Musiqimizin müəlliflik hüququnun qorunmasına ciddi
ehtiyac var
Jalə Əliyeva : ”Əks halda musiqi və
mahnı nümunələrimizi “Sarı gəlin”imizin taleyi
gözləyir”
Müsahibimiz millət vəkili, professor Jalə Əliyevadır
-Jalə xanım, məlumdur ki , üzvü olduğunuz mədəniyyət
komitəsinin yaxından
iştirakı ilə
hazırlanan “Mədəniyyət
haqqında” yeni qanun layihəsi artıq parlamentin birinci oxunuşunun müzakirəsindən keçib.
Bir komitə üzvü olaraq yeni qanun
layihəsi barədə
nə fikirdəsiniz?
-Bildiyiniz kimi, “Mədəniyyət haqqında”
mövcud qanunun qəbul edildiyi tarixdən 15 ilə yaxın müddət keçir. Bu müddət
ərzində ölkədə
bütün sahələr
üzrə gedən böyük və nəhəng dəyişikliklər
təbii ki, mədəniyyət sahəsindən
də yan keçməyib. Azərbaycan, bütün sahələr
üzrə nail olduğu
artım tempi, əldə
etdiyi uğurlar, dünyanın diqqət və maraq nöqtəsinə
çevrilə bilib.
Eyni zamanda, Azərbaycan öz qədim mədəniyyətini, bu mədəniyyətin ayrılmaz
parçası olan muğam, əvəzsiz ifaçılıq, nadir xalçaçılıq,
rəngkarlıq, rəsm
sənətini və sair sənət nümunələrini bütün
dünyaya nümayiş
etdirərək, altına
öz imzasını ata bilib. Azərbaycanın, sadəcə,
son dörd ildən bəri qatılmaqda olduğu “Euroviziya” mahnı yarışmasında
ard-arda əhəmiyyətli
yerləri tutması, ötən il isə bu yarışmanın
qalibi olması ölkəmizin öz milli mədəniyyətini
qoruyub inkişaf etdirdiyi kimi, dünya mədəniyyətinə
açıq olduğunu
və öz milli-mənəvi dəyərlərinə
sadiq qalmaqla bərabər, eyni zamanda, dünya mədəniyyətinə də
müvəffəqiyyətlə inteqrasiya etdiyini bir daha göstərdi.
Və təbii ki, mədəniyyət sahəsində siyasətin
əsas prinsiplərini,
dövlət mədəniyyət
fəaliyyətinin formalarını,
onun hüquqi və iqtisadi əsaslarını, mədəniyyət
işçilərinin hüquq
və vəzifələrini,
onların statusunu və sair, müəyyən
edən yeni qanunun hazırlanmasına,
hazırkı qanunun günün tələbləri
doğrultusunda yenidən
işlənməsinə ehtiyac
yaranmışdı. İlk növbədə,
yeni qanun bir çox müddəaları ilə
dövlət mədəniyyət
siyasətinin əsas prinsiplərini müəyyənləşdirən
və əhatə edən əhəmiyyətli
bir sənəd kimi dəyərləndirilməlidir.
Çoxdan bəri gözlədiyimiz
bu qanunda, qarşıya qoyulan məqsəd demək olar ki, öz
həllini tapıb.
Yeni qanun, bu sahənin
tənzimlənməsi baxımından
son dövrlərdə yaranan
boşluqları doldurmağa
və ortaya çıxan suallara cavab verməyə qismən imkan yaradacaq. Bununla belə, bütün müsbət tərəfləri
ilə bərabər düşünürük ki,
bu qanunun daha sonrakı oxunuşlara qədər, mədəniyyət sahəsinin
müasir yaxşı
və pis tendensiyaları, o cümlədən,
bu yöndə müxtəlif təkliflər
nəzərə alınaraq,
daha dərindən təhlil edilməsinə və təkmilləşdirilməsinə
ehtiyac var...
-Özünüzün
yeni qanun layihəsi ilə bağlı konkret təklifləriniz varmı?
-Mən, artıq birinci oxunuşdan keçən sözügedən qanun layihəsinin hələ komitəmizdə müzakirəsi
zamanı səsləndirdiyim
bir neçə təklifimin və bir neçə məsələnin üzərində
yenidən dayanmaq istəyirəm. Birincisi, dil haqqında
danışmaq istəyirəm.
Etiraf edək ki, dilin
ilkinliyinin qorunması,
inkişafı və gələcək nəsillərə
saf bir şəkildə
ötürülməsi bəlkə
də strateji əhəmiyyətli bir məsələdir. Lakin təəssüflər
olsun ki, hətta bir əsrlik rus işğalından da qurtula bilən dilimiz son zamanlarda müxtəlif təsirlərin
altında eybəcər
çalarlar qazanır.
Xüsusilə, ekran, efir məkanından eşitdiyimiz dil, təqdim edilən reklam çarxlarının
dili, küçələrdə
rastlaşdığımız lövhəciklərin dili
və sair məqamlar illər öncə Azərbaycan dili haqqında qanun qəbul olunsa da, bu
məsələ üzərində
bir daha düşünməyə əsas
verir. Buna görə
də mədəniyyətin
ayrılmaz bir parçası olan dillə bağlı olaraq, qanuna xüsusi bir fəslin və ya müddəaların daxil edilməsi yaxşı olardı.
İkincisi, mədəniyyət sərvətlərinin mühafizəsi
ilə bağlı məsələsinə toxunmaq
istəyirəm. Doğrudur,
qanun layihəsində
bununla bağlı xüsusi maddə var, lakin Azərbaycan,
torpaqlarında 20 ildən
artıqdır haqsız
müharibə gedən,
bir milyondan çox vətəndaşı
öz vətənində
qaçqın durumuna
düşən bir ölkədir. Və sadəcə, torpaqlarımız
deyil, bu torpaqların üzərindəki
tarixi mədəniyyət
abidələri, azərbaycanlıların
bu torpaqların əzəli sakinləri olduqlarını əks etdirən ən qədim sənət nümunələri də
ermənilər tərəfindən
ya işğal edilərək özününküləşdirilib,
ya da yerlə
yeksan edilib. Fikrimcə, bu xüsusi durum, qanunda heç olmasa bir müddəa
ilə əksini tapmalıdır. Üçüncüsü,
milli musiqimiz, müəllif mahnılarımız
xaricdə anonim adla populyarlıq qazanır və bu parçaları dinləyən heç bir kəs bu
nümunələrin Azərbaycana
aid olduğunu bilmir.
Bir müddət sonra bu musiqi və
mahnı nümunələrimizi
də “Sarı gəlin”imizin bugünkü
taleyi gözləyir.
Ölkə sərhədlərindən kənarda səslənən
musiqi və mahnılarımızın müəlliflik
hüququnun qorunmasına
da ciddi ehtiyac var.
-Son illər dəbdə olan şou- bizneslə bağlı nə deyərdiniz?
-Bu söz birləşməsi
və ona aid olan nümunələrə
münasibət birmənalı
deyil. Ümumiyyətlə, şou-biznes nədir,
sənət nümunəsidirmi,
o, bazar iqtisadiyyatının
mədəniyyətə də
tətbiq edilən bir parçasıdırmı
ki, bizə lazımdır, yoxsa, lazım deyil, həmçinin, mənəviyyatımız
üçün nə
dərəcədə zövqümüzün
formalaşması, lazımlıdır?
Bütün bu suallara çox tez-tez rast gəlirik. Yeni qanun layihəsində isə bu sahəyə
ötəri olaraq toxunulub. Qanun layihəsinin dövlət
mədəniyyət fəaliyyətinin
əsas formalarından
söz edilən üçüncü maddəsinin
3.0.3. hissəsində
şou-biznes kinematoqrafiya,
nəşriyyat, memarlıq
və dizayn, multimedia kimi mədəni sənayenin bir forması olaraq nəzərdə tutulur. Bu baxımdan, yaxşı
olardı ki, yeni qanun layihəsində
bu sahədə mövcud olan çoxsaylı sualları
cavablayacaq və ümumiyyətlə, bu sahə ilə bağlı məsələləri
qanunvericiliklə tənzimləməyə
əsas verəcək
müddəalar da yer alsın.
Alim
Olaylar.- 2012.- 10 aprel.- S.11.