Litvada Azərbaycan diasporu aktivdir

 

Samir Musayev: “Litvada təhsil alan tələbələrimizin birgə əməyi və yaradıcı ideyaları ilə həyata keçirdiyimiz tədbirlər vasitəsilə yaşadığımız ölkənin ictimaiyyətini tarixi həqiqətlərimizlə məlumatlandırmış oluruq

 

Litvadakı Azərbaycanlı Tələbələrin Təşəbbüs Qrupunun rəhbəri, “Odlar Yurdu Təşkilatı”nın Litva üzrə nümayəndəsi Samir Musayevin “OLAYLAR”-a müsahibəsi

 

-Samir müəllim, Litvada Azərbaycan diasporunun durumunu necə xarakterizə edərdiniz? İldən-ilə diasporamızın fəaliyyətində bir canlanma, inkişaf hiss edilirmi?

-Litvadakı Azərbaycan diasporunun fəaliyyətini müsbət qiymətləndirmək olar. Bildiyimiz kimi adı çəkilən ölkə Sovet İttifaqından çıxmış bir ölkədir. Digər sovet ölkələri ilə müqayisədə Litvada az sayda azərbaycanlı, (797 ailə) yaşayır. Amma az olmaqlarına baxmayaraq, gördükləri işlər və həyata keçirdikləri tədbirlər ürəkaçandır. Son illər ölkə rəhbərliyi tərəfindən xarici ölkələrdəki diaspora fəaliyyətinə göstərilən yüksək diqqət, digər ölkələrdə olduğu kimi Litva Respublikasındakı Azərbaycan diasporuna da öz müsbət təsirini göstərir və biz bunu diasporanın yüksələn fəaliyyətində görürük.

-Dünya Azərbaycanlılarının üçüncü qurultayının qəbul etdiyi qərarların icrası istiqamətində ötən müddət ərzində hansı addımlar atılıb?

-Dünya Azərbaycanlılarının III qurultayının Azərbaycan Respublikasının müstəqil dövlət kimi iyirminci ildönümü ilə eyni zamana təsadüf etməsi, eləcə də tarixi məzmunu və ictimai əhəmiyyətinə görə bir çox mühüm cəhətləri ilə seçilirdi. Bu tarix müddətində Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilibdünya miqyaslı layihələr gerçəkləşdirir. Bu gün dünyanın inkişaf etmiş ölkələri Azərbaycanı tərəfdaş və müttəfiq kimi görməyə maraqlıdırlar. Bütün bunlar ölkədə, ölkədən xaricdə yaşayan bütün həmvətənlərimizi sevindirir və hər birimizin qəlbini qürur hissi ilə doldurur. Bu da digər ölkələrdə olduğu kimi, Litvadakı Azərbaycan diasporunun fəaliyyətinə yeni canlanma gətirir. Qurultayda qəbul edilən qərarların icrasının nəticəsi olaraq deyə bilərik ki, artıq Azərbaycan diasporunun yaxşı təşkilatlandığını, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi proseslərinə təsir göstərə bilmək imkanlarının olduğunu qətiyyətlə söyləmək olar. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın milli maraqlarını müdafiə etmək iqtidarındadır.

-Litvadakı Azərbaycanlı Tələbələrin Təşəbbüs Qrupunun rəhbəri olaraq Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də Xocalı soyqırımının Litva ictimaiyyətinə çatdırılması istiqamətində nə kimi tədbirlər həyata keçirirsiniz?

-İndiyə qədər keçirdiyimiz tədbirlər, layihələr uğurla nəticələnib və buna bir vətəndaş kimi çox sevinirəm. Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcu olduğundan, biz Litvada təhsil alan tələbələr də üzərimizə düşən bu məsuliyyətli işin daima öhdəsindən gəlməyə çalışırıq. Litvada təhsil aldığımız iki il müddətində Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” kompaniyası çərçivəsində tədbirlər həyata keçirmişik. Keçən il yüz nəfərə yaxın yerlixarici tələbənin, o cümlədən təhsil aldığımız Vytautas Maqnus Universitetinin müəllim heyətinin qatıldığı tədbir vasitəsilə Litva ictimaiyyətinə xeyli informasiya vermiş olduq. Hətta effektli nəticə əldə etmək üçün, Azərbaycan Respublikasının Litvadakı səfirliyi və “Odlar Yurdu Təşkilatının” dəstəyi ilə ingilisLitva dillərində hazırlanan bukletlər yüksək tirajda çap edildiinsanlar arasında paylandı. İnsanlar informasiya ilə təmin edildikdən sonra, həqiqətən, bu hadisələrin ermənilər tərəfindən törədilməsini öz imzaları ilə təsdiq etdilər. Bu il isə “Xocalıya Ədalət” kompaniyası çərçivəsində təşkil etdiyimiz tədbirin əhatə dairəsini daha da genişləndirdik. Belə ki, azərbaycanlı və türk tələbələrin iştirakı ilə Litvanın ikinci böyük şəhəri olan Kaunasın əsas küçəsində əllərimizdə Xocalı soyqırımı ilə bağlı məlumatları özündə əks etdirən plakatlarla yürüş təşkil etdik. Tədbirin effektivliyi üçün üzərində məlumatlar əks etdirilmiş və həyatını itirmiş 613 nəfərin adına uyğun olaraq şəkillər əsas küçədə yerləşdirildi. Havanın soyuq olmasını nəzərə alıb, insanlara uzərində faciə ilə bağlı məlumatlar yerləşdirilən stəkanlarda paylandı. Düşünürəm ki, Litvada təhsil alan tələbələrimizin birgə əməyi və yaradıcı ideyaları ilə həyata keçirdiyimiz tədbirlər vasitəsilə yaşadığımız ölkənin ictimaiyyətini tarixi həqiqətlərimizlə məlumatlandırmış oluruq.

-Səhf etmirəmsə, Litvanın Vytautas Maqnus UniversitetininSiyasi elmlər və diplomatiya” ixtisası üzrə magistratura pilləsində təhsil alırsınız. Təhsil aldığınız universitetin müəllim və tələbə heyətini Azərbaycan barədə tam məlumatlandıra bilmisinizmi?

-İki illik təhsil müddətində universitetimizin müəllim və tələbə heyəti ilə xoş münasibətlər qurulub. Amma bunun fərqindən asılı olmayaraq, bir-birimizə olan mehriban münasibət mənə imkan verir ki, tariximiz, mədəniyyətimiz, mətbəximiz haqqında onlara dərindən informasiya vermiş olum. Fakt odur ki, əgər qarşındakı insan sənə maraqsızdırsa, onun nə danışmasından asılı olmayaraq sənə maraqsız gəlir. Amma həqiqətən, mən heç zaman bu halla qarşılaşmamışam. Əksinə, onların bizim ölkəmizə, mədəniyyətimizə, tariximizə olan marağını hər zaman tədbirlərimizə qatılan iştirakçıların sayından da görürəm. Yəni, hər zaman nəzərdə tutduğumuz qonaqdan artıq qonaq gəlməsinin şahidi oluruq. Ona görə düşünürəm ki, bu işimizdə də şanslıyıq və uğurumuz var.

-Bir müddət əvvəl Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirildi. Qurultayın nəticələrini necə dəyərləndirirsiniz?

-Mən də həmin qurultayın iştirakçılarından idim və müzakirə olunan məsələlər, qəbul edilən qərarların şahidi və iştirakçısı oldum. Dəyər vermək baxımından isə, ölkə xaricində diaspora sahəsində fəaliyyət göstərən bir gənc kimi qurultayı və nəticələrini yüksək qiymətləndirdim. Qurultayda xaricdəki diaspor təşkilatlarının işi və Azərbaycanın lobbiçilik fəaliyyətinə dair məsələlər müzakirə edildi və qərarlar qəbul edildi. Dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlı gəncləri vahid mərkəzdən koordinasiya etmək və onları bir-biri ilə sıx əlaqələndirmək üçün Dünya Azərbaycanlı Gənclər Birliyinin Nizamnaməsi qəbul edildi, rəhbər orqanlar seçildi. Ümid edirəm ki, gənclərimizin xarici ölkələrdəki gələcək uğurlu fəaliyyətləri qurultayın müsbət nəticəsi kimi qiymətləndiriləcək.

-Təşkilatınızın bu ölkədə fəaliyyət göstərən Azərbaycan səfirliyi, eləcə də Litva Azərbaycanlıları Cəmiyyəti ilə münasibətləri hansı səviyyədədir?

-Biz gənclər tərəfindən təşkil edilən hər bir tədbirə səfirlik səviyyəsində yüksək qiymət verilir. Azərbaycan Respublikasının prezidenti tərəfindən Azərbaycanın Litvaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadənin gəlişindən sonra, bizim fəaliyyətimizdə sözün yaxşı mənasında xeyli dəyişiliklər olub. Həqiqətən, hər zaman gənclərə dəstək verən və hər zaman onların yanında olan səfir, bizə olan diqqətini və köməkliyini əsirgəmir. Planlaşdırdığımız hər bir tədbirə səfirlik səviyyəsində yüksək qiymət verilir, həm təşkilatçılıq, həm də maliyyə tərəfdən dəstək göstərilir. Ona görə əminliklə deyə bilərəm ki, Litvadakı səfirliyimizlə əməkdaşlığımız yüksək səviyyədədir və bundan sonra gələcək uğurlarımızın olacağından əminəm. Fürsətdən istifadə edib öz adımdan, eləcə də Litvada təhsil alan tələbələrimiz adından Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadəyə biz gənclərə dəstək olduğuna görə dərin minnətdarlıq bildirirəm və ona yeni təyin olunduğu şərəfli işində uğurlar arzulayıram. Diasporun gənc nümayəndələri kimi Litva Azərbaycanlıları cəmiyyəti ilə sıx əlaqələrimiz var və təşkil etdikləri tədbirlərin təşkilatçılığında da ürəkdən çalışırıq. 

-Təşkilat olaraq litvalı gənclərin Azərbaycan, azərbaycanlı gənclərin isə Litvaya səfərinin təşkili ilə bağlı hansısa layihələriniz varmı?

-Bu üçün xüsusi bir layihəmiz olmayıb, amma Litva Respublikasının Təhsil Nazirliyi tərəfindən 2011-ci ilin 4-11 aprel tarixlərində bu ölkənin müxtəlif universitetlərindən 11 nəfər nümayəndə heyəti təhsil sahəsində əməkdaşlıq etmək üçün Bakı şəhərinə göndəriliblər. Mən də həmin nümayəndə heyətinin tərkibinə daxil edilmişdim. Səfər müddətində təhsil sahəsində əməkdaşlıqla yanaşı, qonaqlarımızı milli mətbəxin ləziz yeməklərini dadmaları üçün öz ailəmizə qonaq apardım, toy adətlərini görmələri üçün Bakıdakı şadlıq saraylarından birinə toy mərasiminə dəvət etdikson gün gözəl məkanlarımızdan biri olan Qəbələ şəhərinə səfər təşkil etdik. Səmimiyyətimlə deyə bilərəm ki, qonaqlar səfərin bitməsini istəmirdilər və çox məmnun qalmışdılar. Səfərdən sonra onlar Litvada hər kəsə Bakının gözəlliyindən, mətbəximizdən, adətlərdən danışırdılar.

-Ümumiyyətlə, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində nələri düşünürsünüz?

-İxtisasımdan və öz arzumdan irəli gələrək, ən böyük istəyim odur ki, ölkəmizi, dövlətimizi gələcəkdə xarici bir ölkədə və ya beynəlxalq bir təşkilatda nüfuzlu bir diplomat səviyyəsində təmsil edim. “Əsgərin ən böyük arzusu general olmaq” prinsipindən yanaşsaq, bunun üçün müəyyən işlər görməyə çalışıram. İki ölkə arasında müəyyən əlaqələrin qurulmasında rol oynaya bilmişəm və ya biləcəyəmsə, indidən bununla fəxr hissi duyuram. Hazırda bir gənc kimi, iki ölkənin gəncləri üçün əhəmiyyətli olan gənclər proqramı qəbul etmək haqqında düşünürükbunun üzərində işlər gedir. Ümid edirəm ki, bu yolla da gənclər arasında mübadilə və əməkdaşlıq həyata keçiriləcək və əməkdaşlığımız güclənəcək.

-Litvada təhsil alan azərbaycanlı gənclər, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın üzləşdikləri başlıca problemlər nədən ibarətdir?

-Mən azərbaycanlıların burda böyük bir problemlə üzləşməsinin şahidi olmamışam. Amma ümumi xırda bir problem var ki, o da dillə bağlı bir məsələdir. O da çox güman ki, Litva dilinin dünyanın 3-cü ən çətin dil olması ilə əlaqədardır. Bundan başqa soydaşlarımız tələbələrimiz arasında böyük bir problem görmürəm.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 6 aprel.- S.15.