Birinci qurultaydan sonra diaspora həyatında
başlanan yeni dövr
Bu dövr Azərbaycan diasporunun
inkişafı kimi xarakterizə edilir
(əvvəli ötən
sayımızda)
Qurultaydan bir neçə ay sonra Azərbaycan
Respublikasının prezidentinin 2002-ci il, 5
iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradıldı. 2002-ci il,
dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla
bağlı dövlət siyasəti haqqında Azərbaycan
Respublikasının qanunu qəbul edildi.
Dünyada
fəaliyyət göstərən Azərbaycan icmaları ilə
məşğul olan dövlət orqanının
yaradılması və müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının
milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirdi. Həmçinin
soydaşlarımızın tarixi vətənlə əlaqələrinin
genişləndirilməsini təmin etdi, haqq səsimizin
dünyaya çatdırılmasına stimul verdi.
Heydər Əliyev
Dünya Azərbaycanlılarının birinci qurultayında
dövlətin bu istiqamətdə siyasətini səciyyələndirərkən
onun ən üstün cəhətini bəyan edirdi: “Müstəqil
Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır.
Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı,
Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıyıq”.
***
Ümummilli
lider Heydər Əliyev dövlətin təkcə öz ərazisində
yaşayanlar üçün yox, həm də bütün
dünyadakı azərbaycanlılar üçün
çalışmalı olduğunu özünün əsas
qayəsinə çevirən şəxsiyyət idi. “Biz hesab edirik ki, müxtəlif
ölkələrdə yaşayan azərbaycanlıların hər
biri yaşadığı ölkədə həyatını
özü istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır,
onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi
yol ilə getməlidir. Ancaq, eyni zamanda indi azərbaycanlıların
bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlıların
bir-biri ilə daha sıx əlaqə qurması, öz həmrəyliklərini
bəyan etməsi və müstəqil Azərbaycan dövləti
ilə əlaqələr yaratması tarixin bu mərhələsində
çox əhəmiyyətli bir vəzifə kimi meydana
çıxır. Bizim vəzifəmiz, Azərbaycan
dövlətinin vəzifəsi ondan ibarətdir ki,
bütün ölkələrdə yaşayan azərbaycanlılara
mümkün olan qayğını, diqqəti göstərsin,
onların həyatı ilə maraqlansın və dövlətimiz
də ayrı-ayrı ölkələrdə olan Azərbaycan
icmaları arasında əlaqələri daha da inkişaf
etdirsin. Azərbaycanın xaricində
yaşayan azərbaycanlılar isə gərək indi müstəqil
Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar.
Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların
birliyinin, həmrəyliyinin təmin olunması
üçün əsas şərtlərdir”. Qüdrətli dövlət adamının
böyük müdrikliklə söylədiyi bu fikirlər bir
daha sübut edir ki, Azərbaycan xalqının çox
böyük çətinliklər bahasına əldə
etdiyi müstəqilliyi qoruyub saxlamaq əzmi və bu tarixi
nailiyyətin daimiliyini təmin etmək arzusu onun gələcəyə
doğru inamla addımlamasına və dünya birliyində
öz layiqli yerini tutmasına imkan verib. Ümummilli lider
Heydər Əliyev həmçinin qeyd edirdi: “İnsan
hansı ölkədə yaşamasından asılı
olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilyasiya prosesi də var.
İnsanlar gərək yaşadıqları ölkədə
o şəraiti mənimsəyərək orada özləri
üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə,
milli köklərinə sadiq olsunlar. Bizim
hamımızı birləşdirən məhz bu amillərdir.
Bizim hamımızı birləşdirən, həmrəy
olan azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.
İndiyə qədər Azərbaycanın bir
dövlət olaraq bütün sahələrdə
qazandığı uğurların hər biri böyük
ictimai-siyasi xadim, tarixi şəxsiyyət, dünya siyasətinin
ən parlaq simalarından biri olan ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Ümummilli
lider Heydər Əliyevin Azərbaycanda milli dövlətçilik
ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının
formalaşdırılması və xalqımızın tarixi
yaddaşının bərpası istiqamətində göstərdiyi
xidmətlər indi bütün dünya tərəfindən təqdir
olunur.
Peşəkar
dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyev
çıxışlarında hər zaman xüsusi qeyd edirdi
ki, xarici ölkələrdə güclü diaspor və lobbi
formalaşdırmadan xarici siyasətdə qarşıya
qoyulmuş strateji hədəflərə çatmaq, milli maraq
və mənafeyi beynəlxalq müstəvidə müdafiə
etmək mümkün deyil. Bu reallığı yetərincə
düzgün qiymətləndirən ümummilli lider müxtəlif
səbəblərdən Azərbaycanın hüdudlarından
kənarda yaşamaq məcburiyyətində qalan azərbaycanlılarda
milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya
və milli dəyərlər ətrafında birləşməsinə
çalışmış, xaricdəki
soydaşlarımıza daima ümummilli problemlərə həssaslıqla
yanaşmağı tövsiyyə etmişdi. Bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin
həyata keçirilməsi Azərbaycanın xarici siyasət
doktrinasının mühüm qoluna çevrilmişdi. Heydər Əliyev dövlət
başçısı kimi müxtəlif ölkələrə
səfərləri zamanı həmin ölkələrdə
yaşayan soydaşlarımızla keçirdiyi
görüşlərdə milli diaspor təşkilatlarının
vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması
zərurətini önə çəkir, bunun ideoloji-siyasi
konturlarını müəyyənləşdirirdi.
Heydər
Əliyev Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi
və qüvvətləndirilməsinin müstəqil dövlətçiliyimizin
möhkəmləndirilməsində mühüm təsirini
qeyd edərək dəfələrlə bu məsələyə
toxunmuş, soydaşlarımızı dövlətçiliyimizin
möhkəmləndirilməsi işində fəal iştirak
etməyə çağırmışdı. Ümummilli liderin hər il dekabr
ayının 31-də Dünya Azərbaycanlılarının
Həmrəylik Günü ilə əlaqədar Azərbaycan
xalqına müraciəti, bu münasibətlə
respublikamızda və xaricdə keçirilən
ardıcıl tədbirlər xalqımızın
özünü dərki, mənəvi
bağlılığı istiqamətində atılan
mühüm addımlardandır. Dünya azərbaycanlılarının
bir araya gələrək təşkilatlanması, Azərbaycan
dövləti ətrafında sıx siyasi, iqtisadi, mənəvi
birliyi müstəqil dövlət quruculuğunun indiki mərhələsində
və müstəqilliyimizin əbədiliyinin təmin
olunmasında son dərəcə önəmli bir amildir.
Bu gün milli səviyyədə keçirilən
bayram neçə illər əvvəl atılmış
addımın uzaqgörənliyini, tarixi köklərdən
qaynaqlanmasını və daim müstəqil Azərbaycanın
inkişafına xidmət edəcəyini əyani şəkildə
sübuta yetirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
1991-ci il, dekabrın 16-da “Dünya azərbaycanlılarının
həmrəylik və birlik günü haqqında” qərarı
yenicə müstəqilliyini elan etmiş Azərbaycanın
yeni tarixində ilk fundamental və yarandığı gündən
tarixilik qazanan sənədlərdən biri oldu. Belə
bir qərarın məhz qədim Azərbaycan diyarı
Naxçıvanda qəbul olunması və sonradan
bütün ölkədə bayram kimi keçirilməsi əsrlərin,
tarixi irsin millətin soyuna köçürdüyü milli
yaddaşın oyanışı kimi qiymətləndirilə
bilər.
***
Azərbaycan
Respublikası xarici ölkələrdə yaşayan azərbaycanlılarla
əlaqələri bu gün də dövlət siyasətinin
prioritet istiqamətlərindən biri sayır. Bu gün dünya azərbaycanlılarının
milli birlik və həmrəylik problemi, Azərbaycan diasporunun
formalaşdırılması, dünya azərbaycanlılarının
bir-biri ilə və eyni zamanda tarixi Vətənlə əlaqələrinin
yaradılması və möhkəmləndirilməsi məqamları
dövlət səviyyəsində gündəmə gətirilən
məsələdir. Dünya azərbaycanlılarının
həmrəyliyini daha da gücləndirmək və möhkəmləndirmək
məqsədilə Azərbaycan Respublikasında həm
dövlət səviyyəsində, həm də ictimai və
elmi təşkilatlar səviyyəsində xeyli işlər
görülüb və görülməkdədir. Bu məqsədlə son illərdə
respublikamızda keçirilən əməli tədbirlər
sayəsində xarici ölkələrdə yaşayan
soydaşlarımızın millətimizin ümumi mənafeyi
naminə təmasları xeyli intensivləşib.
Bütün bunlarla yanaşı, diaspor quruculuğunun konkret
bir dövrlə məhdudlaşmayan, strateji əhəmiyyətə
malik, daimi fəallıq və zəhmət tələb edən
uzunmüddətli proses olduğu da hər kəsə məlumdur.
Elə buna görə də bu sahədə
qazanılmış nailiyyətləri və qarşıda
duran vəzifələri vaxtaşırı müzakirə etməyə
zaman-zaman ehtiyac yaranır. Bu baxımdan
ümummilli lider Heydər Əliyevin diaspor quruculuğu sahəsindəki
siyasəti bu gün prezident İlham Əliyev tərəfindən
inamla davam etdirilir. Dövlət
başçısının prezident kimi fəaliyyətə
başladığı ilk günlərdən diaspora və
lobbi quruculuğuna xüsusi diqqətlə yanaşması belə
deməyə əsas verir. Cənab prezident
İlham Əliyev ilk gündən bəyan etmişdir ki, hər
bir dövlətin xarici siyasətinin uğuru onun xaricdə
formalaşdırdığı diaspor və lobbinin
imkanlarından bilavasitə asılıdır. Bu şərtlərə əməl etməyən
dövlətin isə xarici siyasətdə hansısa
böyük uğurlar əldə etməsi
mümkünsüzdür. Bu amili nəzərə alan xalqlar dünya miqyasında öz mənafelərini
hər zaman layiqincə qoruyur, ümummilli problemlərin həllinə
nail olur, öz dilini, mədəniyyətini, incəsənətini,
tarixini lazımı səviyyədə təbliğ edir. Elə diasporlar da var ki, hələ öz dövləti
yaranmamışdan xeyli qabaq formalaşıb, təşkilatlanıb
və bu gün fəaliyyət göstərdiyi ölkələrin
ictimai-siyasi həyatına fəal təsir imkanlarına
malikdir. Məsələn, bu gün
İsrail dövləti məhz güclü yəhudi lobbisinin
və diasporunun mütəşəkkil fəaliyyəti ilə
dünya miqyasında öncül mövqe tutur. Beynəlxalq aləmdə məşhurlaşmış
“Soxnut” yəhudi təşkilatının illik büdcəsi
600 milyon dollara yaxındır və bu qurum İsrailə
külli miqdarda yardım edir. Məhz bu
baxımdan Azərbaycan prezidenti diaspor quruculuğu sahəsində
qabaqcıl dövlətlərin təcrübə və
köməyindən istifadəni zəruri hesab edir.
Ardı növbəti sayımızda
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafınaDövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 10 aprel.-
S.15.