilişlər üç ölkədə - Azərbaycan, Türkiyə və Gürcüstanda aparılacaq. Sentyabrın axırında yaradıcı qrup İstanbula yola düşəcək. Filmin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğludur. Onun Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Birliyində quruluş verdiyi “Mürafiə vəkilləri” film-tamaşası isə, demək olar ki, hazırdır. Rejissor filmlə bağlı «Olaylar»a açıqlama verdi. 

«İki böyük layihə ilə məşğulam və hər ikisi Mirzə Fətəli Axundovla bağlıdır. Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Birliyində böyük ədibin “Mürafiə vəkillərinin hekayəti” pyesinin motivləri əsasında film-tamaşa çəkdik. Sonuncu dəfə 1996-cı ildə belə böyük bir iş “Fatehlərin divanı” olmuşdu. Film-tamaşada baş rolu - Ağamərdan rolunu Ramiz Əzizbəyli oynadı, ekran əsərində aktyor debütləri də oldu». Nümayişə gəlincə isə rejissor film-tamaşanın noyabr ayında göstəriləcəyini dedi: «Azərbaycan radiosunun 85 illiyi ərəfəsində göstəriləcək, eyni zamanda Azərbaycan televiziyasının 55 illiyinə də bir töhfə olacaq. Gələn il isə Axundovun 200 illik yubileyidir. Bütün respublika üzrə götürsək Axundovun yubileyi ilə bağlı “Mürafiə vəkilləri” film-tamaşası ən birinci və sanballı bir addım olacaq. Təbii ki, digər layihələr də var və onların hamısına uğur diləyirəm.

“Sübhün səfiri” filminin çəkilişlərinə gəlincə isə: «Filmin hazırlıq mərhələsinin sonuncu həftəsindəyik, ayın 21-də çəkilişlərə başlayırıq, ayın sonunda İstanbula səfərimiz olacaq. Qeyd edək ki, filmdə tarixi şəxsiyyətlər, görkəmli şairlər, Abbasqulu Ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Bestujev-Marlinski, Lermontov, Usmiyev kimi obrazlar da yer alacaq. 

 

 

Nisə Rafiqqızı 

 

Olaylar.- 2011.- 23 sentyabr.- S.16.