Siqaret-məişət
narkomaniyası
Qiymət
artımının nəticəsi
Qabil
İbrahimli: “Bu artımda ən çox itirən sadə
istehlakçılardır”
Eyyub
Hüseynov: “Siqaret çəkmək aludəçilikdi, sadəcə
qiyməti artırmaqla bunun qarşısını almaq asan
deyil”
Belə
deyirlər ki, siqaret çəkən iki dəfə
özü ilə fəxr edir. Bir siqaretə başlayanda, bir də atanda.
Əlbəttə, bunu çəkənlər bilər, amma bu
söz də əbəs yerə deyilməyib. Lakin son zamanlar
qadınlar arasında da siqaretə meylin artması isə, bu
fikri bir az dəyişdirib.
Görəsən,
qadınlar siqaret çəkərkən nə
düşünürlər? Nə düşünmələrindən,
özlərini necə hiss etmələrindən asılı
olmayaraq bu siqaretin zərərlərini azaltmır. Belə ki,
tütün tüstüsünün tərkibində
insanın sağlamlığı üçün təhlükəli
olan bir sıra maddələr, o cümlədən, karbon oksidi
(dəm qazı), nikotin alkoloidi, ammonyak, sianid turşusu,
tütün qətranı, kanserogen təsirli sulu karbonlar,
radioaktiv polonium elementi, hidrogen-sulfid, bədxassəli
şişlər törədə bilən (xüsusilə
ağciyər şişlərini) kadmium, ondan başqa insan
orqanizmi üçün təhlükəli olan nikel,
qurğuşun, xrom və stronsium kimi metallar aşkar edilib.
Bunların hər biri ayrı-ayrılıqda çox zərərli
olduqlarını nəzərə alsaq, hamısının
birlikdə qəbulunun hansı nəticələrə səbəb
olacağını anlamaq heç də çətin deyil. Aparılan
araşdırmalara görə, karbon oksidi (dəm qazı)
qanda xolesterinin miqdarını artırır və aterosklerozun
əmələ gəlməsinə səbəb olur. Bundan
başqa o, aşağı ətraf damarlarının zədələnməsi,
son nəticədə səyriyən endarteriitin
başlanğıc mərhələsində dərinin
avazıması (solğunlaşması), barmaqlarda keyləşmə,
toxumalarda qidalanmanın pozulması və nəhayət qanqrena
xəstəliyinin əmələ gəlməsi ilə
müşayiət edilir. Bundan başqa uzun müddət siqaret
çəkmək damarların skleroz xəstəliyini törədir,
cinsi fəaliyyəti zəiflədir, miokard infarktı, insult,
ürək əzələsinin və beynin
arteriyalarının xəstəliklərinin törəməsinə
zəmin yaradır. Sianid turşusunun təsirilə insan
orqanizmində oksigen aclığı törənir, iflic
baş verir və tənəffüs dayanır. Xüsusən
də, qadınların siqaret çəkməsi daha təhlükəli
nəticələrə səbəb ola bilir. Axı
qadınlar həm də anadır. Onlar bu zərərli vasitələrdən
istifadə etməklə təkcə özlərini yox, həm
də övladlarının da sağlamlıqlarını təhlükə
altında qoyurlar. Qeyd edək ki, bir tərəfdən siqaretin
nə qədər təhlükəli nəticələrə
səbəb olması ilə bağlı araşdırmalar
aparılarkən, digər tərəfdən də mütəxəsislər
istifadənin qarşısını almaq üçün
müəyyən tədbirlər görürlər. Bu
addımlardan biri də siqaretin qiymətinin
artırılmasıdır. Çünki qiymət nə qədər
yüksək olsa, alıcılıq qabiliyyəti də müəyyən
qədər azalır. Artıq bir neçə gündür
ki, paytaxtda bəzi satış obyektlərində siqaretin qiymətində
10-15 qəpik artım müşahidə olunur. Bu
artımın əsas səbəbinin nə olduğunu və
hansı nəticələrə səbəb
olacağını ekspertlərlə araşdırdıq.
Pullar kimin cibindədir
Azad
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunun süni qiymət artımının
bir hissəsi olduğunu deyir. “Prezident də süni qiymət
artımı ilə bağlı narazılığını
bir neçə dəfə bildirib və buna qarşı
mübarizə aparmağın zəruriliyini gündəmə
gətirib. Amma təəssüf ki, bu gün hələ də
Azərbaycan bazarında inhisarçılıq hökm
sürür və bu tütün, tütün məmulatlarına
da təsir edir”. O həmçinin bildirdi ki, qiymət
artımının nəticələri müxtəlif ola bilər:
“İstehlakçılar hüquqlarını qoruyan bir təşkilat
sədri kimi siqaretin qiymətinin yüksək olmasının
tərəfdarıyam. Çünki qiymət yüksək
olarsa, bu zaman insanlar onu ala bilməz. Digər tərəfdən
bu siqaret çəkənlər üçün 10-15 qəpik
yüksək məbləğ kimi görünməsə də,
amma ümumilikdə bu milyonlarla vəsait deməkdir ki, bu da
istehlakçıların “cibindən çıxır”. Bunun
isə qarşısı alınmalıdır. Çox təəssüflər
olsun ki, dünya iqtisadi sistemində gedən proseslər Azərbaycan
bazarında yalnız istehlakçının zərərinə
olan formada əks olunur. Belə ki, Ümumdünya iqtisadi
böhranı baş verəndə bu prosesi daha yaxşı
müşahidə etdik. Həmin dövrdə bütün
dünyada qiymətlər ucuzlaşdı, lakin bizim
istehlakçılar bundan istifadə edib ucuz mal ala bilmədi.
Ancaq dünya bazarında olan hər bir qiymət artımı
bizim bazarda müşahidə olunur. Bu proses dəyişməsi
üçün ilk növbədə qanunlarda dəyişikliyə
ehtiyac var. Ölkənin antiinhisar qanunu yaxşı işləmir
və bunu həyata keçirən dövlət orqanları səmərəli
fəaliyyət göstərmirlər. Nəticədə, əziyyət
çəkən istehlakçı olur. Hökümət
istehlakçıların mənafeyini təmin edən
qanunvericilik bazası formalaşdırmalıdır”.
E.Hüseynov sədr olduğu təşkilatın artıq
istehlakçıların hüquqlarının qorunması ilə
bağlı yeni bir layihə hazırladığını da əlavə
etdi. “Artıq “İnfliyasiya ilə mübarizədə
istehlakçıların rolu” adlanan layihəsini
hazırlamışıq. Bu layihə üzərində
işləyərkən sahibkarlarla bir çox işlər
aparıb, dövlət orqanlarına təkliflər
vermişik”.
Böhrana
işarə
İqtisadçı
ekspert Qabil İbrahimli isə qiymət artımının səbəblərinin
müxtəlif olduğunu qeyd etdi. Onun sözlərinə
görə, qiymət artımı öncəliklə neftin
qiymətinin artımı ilə bağlı ola bilər.
“Dünya bazarında neftin qiymətinin bahalaşması hər
zaman digər məhsulların da qiymətinə təsir edir.
Bu dəfəki artım da bununla bağlı ola bilər, yəni
bu məhsulların maya dəyərində enerji məsrəflərini
artırıb bu da məhsulların qiymətinin
artımına səbəb olur. Hesab edirəm ki, siqaretin qiymətinin
də artması idxal infliyasiyasıdır. Eyni zamanda bu
insanların yaratdığı süni artım da ola bilər.
Lakin daha böyük ehtimal isə, neftin qiymətinin
artımı ilə bağlıdır”. Ekspert həmçinin
qiymət artımının yeni iqtisadi böhranın
başlaması ilə bağlı olacağını bildirdi.
“Bu artımlar yeni bir qlobal iqtisadi böhranın
dalğasıdır. 2008-ci ildə də eyni hadisə baş
vermişdi. Yəni öncə neftin, sonra idxal olunan məhsulların
qiyməti qalxdı və sonra iqtisadi böhran başladı.
Bu gün Avropanın bir sıra ölkələrində borc
böhranı var. Yunanıstanda başlanan böhran
dalğası, İtaliya, İspaniya, Portuqaliyaya
yayılıb. Çox təəssüf olsun ki, hökümət
bu böhranları izləyib, ona adekvat tədbirlər
hazırlamır”.
Kim uddu, kim uduzdu?
Ekspertlər
qiymət artımını müxtəlif səbəblərlə
izah etsələr də, o da məlumdur ki, dünyanın bir
sıra ölkələrində siqaretin baha satılması
istifadənin qarşısının alınmasına xidmət
edir. Bizdə bu artımın istifadəçilərin
sayının azalmasına səbəb olacağı
ehtimalı isə, real görünmür. Ümumiyyətlə,
ekspertlər də qiymət artımının müsbət nəticə
verəcəyinə inanmırlar. E.Hüseynov hesab edir ki, qiymət
siyasəti ilə siqaretin çəkilməsinin
azaldılması çətin prosesdir. “Afrikada insanların müxtəlif
bitkilərdən siqaret hazırladıqları məlumdur. Yəni,
siqaret çəkmək aludəçilikdi, sadəcə qiyməti
artırmaqla bunun qarşısını almaq asan deyil”.
İqtisadçı Q.İbrahimli isə, artımın sadəcə
istehlakçının cibinə zərər verəcəyini
bildirdi. “Bəzi siqaretlərdə bu artım 5-10 %, faiz bəzisində
isə daha çoxdur. Bu əlbəttə ki, aşağı
təbəqə insanların büdcəsi üçün
heç də az məbləğ deyil. Birmənalı olaraq
demək olmaz ki, qiymət artımı siqaretdən istifadəni
azalda bilər. Bunu dövlət qurumları
araşdırmalıdır ki, bu artım nəyə əsaslanıb,
rəsmi bir açıqlama verilməlidir. Lakin təəssüf
ki, İqtisadi İnkişaf Nazirliyi bəyan etdi ki, bizdə
bununla bağlı hər hansı bir məlumat yoxdur və bu
araşdırılmalıdır. Bu da onu göstərdi ki,
dövlət qurumları bu tip dəyişikliklərə
hazır deyil. Qiymət artımı idxal
infliyasıyasıdırsa, burada idxalçılar da itirirlər.
Məsələn, onlar əgər məhsulu birinci əldən
şərti olaraq bir manata alırdılarsa, indi bir manat 10 qəpiyə
alacaqlar ki, bu da əlbəttə onlar üçün də
uyğun deyil. Ümumiyyətlə isə, bu artımda ən
çox itirən sadə istehlakçılardır”
Səmərəli üsul
Ekspertlərin
də qeyd etdiyi kimi sadəcə qiymət artımı ilə
məsələ həll oluna bilməz. Aludəçi istənilən
halda siqaret almağa pul tapacaq. Məsələnin daha ciddi və
təsirli yolunu tapmaq lazımdır. E.Hüseynov da effektli həll
yollarından istifadə olunmasını vacib sayır.
“Dünya siqaret istehsalçıları nə qədər
qutuların üzərinə zərərli olduğunu yazsalar
da, əsas məqsəd onun satılmasıdır. Azərbaycan
da 10 il öncə Ümumdünya Səhiyyə Təşkilatının
“Tütün əleyhinə çərçivə”
konvensiyasını ratifikasıya edib. Konvensiyada siqaretin üzərində
olan yazılar necə olmalıdır, nə zaman dəyişdirilməlidir
və s. əks olunub. Amma təəssüf ki, biz
ratifikasıya etdiyimiz sənədlərin tələblərinə
əməl etmirik. Bundan başqa siqaret istifadəsinin
qarşısı almaq üçün yerli qanunlarda müəyyən
məhdudiyyətlər var. Məsələn, “Tütün və
tütün məmulatları haqqında” qanunda birmənalı
olaraq göstərilir ki, siqaretin tək-tək
satışı qadağandır, çünki bu kütləvi
istifadəni stimullaşdırır. Bundan başqa siqaretin təhsil,
səhiyyə müəsissələri
yaxınlığında, 18 yaşında aşağı
insanlara da satılması qadağası var. Lakin bu gün
bütün qəzet köşklərində, mağazalarda,
qadağan olunan yerlərdə bu halla rastlaşırıq.
Siqaretin çəkilməsinin qarşısını almaq
üçün “Tütün və tütün məmulatları
haqqında” qanunda göstərilib ki, siqaretin reklamı
qadağandır. Lakin dəfələrlə müşahidə
etmişəm ki, Heydər Əliyev adına hava limanında
siqaretin açıq reklamı verilir. Bundan başqa sellofan
paketlərdə siqaret gizli reklam olunur. Siqaretin istifadəsini məhdudlaşdırmaq
üçün öncəliklə qanunlara əməl
olunmalıdır. Sonra isə bu cür radikal addımlar
atılsın. Əgər qanunlarda göstərilən
üsullardan istifadə edilsə, siqaretdən istifadəni 10%
azaltmaq olar”. O həmçinin əlavə etdi ki, siqaretin
üzərindəki “sağlamlıq üçün zərərlidir”,
“siqaret öldürür” kimi yazılar vaxtaşırı dəyişdirilməlidir.
Çünki dəyişdirilməsə,
istehlakçının gözü öyrənir və
artıq ona əhəmiyyət vermir. Siqaretin üzərində
istehsal, son yararlılıq tarixi yazılmalıdır. Bu
tarixlər yazılmadığında bu gün bazarda vaxt
ötmüş və zərəri daha çox ola biləcək
məhsullar satılır”.
Gülxar Şərif
Olaylar.- 2012.- 4 aprel.- S.5.