“Dünyada yeni aktyor tipi yaranmaqdadır”
Akademik Milli Dram Teatrının direktoru,
professor İsrafil İsrafilov
və sənətşünaslıq
doktoru, professor Məryəm
Əlizadə Polşada
keçirilən Teatr
Tənqidçilərinin Beynəlxalq
Assosiasiyasının XXVI Konqresində
iştirak edib. Konqresdə Azərbaycan rəsmi şəkildə
Teatr Tənqidçilərinin
Beynəlxalq Assosiasiyasına
üzv qəbul olunub.
Qurumun yeni yaranmış
Azərbaycan şöbəsinə
rəhbərlik etmək
üçün professor Məryəm Əlizadənin
üzvlüyü təsdiqlənib.
Qarşıdan həm
də Məryəm Əlizadənin doğum
günü gəlir. Onunla teatrımız barədə söhbət
etmək üçün
fürsət axtarırdım,
bu iki fakt
bəhanə oldu.
-Assosiasiya 50 ildən artıqdır fəaliyyət
göstərir, rəsmi
dili ingilis və fransız dilidir. Əsas məram teatr tənqidini təbliğ etmək, dünya teatrları arasında ünsiyyət yaratmaqdır.
Təşkilat dünyanın
58 ölkəsində təmsil
olunur. Mişel Vayes 14 ildir ki, assosiasiyanın baş katibidir. Prezident koreyalıdır.
2006-cı ildən bu təşkilat ən fəal teatr tənqidçisinə “Meduza”
mükafatı verir.
Bu dəfə mükafat
hindistanlı teatr tənqidçisinə verildi.
Azərbaycan assosiasiyanın
işində ilk dəfə
iştirak edib üzv seçildi. Nüfuzlu teatr tənqidçilərinin çıxışları
oldu. Amerikadan, Çindən, Kanadadan, Yaponiyadan, Fransa, Belçikadan teatr tənqidçiləri öz
münasibətlərini bildirirdilər.
-Azərbaycan təmsilçiləri çıxış
etmədilər?
-Yox, ilk dəfə iştirak etdiyimiz və üzv olduğumuz üçün
çıxışçılar siyahısına salınmamışdıq.
Növbəti dəfə
Çində keçiriləcək
konqresdə Azərbaycan
teatrşünaslarının da çıxışı
olacaq.
-Bu assosiasiyanın işi dünya teatr prosesinə nə dərəcədə
təsir göstərir?
-Dünya teatr tənqidçiləri çox
maraqlı çıxışlar
etdilər. Onların danışdıqları işlər
monitorda həm də nümayiş olunurdu. Hansı teatrlardan, hansı rejissor və aktyordan danışılırdısa,
onların işləri
video təsvirlərdə təqdim
olunurdu. Onları gördükcə qəribə
hisslər keçirirdim.
Gördüklərim və
yeni teatr estetikası kimi təqdim olunan o işləri Vaqif İbrahimoğlu çoxdan
Azərbaycanda eləyib.
“Kafkadan salam”, “O, məni sevir” və bir çox
tamaşalarında Vaqif
Avropanı qabaqlayıbmış.
Çox kədərləndim
ki, bir az
da yaşasaydı, Vaqif bu gün
dünyaya çıxış
imkanlarından faydalanıb
Azərbaycan teatrını,
özünü bir rejissor kimi dünyaya
tanıdardı. Göstərərdi
ki, siz bu
gün etmək istədikləriniz Azərbaycan
teatrında “Yuğ”un
timsalında var, neçə illərdir mövcuddur.
Teatr tənqidinə bu gün çox
böyük əhəmiyyət
verirlər. Teatr biliciləri teatr prosesini teatr tənqidi olmadan mümkünsüz hesab edirlər. Teatr tənqidində gedən ixtisaslaşmanı səmərəli
hesab edirlər. Həm səhnəqrafiya, həm rejissor və aktyor işi, dramaturgiya problemlərini araşdıran
çox dəyərli
tədqiqatlar var. Xüsusilə
aktyor oyununda müşahidə edilən
dəyişikliklər müzakirəyə
geniş yer verdi. Hazırda dünyanın teatr səhnəsində yeni aktyor tipi yaranmaqdadır. Aktyor yaradıcı mənini oyun prinsipləri ilə birlikdə təqdim etmək iddiasındadır.
Bu iddia əsassız deyil. Proqnoz vermək olar ki, aktyorluq bir
sənət növü
kimi teatr sənətində itirdiyi
hegemonluğu qaytarmağa
yaxındır. Aktyor sənəti teatr tənqidi tərəfdən
xüsusi münasibət
tələb edir. Dünya teatr prosesində müşahidə
edilən stereotiplərlə
yeniliyin mübarizəsi
diqqəti cəlb edir. Söylənildi ki, teatr tənqidinin
bu prosesdə mövqeyi birmənalı olaraq belədir-obyektivlik və professionallıq əsas meyar olmalıdır.
Biz teatr tənqidinə bu gün çox
da müsbət münasibət bəsləmirik.
Həmin məclisdə
iştirakımdan anladım
ki, bu münasibətin
kökündə duran
odur ki, Sovet dövründə teatrdan və teatr tənqidindən ideoloji məqsədlər
üçün istifadə
edilib.
-Tənqid lazımdır, eləmi?
-Obyektiv, qərəzsiz tənqid labüddür, bu da teatrın
inkişafına xidmət
edir. Tənqid qamçılamaq deyil, təhlildir. Bu baxımdan
son vaxtlar yaxşı
yazılar, monoqrafiyalar
var. Az saydadır. Amma var. Niyə? Çünki teatr sənəti son dərəcə
mürəkkəb bir
sənətdir, həm
yaradıcılıqdır, həm elmdir. Bütün dünyada bu peşə ilə məşğul olanlar barmaqla sayılır.
-Dünya teatrında başqa hansı proseslər gedir?
Stanislavski məktəbinin dünya
teatr məkanında nə dərəcədə
yeri var?
- Dinlədiyimiz məruzələrdə
“Teatr teatr məkanından kənarda”
mövzusuna da yer ayrılmışdı.
Küçə teatrları,
bizim üçün
ənənəvi olmayan
digər formalar geniş yayılıb. Tamaşa açıq havada suyun üzərində
qurulur. Eksperimental teatrlar çox böyük, maraqlı işlər görürlər.
Tamaşaçı ilə
sonsuz ünsiyyətə
girən tamaşalar hazırlanır, biz buna Azərbaycanda hələ rast gəlməmişik. Sözün az olması, plastika bolluğu yenə mənə “Yuğ”un poetikasını xatırlatdı.
“Faustun metamorfozası”
adlı tamaşa su üzərində çox fantastik bir yozum idi.
Bir çox yozumlar fərdlərin arasındakı iç konfliktlərindən danışır
və böyük maraq yaradır. Yəni mənfi ilə müsbətin yox, fərdlərin mübarizəsi zamanın
tələbi olub.
-Dünya teatrları ilə müqayisədə
Azərbaycan teatrı
hansı yerdədir?
-Müqayisəyə çətinlik
çəkirəm, ona
görə yox ki, bu barədə
fikrim yoxdur. Yox, müqayisə etmək özü düzgün deyil. Niyə? Çünki bizə heç də bu gün
Avropa, dünya teatrlarını yamsılamaq,
götürüb Azərbaycan
teatr məkanına köçürmək lazım
deyil. Misal gətirim, Barşava teatrının bir tamaşasına baxdıq
– “Teorema T”. Bizim üçün ənənəvi
olmayan mövzu idi, eynicinslərin münasibətləri. Bu, onların
öz həyatıdır
ki, teatrlarında güzgüləyirlər. Biz də
öz həyatımızı
güzgüləməliyik. İlk növbədə öz tamaşaçımız
üçün teatrımızın
səviyyəsini qaldırsaq,
Avropa üçün
də maraqlı olacağıq. Milli keyfiyyətlərimizdən imtina
etməməliyik, onda
dünyaya maraqlı olarıq. Tələb odur ki, peşəkarlığı
yüksəltməliyik.
“Teorema T” bizim mövzumuz deyildi, amma ürək ağrısı ilə çıxdıq tamaşadan.
İnsan faciəsi o qədər peşəkarlıqla
verilmişdi ki, təsirlənməyə bilmirsən.
Biz də öz mövzumuzu- insan taleyi üstündə peşəkarlıqla verməliyik.
Avropa bu gün Şekspirdən imtina etməyib, o da var, bu
da var. Azərbaycan teatrı da bu gün bu
istiqamətdə addımlar
atır, yaxında nəticələr görünəcək.
Milli Dram Teatrında Elçinin “Şekspir” əsərinə quruluş
verən moldavan rejissor Petro Avropada tanınan rejissor imiş. “Şekspir”ə də gözəl quruluş verib. O tamaşanı Avropaya çıxartmaq olar. İnteqrasiya budur. Azərbaycan teatrları dünya səhnələrində
çıxış etməsə,
necə tanınar?
-Klassika ilə bağlı fərqli fikirlər var. Kimisi deyir eyni
əsərin eyni quruluşuna nə qədər baxmaq olar, yenilik gətirilməlidir.
Bir qisim tamaşaçı isə
deyir klassikaya toxunmaq olmaz.
-Bu məsələ hələ
70-ci illərdə geniş
müzakirə olunmuşdu.
Teatr tənqidçiləri
o vaxt son qərar verdilər ki, klassika muzey eksponatı deyil. Hər bir rejissor
hər bir klassik əsərə sərbəstcəsinə öz
yozumunu öz prizmasından, öz zamanının prizmasından
verə bilər, hətta lazımdır ki, versin. Yenə
Vaqif İbrahimoğlu
yadıma düşdü.
Neçə illər
bundan qabaq Vaqif İbrahimoğlunun quruluşunda Çexovun “Albalı bağı” əsərinin “”1-ci akt” tamaşasına baxdıq.
Tamaşaya Moskvadan tənqidçilər gəlib
baxdılar və heyrətə gəldilər
ki, bir azərbaycanlı
rejissorun ağlına
belə quruluş necə gəlib? Dedilər ki, yəqin Çexovun ruhu şad oldu,
çünki siz ona yeni nəfəs
verdiniz.
-İştirak etdiyiniz konqresə qayıdaq, çünki bu, kiçik hadisə deyil...
-Əlbəttə, bunun üçün Mədəniyyət
və Turizm nazirliyi böyük işlər gördü. Azərbaycan teatrının
dünyaya inteqrasiyası
bizim ölkənin iqtisadi durumundan çox asılıdır.
İnanıram ki, bu, olacaq, çünki
dövlətimiz, ölkəmiz
inkişaf edir. Azərbaycan teatrının
yolu düzgündür,
teatrlarımızda yaxşı
tamaşalar var. Tələbimiz peşəkarlığı
yüksəltməkdir.
Olaylar.- 2012.- 13 aprel.- S.12.