Onlar hansı dildə danışır?

 

 Nəzirməmməd Quliyev: “Dünyanın ən inkişaf etmiş, ən çox turist axını olan ölkələrində belə reklamlar ilk növbədə ölkənin ana dilində olur”

 

Araz Mahmudov: “Reklam tərcümə olunarkən həmin ölkədə yaşayanların təbiətinə uyğunlaşdırılmalıdır”

 

  Ötən gün metroda gedirdim, yanımda iki xarici (hansı ölkədən olduğunu bilmədim) ingiliscə danışırdılar. Uşaq anasından hansı stansiyada düşəcəklərini soruşdu. O isə, “Gənclik” cavabını verdi. Uşaq “Niyə “Gənclik”, axı nə deməkdi gənclik”- deyə soruşdu. Ana isə, bu sözün ingilis dilində nə məna ifadə etdiyi başa saldı. Sonra uşaq gənclik, gənclik deyə qatardan endi. Bir anlıq hansı ölkədən gəldiyini bilmədiyim bir əcnəbinin mənim dilimdə bir söz öyrənməsi çox qəribə bir sevinc yaratdı.

Bəlkə də, bu misal çox qəribə görünə bilər. Amma bu misalı çəkməkdə məqsədim başqadır. Bir anlıq təsəvvür etdim ki, bölgələrdən paytaxta gəlmiş biri də paytaxt küçələrində gəzərkən bir bələdçiyə ehtiyac duyur. Əlbəttə, eyni problemi elə paytaxt sakinləri də yaşayır. Axı hamı ingilis və ya rusca bilmir, hələ mən digər dillərdəki yazıları demirəm. Bilmirəm dünyanın hansısa ölkəsinin sakinlərinin bizim kimi qəribə problemləri var ya yox, amma küçədəki əcnəbi dildə olan yazılar sakinlər üçün əməlli- başlı problemə çevrilib. Təcrübə edin 10-15 dəqiqə paytaxt küçələrində gəzin nə qədər əcnəbi dildə olan yazı ilə rastlaşacaqsız? Axı biz “Uşaq mağazası” deyə bildiyimiz halda niyə “Baby shop” deyirik? Bu cür yazmaqda marağımız nədir? Bu və bu kimi sualları ekspertlərlə müzakirə etdik. “Söz azadlığı müdafiə fondu”nun eksperti Nizamməmməd Quliyev küçə və mediadakı reklamların dili ilə bağlı bir sıra araşdırmalar apardıqlarını bildirdi. Çox təəssüf ki, bu araşdırmalar zamanı heç də xoş olmayan nəticələr əldə edilib. Ümumiyyətlə, paytaxt küçələrində gəzəndə insanlar özlərini itirir. “Bu zamana qədər apardığımız araşdırmalarda dövlət dili və reklam haqqında qanunun tələblərinin pozulduğunu aşkarlamışıq. Məsələn, “Reklam haqqında qanun”un 6.8 bəndində, “Dövlət dili haqqında qanun”un 7.1 bəndində göstərilir ki, “Zəruri hallarda əcnəbi dillərdən istifadə oluna bilər, ancaq onun şriftinin ölçüsü Azərbaycan dilindəki yazılışdan kiçik olmalı və ondan sonra yazılmalıdır”. Lakin apardığımız araşdırmalarda bütün bu tələblərin pozulduğunu müşahidə etdik. Sonuncu araşdırmalar zamanı isə, 500 obyektdən yalnız 6%-də Azərbaycan dilində olan yazı aşkarladıq. Əksəriyyəti ingilis, rus və hətta çin heroqlifləri ilə yazılmışdı”. O həmçinin əlavə etdi ki, apardıqları araşdırmalarda ən çox narahat edən məsələ dillə bağlıdır. Çünki vəziyyət bu cür davam etsə, bu dilin məhv olub sıradan çıxmasına səbəb ola bilər.

 

***

 

 Beynəlxalq Reklamçılar Assossiasiyasının üzvü Araz Mahmudov da bildirdi ki, həm kütləvi informasiya vasitələri, həm də küçə reklamlarında problemlər müşahidə edirik. “Düzdür, qanunda göstərilib ki, reklamlar Azərbaycan dilində olmalıdır, lakin xarici dildə olan reklamlar daha çoxdur. Çünki brend markalı mallar öz dillərində yazılmalıdır. Lakin hansı dildə yazılmasından asılı olmayaraq reklamların yazılışında ciddi səhvlər olur. Bu problemləri araşdıracaq institut yaradılmalıdır. Həm reklam verən şirkətlər, həm də reklamçılar reklam qaydaları haqqında məlumatlanmalıdırlar. Xarici dilə meyl etmənin bir səbəbi də alıcı qüvvəsinə hesablanmış bir üsuldur. Əgər hansısa yeni yaranmış obyekt Azərbaycan yox, digər dillərdə adlandırılırsa, deməli sahibkarın məhz həmin qrup insanlara ünvanlanıb”.

 

Əcnəbilərə marağın səbəbi

 

  Reklamlarda əcnəbi dilinin üstünlük təşkil etməsi müxtəlif cür izah olunur. N.Quliyev də araşdırmalar apararkən bu səbəbləri də müəyyənləşdirdiklərini deyir. “Araşdırma apardığımız obyekt sahibləri müxtəlif səbəblər göstərdilər. Bundan başqa bəzi xarici ölkələrin təcrübələrini də öyrəndik. Bizdə reklamların dilinin bu vəziyyətdə olmasının əsas səbəbi məhz qanunlara əməl etməməyimizdir. Öncəliklə dilimizin qorunması, “Dövlət dili haqqında qanun”da necə əks olunmasına diqqət yetirməliyik. Bundan başqa sahibkarların da burada şəxsi maraq və istəkləri var. Bəzən xarici dildə reklamların üstünlük təşkil etməsinin sahibkarların istəyi olduğu bildirilir. Onlar bu istəyi dəblə ayaqlaşmaq və əcnəbi dildə olan məhsula əhalinin, gələn turistlərin daha çox maraq göstərməsi ilə əlaqələndirirlər. Lakin bunlar hamısı ilk növbədə dilə qarşı bir hörmətsizlikdir. Dünyanın ən inkişaf etmiş, ən çox turist axını olan ölkələrində belə reklamlar ilk növbədə ölkənin ana dilində olur. Məsələn, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş şəhərlərindən olan Dubayda bütün küçə yazı və reklamları öncəliklə ərəbcədir, sonra isə onun digər dillərdə tərcüməsi verilib. Qırğızıstanda da bu məsələyə bizdən daha ciddi yanaşılır. Hətta qanunda qeyd olunur ki, əgər bu ölkədə məhsul satmaq istəyən şirkət öncə həmin məhsulun reklamını öz vəsaiti hesabına tərcümə edib, sonra satmalıdır”. A.Mahmudov da reklamların xarici dildə olması ilə yanaşı, tərcümələrdəki qüsurlara da toxunaraq bildirdi ki, bunun əsas səbəbi tərcüməçilərin professional olmaması ilə bağlıdır. “Tərcümə işi ilə sadə reklamçılar məşğul olur və onların əksəriyyəti heç bu istiqamətdə təhsil belə almayıblar. Çünki Azərbaycanda sırf reklamçılar hazırlayacaq bir ali təhsil müəssisəsi də yoxdur. Əksəriyyət hansısa kursları bitirib bu işlə məşğul olurlar. Lakin reklam hazırlanarkən professional mütəxəsislərə müraciət edilməlidir ki, düzgün tərcümə olunsun. Profesionallara müraciət edilməməsinin əsas səbəbi isə maddiyyatla bağlıdır. Çünki bunun üçün gərək reklam şirkətində əlavə bir işçi olsun ki, sırf tərcümələrlə məşğul olsun. Maddi problemlər belə qüsurların yaranmasına səbəb olur. Lakin hər bir reklam tərcümə olunarkən həmin ölkədə yaşayanların təbiətinə uyğunlaşdırılmalıdır. Reklamın konsepsiyası dəyişdirilməsə də, ümumi məna uyğunlaşdırıla bilər. Hərfi tərcümə olduqda isə, reklam tam anlaşılmır”.

 

Firmaların diktəsi

 

 N.Quliyev yerli reklam bazarının xarici reklamların kölgəsində qalmasının səbəblərindən birinin məhz xarici firmaların diktəsi ilə olduğunu bildirdi. “Araşdırmamız zamanı bu məsələyə də toxunduq. Xarici dildən tərcümələrin belə qəribə alınmasının səbəbinin həmin firmaların diktəsindən irəli gəlidiyi bildirildi. Belə ki, həmin firmalar məhsullarının reklamının məhz orijinala uyğun olmasını, loqonun saxlanmasını tələb edirlər. Lakin düşünmək lazımdır ki, əgər onlar beynəlxalq səviyyəli firmalardırsa, niyə məhz yalnız bizim ölkədə belə diktələr irəli sürə bilirlər. Nə üçün biz buna imkan yaradırıq? Əgər xarici firma məhsulun Azərbaycan satılmasını istəyirsə, bizim anlayacığımız tərzdə reklam olunmasına maraqlı olmalıdır. Ona görə də, düşünürəm ki, bunlar sadəcə bir bəhanədir, heç kim özünü incitmək istəmir. Reklamı hazır formada yayırlar”.

 

Xarici təcrübələr

 

  Qeyd edək ki, müsahiblərim ölkədəki reklamların problemlərindən danışarkən xarici ölkələrin bu sahədəki uğurlarından da danışdılar. Onlar həmin ölkələrdə reklam və dilin inkişafının səbəblərini də göstərdilər. N.Quliyev bildirdi ki, bir neçə ildə apardıqları araşdırmalarımızın nəticələrini Reklamçılar İttifaqı, Bakı Şəhər Reklam departamentini bu haqda məlumatlandırmışıq. Bundan başqa vergilər nazirliyinə də müraciət edilib. Ümumiyyətlə, hansı qurumlara müraciət etdiksə, hamısı məsuliyyətdən yayındılar. “Manitorinqlərin nəticəsi olaraq belə bir qənaətə gəldik ki, Türkiyə, Estoniya, Latviyada olduğu kimi reklamla məşğul olan ayrıca bir qurum yaranmalıdır. Məsələn, Türkiyədə Türk dil qurumu var ki, 1932-cü ildən fəaliyyətdədir. Bu qurum yaranana qədər ölkədə türk dilinin istifadəsi 30% idisə, onun fəaliyyəti nəticəsində 70% qədər yüksəlib. Dili qorumaq üçün bu kimi addımlar atılmalıdır ki, heç kim sərhədləri aşa bilməsin. Ayrı-ayrı fərdlərin müdafiəsi ilə heç bir nəticə əldə edə bilməyəcəyik”.

 

***

 

Məlum olduğu kimi ölkəmiz yaxın zamanda çox önəmli bir musiqi müsabiqəsinə ev sahibliyi edəcək və bu zaman minlərlə turist paytaxtımızın qonağı olacaq. Düzdür, deyəcəksiz ki, yazıların ingilis, rus və digər xarici dillərdə olması xaricilərin anlaması üçün daha münasibdir. Lakin bu həm də dilimizə olan laqeyd münasibətin bir göstəricisidir. Axı gələn turistlər konsert salonunda oturmayacaq, onlar bu tarixi şəhəri gəzib onun insanları, tarixi həmçinin də dili haqqında nələrsə öyrənməyə çalışacaqlar. Yazının əvvəlində də qeyd etdiyim kimi, axı dilini, mədəniyyətini öyrənməyə can atdığımız avropalıların azərbaycanca bir söz öyrənməsinin nəyi pisdir? N.Quliyev də bu məsələyə toxunaraq müsabiqə ərəfəsində turist axının çoxluğunu nəzərə alaraq küçədəki reklamların dilinə xüsusi diqqət yetirilməsi olduğunu vurğuladı. “Eurovision bir fürsətdir ki, dünya ölkələri Azərbaycanı tanısın. Amma turistlər gəlib hər yerdə ingilis, rus, çin dilində yazılarla hansı Azərbaycanı tanıyacaq? Düzdür, xarici dillərdə yazılar olar, amma öncəliklə tarix, mədəniyyət və sairlə bağlı yazılar məhz ana dilində olmalıdır. Azərbaycanı azərbaycanca tanısınlar”. A.Mahmudov isə, xarici ölkə təcrübələrindən bəhrələnməli olduğumuzu bildirsə də, reklam problemlərinin həll olması üçün xüsusi bir qurumun yaranmasına ehtiyac olduğunu əlavə etdi. “Bu gün reklam sahəsində həm hansısa bir qurumun yaranmasına ehtiyac var, həm də reklamçılar arasında birlik olmalıdır. Türkiyədə Reklamçılar birliyi var ki, həmin təşkilat reklamçılara həm marketinq, istehsal istiqamətləri üzrə dərslər keçir, yenilikləri bölüşürlər. Bizdə bu mümkün olmur, çünki hansısa bir reklamçı texnologiya sahəsində etdiyi hansısa bir yeniliyi bölüşmək istəmir. Ona görə də problemi müəyyən qədər həll etmək üçün təşkilatımız rəssamlıq, dizayn sahəsində təhsil alan gənclərin reklam, dizayn şirkətlərində professional kadr kimi yetişdirilməsi istiqamətində işlər görməyi planlaşdırır”.

 

Gülxar Şərif

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ABUC-nin həyata keçirdiyi “Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi” layihəsi çərçivəsində çap olunur.

 

 

Olaylar.- 2012.- 11 aprel.- S.10.