Sosial müdafiəsiz qalmış gənclər

 

Qanun maliyyətutumlu olduğundan qəbulu yubadılır

 

Ölkədə bir sıra sosial problemlər mövcuddur ki, onların həlli qanunvericiliyin təkmilləşdirilməsi, yaxud yeni sahəvi qanunların qəbulundan keçdiyindən uzun müddət tələb edir. Əslində isə bir çox sosial problemlər var ki, onların həlli elə də çətin məsələ deyil.

 Təəssüf ki, bəzi qurumlar müxtəlif bəhanələrlə sözügedən məsələlərin həllini yubadırlar. Ən çox bəhanə gətirilən səbəblərdən biri qəbul ediləcək qanunların böyük həcmdə maliyyətutumlu olması ilə bağlıdır ki, bu bəhanə əsas götürülsə, gərək sosial problemlər illərlə həllini gözləmiş olsun. Ancaq bu kim məsələlərin çox sadə həlli yolları da var. Məsələn, vətəndaşların keçmiş sovet banklarında qalmış əmanətlərinin qaytarılması ilə bağlı uzun müddət müzakirələr aparılsa da, dövlət başçısının bir fərmanı ilə məsələ həllini tapmış oldu. İndi xeyli müddətdən bəri həllini gözləyən sosial problemlərdən biri gənc ailələrin sosial müdafiəsi ilə bağlıdır. Artıq neçə illərdən bəri müxtəlif dövlət qurumları sözügedən məsələnin yaxın müddətdə həll olunacağını bildirsələr də indiyə qədər heç bir real addım atılmayıb. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, “Gənc ailələrin sosial müdafiəsi haqqında” qanun layihəsi çox güman ki, parlamentin gələn ilki yaz sessiyasının müzakirəsinə çıxarılacaq. Artıq bununla bağlı parlament rəhbərliyinin müsbət mövqeyi və razılığı ortalıqdadır. Komitə sədri qeyd edib ki, bu məsələnin həlli olduqca önəmlidir: “Önəmlidir ona görə ki, cəmiyyət dövlətin ilk təşkilatıdır, cəmiyyətin də ilk təşkilatı ailədir. Ailədə əgər mühit yaxşıdırsa, deməli, cəmiyyətdə də mühit yaxşıdır. Ona görə biz istəyirik ki, gənc ailəni bünövrəsindən möhkəm quraq”. Maraqlıdır, böyük həcmdə maliyyə tutumu tələb edən bu qanunda gənclərin sosial müdafiəsi ilə bağlı məqamlar əksini tapıb? Millət vəkilinin bildirdiyinə görə, nəzərdə tutulan birinci məqam odur ki, imkanı məhdud, imkansız gənc ailələrin müəyyənləşdirilməsi mexanizmi tapılıb ortaya qoyulsun. Necə edək imkansız ailələr bu sosial müdafiədən daha çox yararlana bilsinlər: “Yəni, burada əsas məqam bu ailələrə faizsiz kreditin verilməsidir. Ola bilər 20 il olsun, ola bilər 30. İkincisi, nikaha girən sosial durumu ağır olan ailələrə ipoteka kreditinin verilməsi məsələsidir. Məhz bu kreditlə onlar gedib ev ala bilər. Üçüncüsü, bu iki nəfərdən birinə, nikaha girənlərin ikisindən birinə kvota ayırmaq- iş yeri yaratmaq məsələsidir. Bu da ciddi məsələdir ”. Komitə sədrinin dediyinə görə, digər məqam bu qrup insanların sosial- psixoloji adaptasiyası məsələsidir: “Təbii ki, ailə qurularkən başqa bir mühit yaranır. Ayrı-ayrı ailələrdən olan insanlar yeni bir ailə yaradırlar və burada da insanların xarakterinin uyğunluğu, necə deyərlər, min məsələ var. Odur ki, sosial hüquqi yardım xidməti, sosial psixoloji xidmət olmalıdır. Həmçinin, nikaha girməmişdən öncə bir aylıq xüsusi kursları keçmək, ər-arvadlıq münasibətləri necə olur, necə qurulur, adam-adamı necə yola verər, necə olar ki, boşanmaların sayı azalsın, bunların hamısı təbii ki, həmin sənəddə ehtiva olunmalıdır. Bu baxımdan, biz qanun layihəsində düşünüb bunun formasını tapacağıq, ehtiva edəcəyik. Dünya ölkələrinin də qanunları əlimizdə var və bu qanun maliyyə tutumlu olduğuna görə, biz bunu bir az yubadırıq. Amma mən düşünürəm ki, bunu gələn yaz sessiyasında ortaya qoya biləcəyik”.

Maraqlı məqam ondan ibarətdir ki, ən çox sosial müdafiəyə ehtiyacı olan gənclərin hüquqlarını müdafiə edəcək qanunun qəbulu onun maliyyətutumlu olması səbəbindən yubadılır. Yəni, Azərbaycan kimi iqtisadi baxımdan inkişaf etmiş ölkə gənc vətəndaşlarının sosial müdafiəsi üçün maliyyə mənbəyi axtarır. Belə halda, məşğulluq, mənzil və digər bu kimi problemlərlə tez-tez üzləşən gənclər sosial müdafiələrini necə təmin edə bilərlər? Nəzərə almaq lazımdır ki, ölkədə gənclərin ictimai-siyasi həyatda fəaliyyəti üçün normal imkanlar yaradılsa da, onların sosial müdafiəyə və dövlət qayğısına daim ehtiyac yaranır. Çünki hazırki orta aylıq əmək haqqı ilə əksər gənclər heç özlərinin mənzil-məişət problemlərini həll etmək iqtidarında deyillər. Onu da qeyd etmək lazımdır ki, statistik məlumata görə, ölkədə işsizlik və mənzil problemi ilə üzləşənlər sırasında gənclər və yaxud gənc ailələr üstünlük təşkil edir.

 

 

Alim

 

Olaylar.- 2012.- 7-9 aprel.- S.6.