Dünya Azərbaycanlılarının II qurultayı

 

Soydaşlarımızın əsl həmrəylik aksiyası kimi xarakterizə edilirdi

 

Hazırda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji siyasi kurs bu işlərin davamlılığına ən real nümunədir. Dövlət başçısı siyasi fəaliyyətində hər zaman diasporlobbi quruculuğu işinə diqqətlə yanaşır. 2004-cü il, iyulun 27-də xarici ölkələrdə fəaliyyət Azərbaycan diplomatlarının iştirakı ilə keçirilən geniştərkibli müşavirə də prezident İlham Əliyevin diaspora quruculuğu işinə verdiyi önəmin göstəricisi sayıla bilər.

 

Dövlət başçısı həmin müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirmiş və bu fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulamışdı. Həmçinin dövlət başçısı bu müşavirə vasitəsilə diaspor təşkilatlarının qarşısına yeni vəzifələr qoymuşdu: “Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni, bu bizim vəzifəmizdir. Eyni zamanda onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər. Ona görə də səfirliklər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə olmalıdırlar və xaricdə yaşayan soydaşlarımızla işlər daha yüksək səviyyədə qurulmalıdır. Mən bilirəm ki, bu iş bir çox ölkədə gedir. Səfirliklər bu baxımdan işləyirlər. Mən bunu bilirəm. Amma, əlbəttə, istərdik ki, bunun böyük nəticəsi, səmərəsi olsun”.

Diaspor quruculuğu işinin ardıcıllıq, davamlılıq tələb edən əhatəli bir proses olduğu da nəzərdən qaçmamalıdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin daha da güclənməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmiş Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyev bu amili bir an diqqətdən kənarda qoymur. Dövlət başçısı hesab edir ki, diaspor quruculuğu istiqamətində qazanılmış nailiyyətlərin, qarşıda duran vəzifələrin mütəmadi şəkildə müzakirəsinə ciddi ehtiyac var. Elə Azərbaycan prezidenti cənab İlham Əliyevin “Dünya Azərbaycanlılarının ikinci qurultayının keçirilməsi haqqında” 2006-cı il, 8 fevral tarixli sərəncamı da bu məqsəddən irəli gəlirdi. Sərəncam xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarının, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyətin təhlili, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin daha da möhkəmlənməsi, yeni dövrə uyğun olaraq diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşımızda dayanan vəzifələrin müəyyənləşdirilməsi zərurətinə əsaslanırdı. Dövlət başçısının imzalamış olduğu sərəncamdan bir müddət sonra, 2006-cı il, mart ayının 16-da cənab prezident İlham Əliyevin iştirakı ilə Bakıda Dünya Azərbaycanlılarının ikinci qurultayının keçirilməsi diaspor quruculuğu sahəsinə xüsusi diqqətin bariz nümunəsi sayıla bilər. Bu qurultay ölkəmizdə 1993-cü ildən başlanan diaspor quruculuğu siyasətinin yeni mərhələyə qədəm qoyduğunu, davamlı və dönməz səciyyə daşıdığını bir daha təsdiqləmiş oldu. Qurultayın keçirilməsində məqsəd bu sahədə xaricdə yaşayan soydaşlarımızın problemlərini, yaşadıqları ölkələrin iş siyasətinə təsiri imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha sıx əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını, eləcə də milli maraqlar naminə intensiv konsolidasiyanı təmin etmək olmuşdur. Qurultaya 44 ölkədən ümumilikdə 600-ə yaxın nümayəndə dəvət almış, 40-dan artıq ölkədən Azərbaycan diasporunun inkişafında xidmətləri olmuş, milli maraqlarımızın qorunması işində fəal iştirak etmiş ayrı-ayrı şəxslər, siyasi xadimlər, parlament və hökumət üzvləri, tanınmış alimlər və ziyalılardan ibarət 200-dən çox şəxs dəvət edilmişdir. Bu ali toplantı sözün həqiqi mənasında dünya azərbaycanlılarının əsl həmrəylik aksiyasına çevrildi.

Dünya Azərbaycanlılarının ikinci qurultayında Azərbaycan diasporunun mövcud durumu müzakirə edilmiş, diaspor təşkilatlarının fəaliyyətinin kordinasiyasının təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırım aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri əsas diqqət mərkəzində oldu.

Qurultayda aparılan müzakirələrin nəticəsi olaraq yekun qətnamənin, dünya azərbaycanlılarına müraciətin, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı xüsusi bəyanatın, həmçinin işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi abidələrinin və mədəni irsinin dağıdılması barədə beynəlxalq təşkilatlara müraciətlərin qəbulu ümumilikdə dünya azərbaycanlılarının mövqeyinin ifadəsi kimi mühüm önəm daşıyır. Dünya Azərbaycanlılarının ikinci qurultayının ən böyük əhəmiyyəti isə prezident İlham Əliyevin bu möhtəşəm tədbirdəki çıxışında Azərbaycanın diaspor təşkilatlarının gələcək fəaliyyət istiqamətləri barədə irəli sürdüyü tezislərlə bağlı oldu. Əgər ikinci qurultay ötən qurultaydan sonra Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində atdığı addımların, xarici ölkələrdəki Azərbaycan icmalarının gördüyü işlərin səmərəliliyini müəyyən etmək üçün bir növ hesabat xarakteri daşıyırdısa, dövlət rəhbərinin çıxışındakı ayrı-ayrı müddəalar isə həm də Azərbaycan diasporunun növbəti illər ərzində görməli olduğu işlərin, diaspor qurumlarımızın üzərinə düşən vəzifələrin ümumi istiqamətlərini müəyyənləşdirmiş oldu. “Mən həmişə qeyd etmişəm və bu gün də demək istəyirəm ki, Azərbaycan dövlətinin möhkəm olması dünyada yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir. Eyni zamanda xaricdə yaşayan azərbaycanlılar bizim üçün də dayaqdır. Çünki Azərbaycan gənc, müstəqil dövlətdir. Biz yalnız 15 ildir müstəqillik şəraitində yaşayırıq və təəssüflər olsun ki, bugünədək bir çox ölkələrdə Azərbaycan haqqında kifayət qədər dolğun məlumat yoxdur. Bu məlumatı, Azərbaycan həqiqətlərini, Azərbaycan problemlərini, eyni zamanda ölkəmizin artan nüfuzunu, önəmini dünya ictimaiyyətinə çatdırmaq, əlbəttə ki, bizim ümumi işimizə çox böyük töhfə olacaqdır. Mən əminəm ki, artıq mövcud olan gözəl meyillər bu qurultaydan sonra daha da güclənəcəkdir. Azərbaycanlılar daha da möhkəm təşkilatlanacaq, yaşadıqları ölkələrdə daha da möhkəm mövqelərə sahib olacaqlar və beləliklə dünyadakı 50 milyonluq Azərbaycan xalqı daha da yaxşı yaşayacaq, öz məqsədlərinə nail olacaqlar” deyən cənab İlham Əliyev qarşımızdakı strateji məqsədlərin reallaşmasında Azərbaycan diasporunun roluna mühüm önəm verdiyini vurğuladı. Azərbaycanın dünyada təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rolun daha da güclü olması arzusunu dilə gətirdi. Dövlət rəhbərinin mövqeyinə görə, azərbaycanlılar yaşadıqları bütün ölkələrin siyasi həyatında daha fəal rol oynamağa çalışmalı, siyasi partiyalara üzv olmalıdırlar: “Bizim məqsədimiz həm siyasi, həm də iqtisadi proseslərdə fəal iştirak etməklə Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək ki, gücümüz daha da artsın. Bizim gücümüz sizin fəaliyyətinizdir. Sizin də gücünüz Azərbaycan dövlətinin güclü olmasıdır. Azərbaycan dövləti nə qədər güclü olsa sizin mövqeləriniz də bir o qədər güclü olacaqdır. Azərbaycanlıların yığcam yaşadıqları, yaxud da çox böyük sayda yaşadıqları ölkələrin dövlət, hökumət başçıları ilə mənim bu barədə çox geniş söhbətlərim olubdur. Elə bir görüş olmayıbdır ki, biz bu məsələyə toxunmayaq. Elə bir tədbir olmayıb ki, mən bu mövzunu dilə gətirməyim. Hər dəfə bunu edirəm və edəcəyəm. Çünki bu bizim xalqımızın nüfuzunu möhkəmləndirir. Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var-Azərbaycan. Çalışmalıyıq ki, doğma Vətənimizi möhkəmləndirək, zənginləşdirək, qüdrətli dövlətə çevirək”.

Azərbaycan prezidentinin qurultayda toxunduğu bütün bu məqamlar heç şübhəsiz ki, hər şeydən əvvəl məfkurə məsələsidir. Bu məfkurə təkcə Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi maraqlarını özündə ifadə edir. Eyni zamanda harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq bütün azərbaycanlılar rəsmi vətənləri ilə yanaşı, həm də mədəni-mənəvi vətənləri olan Azərbaycan Respublikasının nüfuzunun uca tutulması məsuliyyətini də daşıyırlar. Azərbaycan diasporu vətənimizin milli maraqlarından irəli gələn bu məsuliyyətə sadiqliyini zaman keçdikcə daha böyük əzmlə sübuta yetirməkdədir. Hər il erməni təcavüzkarlarının ötən əsrdə ümumilikdə bəşəriyyətə qarşı törətmiş olduqları dəhşətli cinayətin-Xocalı faciəsinin ildönümü ərəfəsində, eləcə də digər tarixi günlərdə xarici ölkələrdəki diaspor təşkilatlarımız öz qüvvələrini səfərbərliyə alır, dünyanın müxtəlif ölkələrində mədəni-kütləvi tədbirlər keçirirlər.

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 11 aprel.- S.15.