“Lobbiçilik asan qurula bilən sistem deyil”

 

Zaur Əliyev: “Azərbaycan diaspora hərəkatına tam olaraq 2001-ci ildən sonra başladı”

 

“Həmin ildən sonra Azərbaycan diasporunun fəaliyyətində çox ciddi canlanma müşahidə olunur”

 

“Diaspor və Lobbi” Strateji Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyevin “OLAYLAR”a müsahibəsi

 

-Zaur müəllim, Azərbaycan diasporunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-İlk olaraq istərdim bir fikirlə problemə münasibətimi bildirim. Sayı 50 milyon göstərilən dünya azərbaycanlılarının 10 milyonun diaspor təşkil etməsinə baxmayaraq real olaraq bu gün biz güclü diasporumuz var sözünü cəsarətlə deyə bilmərik. Bəli, biz deyə bilərik ki, diasporumuz var. Bunu etiraf etməliyik. Lakin onu da etiraf etməliyik ki, onlar yaşadıqları dövlətlərin siyasətinə, yerli ictimai rəyə təsir etmək qüdrətində deyillər, passivdilər, dövlətin vacib siyasətində iştirak etmirlər. Diplomatik qurumlarda əksər əməkdaşlar Azərbaycan dilində normal yaza və danışa bilmirlər. Ora müraciət edənlərə rus dilində yaxud ingilis, alman, fransız dillərində cavab verilir. Dövlət dilimizə hər iki tərəfdən hörmətsiz yanaşılır. Biz tam olaraq birlik göstərə bilmirik. Bunun səbəblərini isə diasporun özündə də axtarmaq olar. Çünki diasporumuzun özünün strukturu fərqlidir, müxtəlif dövlətləri təmsil edir və ümumi razılıq çox zaman çətinliklə alınır. Diasporun bəzi nümayəndələri zəif işləmələrini maliyyə problemləri ilə əlaqələndirirlər. Ancaq mən deyərdim ki, diasporun maliyyə imkanları o qədər də zəif deyil. İkinci tərəfdən onların işləməsi üçün böyük pullara ehtiyac yoxdur.

Hazırda rəsmi mənbələrə əsaslansaq dünyanın 63 ölkəsində 200-dən çox Azərbaycan icma və birlikləri fəaliyyət göstərir. Bu say isə ildən-ilə artmaqdadır. Buraya biz üzvlərinin sayı az olan xırda təşkilatları da daxil etsək dünyaya səpələnən soydaşlarımızın kifayət qədər təşkilati struktura malik olduğunu qeyd edə bilərik.

Azərbaycan diasporunun təşkilatı sistemində başqa bir mənfi cəhət hər bir qurumun yaranması və fəaliyyəti zamanı onların Azərbaycandakı daxili məsələlərlə bağlılığının olmasıdır. Onlar diaspor təşkilatlarına xas olan təsis olunduqları ölkələrin ictimai fikrində və beynəlxalq təşkilatlar içərisində təmsil etdiyi milləti və dövləti təbliğ eləmək və siyasi-lobbiçilik işi aparmaq əvəzinə daha çox bir-birləri arasında münasibətləri aydınlatmağa çalışırlar. Son zamanlar bəzi neqativ cəhətlər aradan qaldırılmasına baxmayaraq verilən bəyanatlarda Azərbaycandakı siyasi partiya və liderlərin mövqeyindən çıxış edilməsi fikirlərinə gəlmək olar.

-Dünya Azərbaycanlılarının III qurultayından sonra Azərbaycan diasporunun həyatında hansı müsbət yeniliklər baş verdi?

-Biz tədqiqatçılar Azərbaycan diasporunun formalaşmasını XX əsrin əvvəllərinə aparıb çıxarırıq. Hesab edirik ki, Azərbaycan Demokratik Respublikasının süqutundan sonra siyasi mühacirətə qoşulan soydaşlarımız diaspor formalaşdıra biliblər. Bunun elmi və hüquqi təsdiqi də var. Əslində biz diaspor problemini cəmiyyətə istədiyimiz kimi tam çatdıra bilmirik. Bəzən diaspor mövzusundan yazanda çalışırıq mülayim olaq, çox tənqid mövqeyindən yanaşmayaq. Bəzən dövləti diaspora münasibətdə ittiham edirik. Lakin bir həqiqət var ki, azərbaycanlıların tam gücü ilə birlik nümayiş etdirməsi bu günə qədər nümayiş olunmayıb. Azərbaycan diaspor hərəkatına tam olaraq 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayından sonra başladı. Mərhum Heydər Əliyev “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözlərini nəyinsə xatirinə deməmişdi. Məhz bu sözlərlə O, - etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda anadan olan, özünü azərbaycanlı sayan bütün şəxslərin milli dövlətçiliyə xidmət etməsinə nail oldu. Bundan sonra davamlı olaraq diaspor istiqamətində mühüm işlər həyata keçirildi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Həmçinin «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla bağlı Dövlət Siyasəti haqqında» qanun qəbul edildi. Hesab edirəm ki, həmin qurultaydan sonra Azərbaycan diasporunun fəaliyyətində çox ciddi canlanma müşahidə olunur. Lakin bu tam gücü ilə dövlətə xidmət edə bilmir. Sonuncu, Dünya Azərbaycanlılarının III Qurultayında cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, dövlət bu məsələni nə qədər diqqət altında saxlayır. Dövlət başçısının “ Bəzən bu münasibətlər məni narahat edir. Hərə bir küncə çəkilməməlidir ki, sonra biz işə qarışaq. Diaspor təşkilatları və səfirlik bir yumruq kimi, komanda şəklində işləməlidir” -sözləri əslində dövlət rəhbərinin diaspor üçün yaradılan şəraitin müqabilində görülən işlərdən narazılığının göstəricisi idi. Bu cənab prezident tərəfindən diaspor təşkilatlarına edilən vacib bir çağırış idi. Çünki hər bir ölkənin diasporu o ölkədə yaşayan soydaşları vətənlə mənəvi bağlılığını həyata keçirən bir təşkilatdır. Azərbaycanda son 10 ildə diasporla əməkdaşlıq istiqamətində bir Qanun, iki mühüm strategiya, bir beynəlxalq təşkilat və birdə dövlət komitəsi yaradılmışdır. Yüksək səviyyədə 10-a yaxın beynəlxalq görüş və tədbir həyata keçirilmişdir. Belə siyasətin nəticəsində problemlərin mövcud olması əlbəttə ki, bir prezident kimi cənab İlham Əliyevi narahat etməyə bilməzdi. “Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır” söyləyən İlham Əliyev qeyd edib ki, bunun üçün bütün metodlardan, o cümlədən internetdən səmərəli istifadə edilməlidir. Azərbaycan diasporu xarici ölkələrin daxili siyasətinin faktoruna çevrilməli, dövlət və hökumət qurumlarında təmsil olunmalıdır. Qurultayda bu sahədə son illər həyata keçirilən kompleks tədbirləri razılıqla vurğulayan İlham Əliyev xaricdəki soydaşlarımıza və müvafiq dövlət qurumlarına görülmüş işlərlə kifayətlənməməyi, daha böyük nəticələrə nail olmağı tövsiyə etmişdir. Dövlət başçısı eyni zamanda diaspor quruculuğu işinin digər ölkə və qitələr üzrə də davam etdirilməsi, proses başa çatdıqdan sonra isə dünya azərbaycanlılarının vahid təşkilatının yaradılması üçün müvafiq addımların atılması zərurətini önə çəkmişdir.

-Zaman-zaman diasporamızın lobbi fəaliyyətinə keçməsinin vaxtı yetişdiyi bildirilir. Sizcə, diasporamız lobbi fəaliyyətinə hazırdırmı?

-Lobbiçilik elə də asan qurula bilən sistem deyil. İlk öncə bu siyasəti həyata keçirən güclü dövlətin güclü PR sistemi ilə yanaşı onun mexanizmlərini ortaya qoya biləcək beyinlər lazımdır. “Maraq qruplarının” hərəkətlərinin bütün ölkələrdə öyrənilməsinə baxmayaraq, demək olar ki, lobbiləşdirmə prosesinin bütün tədqiqatları Birləşmiş Ştatlarda mərkəzləşdirilmişdir. Həmin hadisə nəinki ilk dəfə bu ölkədə təşəkkül tapmışdır, hətta bu gün xeyli adam öz həyatını bu fəaliyyətə həsr edərək peşəkar səviyyədə lobbiçiliklə məşğuldur. Qərb ölkələrində lobbiçilik funksiyasını yerinə yetirən bir çox adamlar bunu özlərinin əsas işlərinə əlavə kimi maraq qruplarının və ya həmkarlar birləşmələrinin rəsmi nümayəndəsi kimi yerinə yetirirlər. Hər hansı bir ölkədə lobbizmin inkişafı və iqtisadi inkişaf səviyyəsi, həmçinin həmin ölkədə formalaşmış siyasi və dövlət ənənələri ilə müəyyən olunur. Ancaq şübhə yoxdur ki, cəmiyyətin yüksək inkişaf səviyyəsi lobbizmin peşəkar formada daha da mədəni səviyyədə fəaliyyətini şərtləndirir. Bu və ya digər siyasi fikirləri dəyişmək, və ya dəstəkləmək məqsədilə televiziya, radioda və qəzetlərdə geniş miqyaslı kompaniyalar təşkil edilməsi müasir lobbizmin əsas bazasın təşkil edir. Taktikanın dolayı yollara əl atmaqla dəyişdirilməsi “kökdən lobbiləşdirmə” adını almışdır və biz buna mütləq getməliyik. Lobbiçiliyin əsas funksiyası diasporun qarşısında duran vəzifələrlə prinsip etibarı ilə üst-üstə düşür və demək olar ki, kəsişir. Belə ki, lobbiçiliyin fəaliyyəti və missiyası diasporunku kimidir, ictimai vəkili və müdafiəçisi olduğu xalq-dövlət haqqında məskunlaşdığı ölkələrdə müsbət rəy qazanmaqdan ibarətdir. Öz ölkəsilə müdafiəçisi olduğu xalqın ölkəsi arasında hərtərəfli normal əlaqələrin yaradılmasına və mövcud əlaqələrin inkişaf etdirilərək genişləndirilməsinə çalışmaq, ölkəsinin torpaqlarına zərbə vurmadan başqa cür də milli mənafelərini müdafiə etməkdir. Bunun üçün də diaspor nümayəndələri yaşadıqları ölkələrin dövlət və özünüidarə strukturlarına işə girməyə, parlament və bələdiyyələrə seçilməyə çalışmalıdırlar. Bu sadalanan işlər bütün diaspor təşkilatlarımızla birgə və əlaqəli şəkildə hər yerdə həyata keçirilməlidir. Bu gün təəssüf ki, diaspor təşkilatlarımızın lobbiçilik strategiyası yox dərəcəsindədir. Təşkilatlarımız lobbi işinin qurulması, təzyiq və maraq qruplarının formalaşdırılması kimi anlayışlardan uzaqdadılar. Lobbiçilik üçün mütləq düşünülmüş strateji addımlardan ibarət olan konsepsiya olmalıdır. Bu proqram tipli sənəd GZİT təhlili edilməlidir. Güclü və zəif tərəflər əvvəlcədən müəyyən edilməli, imkan və təhlükələr planlaşdırılmalıdır. Konsepsiyada hər bir ölkə vətəndaşlarının psixologiyası da ilk olaraq nəzərə alınmalıdır.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 13 aprel.- S.15.