Diaspora həyatında yeni mərhələ

 

Dünya Azərbaycanlılarının III qurultayı

 

Ümummilli lider Heydər Əliyevin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi diasporlobbi quruculuğu istiqamətində də Heydər Əliyev siyasətini uğurla davam etdirir.

Dövlət başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2011-ci il, yanvarın 21-də imzalamış olduğu sərəncam bu baxımdan mühüm əhəmiyyət daşıyırdı. Dövlət başçısının imzalamış olduğu həmin sərəncamda Bakıda Dünya Azərbaycanlılarının üçüncü qurultayının keçirilməsi nəzərdə tutulurdu. Sərəncama uyğun olaraq həmin il iyulun 5-də Bakıda Dünya azərbaycanlılarının III qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. Qurultayın işində dünyanın 42 ölkəsindən seçilmiş 600 nümayəndədən 579 nəfəri, həmçinin dünyanın 30 ölkəsindən 211 nəfər qonaq iştirak edirdi. Azərbaycan prezidentinin qurultayda proqram xarakterli çıxışı diaspor təşkilatlarımız üçün yeni hədəflər müəyyənləşdirmiş oldu. Dövlət başçısının çıxışı zamanı ilk toxunduğu məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi və cənab prezident Azərbaycan diasporuna bu işdə daha fəal olmağı tövsiyyə edirdi: “Siz, dünyada yaşayan azərbaycanlılar yaxşı bilirsiniz ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız o ərazilərdə yaşamışdır, yaratmışdır. Ermənilər o əraziyə qonaq kimi gəlmişlər. Biz onların Dağlıq Qarabağa gəlməyinin tarixçəsini də yaxşı bilirik”. Buna rəğmən erməni lobbisinin vaxtilə dünyada antiAzərbaycan təbliğatı aparmağa nail olduğunu deyən dövlət başçısı artıq Azərbaycan diasporunun adekvat tədbirlər həyata keçirdiyini, yalançı erməni təbliğatını ifşa etdiyini vurğulayıb: “Diaspor təşkilatlarının fəaliyyəti erməni lobbisinin Azərbaycan əleyhinə apardığı çirkin kampaniyaya qarşı tutarlı bir cavabdır. Sirr deyil ki, müstəqilliyimizin ilk illərində bizim nə böyük maliyyə imkanlarımız var idi, xaricdə yaşayan azərbaycanlılar da o vaxt hələ təşkilatlanmamışdılar. Ancaq hazırda bütün ölkələrdə diaspor təşkilatlarımız erməni təbliğatına qarşı Azərbaycan reallıqlarını ortaya qoyurlar. Mən bu hərəkətləri, bu siyasəti alqışlayıram və bizim diaspor təşkilatlarının üzvlərinə bu fədakar və çox gözəl missiyaya görə minnətdarlığımı bildirmək istəyirəm. Biz çalışmalıyıq ki, Azərbaycan haqqında reallıqları bütün dünyaya bildirək. Bizə qarşı dünyada erməni lobbisi fəaliyyət göstərir. Bizə qarşı mübarizə aparır. Onların təsir dairəsində olan bəzi siyasətçilər, bəzi mətbu orqanlar, bəzi ictimai qurumlar Azərbaycana qarşı kampaniya aparırlar - ləkələmə kampaniyası, Azərbaycan reallıqlarını təhrif etmək üçün uydurmalar, düzgün olmayan faktlar yayırlar, yalanlar, böhtanlar yağdırırlar”.

Dünya Azərbaycanlılarının üçüncü qurultayı bundan əvvəl keçirilən iki qurultayın nəticələrinin müzakirəsi ilə yanaşı, bundan sonra atılacaq addımları müəyyənləşdirmək, qarşıya qoyulan hədəfləri dəyərləndirmək baxımından da əhəmiyyətli hadisə idi. Bu qurultay bir daha sübut etdi ki, Azərbaycan diasporu üçüncü qurultaya qədərki dövrdə böyük bir yol qət edib, bəzi ölkələrin yüz ilə gördüyü işləri Azərbaycan diasporu qısa vaxt ərzində həyata keçirib. Artıq bu bir təkzibolunmaz faktdır ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tam formalaşıb. Dünya Azərbaycanlılarının birinci qurultayından keçən dövrdə müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən böyük işlər görülüb. Eyni zamanda xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının da sayı artıb. Əgər Dünya Azərbaycanlılarının üçüncü qurultayına qədər ayrı-ayrı ölkələrdə 336 diaspor təşkilatı mövcud idisə, hazırda onların sayı 420-yə çatıb. Sevindirici hal ondan ibarətdir ki, diaspor təşkilatlarımız yalnız kəmiyyət baxımından deyil, eyni zamanda keyfiyyət baxımından da güclənir. Azərbaycan diaspor təşkilatları üçün müsbət məqamlardan biri də ondan ibarətdir ki, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən təşkilatlar, cəmiyyət və birliklər arasında birlik təmin olunub, bir sıra təşkilatlar konqres, assambleya halında birləşiblər. Elə Azərbaycan prezidenti cənab İlham Əliyev də Dünya Azərbaycanlılarının üçüncü qurultayında çıxışı zamanı bu məsələyə toxunaraq müəyyən iradlarını bildirdi, diaspor təşkilatları arasında birliyin vacib olduğunu vurğuladı: “Mən hesab edirəm ki, ən vacib amillərdən biri diaspor təşkilatlarının birliyidir. Bəzi hallarda bir ölkədə bir neçə diaspor təşkilatı fəaliyyət göstərir, böyük ölkələrdə əlbəttə ki, onların sayı onlarladır. Əksər hallarda cəmiyyətlər arasında əlaqələr sağlamdır. Ancaq elə hallar var ki, orada müəyyən ziddiyyətlər, müəyyən problemlər, anlaşılmazlıq ortaya çıxır. Mən çox xahiş edirəm ki, əgər belə bir hal varsa, buna son qoyulsun. Çünki biz ölkə daxilində də, xaricdə də bir yerdə olmalıyıq. Birlik bizi gücləndirir. Birlik olmasa, biz güclü ola bilmərik. Bu aksiomadır. Ona görə hesab edirəm ki, diaspor təşkilatlarının fəaliyyətinin inkişafı üçün biz birliyi tam şəkildə təmin etməliyik. Bununla bərabər, mən hesab edirəm, - bəzi hallarda biz artıq bunu görürük. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı gəlib çatıb. Həm ölkəmizin inkişafı, həm diaspor təşkilatlarımızın güclənməsi qarşımızda indi belə imkanlar açır. Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır. Mən hesab edirəm ki, bu, realdır. Ümid edirəm ki, biz növbəti qurultaya qədər artıq bu barədə də yaxşı xəbərlər eşidəcəyik”.

Dünya Azərbaycanlılarının üçüncü qurultayında prezident İlham Əliyevin diaspor təşkilatlarına verdiyi tapşırıq və tövsiyyələrdən sonra bu sahədə fəaliyyət demək olar ki, bir qədər də intensivləşib, diaspor fəaliyyəti yeni bir mərhələyə qədəm qoyub. Dövlət başçısının tapşırıq və tövsiyyələrini nəzərə alan diaspor təşkilatlarımız öz aralarında olan birlik və bərabərliyi daha möhkəmlədib, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işini sürətləndiriblər. Bu fəaliyyəti yaxın bir neçə ay ərzində dünyada və regionda baş verən proseslər fonunda da görmək mümkündür. İstər Fransa Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qanun təklifini müzakirəyə çıxarmasına yönələn etirazlar, istər 20 Yanvar faciəsinin 22-ci və Xocalı soyqırımının 20-ci ildönümü, istərsə də 31 mart-Azərbaycanlılarının Soyqırım Gününün xarici ölkələrdə geniş şəkildə qeyd edilməsi və dünya ölkələrinin rəsmi və qeyri-rəsmi qurumlarının bu soyqırımlar barədə məlumatlandırılması Azərbaycan diasporunun məqsədyönlü fəaliyyətini təsdiqləmiş olur.

Beləliklə, dövlətimizin diaspor siyasəti xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi ilə özünün yeni mərhələsinə qədəm qoyub. İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər. Hazırda dünyanın əksər ölkələrində Azərbaycan icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir. Bu gün Azərbaycan daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sıx birliyimiz dayanır. Ona görə də harada yaşadığımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir. İndi sürətlə inkişaf edən Azərbaycan bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsəd naminə səfərbər edirlər.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 12 aprel.- S.15.