Bəxtsiz Suriya, Rusiya, İranbizim bəxti açılan əmanətlərimiz

 

* Dünyada sakitlik bərqərar olmur ki, olmur. Artıq böyük planların sonluğu aşkar görünməkdədir. Bununla dünya düzəni tamam yenilənmiş, elan edilməmiş III Dünya Müharibəsinin sonuncu mərhələsi isə başa çatmış sayılacaq. Hələlik müharibənin silahlı müdaxilə forması Yaxın Şərqdə davam edir.

Tunis, Misir, Liviya xalqları tam “xoşbəxt” olduqdan sonra indi də “xoşbəxtlik quşu” Suriya xalqının başı üzərində hərlənir. Bu “quş” hələlik güllə və bomba “zıllayır”. Göydən pul-para və yağlı vəzifələr yağacağına inanan ərəbin xəyalında həm də çılpaq qadınlar göbək rəqsi oynayır.

Aprel ayında dünya çox böyük məsələlərə hazırlaşır! Məsələn, Azərbaycan “Evrovizion-2012” yarışmasını keçirtməkdən ötrü bu ay tam gücünü ortaya qoyacaq. Bir çox ölkələr isə aprel ayında öz taleyinin qaranlıq səhifəsini yaşamaqdadır.

 

   ***

 

 Dünyanı yönləndirmək iddiasında olan qaranlıq qüvvələr Şimali Afrikada yerləşən müsəlman ölkələri başçılarının qələmini apreldən çox əvvəllər sındırıblar. Ona görə yox ki, o ölkələrin xalqlarını birdən birə çox sevməyə başlayıblar və buna görə boğazlarından tikə keçmir deyə prezidentlərini devirmək qərarını veriblər, ona görə ki, yeni satış bazarları və ucuz neft yataqları əldə etmək istəyirlər. Bu minvalla onların iddiaları nə qədər davam edəcək? Bu gün Suriya, sabah İran, sonra Türkiyə, Orta Asiya, Qafqazlar, Rusiya və Çin antidemokratik elan olunmayacaqmı? 100% olunacaq. İnsan haqları qanunla kobud şəkildə pozulan Fransa kimi ölkələr deyil, məhz müsəlman ölkələri anti-demokratik hesab olunacaq. Bəs elə isə bu gün bu dövlətlər nə üçün Suriyaya tərəfdar yox, ona qarşı olan koolisiyada birləşirlər? Bu birləşmə onları nədən xilas edəcək ki? Təbii ki, bir sıra Afrika ölkələrində və xüsusən də Suriyada çox problemlər var. Olmaya bu hal Latın Amerikası ölkələrində yoxdur? Fərq burasındadır ki, Suriya kimi müsəlman ölkələrində heç nə yoxdursa da, əxlaq var, din var, iman var. Deməli, bir mühüm hədəf də məhz elə əxlaq və İslam dini dəyərləri imiş. Əsəd, Mübarək, Qəddafi rejimlərinin bünövrəsini bir zamanlar elə ABŞ və Qərbi Avropa ölkələri qoymamışdımı? Deməli, onların indiki bu cür iyrənc metodlarla aparılan “demokratik” mübarizəsinə də inanmağa dəyməz. Bu gün Suriyada Dəməşqin, Homsun və digər şəhərlərin küçələrində Suriyanın Dövlət qoşunlarına güllə atan eynən ərəblər kimi geyinmiş diversantlardır. Onlar atəş açıb hər iki tərəfdəki ərəbləri öldürür, yanlış görüntü yaradır, bununla da onların ədavətini şiddətləndirirlər. Suriyada hökumət qüvvələri müxtəlif ölkələrdən toplanmış və möhkəm silahlanmış bu muzdlu əskərlərə qarşı döyüşürlər. Yoxsa ki, nizami hökumət qüvvələrinə qarşı sıravi etirazçılar az qala bir ilə yaxındır ağır döyüşlər apara bilməzdi. Bunun silah və ərzaq təchizatı məsələləri də var axı. Əvvəllər Suriyada və xüsusən də Dəməşqdə olmuş hər bir kəs yaxşı bilir ki, yerli əhalinin nəyə təpəri çatar, nəyə yox. Misirdə də belə idi, Tunisdə də, Liviyada da. Növbədə digər ölkələrdir. Bu məsələdə Rusiya və Çin özünün kəskin mövqeyini ortaya qoymalı, necə deyərlər, ”dünyanın başının üstünü almış qara buludları” qovmaq üçün öz “Qrad”larını atmalıdır. Çini deyə bilmərəm, amma Rusiya “qradları” deyəsən nəm çəkib.

* “Rusiya” demişkən, bu ölkə aprel ayında özünün ən xoşbəxt günlərini yaşayır. Çünki martın 04-də elliklə yığışıb Vladimir Putini yenidən prezident seçiblər. Birinci dəfədə barmaqları bala batmışdı, indi o balı yalayacaqlar. Bir cəhətdən yaxşı da elədilər. Daha yeni bir cüvəllağını “seçməkdənsə”, artıq Rusiyanın və rus xalqının cikinə-bikinə bələd olan, necə deyərlər, “yeyib-doymuş, görüb- götürmüş” bir şəxsi seçdilər. Bu adam, yəni Putin köhnə SSRİ məkanındakı münaqişə ocaqlarını necə yaradılmışdısa, o cür də rahatca söndürə biləcəksə, Bakıda, “3-ün kruqunda” onun büstünü qoymağa dəyər. Əks təqdirdə, Balaxanıdakı məlum yerdən daha münasibini tapmaq mümkün olmayacaq. Bu seçimə münasibət Rusiyanın özündə də birmənalı deyil. Təbii ki, əli iqtidarın arxa cibində olan siyasi təşkilatlar bu seçkinin tam demokratik keçirildiyini iddia edirlər və yenidən prezident kreslosunu qızdırmağa gələn Putini alqışlayırlar. Amma Rusiya kommunistləri 04 mart tarixini Rusiya tarixinin “qara günü” adlandırır və belə saxta seçkiyə görə Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun istefasını tələb edirlər. Guya ki, növbəti seçkilərdə Çurov yox, “Murov” sədr olacaqsa, hər şey onların istəyi ilə nəticələnəcək. Kommunistlərin 72 il ərzində öz əkdikləri saxta seçki mədəniyyətidir hələ də bar verir. Harada çoban-çoluq, yaltaq-məddah, ağzı qatıq kəsməyən vardısa deputat seçirdilər. Amma kommunistlərin 07 aprel tarixində Moskvada və Rusiyanın bir sıra digər şəhərlərində keçirtdikləri mitinqlər bir başqa məsələ ilə də yadda qalıb. Kommunistlər yatıb-yatıb indi ayılıblar və görüblər ki, tarixi düşmənləri olan NATO ölkələrinin nəinki siyasi və iqtisadi strukturları, artıq NATO əskərləri də Rusiyaya ayaq basır. Belə ki, məhz Ulyanovskda ( məhz kommunistlərin “levı” atası Vladimir İliç Leninin vətənində) Əfqanıstanda olan NATO əskərləri üçün ilkin məntəqə yaradılır. Guya ki, bu məntəqə Əfqanıstana sosial yardımlar üşün nəzərdə tutulmuş anbar rolunu oynayacaqmış. Amma indi məlum olur ki, artıq Ulyanovckdakı bu bazaya əskər sapoqları dəyəcək. Bunu isə haqlı olaraq Əfqanıstandan başlanan beynəlxalq “narko-tranzit”in mühafizəsi və Rusiyanın NATO-ya keçirilməsinin ilk mərhələsi kimi dəyərləndirmişlər. Çətini odur ki, bir baza yaradıldı. Ruslar bir də ayılacaqlar ki, Rusiyanı öz içindən NATO mühasirəyə alıb və ya artıq ölkəni tam qəsb edib. Beynəlxalq masonun Putinin yenidən prezident seçilməsinə razılıq verməsinin səbəbləri artıq aşkar olunmağa başlayır. Bu ərəfədə Rusiyanın ali dini rəhbəri Vladimir Qundyayev - Patriarx Kirill (daha bir Vladimir) məhkəmədə 20 milyon rubl qazanmaq iddiası ilə bərk məşğuldur. Belə ki, onun Moskvanın ən bahalı yeri sayılan Naberejnadakı mənzilinə qonşusu, sabiq səhiyyə naziri Şevçenkonun öz mənzilində təmir işləri apararkən bir az tikinti tozu keçibmiş. Bizim Bakıda üzlüyü qaralmış daşları yonarkən mənzillərə toz nədir, lap əhəng də dolur, amma heç kəs narazılıq etmirdi, amma o boyda patriarx bir kardioloq həkimdən toza görə 20 milyon təzminat tələb edir. Bizim camaatın qonşusu səhətinə hər cür ziyan vura bilər; nə toza, narahatçılığa, nə kəsif rəng qoxusuna, nə pillələri tutan tikinti materiallarına görə kimsəni qınamazlar. Çünki sabah daha betərini o özü də qonşusunun başına gətirəcək və hesablaşmış sayılacaqlar. Bizdə çalış ki, qonşunun və ümumiyyətlə, vətəndaşın şəxsi malına-mülkünə toxunmayasan. Mərəkə onda başlanacaq. Amma onda da bir atımlıq barıt qədər.

 

***

 

 Azərbaycan hökuməti mart ayında nəhayət ki, daşı ətəyindən tökdü və əhalinin Sovet dövründə əmanət kassalarında qalmış pul vəsaitinin qaytarılmalı olması ilə razılaşdı. Aprel ayında camaatın əmanətini qaytarmaq işləri böyük sürət götürəcək. Ən bahalı yollar, körpülər salan, ən möhtəşəm binalar tikdirən, hətta köhnə binalara bu binaların özündən daha bahalı üzlüklər əlavə etdirən, başqa ölkələrə böyük investisiyalar yatıran, beynəlxalq layihələr, yarışlar, müsabiqələr keçirdən, “Evrovizion-2012”-ə ev sahibliyi edən bir ölkədə dövlətin əhaliyə borclu qalması lap anekdot” olardı. Amma təəssüf ki, bu əmanətlərin qaytarılması qaydaları bir çox lətifələrin mövzü mənbəyi olacaq. Çünki əmanətin hazırkı formada qaytarılması çoxlarının heç ürəyicə olmadı. Sovet dövründə, yəni 92-ci ilin 01 yanvarına kimi qoyulmuş əmanətin ilk 10 min rublunun müqabilində cəmi min manat qaytarılacaq. Bu isə bir rublun 10 qəpik qədər dəyərləndirilməsi, bir növ sovetin kağız rublunun qarşısına sarı on qəpikliyin atılması kimi bir şeydir. Sovet dövrünün həmin 10 min rublu böyük alıcılıq qabiliyyətinə malik idi. Məsələn, ailə başçısı bir qırmızı “onluqla”- 10 rublla bir zənbil dolusu həftə bazarlığı edə bilərdi. İndi həmin 10 rublun müqabilində ( on min rublun qaytarılması üzrə hesablamaya nəzərən alınacaq məbləği böldükdə) cəmi 1 manat əldə edəcək bir əmanətçi bu pulla bazardan nə ala bilər? Dörd-beş dəstə keşniş, vəssəlam. Əmanətin bu cür qaytarılması bu halda ədalətli sayılarmı? Bakıda evləri sökülən vətəndaşlara hər kvadrat metrənin məbləğini orta bazar qiyməti ilə ölçən şanlı hökumətimiz nədən öz borcunu qaytaranda alıcılıq qabiliyyətinə görə bazar məzənnəsini nəzərə almır? Qaydalara əsasən, vətəndaş əmanətini aldığı andan etibarən onun əmanət kassasına olan bütün iddiaları təmin edilmiş hesab olunur və yəqin ki, əmanət kitabçası alınıb ləğv edilir. Bəs onun 1992-ci ilin 01 yanvarından sonrakı tarixlərdə qoyulmuş əmanətlərinin taleyi necə olur? Sonrakı daha 3-5 il üçün də müəyyən, amma 3-5 dəfə aşağı tariflə məbləğ hesablamaq və əmanətçi ilə tamam halallaşmaq olmazdımı? Olmasın 1 milyard, olsun 1 milyard 200 milyon manat! Bununla dövlət kasıb düşməzdi, amma əvəzində milyardlar hesabına da alınması mümkün olmayan etimad qazanardı. İnsanlar yenidən əmanət banklarına vəsait qoyar, milli valyutanın məzənnəsini qüvvətləndirmiş olardılar. Bu yaxşıdır ki, birdəfəlik ödəmə xalqı çərlədərək, onları yaşlar üzrə kateqoriyalara bölərək, hissə -hissə və uzun müddətə deyil, birdəfəyə və bütün əmanətçilərə eyni gözlə baxaraq qaytarılacaq. Bəs bu halda yaranacaq dəhşətli növbələri, növbələrdə, bu basa-basda itirilən vaxtı, gəriləcək əsəbləri, alçalan ləyaqəti və bu səbəbdən qırılacaq və ya qısalacaq ömürləri nədən nəzərə almamışlar? İş adamları bu zaman əmək intizamına necə riayət edəcək? Onun iş vaxtı bitəndə hüquqi varis olaraq müəyyən edilmiş “Kapitalbank” filialları əməkdaşının da iş vaxtı bitəcək. Üstəlik, qapısı önündə yaranacaq keçilməz növbələrin və içəridəki qarışıqlığın ucbatından “Kapitalbank”ın gündəlik bank fəaliyyəti, digər xidmətləri də sıradan çıxacaq. Halbuki, bu işi yerli icra hakimiyyətləri nəzdində xüsusi komissiyalar yaratmaqla qismən sakit tərzdə icra etmək olardı. Büdcə təşkilatları, şöbələr, sosial fondlar və bələdiyyələr sənədlərin toplanılması və yoxlanılması ilə məşğul olar, onları “Kapitalbanka” minlərlə əmanətçinin əvəzinə bir-iki nəfər təhvil verər, bankdan həmin şəxsin hansı tarixdə və saatda vəsaiti alacağı barədə bildirişləri ona çatdıra bilərdi. Bir qədər də təkmilləşdiriləcək bu kimi formalarla əhalinin “Kapitalbank” qarşısında dəhşətli mənzərələr yaradacaq biabırçı növbələrini aradan qaldırmaq olardı. Bu cür qaydalar olmayacaqsa, əmanətlərin qaytarılmasının digər müsbət cəhətləri də urvatdan salınmış olacaq.

 

***

 

 Seyid öz cəddinə arxayın olduğu kimi, İran da İslama arxayın olub Beynəlxalq güclərə əzələ göstərməkdə davam edir. Neçə illərdir uranın zənginləşdirilməsi söz-söhbətini havaya püləməklə məşğuldur. Bir dəfəlik bu zibil atomu istehsal edib, atomdan dinc məqsədlər üçün istifadə etdiyini göstərmir ki, söz-söhbət də bitsin. Heç Pakistan və Şimali Koreya atom bombası əldə edərkən bu qədər şou yapmamışdı. Görünür burada başqa amillər var. Məsələn, çox ola bilsin ki, bütün bunlar tərəflər arasında razılaşdırılmış oyunbazlıqdır. Çünki, İsrailin və ya ABŞ-in İrana hərbi müdaxilə etməyə və ya raket atmağa “duxu” çatmaz. İran Liviya və ya Suriya deyil. Əhalisi də çoxdur, ərazisi də böyükdür. O boyda Aleksandr Makedonski atəşpərəst İran hökmdarı I Daranı məğlub etsə də, sonra daha böyük qələbələr qazana bilmədi və bir ağcaqanadın dişləməsinin badına getdi. İndiki İranın İslam ölkəsi olması təbii ki atəşpərəstlikdən daha böyük faktordur. Amma... Bəlkə İraq, Əfqanıstan, Tunis, Misir, Liviya, Bəhreyn, Suriya müsəlman məmləkəti deyil?! Əgər həqiqi və təmiz siyasi dartışma gedirsə, məncə İran şou yapmamalıdır. İslam hara, şou hara? Sonra da keçəcəklər şou-biznesə! Müğənni Ququş erməni mahnıları oxuduğu kimi, bir də görəcəyik ki, İran hökuməti də Ermənistanla birləşib. Ondan sonra erməni lobbisini özünə düşmən etməməkdən ötrü, ay ABŞ, gəl İrana kəllə at, görüm necə atırsan! O boyda Fransa erməninin əlində avara qalıb. “Mus-mus Mustafa” eləmək lazımdır. Amma bu məsələ hərbi yolla həll edilməməlidir. Çünki hərbi yolla həll edilə biləcək məsələlərin fəsadları onilliklər boyu bitib-tükənmir.

 

***

 

 Aprel ayının bir ümumi duası da var: Allah ehtiyacı olan xalqlara ağıl, fərasət, daha buna ehtiyacı olmayanlara isə bolluca pul yetirsin! Amin!

 

 

Hafiz Mirzə

www.hafizmirza.com 

 

Olaylar.- 2012.- 10 aprel.- S.10.