Qollarım beşik olsun, gəl uzan qollarımda...

 

 Lirik mahnıların bənzərsiz müəllifi Ətiqə Ələkbərova həkimlərin səriştəsizliyinin qurbanı olub. Bəstəkarın sağ əli 6 ildir ki, işləmir.

 

 İnsan ömrünü bəzən nəğməyə bənzədirlər. Həmin nəğmənin vüsal notu da var, hicran notu da. Sonu ayrılıqla bitən sevgi, yarı yolda qırılan ömür, həsrət, gecikmiş məhəbbət s. kimi motivlərə söykənən nəğmələr.

 

 Ömrü bir nəğmə olan, nəğmələri bir ömrə bərabər sevimli bəstəkarımız, lirik mahnıların kraliçası Ətiqə Ələkbərova.Səni sevirəm”, “Bir daha ayrılmayaq”, “Sənsiz”, “Geri dön”, “Kim oxuyar Şövkət kimi?” “Nəyimə gərəksən bu gündən belə”, “Nankor övladlar”, “Sən məni sevməsən, sevmərəm səni”, “Son mənzil olacaq torpağım sənsənvə.s. mahnıların müəllifi olan Ətiqə Ələkbərova 6 ildir ki, televiziya ekranlarında görünmür. 3 yaşında olanda Gülçöhrənin ariyasını oxuyan həmin yaşda ilk mahnısını yazan içərişəhərlili, bakılı balası Ətiqə hələ körpə yaşlarından doğmalarını öz gözəl səsi, melodiyaları ilə sevindirirdi. Atası Sadıq Ələkbərov 1941-1945-ci illərdə Zərdabda hərbi komissar kimi çalınıb. Ziyalı ailənin övladı olan Ətiqə musiqiyə bütün varlığı ilə bağlanıb. 6 ildir ki, susan bəstəkarı nəhayət ki, çətinliklə olsa M.Ə.Rəsulzadə qəsəbəsində tapa bildik. 6 ildir ki, insanlardan uzaq, ayrı yaşayan Ətiqə xanım özünə qapanıb. Zaman ona qarşı yaman qəddar oldu. İki mərtəbəli binasının ikinci mərtəbəsindən yıxılaraq, sağ çiyni sındı. Həkimlərin məsuliyyətsizliyi ucbatından 6 ildir ki, xanımın sağ əli işləmir. Artıq ağrılar ayaqlarına verib, artroz olub. Çinar boylu, hələ gözəlliyini qoruyub saxlayan Ətiqə xanım namaz qılır, gündə müqəddəs Quran kitabını oxuyaraq dörd divar arasında özünə təsəlli tapır, həyatla mübarizə aparır. Həyat onu o dərəcədə sıxdı ki, hətta illərlə yığılan 2000 manata yaxın işıq pulu borcunu ödəməkdə çətinlik çəkdi. Bu işdə ona Azərbaycanımızın Birinci xanımı, millət vəkili Mehriban Əliyeva dəstək oldu. Millət vəkili Baba müəllimin qayğısı sayəsində Ətiqə xanım bu problemdən qurtuldu. Bu gün Ətiqə xanımın yeganə təsəllisi xaricdə yaşayan övladları dünyalar qədər sevdiyi nəvələridir. Düzdür onların yanına getmək imkanı olmasa da, hər dəfə telefonla danışanda sanki dünyanın xoşbəxti olur, bəxtəvərli anlar yaşayır. Bəlkə o nəvələrin səsi olmasaydı çoxdan Ətiqə xanımı itirmişdik.

- Mən bir azərbaycanlı xanım bəstəkar kimi Mehriban Əliyevanın qarşısında baş əyirəm. O, mənə bir bəstəkar kimi dəstək oldu, problemimin həlli üçün öz dəstəyini əsirgəmədi. Tənha qadına olan bu diqqətinə görə, Mehriban xanıma sonsuz təşəkkürümü bildirirəm. Biz gözəl dövlətdə yaşayırıq, istər ölkə rəhbəri, istər onun xanımı hər kəsin problemini dinləyir problemin həlli yollarında dəstək olur. Bu dəstək məni daha gözəl mahnılar yazmağa ruhlandırdı. Təki sağ qolum bərpa olsun, yenidən tamaşaçıları nəğmələrimlə sevindirim. 

Ətiqə xanım sözə xüsusi fikir verir. Mənasız sözə mahnı yazmır. Xahişlə mahnı yazmaq onun təbiətinə ziddir. Qürurlu olduğu qədər tələbkardır. Deyir mahnılar həyatımın bir parçasıdır. O mahnılardan yalnız həyat eşqi gəlməlidir. Özü insanlara həyat eşqi bəxş etsə , o, eşqdən özünə dəyərincə pay düşmür. 4 divar o... birdə köməkçisi. Ətiqə xanım bu gün adi çölə çıxa bilmir, elə olur ki, həftələrlə yataq vəziyyətində qalır. Ayağındakı problemlər get-gedə güclənir. Onun yeganə ümidi xeyirxah insanlaradır. Xəstəliyinin müalicəsinin yalnız Təbriz şəhərində olduğunu söyləyirlər. Axı Ətiqə xanımın günahı idi ki, bu günə düşdü. Çox təəssüflər ki, onu bu günə salan məsuliyyətsiz həkimlər bu gün bəstəkardan uzaq qaçmağa çalışırlar.

İnanırıq ki, yazımızın ayağı sayalı olacaq, xeyirxah insanlar səsimizə səs verəcək bəstəkara yenidən həyat eşqi bəxş edəcəklər.

Ətiqə xanımın mahnıları ilə şöhrət tapan müğənnilər nədənsə bu gün bəstəkarın qapısını döymür. Çoxu bəstəkarın öldüyünü, ya da xaricdə yaşadığını zənn edirlər. Əslində bu belə deyil. O, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayır, tək-tənha. Gəlin sizli-bizli əziyyətli həyatını yaşayan, ehtiyaclı anlarında qürurunu əyməyib heç kimə ağız açmayan bəstəkara baş çəkək. Bəzən mənəvi dəstək insanı bütün xəstəliklərdən xilas edir. Nəğmələri ilə xilaskarlıq himni yaradan ustad bəstəkar gəlişimizə çox sevindi sonda bunları söylədi:

- Ölən ölüb, can qurtarıb

Mən hər gün ölürəm sənsiz.

Susdu, nədənsə birdən danışdı dedi:

- Nəyimə gərəksən bu gündən belə.

Yox, yox. Son mənzil olacaq torpağım sənsən.

Sonda bir sual verdik Ətiqə xanıma. Ən çox sevdiyiniz mahnı hansıdır? Ətiqə xanımın cavabı çox maraqlı oldu. Özümün yazdığım oxuduğum bir mahnı – “ß - æåíøèíà”. (Mən qadınam) Niyə bu mahnını seçdi, açıqlama vermədi, çünki o, təpədən dırnağa fəlsəfə olan Ətiqə Ələkbərovadır. Bu gün onu başa düşənlər var, başa düşməyənlər .

 

 

Alim Nəbioğlu

 

Olaylar.- 2012.- 10 aprel.- S.13.