Peşə təhsili - hələlik son ümid yeri 

 

Bəs gələcəkdə?

 

Peşə seçimi insan həyatının mühüm qərarlarından biridir və bu qərarın verilməsində gələcək həyatın bütünlüklə dəyişməsi ehtimalı nəzərə alınmalıdır. Ölkəmizdə uzun illər formalaşmış stereotiplər gənclərin peşə seçimində müasir dövrün tələblərindən daha çox, ənənəviliyi nəzərə almasını göstərir. Bu səbəbdəndir ki, əmək bazarının tələb - təklif balansını tənzimləmək mümkün olmur.

 

Dünya ölkələrinin təcrübəsinə görə, peşə seçimi zamanı ilk olaraq əmək bazarının tələbatı və bununla yanaşı peşəyə yiyələnmək üçün zamanın qısalığı və keyfiyyət nəzərə alınır. Azərbaycanda peşə təhsilinin müasir standartlara uyğun qurulması ətrafında uzun müddətdən bəri aparılan müzakirələr tədricən nəticəsini verir. Lakin ilk uğurlar hələ o demək deyil ki, bu sahədəki mövcud problemlərin həlli qısa müddətdə mümkün olacaq.

 

Peşə təhsillilər kimə və niyə uduzur?

 

2007 – 2012 - ci illəri əhatə edən texniki - peşə təhsilinin inkişaf konsepsiyasının məqsədi ölkə iqtisadiyyatının ixtisaslı fəhlə kadrlarına olan tələbatının ödənilməsində texniki - peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, təhsil sahəsində İslahat Proqramına uyğun olaraq texniki - peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, islahat və xidmət sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdan ibarətdir. Hazırda 100 - dən artıq peşə təhsili müəssisələrində çox sayda peşə üzrə kadrlar hazırlanır. Lakin bu müəssisələrin fəaliyyəti barədə ictimaiyyətdə yetərli məlumat yoxdur, digər tərəfdən də müəssisələrin maddi - texniki bazası işin müasir tələblər səviyyəsində qurulması üçün yetərli deyil. Məsələn, uzun illərdir peşə məktəbi və peşə liseylərinə tədrisin əyani və təlimin texniki vasitələri, yeni kompyuterlər, müasir konstruksiyalı dəzgahlar, maşın – mexanizm və cihazlar ayrılmır, kabinet, laboratoriyalarda kənd təsərrüfatı texnikası, avadanlıqlar tələb ediləndən azdır. İxtisaslı kadrlarla təminat baxımından da vəziyyət hələ ürəkaçan deyil. Maraqlıdır ki, inkişaf etmiş ölkələrdə əsas təhsil pilləsi məzunlarının 40 - 60 faizi məhz texniki - peşə məktəblərinə qəbul olunduğu halda, ölkəmizdə bu rəqəm çox cüzidir. Səbəblər arasında həmin müəssisələrin fəaliyyəti barədə məlumat yetərsizliyi əsas yer tutsa da, bu, tək səbəb deyil. Məsələ burasındadır ki, valideynlər övladlarının hansısa peşəyə yiyələnib gələcəyin iş sahibi olmağındansa, ali təhsil müəssisəsinin diplomunu daşıyıb işsiz olmasını üstün tuturlar. Digər tərəfdən peşə məktəblərinə yalnız təhsildə yüksək nailiyyətləri olmayan şagirdlərin istiqamətləndirilməsi kimi yanlış tendensiya mövcuddur ki, bu da kadr hazırlığına mənfi təsir göstərən mühüm amillərdən biridir. Peşə seçimində əmək bazarının tələblərinin nəzərə alınmaması, “sürücünün oğlu mütləq sürücü olmalıdır” kimi artıq formalaşmış düşüncə də öz sözünü deyir. Uşaqlarla aparılan söhbət zamanı da məlum olur ki, onlar və hətta valideynləri də əmək bazarındakı vəziyyəti doğru təhlil edə bilmir. Bu isə yanlış seçimlərə yol açır. Məsələn, ölkəmizdə turizmin inkişafı nəzərə alınaraq xidmət obyektlərində daha peşəkar kadrlara ehtiyac var, lakin hələ də bu sahədəki boşluq özünü hər addımda büruzə verir. Yaxud yaxşı aşpaz, dərzi və bərbər axtarmaq üçün uzun zaman “araşdırmalar” aparmaq tələb olunur. Təbii ki, peşə təhsili müəssisələrinə üz tutan yeniyetmə və gənclər üçün lazımi şəraitin yaradılması da zəruri şərtlərdən biridir. Əgər rayondan paytaxta peşə sahibi olmaq üçün üz tutan gənc ən azından yataqxana ilə təmin olunmursa, qarşıya çıxan problemlərin həllində yalnız valideyn dəstəyinə ümid bəslənilir. Nəzərə alın ki, övladlarını peşə təhsilinə yönəldən valideynlərin əksəriyyətinin maddi durumu heç də həmişə bütün bu problemlərin həllinə imkan verəcək səviyyədə olmur. 

 

Qızlarda peşə marağı niyə azdır? 

 

Maraqlı məqamlardan biri peşə təhsilinə münasibətdə gender bərabərliyinin hansı səviyyədə olmasıdır. Başqa sözlə desək, qız və oğlanların peşəyə olan marağıdır. Təhsil Nazirliyindən verilən məlumata görə, 2011 – 2012 - ci ildə ilk peşə - ixtisas təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 20 818 nəfər müraciət edib. Müraciət edənlərdən 13840 nəfəri oğlan, 6978 nəfəri qız olub. Bunlardan da 7497 nəfəri 14 - 16, 7603 nəfəri 17 - 20, 4367 nəfəri 21 - 30 yaş arasında, 1351 nəfəri isə 31 yaşdan yuxarı olanlar olub. Müraciət edənlərdən 17280 nəfəri peşə - ixtisas təhsili müəssisələrinə ilk dəfə müraciət edib. Bundan əlavə, müraciət edənlərdən 3150 nəfəri hərbi xidmətdən sonra, 1894 nəfəri ali və ya orta - ixtisas təhsili müəssisələrinə qəbul olunmadıqdan sonra, 1680 nəfəri əvvəllər iş təcrübəsi olanlar, 429 nəfəri isə işləyənlər olub. 2011 – 2012 - ci tədris ilində ilk peşə ixtisas təhsili müəssisələrinə ümumilikdə 16895 nəfər qəbul planı müəyyən edilib. Həmin yerlərin 14190 - ı dövlət vəsaiti hesabına, 2705 - i ödənişli əsaslarla olub. Rəqəmlərdən də göründüyü kimi qızların ilk peşə - ixtisas müəssisələrinə marağı oğlanlara nisbətən xeyli azdır. Bunu ilk növbədə cəmiyyətin düşüncə tərzi ilə də əlaqələndirmək olar. Övladı məktəbdə yaxşı oxumayan valideyn onun barəsində ilk növbədə gələcək ailə başçısı kimi düşünür və bu zaman onun təhsili məsələsinin də həllinə çalışır. Qızlar barədə isə bu düşüncə arxa plana keçdiyindən “qız və peşə” anlayışlarını bir arada təsəvvür edənlərin sayı o qədər də çox olmur. Halbuki təhsil formasından asılı olmayaraq, qız və oğlan fərqi qoymaq lazım gələrsə (biz buna ehtiyac olmadığını düşünürük- E) üstünlük qızlara verilməlidir. 

 

Yeni ixtisaslar barədə nə bilirik?

 

Nazirlər Kabinetinin 2010 - cu ildə təsdiqlədiyi "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda əmək bazarının tələblərinə cavab verən kifayət qədər ixtisas var. İxtisasların təsnifatına diqqət yetirəndə məlum olur ki, burada fiziki tərbiyə, texnologiya, musiqi, təsviri incəsənət müəllimliyi ilə yanaşı, ailə və ev təhsili, məktəbəqədər təhsildə korreksiyaedici təlim kimi maraqlı ixtisaslar var. Yaxud ölkəmizdə yerli özünüidarəetmə orqanlarının yaradılmasından artıq bir neçə il keçməsinə baxmayaraq, hələ də bələdiyyələrdə çalışanların peşəkarlığı istənilən səviyyədə deyil. Bələdiyyə təsərrüfatının təşkili ixtisası üzrə hazırlanan kadrlar yəqin ki, bələdiyyələrdə işlə təmin edilmək baxımından problemlə üzləşməzlər. Reklamçılığın gəlirli və inkişaf edən sahə olduğunu, eyni zamanda ölkəmizdə bu sahədə kifayət qədər problemlərin mövcudluğunu nəzərə alaraq reklam işi üzrə ixtisasa yiyələnmiş kadra ehtiyacın az olmadığı məlum olur. İndiki halda seçim əsasən bank işi, maliyyə işi, vergi və vergitutma, mühasibat uçotu, gömrük işi kimi daha cəlbedici görünən ixtisaslar üzərində aparıldığından və bu ixtisaslar üzrə həmin müəssisələrdə hazırlanan kadrlar ali təhsil müəssisələrinin məzunları ilə rəqabətə davam gətirmədiyindən əmək bazarında özünə yer tapa bilməyənlərin sayı artır. Yaxud səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə müalicə işi, mamalıq, əczaçılıq, tibb bacısı işi kimi ənənəvi və artıq düşüncələrdə özünə kifayət qədər yer tutmuş (bu fikri əmək bazarı ilə bağlı söyləmək olmur - E) ixtisaslarla yanaşı, sosial iş, idman və müalicə masajı kimi ixtisaslar daha çox gələcək vəd edir. Turizmin inkişafı ilə əlaqədar bu sahədə çalışan kadrların peşəkarlığı da narahatlıq doğurur. Məsələn, sanatoriya - kurort komplekslərində, mehmanxanalarda iaşə və servis səviyyəsi məhz kadrların peşəkarlığından asılıdır. İnsanların həyat tərzi dəyişdikcə xidmətlə bağlı tələblər də artır və bu tələbləri qarşılamaq üçün adi bir restoranda ofisianta belə yüksək tələblər qoyulur. Əmək bazarındakı rəqabətdə isə yalnız bu tələblərə ən yüksək səviyyədə cavablandıranlar davam gətirir. Çox uzağa getməyək, “Avroviziya” musiqi yarışması ilə bağlı xidmət obyektlərində ən yüksək əmək haqqı ilə əməkdaşların cəlbinə başlanılıb, bu zaman isə tələblər yüksək olduğundan bu tələblərə cavab verəcək şəxslər tapmaq o qədər də asan deyil. Başqa bir misal. Zərgərlik məmulatlarının hazırlanması həmişə maraq doğurub. Amma bunun yanında dünyada artıq yerini almış bəzək əşyalarının hazırlığı kimi bir sahə də var ki, kifayət qədər gəlirli olması ilə fərqlənə bilər. Bizdə isə hələ də bəzək əşyalarının hazırlanması ilə məşğul olan hansısa kiçik bir iş yeri ya yoxdur, ya olsa belə bazarda payı çox azdır. Onun yerini isə Çindən gətirilən keyfiyyətsiz və insan sağlamlığı üçün ziyanlı ola biləcək bəzək əşyaları tutur. Bütün bunları sadalamaqda məqsədimiz peşə seçimi zamanı diqqət yetirilməsi vacib olan məqamların nəzərə alınmasına diqqəti çəkməkdir.

 

“Son ümid”, yoxsa gələcək işin təminatçısı?

 

Təbii ki, uğur həmin müəssisələrin öz işini hansı səviyyədə qurmasından ilk növbədə asılıdır. İndiki halda peşə təhsili müəssisələrinin orta məktəblərlə qarşılıqlı əməkdaşlığı gələcək üçün böyük ümidlər vəd edəcək səviyyədə qurulmayıb. Şagird və valideynlər bu müəssisələrdən, oradakı ixtisaslardan, bu ixtisasların əmək bazarındakı rəqabətə dözümlülük qabiliyyətindən məlumatsızdırlar. Şagirdlərlə aparılan sorğular göstərir ki, onlar ənənəvi ixtisaslar barədə daha çox şey bilirlər, çünki əvvəlki illərin, bəlkə də ata - babalarına gedib çıxan illərin təcrübəsindən danışılanları eşidiblər. Peşə təhsili müəssisələri üçün əsas baza hesab edilən məktəblərdə görüşlərin keçirilməsi stereotiplərin dağılmasına yardımçı ola bilər. Burada təbii ki, dövlət - biznes əməkdaşlığını da unutmaq olmaz. Bu əməkdaşlığın yüksək səviyyədə qurulması gələcəyin peşə sahibi olan gənclərinin yetişdirilməsinə istiqamətlənir. Bir sıra ölkələrin, o cümlədən keçmiş SSRİ məkanında Qazaxıstanın təcrübəsi kifayət qədər məşhurdur. Müəssisə məhz əmək bazarının tələblərinə uyğun kadr hazırlığını həyata keçirir və bu tələb sifariş səviyyəsinə qədər yüksəlir. Özü üçün kadr hazırlığını bu sahədə təcrübəsi olan müəssisəyə həvalə edən hansısa biznes müəssisəsi qısa müddət ərzində öz əməkdaşlarını işə cəlb edir. Bunun nəticəsidir ki, əmək bazarında peşə təhsillilər ali təhsillərlə rəqabətdə nəinki uduzmur, bəlkə hətta onları üstələyirlər. Ümidimiz onadır ki, gələcəkdə ölkəmizdə də inkişaf məhz bu istiqamətdə gedəcək. O zaman peşə təhsil müəssisəsi zəif oxuyan şagirdlərin və ya ali məktəbə qəbul imtahanlarından keçid balını toplaya bilməyən abituriyentlərin “son ümid yeri” olmaqdan çıxaraq gələcək işin potensial təminatçısına çevriləcək.

 

 

Elnarə

 

Olaylar.- 2012.- 10 aprel.- S.12.