Azərbaycanda
boşanmaq qərarını daha çox kim verir?
Azərbaycan
ailələrində bu addımı
birinci kim atır - qadın, yoxsa
kişi?
Boşanmış
cütlüyün valideynlərinin ailə
həyatı necə olub? Boşanma
baş vermədən əvvəl cütlük hansı qabaqlayıcı tədbirlərə
müraciət ediblər? Boşanmalar
hansı səbəblərdən baş verir?
Boşanma
ilə bağlı bir çox
məsələlərə aydınlıq gətirən "Aktual" Elmi-Sosioloji
Araşdırmalar Mərkəzi tərəfindən
keçirilən araşdırma zamanı Azərbaycan ailələrinin
boşanma problemləri ilə
bağlı əhəmiyyətli və maraqlı nəticələr
əldə edilib.
Araşdırmaların nəticələrini
Trend-ə açıqlayan "Aktual"
Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin
rəhbəri, sosiologiya elmləri üzrə
fəlsəfə doktoru Əbülfəz Süleymanlının sözlərinə
görə, 55 faizi qadın, 45 faizi kişi olmaqla, 19-50 yaş
arasında olan 120 respondent
arasında aparılmış tədqiqat zamanı
məlum olub ki,
respondentlərin coxu - 24,6 faizi
evləndikdən iki il
sonra, 23 faizi evliliyin ilk 6-12 ayında,
21,3 faizi evləndikdən 7-9 il sonra boşanma
qərarına gəlib.
Tədqiqatlar
nəticəsində boşanma qərarının
daha çox
qadınlar tərəfindən verildiyi məlum
olub. Süleymanlı bildirib
ki, bəziləri sonda
nəticənin eyni olduğunu
nəzərə alıb, bu qərara birinci kimin gəlməsini
əhəmiyyətsiz sayırlar. Ancaq bu, çox yanlış mövqedir. Çünki
söhbət qadının və yaxud kişinin rədd edilməsindən gedir. Bu sahədə
aparılan müşahidələr də göstərir ki, rədd edilmək kişi
üçün daha
ağırdır. Bu zaman
kişinin özünə inamı
azalır, cəmiyyətdə dost-tanış arasında özünü təhqir olunmuş,
mənən alçalmış sayır.
***
Boşanmaya
qərar verən zaman müəyyən çətinliklərdən
keçən respondentlərin çoxuna
uşağının olması mane olub. Kişi respondentlər
daha çox uşaq faktorunu onları boşanmadan çəkindirən
məqam kimi qeyd etdikləri halda, qadınlar daha çox
valideyn və qohum faktorunu önə çəkiblər.
Cütlərin boşanma qərarında maddi faktor əhəmiyyətli
rol oynayıb. Xüsusilə qadınlar bu faktoru daha çox
önə çəkiblər.
Sosiloqun
fikrincə, istər nikahların bağlanması, istərsə
də pozulmasına insanların yaşadıqları dövr,
həmin dövrün siyasi, iqtisadi, mənəvi-psixoloji amilləri
böyük təsir edir. Məlum olub ki, respondentlərin
böyük əksəriyyəti (27,5%) 2004-2007-ci illər
arasında və 1987-1990- cı illər arasında (19,2%) ailə
həyatı quranlardır. Boşanmalar da 2006-2011-ci illərdə
daha çox olub.
Mərkəz
rəhbərinin sözlərinə görə, evlilik həyatının
uğurunu və uğursuzluğunu səciyyələndirən
amillərdən bir də evlilik illəridir. Elmi ədəbiyyatda
bütün ölkələr üzrə ailə həyatı
üçün dörd dövr təhlükəli hesab
olunur. Bunlardan birincisi nikahdan sonrakı ilk aylar, yəni bal
ayının sonları, ikincisi, qeyri-sabit olan ailə həyatının
üçüncü ilinin sonudur. Ailə həyatı
üçün üçüncü təhlükəli
dövr problemsiz və monoton keçən 7-ci ilin sonunda,
sonuncusu isə evliliyin kifayət qədər inkişaf
etmiş bir dövründə - 15-ci ilə təsadüf edir.
Mütəxəssislər hər altı cütlükdən
birinin bu dövrlərdə ailə problemi ilə üzləşdiyini
qeyd edirlər. Tədqiqatın nəticələri zamanı
da bu fərziyyənin özünü doğrultduğu
görünür. Respondentlərin 36,1 faizi məhz evliliyin ilk
üç ilində, 21,3 faizi isə 10-12 ilində
nikahlarını pozublar.
Süleymanlı
deyib ki, boşanmış cütlüklərin təhsil fərqləri
də olur. Boşanmış qadınların keçmiş həyat
yoldaşları arasında ali təhsillilərin sayı daha
çoxdur.
Sosioloqun
fikrincə, ər-arvadın təhsil fərqi istər-istəməz
bu amilin sonrakı dövrdə anlaşmazlığın bir səbəbi
kimi ortaya çıxma ehtimalını gücləndirir.
Boşananlar arasında Bakıda doğulanların sayı
çoxluq təşkil edir. Bu isə onu göstərir ki,
şəhər mühitində böyüyən insanların
problemlərə dözümlülüyü nisbətən zəif
olur. Eyni zamanda, şəhərdə əyalətlərlə
müqayisədə ictimai nəzarətin zəif, stress
hallarının yüksək olması və işləyən
qadınların sayının daha çox olması
boşanmaya səbəb olan amillər sırasındadır.
Rayonlara gəlincə
isə, burada boşanma arzu olunmayan bir hadisə kimi qəbul
olunsa da, artıq bu stereotiplər getdikcə dəyişməkdədir.
Rayonlarda boşanma ilə bağlı düşüncə tərzinin
dəyişməsində yeni informasiya məkanı -
televiziya, radio, internet vasitəsilə ötürülən
informasiyalar təsir göstərir. Diqqət çəkən
məqamlardan biri də boşanmış respondentlər
arasında internet yolu ilə tanış olub evlənənlərin
olmasıdır. Bu da virtual aləmdə tanış olub evlənənlərin
arasında gələcəkdə boşanma hallarının
sayının arta biləcəyini göstərir.
Nəticələrdən
məlum olur ki, respondentlərin böyük əksəriyyəti
keçmiş həyat yoldaşları ilə "məsləhət
yolu ilə" ailə qurub. Bu sırada daha sonrakı yeri
qohum olduğu üçün ailə həyatı quranlar
tutur.
Araşdırmalardan
o da məlum olur ki, boşanmış kişilərin
çoxunun həyat yoldaşı evdar qadın olub. Bu da
onların boşanmadan sonrakı dövrdə iqtisadi
baxımdan bir çox problemlərlə üzləşmə
ehtimalını artırır. Müəllimə, həkim və
tibb bacısı kimi nisbətən sabit iş sahələri
təmsilçiləri üçün bu problemin nisbətən
az hiss olunacağını proqnozlaşdırmaq olar.
Qadınlar boşandıqdan sonrakı dövrdə iş həyatına
daha çox qoşulurlar.
***
Araşdırma
zamanı o da məlum olub ki, ər-arvadın boşanması
ilə onların valideynlərinin və yaxın
qohumlarının boşanması arasında müəyyən
əlaqə var. Respondentlər boşanmanın səbəbi
kimi ilk sırada qohumların təzyiqini və müdaxiləsini,
ikinci sırada keçmiş həyat yoldaşlarının
ailəyə qarşı laqeyd olmasını,
üçüncü sırada dünya görüşü
və təhsil fərqini qeyd ediblər. Bundan başqa, ailədəki
davamlı münaqişələr, xəyanət faktoru, maddi
problemlər, sonsuzluq, içki aludəçiliyi, xarakter
uyğunsuzluğu boşanmaya səbəb olan
faktorlardandır.
Tədqiqatın
nəticələri belə bir fikir deməyə əsas verir
ki, cütlüklərin yarıya yaxın hissəsində
boşanmaya səbəb olan məqamlar hələ evlənmədən
əvvəl rüşeym halında mövcud olub. Lakin onlar
bunun evləndikdən sonra düzələcəyinə
ümid ediblər. Bu məqamlar evlilik həyatı boyunca da
artaraq davam edib və nəticədə arzu olunmayan sonluq
baş verib.
Olaylar.- 2012.- 11 aprel.- S.6.