DAK-ın Azərbaycan diasporunun
inkişafında rolu
Konqresin üzləşdiyi problemlər bəzən
bu imkanları azaldır
Son illərdə özünün
inkişaf dövrünü yaşayan Azərbaycan diasporunun
formalaşması, təşkilatlanması işində
müvafiq dövlət qurumları ilə yanaşı bu sahə
ilə yaxından məşğul olan qeyri-hökumət təşkilatları
da fəallıq nümayiş etdirir, aparılan işə
öz töhfələrini verməyə
çalışırlar.
Belə təşkilatlardan biri olan
Dünya Azərbaycanlıları Konqresi fəaliyyətə
başladığı ilk gündən dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində
müvafiq addımlar atıb, Azərbaycan diasporunun
inkişafı üçün səylərini səfərbər
edib. Etiraf etmək lazımdır ki, 1997-ci ildə Birləşmiş
Ştatlarda təsis edilən Dünya Azərbaycanlıları
Konqresi bu günə qədərki fəaliyyəti
dövründə bir sıra uğurlara imza atıb. Konqres
dünyaya səpələnmiş azərbaycanlıların
bir araya gəlməsi, xüsusilə də adi insani
hüquqlardan məhrum olan güneyli
soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə
çatdırılmasında aktivlik nümayiş etdirib. Bu
sahədə Dünya Azərbaycanlıları Konqresinin
gördüyü işlər dünyanın ayrı-ayrı
ölkələrində yaşayan
soydaşlarımızın bir məqsəd ətrafında
birləşməsinə, eyni zamanda Güney Azərbaycan
probleminin dünya birliyinin gündəminə gətirilməsinə
güclü təkan vermişdir. Dünya Azərbaycanlıları
Konqresinin rəhbərliyinin nüfuzlu beynəlxalq
qurumların əsas şəxsləri, aparıcı ölkələrin
dövlət rəsmiləri, parlament üzvləri ilə
intensiv görüşləri, ictimaiyyət nümayəndələri
qarşısında mütəmadi
çıxışları artıq müəyyən konkret nəticələr
vermiş, hətta Birləşmiş Millətlər Təşkilatının
baş katibi səviyyəsində Güney Azərbaycanda
yaşayan soydaşlarımızın dil, milli təhsil və
milli mətbuat hüquqlarından məhrum olması faktı
etiraf edilmişdir. Onu da qeyd etmək lazımdır ki,
Dünya Azərbaycanlıları Konqresi fəaliyyəti
dövründə əldə etdiyi uğurlarla yanaşı
problemlərlə də qarşılaşıb, müəyyən
çətinliklərlə üzləşib. Dünya Azərbaycanlıları
Konqresinin üzləşdiyi ən ciddi problemlərdən biri
bu təşkilatın zaman-zaman parçalanması, müəyyən
insanların konqresdən ayrılmaları, bəzilərinin isə
Dünya Azərbaycanlıları Konqresinə alternativ qurumlar
yaratması olub. Təəssüf ki, bilərəkdən və
ya bilməyərəkdən ayrı-ayrı dövlətlərin
maraqlarına xidmət edən parçalayıcı qruplar və
şəxslər Dünya Azərbaycanlıları Konqresinin
nüfuzunun artmasından narahatçılıq keçirərək
onu bölüb zəiflətmək istiqamətində
vaxtaşırı müxtəlif addımlar atıblar.
Məlumat
üçün qeyd edək ki, Dünya Azərbaycanlıları
Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf
edib. Dünya Azərbaycanlıları Konqresinin 2002-ci ildə
Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər
adıçəkilən qurumdan ayrılaraq yeni konqres
formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Həmin dövrdə təşkilatın parçalanması
ilə Dünya Azərbaycanlıları Konqresi adı
altında iki qurum fəaliyyət göstərib. Dünya Azərbaycanlıları
Konqresinin 2005-ci ildə parçalanmasından sonra yaranan iki
DAK-dan birinə Cavad Derəxti, digərinə isə Məhəmmədrza
Xeşti rəhbərlik edirdi. Bir müddət sonra isə Məhəmmədrza
Xeştinin rəhbərlik etdiyi DAK adını dəyişərək
Demokratik Dünya Azərbaycanlıları Konqresi
adlandırdı. Təssüflər olsun ki, Dünya Azərbaycanlıları
Konqresi daxilində baş verən parçalanma və ziddiyətlər
bununla kifayətlənmədi. Sonrakı dövrlərdə də
konqres daxilində ciddi fikir ayrılıqları,
parçalanmalar baş verdi. 2010-cu ilin dekabr ayının 24-də
Dünya Azərbaycanlıları Konqresinin Almaniyanın Bonn
şəhərində XI Qurultayı keçirildi. Qurultayda
Dünya Azərbaycanlıları Konqresinə yeni rəhbərlik
və həmsədrlər seçildi. Beləliklə, Sabir Rüstəmxanlı
və Firidun Pərvizniya Dünya Azərbaycanlıları
Konqresinin həmsədri seçilərək adı çəkilən
qurumu bir müddət ziddiyətlərdən kənar saxlaya və
ümumi hədəflər uğrunda mübarizə aparan bir təşkilata
çevirə bildilər.
Lakin son
günlər yenidən Dünya Azərbaycanlıları
Konqresi ətrafında baş verənlər yenidən bu təşkilatın
effektiv fəaliyyətini kölgə altına alıb. Bir
müddət əvvəl hər iki tərəfin birgə
birlik qurultayı keçirmək barədə əldə
etdiyi razılığın bu günlərdə qeyri-müəyyən
səbəblərdən pozulması konqresin birləşmə
ehtimalını yenidən sıfıra endirib.
Bu gün
Dünya Azərbaycanlıları Konqresi daxilində baş verən
qalmaqallar dünyada yaşayan soydaşlarımız,
ayrı-ayrı diaspor təşkilatları, vaxtilə DAK-da təmsil
olunan insanlar tərəfindən narahatçılıqla
qarşılanır, bu olaylara ciddi etiraz səsləri
qaldırılır. Beynəlxalq
Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də
Dünya Azərbaycanlıları Konqresi daxilində baş verən
hadisələrdən ciddi narahatçılıq
keçirdiyini deyir: “Uzun müddət Dünya Azərbaycanlıları
Konqresində fəaliyyət göstərən, konqresin
İdarə Heyətinin üzvü və DAK-ın Azərbaycan
nümayəndəliyinin sədri olmuş biri kimi deyə bilərəm
ki, bu gün bəzi insanlar Dünya Azərbaycanlıları
Konqresindən qalxan kimi istifadə edirlər. Dünya Azərbaycanlılarını
özündə birləşdirən bir təşkilatın
bir neçə yerə parçalanması təbii ki,
narahatedicidir. Bu heç kimə şərəf gətirən
bir məsələ deyil. Birmənalı şəkildə bu
kimi olaylar hamımızı məyus edir. İnsanı narahat
edən bir məqam isə ondan ibarətdir ki, birmənalı
şəkildə diaspora fəaliyyəti ilə məşğul
olmayan, bu sahəyə aidiyyatı olmayan insanlar iki ildə bir
dəfə meydana çıxaraq qurultay ajiotajı
yaradırlar. Sanki nəsə əldə etmək ümidi və
niyyəti güdən insanlar qurultay məsələsini
gündəmə gətirirlər. Həmin insanlar elə hesab
edirlər ki, bu da onların diaspora fəaliyyətidir və ya
Dünya Azərbaycanlıları Konqresində, Azərbaycan
xalqı qarşısındakı vəzifəsidir”. Beynəlxalq
Diaspora Mərkəzinin sədri deyib ki, rəhbərlik etdiyi
qurum, eləcə də orada təmsil olunan insanlar, diaspor fəalları
heç bir tərəfdə olmaq niyyətində deyil: “Biz bu
mövqeyimizi dəfələrlə bəyan etmişik. Mən
Beynəlxalq Diaspora Mərkəzinin sədri kimi həmin
insanları bir daha ümummillət mənafeyi, 35 milyondan
artıq soydaşımızın Cənubi Azərbaycanda fars
şovinizminin basqıları altında inildəməsi xatirinə
öz təkəbbürlükləri, mənəm-mənəmliklərini
kənara qoymağa çağırıram. Hesab edirəm ki,
tərəflər birgə vaxt müəyyən edib birgə
qurultaya getsinlər. Neytral olaraq 15 nəfərdən ibarət
qrup formalaşdırılsın, qurultay keçirilsin,
açıq səsvermə yolu ilə konqresin İdarə Heyəti,
sədr seçilsin”. İsmayıl Ağayevin sözlərinə
görə, ən ağrılı məqam tərəflərin
bir-birini hansısa ölkənin agenti
adlandırmasıdır: “Bir tərəf digər tərəfi
İran və ya Rusiya agenti adlandırır. Bu cür fikirlərlə
tanış olanda düşünürsən ki, bizim ya erməni,
ya da başqa bir düşmənimiz var. Sanki biz
özümüz özümüzə düşmənik.
Hesab edirəm ki, həm Sabir
Rüstəmxanlı, həm də Cavad Derəxti özündə güc tapıb bu məsələyə
son qoyacaqlar. Ən azı öz adları, nüfuzları və
uzun illər Vətənə, millətə etdikləri xidmətin
xatirinə bu problemi yoluna qoymalıdırlar. Sabir Rüstəmxanlı
Azərbaycan xalqının ən dəyərli simalarından,
şairlərindən biridir, milli vətənpərvər bir
insandır. Cavad Derəxti də uzun illər dünya azərbaycanlılarının
formalaşmasına xidmət etmiş bir insandır. Cənab
prezident İlham Əliyev də onun bu xidmətini qiymətləndirib.
Hesab edirəm ki, bu iki şəxsin özünə qalsa
problem qısa müddətə həllini tapar və onlar
bir-biri ilə tez dil tapa bilərlər. Ancaq onların ətrafında
olan bəzi insanlar buna imkan vermirlər. Həmin insanlar öz
məqsədlərinə çatmaq, siyasətlərini həyata
keçirmək üçün Sabir Rüstəmxanlı və
Cavad Derəxtiyə təsir göstərir, Dünya Azərbaycanlıları
Konqresini arzuedilməz vəziyyətə gətirib
çıxarırlar. Düşünürəm ki, Sabir
Rüstəmxanlının təcrübəsi, dünyaya
baxışı, keçdiyi şərəfli yol bu problemin
yoluna qoyulmasına müsbət təsir göstərəcək.
Xırda hisslərdən, düşüncələrdən
uzaq olmaq. Artıq Dünya Azərbaycanlıları Konqresini elə
bir vəziyyətə gətirib çıxarıblar ki, bu məsələ
bir sıra televiziya kanallarında dartışma mövzusuna
çevrilib”. İsmayıl Ağayev deyib ki, Dünya Azərbaycanlıları
Konqresinin dünyada yaşayan soydaşlarımızın həqiqi
mənada birliyini təmin edən bir təşkilata
çevrilməsi üçün zamanında çox işlər
görüb, müəyyən dəstək nümayiş
etdirib: “Biz ailəmizə, uşağımıza xərcləmədiyimiz
pulları Dünya Azərbaycanlıları Konqresinin yolunda sərf
etmişik. Ona görə yox ki, bu kim kimlərsə Dünya
Azərbaycanlıları Konqresini dedi-qodu yuvasına
çevirsin, məsələ məhkəmə çəkişməsinə
çatsın. Ancaq bütün halda Dünya Azərbaycanlıları
Konqresinin birləşməsi, vahid şəkildə fəaliyyət
göstərməsinə öz töhfəmizi verməyə,
əziyyət çəkməyə hazırıq. Biz Beynəlxalq
Diaspora Mərkəzi olaraq birləşmə tərəfindəyik.
Bizim mərkəzimiz Dünya Azərbaycanlıları
Konqresini parçalayan tərəflərin yanında olmayacaq”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 14-16 aprel.- S.15.