Azərbaycanda pos-terminallar niyə işləmir? 

 

“Bizim dükana düz bir aydır pos-terminal yerləşdiriblər, amma bir nəfər də müştəri məndən kartla ödəmək üçün pos-terminal soruşmayıb. Necə işlətməyi düz əməlli də bilmirəm, quraşdıranda öyrətmişdilər, amma işlətmədikcə yadımdan çıxır. Yəni bunun xeyrini görməmişik, amma əvəzində bizdən ayda 15 manat xidmət haqqı istəyirlər”,- bunu ANS PRESS-ə Bakının Yasamal rayonundakı şirniyyat dükanının satıcısı deyir.

 

Orta yaşlı qadın, bununla belə, pos-terminalı lazımsız saymadığını da vurğulayır: “Deyirlər ki, “Eurovision” günlərində kartdan istifadə edən çox olacaq, yəni istər-istəməz pos-terminallardan istifadə edəcəyik”.

Orta yaşlı şirniyyatçı qadının dediklərini indi Bakının ticarət və xidmət sektorunda işləyən istənilən adamdan eşitmək olar. Məsələ burasındadır ki, ölkə başçısının 24 noyabr 2011-ci il tarixli sərəncamı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 17-ci maddəsinə dəyişiklik edilib və orada xidmət və ticarət obyektlərində pos-terminalların quraşdırılmasının vacibliyi vurğulanıb. “Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq pos-terminallar quraşdırılmalıdır”,- deyə maddəyə əlavədə bildirilir. Yeni düzəlişə görə, pos-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə pos-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 17-ci maddəsinə əlavə edilmiş növbəti paraqrafda isə pos-terminalların quraşdırılmasının məcburi olduğu vurğulanır: “Pos-terminalların quraşdırılmaması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.

Qanuna düzəlişi gerçəkləşdirməli icra hakimiyyəti orqanı kimi Vergilər Nazirliyi son aylarda bu sahədə fəaliyyəti gücləndirib. Artıq Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə demək olar ki, bütün ticarət və xidmət obyektlərinə pos-terminalların quraşdırılması barədə sənədlər təqdim edilib və bunun üçün müxbir hesabları olan banklara müraciət etmələri tövsiyə edilib. Rayon mərkəzlərində yerləşən iri mağaza və servis xidmətlərinə də bununla bağlı göstərişlər verilib. Pos-terminallar pulsuz quraşdırılır və bank aparatla edilən əməliyyatlardan götürdüyü gəlirlə ona xidmət pulunu çıxarır. Əgər ticarət nöqtəsində fəaliyyət aşağıdırsa, onda bank fəaliyyətsiz pos-terminallar üçün 15-20 manat səviyyəsində aylıq xidmət haqqı müəyyən edir. Bakının Yasamal rayonunda fəaliyyət göstərən bir avtomobil ehtiyat hissələri dükanından verilən məlumata görə, bank mağazadan pos-terminal vasitəsi ilə ayda ən azı 1000 manatlıq dövriyyə tələb edir, əks halda mağaza pos-terminala xidmət haqqı kimi hər ay 15 manat pul ödəməlidir. Əgər pos-terminallarda normal dövriyyə olarsa, bankların gəliri daha yüksək olmalıdır - hazırda Azərbaycan bankları kart ödənişləri üçün dövriyyədən 1,5-3%-ə qədər pul tutur ki, bu da 1000 manatlıq dövriyyə üçün 30 manata qədər pul edir. Yəni istənilən halda banklar məsələdən gəlirli çıxırlar və buna görə də pos-terminal quraşdırılması məsələsində bir növ yarışa çıxıblar - son günlərdə bu sahədə fəaliyyət aktivliyi 20 dəfəyə qədər artıb. Vergilər Nazirliyinin məlumatına görə, əgər əvvəllər prosesinq mərkəzləri tərəfindən gün ərzində maksimum 15-20 pos-terminal qeydiyyata alınırdısa, hazırda bu rəqəm 300-400-ə çatdırılıb. Nazirliyin məlumatına görə, hazırda 20 minə yaxın pos-terminal quraşdırılıb. Və bu rəqəm bankların hələ 165 minə yaxın obyektdə pos-terminal quraşdırmaq imkanına malik olduğunu göstərir. Statistikaya görə, Azərbaycanda 185 minə yaxın ticarət nöqtəsi var - bunun 40 minə yaxını hüquqi statuslu xidmət və ticarət nöqtələridir. Bazar və yarmarkalarda da 40 minə yaxın ticarət nöqtəsi var. Həmçinin ölkədə 55 min mağaza və 6 minə yaxın köşk mövcuddur. 9 minə yaxın iaşə müəssisəsi və 20 minə yaxın atelye fəaliyyət göstərir. Prezidentin fərmanına görə, 2,5 min aptekdə və 10 mindən çox taksidə də POS-terminal quraşdırılmalıdır. Ölkədə iki prossesinq mərkəzinin - "Azerikart" və "Millikart"ın işlədiyini və bu mərkəzlərə üzv olan bankların pos-terminallarının digər mərkəzə aid kartları görməmək ehtimalı olduğu nəzərə alınarsa, ölkədə quraşdırılmalı pos-terminal sayı 350 minə qədər qalxa bilər.  Əslində, bu sayda pos-terminalların quraşdırılması və ticarət dövriyyəsində nağdsız hesablaşmaların artması Azərbaycan dövlətçiliyi və əhali üçün çox əlverişlidir. Birincisi, pos-terminalların quraşdırılmasının xüsusilə də neftdən kənar bölmə üzrə vergi ödənişlərinin artmasına səbəb olacağı ehtimal edilir. Bu fikir Vergilər Nazirliyinin mətbuat xidmətindən ANSPRESS-ə verilən məlumatda da vurğulanır. Mətbuat xidmətinin əməkdaşlarının fikrincə, istənilən halda vergi dərinliyi artacaq, çünki pos-terminallar vasitəsi ilə ödəniş bank vasitəsi ilə gerçəkləşdirilir və ticarət nöqtəsi bu cür fəaliyyəti heç cür gizlədə bilməz. Bu, istehlakçılar üçün xüsusilə əlverişlidir, çünki alıcını kağız pulların yaratdığı problemlərdən azad edir. Yəni müştərinin üzərində daşıdığı kağız pulun təhlükəsizliyi, ona qaytarılan qalıq pulun saxta olub-olmaması ilə bağlı qayğıları aradan qalxır.

Qeyd edək ki, nağd ödənişlərdən imtina XXI əsrin ən böyük iqtisadi meyllərindən biridir və bir çoxları bu əsrdə kağız pulun yoxa çıxacağını ehtimal edirlər. İnkişaf etmiş ölkələrdə pərakəndə ticarət dövriyyəsinin 80%-dən çoxu nağdsız hesablaşmalar vasitəsilə aparılır, nağd hesablaşmalar yalnız xırda hesablaşmalarda gerçəkləşdirilir. Qonşu Rusiyada da bu sahədə ciddi işlər gedir və Rusiya bankları ölkə ərazisində milyonlarla pos-terminal quraşdırırlar və əhali də kartla alış-verişə xüsusi diqqət yetirir. Məsələn, Rusiya “Sberbank”ı öz milyonuncu pos-terminalını 1 dekabr 2011-ci ildə Tümendə quraşdırdı və bu pos-terminalla alış-veriş edən ilk alıcıya planşet hədiyyə edib.

Amma Azərbaycanda tam tərsinədir və əhalinin əksəriyyətində, xüsusilə də pensiyaçılarda bank kartları olmasına baxmayaraq, əhali kartla alış veriş etməyə maraq göstərmir. ANS PRESS-in pos-terminallar quraşdırılmış ticarət nöqtələrində apardığı araşdırmaya görə, orta statistik azərbaycanlıların getdiyi orta həcmli marketlərdə pos-terminal quraşdırılsa da, bir ay ərzində bir nəfər də müştəriyə xidmət göstərilməyib. Pos-terminallarla ödəniş yalnız xarici vətəndaşların, yaxuda da xarici şirkətdə işləyən azərbaycanlıların getdiyi iri supermarketlərdə təsadüf edilir. Lakin həmin ticarət obyektlərində də nağdsız ödənişlərin payı yüksək deyil, məsələn, Bakının Cavid prospektinin yuxarı başında yerləşən iri, şəbəkəyə məxsus supermarketdə satıcı qız gün ərzində 2-3 müştəriyə kartla xidmət etdiyini qürurla bildirirdi. Amma yaxınlıqda yerləşən brend uşaq malları mağazasında isə kartlı müştərilərə bir neçə gündən bir təsadüf edildiyini söyləyirlər.

Yəni Azərbaycan xalqı kartla ödənişə hələ alışmayıb. Hadisəni araşdıran Azad İstehlakçılar Birliyi (AİB) bunu bu cür ödənişin adi ödənişdən baha başa gəlməsi ilə izah edir: “Kartla ödəniş adi ödənişdən 3%-ə qədər baha çıxır. Bu günlərdə bizə bununla bağlı bir neçə şikayət daxil olub. Camaat ona görə də nağdsız hesabatlardan qaçır”,- deyə AİB sədri Eyyub Hüseynov ANS PRESS-ə bildirib.

Azərbaycanın iki kart prossesinq mərkəzindən birinin – “Azərikart”ın təsisçisi Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən isə bildiriblər ki, kartla ödənişlərin qiymətinin qalxmasında əsas günahkar ticarət nöqtələridir. “Qaydalara görə, kartla ödəniş zamanı bank 1,5-2% xidmət haqqı tutur. Bu pul müştəridən deyil, mağazadan tutulmalıdır. Mağazanın bu məsələdə qazancı məhsulunu reallaşdırmasıdır. Yəni bankın göstərdiyi xidmətin haqqı müqabilində gəlirinin bir qismindən imtina etməlidir. Daha bank xidmətinin haqqını müştərinin belinə yükləməməlidir”,- deyə AAB mətbuat xidmətinin başçısı Rauf Ağayev bildirir.

ABB təmsilçisinin fikrincə, AİB bu məsələni qaldırmaqla doğru addım atıb: “Bu da supermarketlərin müştərilərə gəldiyi növbəti fırıldaqlardan biridir, yəni qiymət piştaxtada az göstərilir, kassada isə çox çıxılır. Məsələn, elə supermarketlər var ki, kassa qiyməti piştaxta qiymətindən 18% yüksək olur, səbəbini soruşanda “18% əlavə dəyər vergisidir, onu dövlətə ödədiyimizdən piştaxtada göstərmirik” deyirlər. Zənnimcə, Azad İstehlakçılar Birliyi bu məsələni də gündəmə gətirməlidir",- deyə Rauf Ağayev vurğulayır. Onun sözlərinə görə, hazırda Azərbaycan bankları nağdsız hesablaşdırmaları stimullaşdırmaq üçün bir sıra kampaniyalara başlayıblar ki, bunlardan biri bonus kampaniyasıdır. Yəni müştəri hər dəfə kartla alış-veriş etdikdə bonus qazanır və toplanan bonusları sonradan kampaniyanın keçərli olduğu şəbəkələrdə pul əvəzində işlədə bilir. ABB-nin buraxdığı Visa Electron, Visa Classic və Visa Gold kartları bonus xüsusiyyətinə malikdirlər. Kampaniyadan yararlanmaq üçün alıcı bonus nişanı olan mağazada alış-verişi bonusla gerçəkləşdirmək istədiyini kassirə bildirməlidir ki, kassir ona bonuslu qəbz təqdim etsin. Həmin qəbzdə həm əsas ödəniş, həm də bonusun miqdarı göstərilir. Alıcı toplanan bonusları yığaraq kampaniyanın keçərli olduğu istənilən ticarət nöqtəsinə təqdim edərək, bonus qarşılığında alış-veriş edə bilər. ABB-nin bonus şəbəkəsinə daxil olan mağazalarda bonus miqdarı əsas ödənişin 5%-dən 20%-ə kimi dəyişir və qeyd edək ki, bu, Rusiyada təqdim edilən bonus səviyyəsindən xeyli yüksəkdir - şimal qonşumuzda bu göstərici 3% səviyyəsindədir. Rauf Ağayev Azərbaycanda tətbiq edilən stimullaşdırıcı təkliflərin yüksək olmasının nəticəsiz qalmayacağına və əhalidə kartla alış-verişə həvəs artacağına inanır: "ABB-nin bonus kampaniyasına daxil olan elə mağaza şəbəkələri var ki, 100 manatlıq alış-veriş etdikdə 20 manatlıq bonus əldə etmək mümkündür. Bu, yetərincə əlverişli məbləğdir və gec-tez öz işini görəcək",- deyə ABB təmsilçisi bildirir.

 

 

Olaylar.- 2012.- 12 aprel.- S.12.