Tərcümə
ədəbiyyatının qüsurları
Sovet hakimiyyəti dağıldıqdan
sonra ədəbiyyatımızda bir müddət boşluq
yaşandı. Bu boşluğu isə yavaş-yavaş xarici ədəbiyyatların
tərcüməsi doldurub. Amma bu tərcümələrin
hamısı yaxşı deyil, hətta belə demək olar
ki, bir çoxu bərbad tərcümələrdir. İş
o yerə çatıb ki, xarici dili yaxşı bilməyənlər
də dilmanc və digər tərcümə
proqramlarının köməyilə kitab tərcümə
edir və belə məsuliyyətli məsələ həvəskarların
peşəsinə çevrilib. Ən əsası isə
xarici dillə yanaşı, öz dilimizi də mükəmməl
bilməyən şəxslər tərcümə işi ilə
məşğul olur. Bəs oxucular hansı tərcüməçilərdən
narazıdır? Ən pis tərcümə olunan kitablar
hansılardır?
Tərcüməçilərin
elə özləri kitab tərcümələrindəki
problemlərin əsas səbəbini Modern.az saytına
danışdı. Öncə bir neçə oxucudan tərcümə
ədəbiyyatı ilə bağlı sorğu
götürdük.
Şəhla Rəşidova bildirdi ki, o bir oxucu kimi mümkün ola
biləcək bütün kitabların tərcümə
olunmasını istəyir, çünki müasir ədəbiyyatdan
tərcümə nümunələri çox azdır.
”Tərcüməçilərə
gəlincə isə müasir ədəbiyyatı tərcümə
ilə demək olar ki, oxumuram. Ancaq əvvəlki tərcümələrin
əksəriyyəti məncə məqbuldur”.
Oxucu Xanım Əliyeva: “Günel
Mövludun tərcümə etdiyi “Yüz ilin tənhalığı”
əsərini, Əlisa Nicatın çevirdiyi “Yad”, Zaur Səttarlının tərcüməsindəki
“Aqnes”, İsaq İbrahimovun dilimizə çevirdiyi “Polkovnikə
məktub yoxdur” əsərləri xoşuma gəlib. İlqar Fəhmi, Afaq Məsud
da yaxşı tərcümə edir. Nəriman Əbdülrəhmanlı, Fizzə Heydərli
isə pis tərcümə edir. Fizzə
Heydərli “Döyüşçü klubu” kitabını
tərcümə edib, ona tərcüməçiliyi vermək
günahdır”.
Fariz Namazov: “Günel Mövludun tərcümələri
yaxşıdır. “Yüz ilin tənhalığı”nı hər
adam tərcümə edə bilməzdi, İlqar Fəhmi də yaxşı çevirir. Mən
pislərin adını çəkə bilməyəcəm,
amma pis tərcümə olunan əsərləri deyim - Sartrın “Ürəkbulanma”, “Beqbederin “Məhəbbət 3
il yaşayır” əsərləri”.
Məlahət Adilovanın fikrincə, Günel Mövlud və Xədicə
İsmayıl yaxşı tərcümə edir. Bərbad tərcümə
Fizzə Heydərlinin çevirdiyi “Məhəbbət 3 il
yaşayır” romanıdır.
Nəriman Əbdülrəmanlı: “Bizdə tərcüməylə
peşəkarlar yox, həvəskarlar məşğuldur”
Publisist və
tərcüməçi Nəriman Əbdülrəmanlı
nöqsanlar barəsində danışır. O, bildirib ki, tərcümə
işi ilə peşəkarlar məşğul
olmalıdır, bizdə isə artıq tərcümə həvəskarlığa
çevrilib. “Çünki tərcümənin xüsusiyyətlərini
bilməyən adamlar tərcüməçiliklə məşğul
olur, bunun üçün də ortaya zəif kitablar
çıxır. Bundan əlavə, kitab tərcüməsinin
əsas xüsusiyyətlərindən biri də odur ki,
şeiri şair tərcümə etməlidir, onun şeir
anlamı, şeir duyğusu olmalıdır, tərcümə
olunan nəsrdirsə, nasir çevirməlidir. Bunlar olmayanda
ortaya zəif, az qala texniki tərcümələr
çıxır. Birdə ki, tərcümə edən şəxs
Azərbaycan dilinin imkanlarını çox mükəmməl
bilməlidir, yoxsa ki, edilən tərcümələr
çox sönük alınır. Bizdə bu sahəyə
xüsusi, peşəkarların nəzarəti
olmadığından tərcümə işi özfəaliyyətə
çevrilib”.
N.Əbdülrəhmanlı bərbad tərcümələrdən
danışsa da, tərcüməçilərin adını
çəkmək istəmədi: “Mənim ad çəkməyim
düzgün olmazdı, çünki bəziləri qələm
yoldaşlarıdır, bunu başqa yerə yoza bilərlər,
paxıllıq kimi qəbul edə bilərlər. Məsləhətdir
ki, oxucular, jurnalistlər bunları araşdırıb ortaya
çıxarsın”.
Yazıçı
öz tərcümələri haqqında məlumat verdi. “Mən
bu yaxınlarda Elif
Şafakın “Eşq” və İsgəndər
Palanın “Şah və Sultan” romanını tərcümə
edib çap etdirdim. Hazırda dünya ədəbiyyatı
seriyasından Jan Pol Sartın,
Borkesin, Tomas Russun, Nəcib Fazil Qısakürəyin və
Miguel Angel Asturyasın
“Seçilmiş əsərləri”ni tərcümə edib
çapa vermişəm. Elə indi Paulo Coelhonun “Zahir” romanını çevirirəm.
Çox maraqlı və gözəl əsərdir”.
Günel Mövlud: “Mənə təqdim olunan Azərbaycan
dilindən iyrəndim”
Tanınmış
yazar və bir neçə kitabın tərcüməçisi
Günel Mövlud: “Bu tərcümə
məsələsi ümumiyyətlə Azərbaycan dilini
yaxşı bilən yaxşı yazarların problemidir. Dilə
professional yanaşmayan oxucunu bu tərcümə məsələləri
bu qədər narahat edirsə, siz indi fikirləşin dili,
sözü öz iş materialı kimi təqdim edən
yazıçıya necə pis təsir edir, əsəbləşdirir?
Məsələn, son illərdə oxuduğum xeyli tərcümələr
arasında bu yaxşı tərcümədir deyə biləcəyim
bir kitaba rast gəlməmişəm. Bunun da əsas səbəbi
bizim tərcüməçilərin xarici dili deyil, öz
dilimizi pis bilməkləridir. Tərcümədə problem
hansısa cümlənin və ya sözün düzgün tərcümə
olunmasında deyil, dilin axıcılığını,
ruhunu, rahatlığını bilməməkdədir. Markesin yaxşı bir
sözü var ki, tərcüməçiylə müəllif
gərək birgə işləsin, yəni əməkdaşlıq
etsin. Amma indi bizim Markeslə, Marankiylə, Pelevinlə, eləcə
də Dostoyevskiylə əməkdaşlıq etmək
imkanımız yoxdur axı? Buna görə də məcburuq
ki, əsərlərin hamısını özbaşına tərcümə
edək. Amma bizim əlimizdə su kimi axıb gələn,
anlaşıqlı, sadə, səmimi dilimiz var. Əgər
biz bu dillə işləyə bilmiriksə, bu əsərin
orijinalının günahı deyil. Bir çox müəlliflər
var ki, onların dili çox çətindir, o mətnləri
anlamaq üçün bir çox elmlərdən xəbərdar
olmaq lazımdır. Yazarın İQ-si çox yüksək
olmalıdır ki, söhbətin orada nədən getdiyini
anlasın”.
G.Mövlud ən bərbad tərcümə olunan əsərlərin
də adını çəkib. “Viktor Suvorovun “Sonuncu
Respublika, Sovet İttifaqı - 2-ci dünya müharibəsini
niyə uduzdu? adlı əsəri var. Çox hissəsi
memuarlardan ibarətdir, araşdırma tipində bir
romandır. Bu əsər mənim son illərdə oxuduğum
kitablar arasında ən bərbad, belə deyək ki, ən
iyrənc tərcümədir. Mən belə fikirləşirəm
ki, yazar qarşısına məqsəd qoysa ki, Azərbaycan
dilini “it gününə” qoyacam, məqsədyönlü
şəkildə də belə alınmazdı. Yəni o qədər
iyrənc bir tərcümədir. O kitabda mənə təqdim
olunan Azərbaycan dilindən iyrəndim. Bu Əlisa Nicatın tərcüməsidir. Mən hətta
heyrətə gəldim ki, neçə ilin peşəkarı
belə bir iyrənc tərcümə edə bilər? Mən
inanmadım və Əlisa Nicat
niyə o kitaba öz imzasını atıb bunu bilmədim”.
Yazar öz
tərcümələri barəsində də
danışıb. “Mən
Markesin “Yüz ilin tənhalığı”, Murakaminin
“Norveç meşəsi” və Pelevinin
“Omon Ra” adlı üç böyük əsəri tərcümə
etmişəm və indi də Stendalın
“Qara və qırmızı” əsərini tərcümə
edirəm. Ümid edirəm bəyəniləcək,
çünki tərcüməçi kimi yox,
yazıçı kimi o əsərləri mən yenidən
yazıram. Cəhd edirəm ki, əsəri təzədən
yazmış olum, yəni tərcümə etməyim. Məncə
son illərdə ən uğurlu tərcümə “Yüz ilin
tənhalığı”dır”.
Olaylar.- 2012.- 10 aprel.- S.8.