Diaspor təşkilatları 31 mart-Azərbaycanlıların
Soyqırımı Gününü qeyd ediblər
Dünyanın müxtəlif ölkələrində
bu məqsədlə silsilə tədbirlər keçirilib
Ermənilər zaman-zaman azərbaycanlılara
qarşı deportasiya və soyqırım siyasəti həyata
keçirib, minlərlə soydaşımızı vəhşicəsinə
qətlə yetirib, azərbaycanlılar yaşayan kənd və
qəsəbələri viran qoyublar. Tarixin müxtəlif
dövrlərində baş verən bu soyqırımların ən
dəhşətlisi 1918-ci ilin mart ayında baş verib.
İstər paytaxt Bakıda, istərsə
də ayrı-ayrı bölgələrdə bolşevik-erməni
birləşmələrinin azərbaycanlılara qarşı
həyata keçirdiyi soyqırım aktı bu gün də
xalqımız tərəfindən dərin ehtiramla yad edilir.
Tarixin ayrı-ayrı dövrlərində bu dəhşətli
hadisəni xalqımızın yaddaşından
unutdurulmasına cəhdlər göstərilsə də, lakin
buna müvəffəq olunmayıb. Keçmişinə,
tarixinə dərindən bələd olan, onu öyrənən
Azərbaycan xalqı hər il 31 mart-Azərbaycanlıların
Soyqırım Gününü qeyd edir. 31 mart qurbanları təkcə
ölkə daxilində deyil, eləcə də ondan kənarda
da qeyd olunub, ermənilərin XX əsrin əvvəllərində
xalqımıza qarşı törətdiyi soyqırım
aktı ayrı-ayrı ölkələrin rəsmi və
qeyri-rəsmi dairələri, ictimaiyyətinə
çatdırılıb.
31 mart – Azərbaycanlıların
Soyqırımı Günü münasibətilə
dünyanın bir sıra ölkələrində Azərbaycan
diasporunun təşkilatçılığı ilə
müxtəlif tədbirlər, soyqırımı
qurbanlarının anım mərasimləri, sərgi və
konfranslar keçirilib. Rusiya Federasiyasının Moskva,
Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində
ÜmumRusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı və digər Azərbaycan təşkilatlarının
təşəbbüsü ilə keçirilən tədbirlərdə
1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri
və daşnak qrupları tərəfindən azərbaycanlılara
qarşı törədilmiş vəhşiliklər barədə
fakt və sənədlərə əsaslanan məlumatlar
verilib, soydaşlarımız dünya ictimaiyyətini bu cinayətə
hüquqi qiymət verməyə səsləyiblər. 1918-ci
il 31 mart soyqırımı qurbanlarının xatirəsi
Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Gürcüstan,
Qazaxıstanda yaşayan soydaşlarımız tərəfindən
də yad edilib.
Gürcüstanda Azərbaycanlıların
Mədəniyyət Mərkəzi, Gürcüstan Azərbaycanlıları
Konqresi və bir sıra gənclər təşkilatları tərəfindən
31 mart Azərbaycanlıların soyqırımı
gününə həsr olunmuş bir neçə tədbir
keçirilib. Paytaxt Tbilisi və regionlarda keçirilən tədbirlərdə
gürcü və azərbaycanlı ziyalılar, gənclər,
dövlət məmurları və kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak edib.
Martın 31-də Qazaxıstanın
Astana şəhərində “Qazaxıstanın Azərbaycan Mədəniyyət
Mərkəzləri İttifaqı”nın təşkilatçılığı
ilə Azərbaycanlıların soyqırımı
gününə həsr olunmuş tədbirdə Rus, Tatar,
Ukrayna, Belorus, polyak, Koreya, alman, özbək, türk, mədəniyyət
mərkəzlərinin rəhbərləri, görkəmli
ictimai xadimlər, J.Jakupov adına Beynəlxalq Hüquq
Müdafiə Mərkəzinin rəhbəri, Azərbaycan,
Gürcüstan, Özbəkistan, Qırğızıstan və
digər səfirliklərin nümayəndələri, eləcə
də kütləvi informasiya vasitələrinin təmsilçiləri
iştirak edib. “Qazaxıstanın Azərbaycan Mədəniyyət
Mərkəzləri İttifaqı”nın prezidenti, tarix elmləri
doktoru, professor Vidadi Salahov “1918-ci ildə “Daşnaksutyun”
partiyasının rəhbərliyi və bolşevik hərbi
birləşmələrinin dəstəyi ilə erməni
quldur dəstələrinin Azərbaycan xalqına qarşı
törətdiyi planlaşdırılmış
soyqırımı” mövzusunda məruzə ilə
çıxış edib.
Türkiyədə fəaliyyət
göstərən İstanbul Türkiyə Azərbaycan Dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyaları tərəfindən də Azərbaycanlıların
soyqırımı gününə həsr olunmuş anım
mərasimləri keçirilib. Tarixçi alimlər,
universitet müəllimlərinin iştirakı ilə
İstanbul Türkiyə Azərbaycan Dərnəyi tərəfindən
təşkil olunmuş tədbirdə Azərbaycandan xüsusi
dəvət olunmuş qonaqlar, o cümlədən 1992-ci ildə
erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri
soyqırımı aktının canlı şahidi Xədicə
Orucova da iştirak edib. Həmçinin Türkiyə-Azərbaycan
Dərnəklərinin rəhbəri, Türkiyə
Böyük Millət Məclisinin Milliyətçi Hərəkat
Partiyasından olan üzvü Sinan Oğan 31 mart-Azərbaycanlıların
Soyqırım Günü ilə bağlı qardaş ölkənin
bir sıra televiziya kanallarında çıxış edib,
kütləvi informasiya vasitələrinə yazılı
açıqlama göndərib. Türkiyə Böyük Millət
Məclisinin üzvü mətbuata göndərdiyi
yazılı açıqlamada 1918-ci ilin martında erməni
daşnaklarının Bakı və ətraf ərazilərdə
minlərlə azərbaycanlını qətlə yetirdiklərini,
azərbaycanlılara məxsus yüzlərlə kənd və
qəsəbələrin yandırıldığı, yerlə
yeksan olunduğunu qeyd edib.
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan”
Cəmiyyəti də 31 mart – Azərbaycanlıların
soyqırımı günü ilə bağlı Dubay Əmirliyinin
Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd
Əl-Mulla ilə görüş keçirib.
Görüş zamanı kitabxanaya 31 mart hadisələrindən
bəhs edən ərəb dilində kitablar, “Azərbaycan həqiqətləri
1917-1920-ci illərdə”, AzərTac tərəfindən 5 dildə
yeni hazırlanmış “Xocalı XX əsrin
soyqırımı”, “Azərbaycan tolerantlıq məkanı”
kitabları və erməni millətçilərinin Azərbaycan
xalqına qarşı törətdikləri vəhşilikləri
əks etdirən çoxlu sayda sənəd, material və
fotoşəkillər təqdim olunub. BƏƏ-dəki “Azərbaycan”
Cəmiyyəti 31 mart-Azərbaycanlıların Soyqırım
Günü ilə bağlı bu ölkədə digər
mühüm tədbirlər də keçirib.
Azərbaycanlıların
soyqırımı gününə həsr olunmuş anım
tədbirləri, konfrans və dəyirmi masalar Avropanın bir
sıra ölkələrində, o cümlədən Almaniya,
Böyük Britaniya, Fransa, İtaliya, Belçika, Niderland və
İsveçdə də keçirilib. Martın 31-də
Almaniyanın bir neçə şəhərində müxtəlif
aksiyalar keçirməklə soydaşlarımız
soyqırımı qurbanlarının xatirəsini yad edib,
alman ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilmiş
bu cinayətə hüquqi qiymət verilməsinə səslənib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi
ölkənin rəsmi və qeyri rəsmi qurumlarına, həmçinin
Azərbaycan və Türk cəmiyyətlərinə 31 mart –
Azərbaycanlıların soyqırımı günü ilə
bağlı məktublar göndərib. Daha sonra Berlində
Brandenburq Qapıları qarşısında mitinq təşkil
edilib. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi,
Azərbaycan Evi və Türk-Azərbaycan Birliyi təşkilatları
tərəfindən təşkil olunan aksiyada Azərbaycan-Alman
Həmrəyliyi Cəmiyyəti, Cənubi Azərbaycan Akademiklər
Birliyi, ASN, Alman-Azərbaycan Akademiklər Birlyinin üzvləri
iştirak ediblər. Həmçinin Berlində Almaniyadakı
Azərbaycanlıların Koordinasiya Mərkəzi tərəfindən
Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi
ilə 1918-ci il 31 mart qurbanlarının anım mərasimi
keçirilib. Bundan əlavə Nürnberq şəhərində
“Odlar Yurdu”, Maqdeburqda “Zaksen Anhalt Əyaləti üzrə
Alman-Azərbaycan Dostluq Cəmiyyəti”, Drezdendə “Alm.az” cəmiyyəti
tərəfindən də Azərbaycanlıların
soyqırımı gününə həsr olunmuş anım
mərasimi və konfranslar keçirilib. Danimarkada fəaliyyət
göstərən “Vətən” Cəmiyyəti də 31
mart-Azərbaycanlıların Soyqırım Günü ilə
bağlı tədbir keçirib. Bu ölkədə
yaşayan soydaşlarımız, tələbə gənclərin
və yerli ictimaiyyətin iştirak etdiyi tədbirdə ermənilərin
XX əsrin əvvəllərində Bakıda və ətraf
rayonlarda həyata keçirdikləri vəhşiliklərdən
danışılıb, dünya birliyinə, beynəlxalq təşkilatlara
bu soyqırıma hüquqi və siyasi qiymət vermək
çağırışı edilib.
31 mart - Azərbaycanlıların
soyqırımı günü Birləşmiş Ştatlar və
Kanada da keçirilib.
Los-Angeles şəhərində “Amerika-Azərbaycan
Şurası”, Hyustonda “Hyuston-Bakı
Qardaşlaşmış şəhərlər
Assosiasiyası”, Mayamidə “Azərbaycan-Amerika Mədəniyyət
Assosiasiyası”, Vaşinqtonda USAN (Amerika Azərbaycanlıları
Şəbəkəsi), Nyu-Yorkda “Amerika-Azərbaycan Cəmiyyəti”
və “Azərbaycan Nyu-York Assosiasiyası” tərəfindən
keçirilən tədbirlərdə 1918-ci il hadisələri
zamanı Azərbaycanın yüzlərlə şəhər
və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların
yaşadığı 150-dən çox kəndinin
xarabalığa çevrildiyi qeyd olunub. 1918-ci il hadisələri
zamanı Qubada ermənilərin xüsusi qəddarlıqla
törətdikləri kütləvi insan qətllərini
aşkarlayan faktların üzə
çıxarıldığı qeyd edilib. Martın 31-də
“Kanada Azərbaycan Təşkilatlar Assambleyasına” üzv
olan cəmiyyətlər, bu ölkədə təhsil alan azərbaycanlı
gənclər və Türk diasporunun nümayəndələri
Azərbaycanlıların soyqırımı günü ilə
əlaqədar Ottava şəhərində Ermənistan səfirliyi
önündə etiraz aksiyası keçiriblər.
Aprel ayının 1-də isə Azərbaycan-Avstraliya-Türk
Dostluq Cəmiyyətinin təşkilatçılığı
ilə Azərbaycanlıların soyqırımı
gününə həsr olunmuş anım mərasimi
keçirilib. Tədbirdə 1918-ci il 31 mart
qırğınlarının dəhşətlərindən
bəhs edən film nümayiş olunub, foto-sərgi təşkil
edilib. Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin sədri
İmaməddin Qasımov erməni
millətçilərinin Azərbaycan xalqına qarşı
törətdikləri vandalizm aktları barədə ətraflı
məlumat verib. Həmçinin İmaməddin Qasımov tərəfindən
tədbir iştirakçıları 31 mart
qırğını barədə ətraflı məlumatlandırılıb.
Bundan əlavə, aprelin 2-də Avstraliyanın Sidney şəhərində
fəaliyyət göstərən “Azərbaycanın səsi”
radiosunda ingilis dilində “Türk və Azərbaycan soyqırımları”
adlı veriliş yayımlanıb. Sözügedən
verilişdə 1918-ci ilin mart ayında ermənilərin azərbaycanlılara
qarşı törətdiyi soyqırımdan bəhs edilib, bu
barədə videofilm nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 3 aprel.- S.15.