Telli qızım

 

Həyatımın bəzəyisən sən hər zaman Telli qızım

Sevincimin nədənisən sən anbəan Telli qızım

Eşitmişik atasına, Bir tək oğul dayaqimiş

Atana sən həm dayaq ol həmdə güman Telli qızım

Sənin gülüb danışmağın, evimizin bəzəyidir

Sevinirik zaman-zaman, mənlə anan Telli qızım

Şirin dilin bal kimidir, Gülüşlərin könül açan

İstedadı sənə vermişdir yaradan Telli qızım

Anan kimi işvəlisən,atan kimi inadlısan

Qorusun öz pənahında, səni quran telli qızım

Atasının göz bəbəyi, anasının qol-qanadı

Səni bizə pay göndərmiş, ulu yəzdan Telli qızım

Ömrümüzün bəzəyisən, evimizin yaraşığı

Gəlişinlə həyatımdan, köçdü duman Telli qızım

Atan sənin Nasir olub, yaxşı ada çox can atıb

Çalış yaxşı etibarı, səndə qazan Telli qızım

 

 

Tapmış

 

Səninlə yar olan dəmdən, bu könlüm məhrəmin tapmış

Dəvasız, çarəsiz dərdinə sanki mərhəmin tapmış

Vərayi mənliyimdə mən, əsiri dami eşqidim

O mən, sirri nihaninə, səni yalnız əmin tapmış

Nəvayi ləhni davudini, bəxş etmiş sənə tanri

Mənim yalqızlığım ancaq, bu səsdə həmdəmin tapmış

Görəndə bizləri bahəm, rəqibin bağrı qan oldu

Bu girdabi həsadətdə, ürək bir həmbərin tapmış

Necə aşiq desin yarə, məhəbbət nəğməsin zildən?

Gərəkdir sızlasın tellər, nəvanın gər bəmin tapmış

Gəl ey dilbər götür sazi, sızıldat Rastı, Şahnazı

Ürək Ruhani dünyadə, itirmiş Dilqəmin tapmış

Sənin Nasirdir heyranın, necə məcnundu leylayə

Təvafi şöleyi eşqə, bu pərvanə şəmin tapmış

 

 

Qəzənfərnamə

 

Muğamatda bir ümmandır Qəzənfər

Öyrənməyə düz ünvandır Qəzənfər

Kim istəsə sənətdə baş qaldıra

Onun üçün tək gümandır Qəzənfər

Dostluğunda, tədrisində yeganə

Məhəbbətdə bir imandır Qəzənfər

Nərimandan almış muğamın sirrin

İndi başqa Nərimandır Qəzənfər

Ata-baba yolun davam etdirir

Keçmişləri qoruyandır Qəzənfər

Millətimiz onunla fəxr etməli

Arxasında dağ durandır Qəzənfər

Onun üçün bölgələrin fərqi yox

Hamısını bir duyandır Qəzənfər

Bir arzum var həmişə xoş yaşasın

Təravəti solmayandır Qəzənfər

Sənətin sirlərin ondan almışam

Nasir üçün bir divandır Qəzənfər

 

 

Eyləyir

 

Sevgi tufanı hər an sinəmdə cövlan eyləyir

Dəmbədəm cövlanı ilə bağrımı qan eyləyir

Atəşi hicran yaxır hər dəm bu miskin aşiqi

Dərdimə ümmidi vəslindir ki, dərman eyləyir

Bilmirəm canan neçün əfğanıma etmir nəzər

Didəmi qəti nəzər etməklə giryan eyləyir

Mən ki cananımdan özgə canıma can tutmadım

Bəs nədən cəbbar olub zülm ilə tüğyan eyləyir?

Həsrəti çeşmi xumarındır məni bimar edən

Könlümü şəmi ruxundur zaru büryan eyləyir

Lütf qıl ey padişahim bu gədayi kuyinə

Mən sənin təsliminəm, şahim nə fərman eyləyir?

Nasirəm nasirliyə sən əmr edibsən daima

Yarım istərsə min illik nəsri bir an eyləyir

 

 

Bir can

 

Canımdan ayrılan canın, canından ayrılır bir can

O canın gəlməyindən, canıma cana gəlir bir can

Neçə aydır canım, cananını bir can kimi bəslər

O canı gözləməkdən, canımın bağrın dəlir bir can

Sevincim həddindən aşmış, qururum göylərə qalxmış

O cananın yolunda, intizar olmaq alır bir can

Mənim cananımın, cananının vəslət sevincindən

Kədər əyyamımı məndən alıb başdan salır bir can

Gəl ey ceyran kimi cananıma can bəxş edən canım

Sevinc amalına hər an, xəyalım tək dalır bir can

O canın gəlməyin Nasir, Qəzənfər şərh edən dəmdə

Onun şadlıq pəyamından, xəyalımda qalır bir can

 

 

Ayrılır

 

Yarıdan ayrı düşən candan, bu gün can ayrılır

Canıdan can ayrılarkən, san ki mehman ayrılır

Bəxş edən canandı canı, can fəda cananıma

Bağrımı şan-şan edibdir, gör necə şan ayrılır

Yarım uymuşdur rəqibə, qətlimə fərman verir

Darə çəkdikcə neçün, bilməz ki fərman ayrılır?

Olmadı qismət mənə, bir dəm görəm cananımı

Söyləyəm cananıma, Küfründən iman ayrılır

Hicrini çox çəkmişəm, olmur bir an rahət tənim

Yarıma yetsə əlim, vəslindən hirman ayrılır

Coşdu təbi Nasirin, dostundan almış beyt ilə

Çox çalışdı söz yaratsın, gördü ki, can ayrılır

 

 

Nasir Ətapur

 

Olaylar.- 2011.- 30 sentyabr.- S.12.