“Eurovision”: beynəlxalq və yerli
“oyunçular”ın bəhanəsi
Şoudan əvvəl komediya oynayanlar
Bizim ölkədə
əhəmiyyətli hadisələri urvatdan salmaq üzrə
ixtisaslaşmış “professionallar” dəstəsi var.
İndiyə qədər siyasi proseslərdə həm
özünü, həm də prosesi hörmətdən
salanları çox görmüşük. Çoxu dərd-azarını
həll eləmək üçün seçki illərini
gözləyir. Seçki ili gəldimi, əcnəbi xaricdən,
iç “siyasətçilər”, “qəzetçilər”,
“QHT-çilər” də daxildən təzyiqlərə,
haray-həşirə başlayırlar.
Deməli,
seçki ərəfəsində Azərbaycanda demokratiya,
insan haqları, söz azadlığı, siyasi məhbuslar,
dağılan yollar, olmayan xeyir-şər evləri yada
düşür. Bir qrant davaları, məruzə, təqdimat
yarışı, çıxış sırası,
müsahibə xahişi başlayır ki, gəl görəsən.
Xarici və daxili təzyiq vasitələri və vasitəcikləri
işə salınır. Seçki bitdimi, qazana bilən
qazandımı, qazanmayan da ümidini və nəfsini gələn
seçkiyə saxlayıb, demokratiyanı, söz
azadlığını, insan haqlarını əziz-əziz
büküb qoyur arxivin bir küncünə… Gələn
seçkidə üstü toz basmış söhbətlər
bir də gəlir ortaya. İki onillik elə belə də yola
verilib. Ən pisi odu ki, siyasi və ictimai səhnədə
olan (arada onlara mədəni səhnədə olanlar da
qarışır ki, bu, ümumiyyətlə, dözülməz
mənzərə yaradır) bir qrup adam nə bu xislətindən
əl çəkir, nə də onlardan istifadə edənlər
yorulur. Arada hay-küyə gedənlər seyrəlir, yerinə
“yeni qurbanlar” tapılır, amma əsas oyunçular dəyişmir!
Seçkiyə beş-altı ay, bəzən bir il
qalmış adamlar başlayır bizə demokratiya,
azadlıq, əyilməzlik, sınmazlıq dərsi keçməyə,
yazmaq, tərəfsizlik, qərəzsizlik, “Avropaya
inteqrasiyanın yolunu” öyrətməyə… Elə ki məqam
yetişdi, bəzilərinin səsi lap qalınlaşır, bəziləri
də yavaş-yavaş boğazağrısına tutulur. Onda
yağın harda əridildiyi bəlli olur…
Növbəti
seçkidə hər şey yenidən başlayır…
Bu il isə təzə
kampaniya var. Evində işığı yanmayandan xaricə
mühacirətə getmək istəyənə, Azərbaycanda
böyük iqtisadi və siyasi maraqlarını təmin etmək
istəyən, donorundan “çox sağ ol” almaq ümidində
olan xarici təşkilatlara qədər hamının əlinə
fürsət düşüb: “Eurovision!”
Elə-belə
məsələ deyil! Müstəqilliyini 20 il əvvəl bərpa
eləmiş, savaşdan çıxmış, öz
gücünə iqtisadiyyatını dirçəltmiş,
ordusunu, infrastrukturunu qurmuş ölkədə dünya
şöhrətli şou keçiriləcək! Bu ölkə
bir də mədəni sferada göstərdiyi gücün, qazandığı
qələbənin təntənəsini yaşayacaq!
***
Bəri
başdan qeyd eləyim ki, mən qətiyyən ölkədə
problemlərin olmadığı qənaətində deyiləm.
Bu ölkədə sosial, iqtisadi, mədəni, siyasi, təhsil
sferasında problemlər var. Bu, heç vaxt danılmayıb.
Mən də bir vətəndaş kimi zaman-zaman o problemləri
hiss eləyirəm, yaşayıram, aradan
qaldırılması üçün
çalışanları dəstəkləyib, mane
olanları qınayıram. Əgər bu problemlərdən
bir çoxu keçirilən beynəlxalq tədbirlər ərəfəsində
aradan qaldırılırsa, mərhələli şəkildə
həll olunursa, çox əla! Hansı səbəblə
edilməsindən asılı olmayaraq, xaricə son iki səfərimdə
Bakı aeroportundakı bütün yoxlama məntəqələrini
cəmi 10 dəqiqə içində keçməyin nə qədər
məmnunedici olduğunu qəbul edirəm. Avropa Birliyinin
üzvü olan Macarıstanın paytaxtında pasport
yoxlamasından keçmək üçün gündüz
saat 11-də bir saat növbə gözlədiyim halda, gecə
saat 5-də, iki təyyarənin endiyi vaxtda Bakı hava
limanının sərhəd-keçid məntəqəsində
cəmi iki dəqiqə vaxt sərf edib, özümün də,
başqalarının da bu durumdan razılığını
görmək və yazmaq xoşdu. Yolların təmiri,
küçələrin işıqlandırılması, mədəni
tədbirlərin artırılması, turizmin inkişafına
xidmət edən otellərin, restoranların tikilməsinin də
səbəbi o beynəlxalq tədbirlərdirsə, lap
yaxşı! Çox sadə məntiqlə, bu tədbirlər
bitəndən sonra o yollar dağıdılmayacaq, otellər
sökülməyəcək, restoranlar bağlanmayacaq ki…
Yaranmış xidmət vərdişinin daha yaxşı pul
qazandırdığını görəndən sonra ondan da
imtina edilməyəcək. Onda niyə “Eurovision” ərəfəsində
yolların təmiri, binanın
işıqlandırılmasından narahat olurlar ki?
Bu ölkədə
heç kim evlərin sökülməsi, konpensasiyaların
verilməsi ilə bağlı bəzən problemlərin
ortaya çıxması faktını danmayıb. Onlarla,
yüzlərlə yeni layihənin reallaşdığı
ölkədə subyektiv yanaşmasına əsasən, narazı
qalanlar olduğu kimi, şəxsi marağı naminə
insanları narazı salanlar da olacaq. Bəzi hallarda
kompensasiyalara daha ədalətli, ailə vəziyyətinə
və mövcud şərtlərə görə individual
baxılması ilə bağlı mübahisə eləmək
mümkündü. Bunu zatən dövlətin yüksək vəzifəli
məmurları da deyirlər.
Amma mən
anlaya bilmirəm ki, şəhərin mərkəzində və
ya Bayraq meydanı ətrafındakı
köçürülmədən, Keşlədə, Sulutəpədə
baş verən söküntüdən narazı qalan insan, ya
da ev fırıldaqçısının qurbanı olan adam
niyə günahı “Eurovision”da axtarır? Axı paytaxtın
mərkəzi hissəsi yeni planda layihələşdiriləndə,
Bayraq Meydanı proyekti icraya başlayanda bu ölkənin
2011-ci ildə “Eurovision”da necə təmsil
olunacağını belə bilən yox idi, o ki qala qalib gələcəyini!
Çox sadə bir səbəbdən… Çünki bu proyektlər
2009-2010-cu illərdə icra olunmağa başlayıb, Azərbaycan
“Eurovision”da iki il sonra qalib gəlib. Bu müsabiqədən
lokal səviyyədə “bəhrələnmək” istəyənlərin
“arqumetləri”nin həqiqətəuyğunluq göstəricisini
sübut edən bircə sadə fakt…
***
“Eurovision”dan
bir də Azərbaycana beynəlxalq təzyiq üçün
istifadə olunmağa başlanılıb. Əlbəttə
bu beynəlxalq təzyiqin də siyasi aktivlik göstərməyə
cəhd eləyən Azərbaycan boyutu var.
Amma əvvəlcə
bu xüsusda aktivlik edərək, Azərbaycandakı söz
azadlığı, ifadə özgürlüyü, insan
haqları məsələsindən dəhşət narahat
olan, yuxusu ərşə çəkilən beynəlxalq media
və QHT-lərin arqumentlərinə baxaq. Onlar deyirlər ki,
“Eurovision” kimi mötəbər yarışmanı söz və
insan haqları sahəsində problem olan ölkədə
keçirmək yarışmaya hörmətsizlikdi. Deyirlər…
İndi görək tarix nə deyir!
1969-cu ildə
bu yarışma Frankonun hakimiyyəti dövründə
İspanyada keçirilib. Burda artıq şərhə ehtiyac
olmadığı üçün davam eləyək.
1990-cı ildə
“Eurovision” Yuqoslaviyaya gəlib. Bircə onu xatırlatmaq gərəkdir
ki, həmin ildə Yuqoslaviyada etnik qruplar arasında
küçə döyüşləri gedirdi… Siyasi qətllər,
təqiblər, media təzyiqləri bir il sonra müharibəyə
çevrildi.
1999-cu ildə
bu müsabiqə dünyaya İsraildən
yayılırdı. Xatırlamaq üçün uzaq tarix
olmamalıdı, İsraildə siyasi
qarmaqarışlıqların, müharibə və təhlükənin
olduğu illər idi.
2001-ci ildə
Danimarka “Eurovision”a ev sahibliyi edirdi. Bu, Danimarkada irqçilik və
dözümsüzlüklə bağlı ən pis vəziyyətin
qeydə alındığı tarixdi. Hətta o qədər
pis ki, Avropa Şurasının İrqçilik və
Dözümsüzlüklə Mübarizə Komissiyası
Danimarkaya xəbərdarlıq edib. Bu, Danimarkada islam əleyhinə
karikaturalara start verilən vaxtlardı. Məhz bu tarixdə
baş vermiş hakimiyyət dəyişikliyi ilə Danimarkada
televiziya və universitetlərdə ciddi senzura tətbiqi,
solçu düşüncə sahiblərinin görünməsinin
yasaqlanması qeydə alınıb. Hətta dözülməzlik
o həddə çatır ki, Danimarka Xalq Partiyası ölkədəki
müsəlmanların qeyri-müsəlmanlarla evlənmək
istəməməsini gündəmə gətirib, bununla
bağlı nifrət dolu açıqlamalar yayır.
Bunu, mən
yox, həmin dövrdə Avropa Şurasının və beynəlxalq
təşkilatların yaydıqları hesabatlar deyir.
2004-cü ildə
Türkiyə “Eurovision” müsabiqəsinə ev sahibliyi edir.
Türkiyədə müsabiqə “Əl Qaidə” terror təşkilatının
törətdiyi və 57 nəfərin ölümünə səbəb
olan bomba partlayışından iki ay sonra keçirilir. Həmin
il Türkiyədə seçki keçirilir və hakimiyyət
dəyişikliyi baş verir, Türkiyənin inflyasiya həddinin
ən yüksək olduğu, iqtisadi böhranın
girdabında keçirdiyi ağır illərdən biri də
2004-cü ildi.
2005-ci ildə
Ukrayna yarışmanın təşkilatçısı idi.
Müsabiqə Ukraynada siyasi vəziyyətin gərginləşdiyi,
ölkənin “narıncı inqilab” ərəfəsində
olduğu zamanda keçirildi. İqtisadi böhranın
artdığı, qonşuları ilə ciddi problemləri olan
Ukraynada “Eurovision” xəbərləri hər gün baş
vermiş kriminal olayların, prezidentliyə namizədlərə
qarşı qara piar kampaniyalarının, sabiq daxili işlər
naziri Yuri Kravçenkonun müəmmalı intiharının
arasında itib-batırdı.
2009-cu ildə
bu müsabiqənin ev sahibi Rusiya idi. Rusiya üçün
insan haqları, söz, ifadə azadlığı, etnik və
dini dözümlülük məsələlərində il və
ayrıntılar sadalamaq yəqin ki artıq vaxt itkisidi. Hər
şey aydındı…
2011-ci ildə
“Eurovision” Almaniyada keçirildi. Bu il Almaniya tarixində irqçi
Neonazi terrorçu qruplaşmasının ortaya
çıxması, 8 türk və bir yunanın etnik zəmində
qətlə yetirilməsi, qeyri-almanların evlərinə
basqın edilib, yandırılması, məscidə bomba
atılması ilə qaldı. “Şpigel”in
yazdığına görə, Almaniya xüsusi xidmət
orqanları hələ 1999-cu ildən belə bir terrorçu
qruplaşmanın saxlandığı yeri müəyyənləşdirsə
də, onların zərərsizləşdirilməsi istiqamətində
heç bir addım atmır.
Məhz bu il
Almaniyada “silahlı bank soyğunları ili” kimi də
xatırlanır. Bu bank soyğunlarının istintaq araşdırması
da izləri Neonazi terrorçu qruplaşmasına aparıb
çıxarır.
Yenə həmin
ildə Sərhədsiz Reportyorlar Birliyi hesabatında yazır:
“Almanyada media azadlığı Konstitusiya ilə “təməl
haqlardan biri kimi” təmin edilib. Amma buna rəğmən məlumat
alma azadlığı və tərəfsiz yayın
hüquqları ilə bağlı narahatlıqlar var. Almaniyada
da media ciddi təzyiqlərə məruz qala bilir”.
Həmin
açıqlamada 2005-ci ildə Almaniyanın “Cicero” siyasi
jurnalının redaksiyasında və jurnalistlərindən
birinin evində axtarış aparılmasından sonra
başlayan məhkəmə çəkişməsindən bəhs
edilib. Bildirilib ki, prokurorluq axtarış aparılmasına səbəb
kimi jurnalistlərdən birinin “dövlət sirrinin
yayılmasına dəstək verməsi ilə bağlı məlumatların
varlığını” göstərib.
Sərhədsiz
Reportyorlar Birliyinin Almaniya təmsilçisi Mixail Redişke
bildirib: “Almaniyada xəbər qaynaqlarının qorunması
adı ilə təzyiqlərə tez-tez rast gəlinir.
Redaksiyalar, qəzet ofislərində axtarışlar
aparılır. Elə bir müddət əvvəl Hamburqda
yayınlanan bir özəl televiziyada axtarış aparılıb.
Konstitusiya Məhkəməsi bu axtarışın qanunsuz
olduğunu dedi. Amma mən əminəm ki, dövlət
qurumları və prokurorluq məlumat alınmasına maneə
yaratmağa davam edəcəklər”.
Ötən
il Almaniya hökuməti şübhələndiyi vətəndaşların
şəxsi kompüterlərindəki məlumatların gizli
izlənilməsinə icazə verən qanunun müzakirəyə
çıxarılmasını da təklif edib. Eyni zamanda
terrorçularla əlaqə ilə bağlı məlumatlar əldə
edildiyində vətəndaşın bütün şəxsi
kommunikasiya vasitələrinin gizli olaraq dinlənilməsi və
qeyd edilməsinə şərait yaradan qanun təklifi də
olub, lakin ölkənin Konstitusiya Məhkəməsi
bunların insan haqlarının kobud pozulması olduğunu
bildirib.
M.Redikşe
hazırda hökumətin bu istiqamətdə yeni qanun layihəsi
üzərində işlədiyini bildirib.
Almaniyada
televiziyaların tərəfsiz və qərəzsiz
verilişlər yayınlamaqla bağlı da problemləri var:
“Çünki bu qurumların idarə heyətlərində
siyasi partiyaların üzvləri var ki, onlar da verilişləri
mütəmadi olaraq öz siyasi görüşlərinin
marağı çərçivəsində yönəltməyə
çalışırlar. İki il əvvəl Alman İkinci
Televiziya kanalı ZDF-in baş direktoru Nikolaus Brenderlə
müqavilə bağlanmasına idarə heyətindəki
mühafizəkar düşüncəlilər mane olmuşdu.
Çünki bu kanalın idarə heyətinin üzvlərinin
yarıya qədəri siyasi partiya və hökumət üzvləridir”.
Alman Qəzetçilər
Birliyinin başqanı Mixail Konken isə ölkəsində
son illərdə siyasətçilərin təftiş
olunmağa dözə bilmədiyini qeyd edib: “Jurnalistlər
artıq sadəcə düşmən kimi görülür”.
O deyib ki,
medianın əzilməsinə səbəb iqtisadi
asılılıqdır: “Bütün bölgə və əyalətlərdə
yayımı ancaq bir neçə nəşriyyat və
yayım şirkəti həyata keçirə bilir.
Reklamvericilər də mediaya mütəmadi təzyiq edir. Bu isə
təbii olaraq özünü senzuranı gücləndirir”.
Və nəhayət,
ötən il Almaniyanın dünyaca məşhur
"Quadriga" mükafatının ənənəvi təqdimetmə
mərasimi olub. Bu ödül Almaniyanın birləşməsi
günündə təqdim olunur. Mükafat dünyada insan
haqlarının qorunması və demokratiyanı müdafiə
etməsi ilə məşhurlaşmış şəxslərə
verilir. 2011-ci ildə mükafata Rusiyanın baş naziri
Vladimir Putin layiq görülüb!!!
Almaniyanın
insan haqlarına olan “hörmət və ehtiramını” nəzərə
alaraq, bir cümlə də yazmadan, keçək indiyə
kimi müsabiqənin qalibi olan digər ölkələrdəki
mətbuatın, həm də elə son aylarda Azərbaycanın
ardıcıl tənqidçisi olan Almaniya mediasının vəziyyəti
ilə bağlı rəsmi hesabatlardan sitat gətirərək
yazdıqlarıma... Bunları oxuyanda “belə hallar Azərbaycanda
heçmi olmayıb?” sualı ilə ağız büzənlərin,
istehza ilə qaş qaldıranların olacağını
bilirəm. İnformasiya əsrində, ölkənin və
siyasətin məlumat üzərində qurulduğu müasir
dünyada belə halların baş vermədiyi, mediadan maraqlar
üçün istifadə edilmədiyi yer tapmaq xəyalında
olanlar gərək Antraktidaya getsinlər.
Sual isə
tam başqadı: Əgər bəzi beynəlxalq təşkilatlar
və xarici media bu hallara qarşı bu qədər
dözümsüzdürsə, niyə bizdən əvvəl
bu halların baş verdiyi, xeyli illər öncə müstəqillik
və inkişaf təcrübəsi olan ölkələrlə
bağlı kampaniya başlatmırdı? Niyə o ölkələrdə
media azadlığı, söz, insan haqqı, ədalət
prinsipi yada düşmürdü? Niyə müsabiqəni
boykota çağırmırdılar? Məsələn,
“Şpigel” bizim ölkənin inkişafında, demokratik dəyərləri
mənimsəməsində Almaniyanın demokratikləşməsindən
daha çox maraqlıdı? APA-nın İspaniyanın
inkişafına, sürətlə demokratik dəyərlərə
sahiblənməsinə Azərbaycanın maraqlarından daha
çox dəstək verməsi nağılı nə qədər
inandırıcı olar, görəsən?
Və
sualın o biri tərəfi, əgər bu media və təşkilatlar
üçün insan haqlarından öndə heç bir
maraq yoxdusa, nə əcəb Dağlıq Qarabağda insan ləyaqətinin
ayaq altına atılmasına, Ermənistanda əsirlərə,
azyaşlılar tükürpədici işgəncələr
verilməsinə, təcavüz edilməsinə dözdülər?
Niyə bir dəfə də insan haqqı deyib, Ermənistanla
bağlı aksiya başlatmadılar? Axı Azərbaycanda
haqqı pozulduğunu iddia etdikləri adamların
qardaşı, bacısı, balası, anası olan azərbaycanlılar
idi ermənilərin təcavüz elədikləri,
qanını içdiyi, tikə-parça elədiyi... O azərbaycanlının
bu azərbaycanlıdan fərqi nədəydi?
O təşkilatların
bəyanatında həqiqət olan tezislər var. Bəli,
doğru deyirlər, insanların mülkiyyət hüququ var,
onu qorumaq lazımdı. Amma o mülkiyyətin olması
üçün əvvəlcə insanların
doğulduğu torpaqda yaşamaq, mülkiyyətə sahib
olmaq kimi təməl haqları da var. Hər şeydən əvvəl
ümumiyyətlə insanların yaşamaq, milli və dini
kimliyinə görə soyqırıma məruz qalmamaq, cəzalandırılmamaq
haqqı var.
Axı Azərbaycan
xalqının Ermənistandakı ata-baba yurdunda yağmalanan
milyardlarla dəyəri olan mülkiyyətinin də hüququ
var, Qarabağda məhv edilən evlərin, abidələrin,
elə o beynəlxalq təşkilatlara donorluq edən ölkələrin
şirkətlərinin daşıyıb apardığı təbii
sərvətlərin də mülkiyyət hüququ var.
Mülkiyyət hüququ ancaq Bayılda qorunmur, cənablar!
Əgər
bu beynəlxalq təşkilatlar və onlara dəstək verən
“yerlilər” illərlə Dağlıq Qarabağda ermənilərin
məhv etdiyi, təcavüzə uğratdığı
mülkiyyət hüququnun davasını aparsaydılar, insan
haqlarını barbarcasına ayaq altına alan Ermənistana
bircə dəfə “dur” desəydilər, o zaman onların
indiki çağırışlarının səmimiyyətinə
inanmaq mümkün idi...
İndi isə...
İndi anlaşılandır ki, bu, haqq, hüquq davası
deyil. Bu hay-küyün əsas “ruhlandırıcısı”
rolunda erməni diasporu və lobbisinin olduğunu görmək
üçün xüsusi qabiliyyətə ehtiyac yoxdu. Əlbəttə,
Azərbaycan üçün beynəlxalq birlikdə səsləndirilən
hər “bacardı!” kəlməsi, ermənilər
üçün məğlubiyyət zəngidi!
Həm erməni
lobbisi və diasporunun etimadını qazanmaq, həm də Azərbaycana
təzyiq etməklə maraqları təmin etmək
üçün münbit şərait var! Siyasətdə
fürsəti qaçırmırlar!
Faktlar və
sadə məntiq beynəlxalq medianın, təşkilatların
özlərinin, donorlarının maraqlarına
oynadıqlarını göstərir.
Amma daha biriləri
var... Nifrətinin, hikkəsinin hədsizliyindən onların
yanında yer alan “yerlilər”. Hər halda bu ölkədə
heç nə “Eurovision”la bitmir, yarışma mayın 26-da
yekunlaşır. Gələnlər o gecə çalıb
oynayacaq, sonra da gedəcəklər. Bizim tariximizə
Avropanın önəmli bir tədbirinə ev sahibliyi etməyimiz
yazılacaq.
Sabah
açılacaq və ayın 27-si olacaq. Sonra da o biri günlər...
Mübarizəni, bir hadisədən, məmurdan, prosesdən
narazılığı onda da elə o prosesin, marağın,
iddianın adı ilə demək, qışqırmaq, dava eləmək
olar. Daha “Eurovision” niyə? Bu dava haqq-hüquq, Avropa dəyəri
davası deyil axı... Bunu hamı bilir, bu komediyada oyunçu
vəzifəsi üçün qonorar ödənənlər
belə... Ağlı başında olanlar isə seyr eləyir.
Başqa neyləyəsidi ki? Komediyanı seyr eləyərlər.
Amma bu janrda oyunçular üçün çox tragik son
olur həmişə: finalda tamaşaçı aktyorların
ağlamağına gülür!!!
Və... Fransızlar demiş, Finit la
comédie! Yəni, komediya bitir!!!
Vacib qeyd: Azərbaycan
çox dram ssenarilərinin komediyaya çevrildiyi məmləkətdi!
Burda rənglər zövq almaq, güllər ətir
saçmaq, fəsillər yaşamaq üçündü!
P.S.
“Eurovision” isə möhtəşəm şoudu. Eurovision
Mahnı Müsabiqəsinin icraçı rəhbəri Yan Ola
Sand necə demişdi? “Eurovision Mahnı Müsabiqəsinin
populyarlığı onun qeyri-siyasi mövqe tutması ilə
izah olunur. Burdan belə nəticəyə gəlmək olar ki,
müsabiqə qeyri-siyasi mövqeyini itirsə, nüfuzunu da
itirər”...
Vüsalə Mahirqızı
Olaylar.- 2012.- 13 aprel.- S. 5.