«Atüstü
yazılmış sözlər dərin musiqini bərbad hala
sala bilər»
Tural Bakuvi: «Azərbaycanda gənc bəstəkarlar
çox gec tanınır»
Müsahibimiz Bakuvi ləqəbi ilə
tanınan şair-bəstəkar Tural Məmmədovdur.
- Tural bəy, neçə ildir incəsənət
aləmindəsiniz? Necə oldu ki, sənətə gəldiniz?
-
İlk öncə mənə ayrılan diqqətə görə
siz də daxil olmaqla bütün “Olaylar” qəzetinin redaksiya
heyətinə öz dərin minnətdarlığımı
bildirirəm. Özüm haqqında qısa olaraq demək istərdim
ki, 1984-cü ilin yanvarında Bakı şəhərində anadan
olmuşam. 2004-cü ildə ali məktəbi
bitirdikdən sonra hərbi xidmətə yollanmışam. Evliyəm, 1 qızım var. Neçə ildir incəsənət
aləmində çalışmağıma gəlincə,
düşünürəm ki, bəzi insanlar yaradılarkən
təbiət etibarilə məhz incəsənət - musiqi,
şeiriyyat və sair üçün nəzərdə
tutulur. Və həmin insan özünü
dərk etdiyi, özündə olan yaradıcılıq
imkanlarının fərqinə vardığı zamandan, əslində
faktiki olaraq incəsənətin bir hissəsi
sayılmalıdır. Mən özüm
yeniyetmə yaşlarımdan başlayaraq musiqi və şeir
yazmağa başlamışam. Təbii ki,
ilk vaxtlar məndə olan mənəvi halın, içimə
sızan anlaşılmaz hisslərin nə olduğunu anlaya
bilmirdim. Bu ruh halı ilk mahnını
yazana qədər davam edir.
-Bu müddət ərzində
mahnılarınızı hansı müğənnilər ifa
edib? Daha çox hansı müğənnilərlə
işləməyə üstünlük verirsiniz?
- Mən
mahnılarımı mahnının sözləri ilə eyni
zamanda yazıram. Yəni adətən əvvəl
melodiya və ya söz yazılır, məndə isə hər
ikisi eyni zamanda axır ürəyimə. Yalnız
mahnı bitəndən sonra mən ona diqqətlə nəzər
yetirib redaktələrimi edirəm. Bundan
sonra isə, onu ən mükəmməl formada ifa edə biləcək
insana təklif edirəm. Bu zaman mənim
üçün həmin insanın tanınmış və
ya tanınmamış olması da önəm
daşımır. Əsas olan
mahnımın sındırılmaması, mən istəyən
kimi oxunmasıdır. Mahnılarıma öz övladlarım
kimi baxıram və onları pis vəziyyətdə görmək
mənim üçün olduqca ağır ola
bilər. Daha çox gənc lakin, istedadlı
insanlarla işləməyə üstünlük verirəm.
Çünki, gənclərin daha çox
yardıma və dəstəyə ehtiyacları var. Bir
çox gənc ifaçı ilə işləmişəm.
Xüsusi olaraq, Rəmal Rəsul adında
bacarıqlı bir ifaçıya onlarla mahnı vermişəm,
hamısının da ifasından tam razıyam. Bütün oxuculara məsləhət görərdim
Rəmalın ifa etdiyi mahnılara vaxt ayırsınlar. Mən bu gəncin perspektivinə bələdəm və
parlaq gələcəyinə adım kimi əminəm. «Şeron» qrupunun keçmiş üzvü Yaşar
Yusubun da mahnılarımı “üzümü güldürəcək”
şəkildə ifa etdiyini vurğulamaq istərdim. Təbii
ki, başqa neçə-neçə gənc
ifaçılar...
-Hazırda müğənnilərdən
kiminlə işləyirsiniz?
-Təbii ki
yazıram. Sizdən gizli saxlamayacağam - xalq
artisti, canlı korifeyimiz Flora xanım Kərimovanın
ifasında tezliklə mahnılarım işıq üzü
görəcək. Məni bəlkə də
bütün yaradıcılıq fəaliyyətim boyu ən
çox sevindirən hal, Flora xanım kimi, çox sayda
böyük və tanınmış şair, bəstəkarla
çalışmış bir insanın mənim
yaradıcılığımı bəyənməsi,
alqışlaması olub.
- Əsasən hansı janrda musiqilər
yazırsınız?
- 15-16
yaşımdan öz miqyasımda bir şeylər eləməyə
başlamışam. O vaxtlar da indiki kimi söz və musiqini
eyni zamanda yazırdım. Lakin, bu gündən o
illərə boylandıqda təbii ki, yazdıqlarımın
indiki standartlarımdan olduqca uzaq olduğunu etiraf etmək
çətin deyil. Əsasən estrada
janrında yazıram.
- Son vaõtlar bəzi
mahnıların sözlərində bayağılığa
çox rast gəlinir. Bayağılıqdan
qaçmaq üçün nə etmək lazımdır?
-Məsələ
burasındadır ki, ilk öncə şeiriyyatın nə demək
olduğunu anlamaq lazımdır. Şeir dediyimiz sadəcə
bir-birilə qafiyələnən misralar toplusu deyil. Şeiri
meyxanayla qarışdırmaq olmaz. Şeiri meyxanadan fərqləndirən
cəhət də məhz budur ki, meyxanada qafiyə mənanın
önündə, şeirdə isə arxasında
olur. Alt fikirlər, qapalı hisslər şeirdə ön
planda olmalıdır ki, insanı düşündürə
bilsin. Lakin, təəssüf ki, indi bir çoxları
sırf qafiyələnmə quraraq mahnı sözü və
ya şeir yazdıqlarını iddia edirlər.
Özünüzün dediyiniz kimi, mahnıda söz və
musiqi harmoniyası olmalıdır. Mahnı – söz, musiqi,
oranjiman və ifa dördbucağıdır. Bunlardan hansısa
biri axsaq olarsa, mahnı tam olmur. Bu dördlük
harmoniyasının pozulmaması üçün isə, “hər
sahənin dirijoru öz xorunu yaxşı idarə etməyi
bacarmalıdır.”
-
Mahnının populyar olmasında kimin rolu daha çoxdur: bəstəkarın,
şairin, ya ifaçının?
-Mahnının
insanlar tərəfindən, daha doğrusu musiqi zövqlü
insanlar tərəfindən bəyənilməsi və qəbul
edilməsi üçün, bunların hər birinin rolu danılmazdır.
“Atüstü” yazılmış sözlər
olduqca dərin musiqini bərbad hala sala bilər, və ya tərsinə.
Və yaxud söz və musiqi düşünülmüş
şəkildə yazılmış olsa da belə,
mahnının təbiətinə uyuşmayan ifa da işi
korlaya bilər.
Mənim
öz mahnılarım arasında da uyğun olmayan mətn səbəbindən
aylarla ürəyimi açmayanları olub. Hansı ki, aylar
sonra eyni mahnıya qayıdaraq sözlərində düzəlişlər
etmişəm və yalnız bundan sonra
rahatlaşmışam.
Dolayısıyla,
mahnının insanların ürəyinə yol tapa bilməsi
üçün, həm musiqi, həm söz, həm də ifa
maraqlı və düşündürücü
olmalıdır.
-Siz
şeir də yazırsınız. Bütün şeirlərinizə
mahnı yazmaq müyəssər olubmu?
-Əlbəttə
ki yox. Çox nadir hallarda sırf şeir olaraq
yazdığım misralara musiqi yazıram. Dəqiq deyə bilərəm
ki, belə hal yalnız iki dəfə baş verib. Rəmal Rəsulun ifasında “Yoxluğun” adlı
mahnım məhz bu qəbildəndir ki, əvvəlcə
sırf şeir olub, sonradan mahnıya çevrilib. Əgər
dinləsəniz, özünüz də görəcəksiniz
ki, bu mahnıdakı sözlər mahnı sözündən
daha çox şeirə yaxındır.
Əksər
mahnılarım isə, çox vaxt məhz söz və
musiqi birləşməsi şəklində dolur içimə.
Təbii ki, sonradan bəzi redaktələr edirəm. Yeri gəlmişkən,
qəzəlləri çox sevirəm. Tez-tez Füzuli, Nəsimi,
Şirvani yaradıcılığını oxuyuram. Hətta
özüm də ara-bir cızma-qara edirəm.
- Bəstələdiyiniz
mahnıları özünüz ifa etmək istərdinizmi?
-Mənim
üçün ərsəyə gətirmək daha məsuliyyətli
və zövqlüdür. Düşünün, mahnıda bir
mövzu var, bir obraz var, bir süjet xətti var. Bu süjet xəttinin
hansı şəkildə cərəyan edəcəyi sizdən
asılıdır. Mahnılarım istədiyim səviyyədə
oxunmayınca “tamam” demirəm. Nəhayətdə,
yazdığım mahnımı eşitmək istədiyim kimi
eşidirəmsə, daha niyə oxuyum? Buna
baxmayaraq, ola bilsin ki, məchul gələcəkdə
hansısa bir mahnımda ifaçıya duet ortağı olum.
(gülür) Lakin, hələlik bu barədə düşünmürəm.
Çünki, insan bir neçə fərqli işlə məşğul
olduğu zaman potensialı bir neçə fərqli istiqamətdə
xərclənər və məhsuldarlıq ritmi azala bilər.
Hər kəs “bacarıram” hesab etdiyi işlə məşğul
olmalıdır.
-
Diskiniz işıq üzü görübmü?
-Hələ
ki, bu baş verməyib. Amma, gələcəkdə belə
bir məqsədim var. Ən çox bəyəndiyim
mahnılarımı bir CD halında toplayaraq dinləyicilərin
ixtiyarına buraxmaq mənim üçün çox xoş
olardı. Qismət...
-
Mahnılarınızı yazarkən sizə ilham verən nədir?
-Ani gələn
ilham da olur. Mən buna mənşəyi bilinməyən
ilham deyərdim. Sadəcə hiss edirsiz ki, mahnı
yazmalısız və yazırsız. Bunu təsvir
etmək olduqca çətindir. Lakin, mənşəyi
bəlli ilhamlar da olur. Təsadüfən
xatırlanan uşaqlıq illərindən, anamın
saçlarındakı bəyazdan tutmuş, Abşeronun
çılpaq dağlarına, küçədə
addımlayan dalğın bir insana, payızda ağacdan
asılı qalmış və düşməyini gözləyən
axırıncı yarpağa qədər bir çox şey
ilham verə bilər. Lakin, sonradan bu
ilhamın inkişaf tempi dəyişə də bilir. Məsələn, küçədə
gördüyüm dilənməyə utanan yaşlı dilənçinin
gözlərindəki tükürpədici ifadədən
duyğulanaraq nəsə yaza bilərəm. Lakin bu o demək
deyil ki, mövzu həmin ifadə olacaq.... Bir
sözlə, əsas olan ilhamın mahiyyəti və mənşəyi
deyil, özüdür.
-Azərbaycan şou-biznesində
tanınmamağınızın səbəbi nədir?
- Ümumiyyətlə
yaradıcı insanlar, o cümlədən bəstəkarlar adətən
pərdə arxasında olan, görsənməyən sinfə
aiddirlər. Sizdən soruşsam ki, Azərbaycanda
neçə gənc bəstəkar tanıyırsız, ən
yaxşı halda on bəstəkarın adını çəkərsiz.
Lakin, bu o demək deyil ki, Azərbaycanda
yalnız 10 gənc bəstəkar fəaliyyət göstərir.
Bu peşənin təbiəti etibarilə bəstəkarlar
çox gec tanınan insanlardırlar çox vaxt. Amma, bununla özümə bəraət də
qazandırmaq istəmirəm. Ola bilsin ki,
yetərincə aktivliyimi göstərə bilməmişəm.
Təbii ki, burada məişət sıxıntıları da az rol oynamır.
Nisə Rafiqqızı
Olaylar.- 2011.- 29 sentyabr.- S.13.