Diaspor təşkilatlarımız Azərbaycan
həqiqətlərini dünya ictimaiyyətinə
necə çatdırır?
Əksər mütəxəssislər
Azərbaycan diasporunun bu istiqamətdəki fəaliyyətindən
razıdır
Azərbaycan həqiqətləri,
ölkəmizin üzləşdiyi problemlər, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə
çatdırılması prosesində dövlətlə
yanaşı ölkəmizdən kənarda fəaliyyət
göstərən diaspor təşkilatları da aktiv rol
oynayır, müxtəlif ölkələrdə keçirilən
tədbirlərdə Azərbaycanın haqq səsini dünyaya
çatdırmağa çalışırlar.
Sevindrici hal ondan ibarətdir ki, son
illər diaspor təşkilatlarımız tərəfindən
bu istiqamətdə həyata keçirilən tədbirlər
öz müsbət nəticəsini göstərir. Bir sıra
ekspertlər də hesab edirlər ki, dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən Azərbaycan
diasporunun bu istiqamətdəki fəaliyyəti təqdir edilməlidir.
Milli Qeyri Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeyni deyir ki, son illər Azərbaycan diasporu
qürbətdəki fəaliyyətini xeyli gücləndirib və
diasporamızın son iyirmi ildəki fəaliyyəti kifayət
qədər aktiv olub: “Azərbaycan diasporu bu illər ərzində
ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ
probleminin dünya ictimaiyyətinə çatdırılması,
eləcə də Azərbaycan əleyhinə yönəlmiş
antierməni təbliğatının ifşa olunması
istiqamətində xeyli işlər görüb. Bu istiqamətdəki
işlər hazırda da davam etdirilir”. Milli Qeyri Hökumət
Təşkilatları Forumunun prezidenti qeyd edir ki, hazırda Azərbaycan
diasporu 50-dən artıq ölkədə
formalaşmış, kifayət qədər təşkilatlanmış,
müxtəlif kütləvi informasiya vasitələri, eləcə
də regional televiziyaları olan mütəşəkkil bir
quruma çevrilib: “Azərbaycan diaspor təşkilatları
artıq bir neçə konqresdə birləşib ki, bu da
aparılan ümumi işin xeyrinə, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, antierməni
təbliğatının sürətləndirilməsinə gətirib
çıxarır. Müstəqillik əldə edənə
qədər Azərbaycan diasporu yalnız ermənilərin
apardığı antiAzərbaycan təbliğatına cavab
verməklə məşğul olurdu. İndi isə vəziyyət
müsbət istiqamətə doğru xeyli dəyişib.
Artıq belə demək mümkündür ki, Azərbaycan
diasporu kifayət qədər öz sözünü deməyə
malikdir. Azərbaycan diasporu fəaliyyət göstərdiyi
ölkələrdə o qədər ciddi işlərlə məşğuldur
ki, onu erməni diasporunun gündəmə gətirdiyi hər
hansı bir problem maraqlandırmır. Artıq Azərbaycan diasporu
öz işi ilə məşğuldur. Məhz həyata
keçirilən uğurlu fəaliyyət nəticəsində
istər “Xocalıya Ədalət” kampaniyası, istərsə
də Xocalı soyqırımı, 31 mart azərbaycanlıların
soyqırım tarixi ərəfəsində əsl həqiqətlər
dünya ictimaiyyətinin diqqətinə
çatdırılır, ermənilərin zaman-zaman azərbaycanlılara
qarşı soyqırım siyasəti həyata keçirdikləri
ayrı-ayrı ölkələrin rəsmi və qeyri-rəsmi
dairələri, ictimaiyyətinin diqqətinə
çatdırılır. Xüsusi qeyd edilməlidir ki,
artıq ermənilərin azərbaycanlılara qarşı həyata
keçirdikləri soyqırımlar ayrı-ayrı ölkələrin
parlamentləri səviyyəsinə qaldırılır”. Rauf
Zeyninin sözlərinə görə, Xocalı
soyqırımının 20-ci ildönümü ərəfəsində
diaspor təşkilatlarımızın dünyanın müxtəlif
ölkələrində aksiyalar, elmi-praktik konfranslar və
simpoziumlar keçirməklə ermənilərin hansı vəhşiliklərə
əl atdıqlarını dünyaya anlatmışlar: “Bu da
Azərbaycan diasporunun erməni yalanlarını ifşa etmək,
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq istiqamətində apardığı
uğurlu fəaliyyətin bir hissəsidir”. Milli QHT Forumunun
prezidenti deyir ki, bütün halda əldə edilən nailiyyətlərlə
kifayətlənmək olmaz, daha böyük uğurlara imza
atmaq üçün bir qədər də aktiv olmaq
lazımdır.
“Diaspor və Lobbi” Strateji
Araşdırmalar Mərkəzinin rəhbəri Zaur Əliyev isə hesab edir ki, Azərbaycan diasporu
ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ
probleminin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində pis yaxşı
işləyir və bunu etiraf etmək lazımdır: “Bu
istiqamətdə Diasporla İş üzrə Dövlət
Komitəsinin diasporumuzun güclənməsi istiqamətində
işlərini də unutmaq olmaz. Məhz Diasporla İş
üzrə Dövlət Komitəsinin sayəsində Birləşmiş
Ştatlar, Avropa, Asiya və Şimali Afrikanın
ayrı-ayrı ölkələrində yeni-yeni azərbaycanlı
icmaları yaradılıb ki, həmin icmaların tərkibində
həmin ölkələrdə yaşayan
soydaşlarımızın birləşməsini uğur
saymaq olar”. Mərkəz rəhbəri onu da bildirir ki,
bütün halda tam olaraq birlik göstərə bilmirik: “Bunun
səbəblərini isə diasporun özündə də
axtarmaq lazımdır. Çünki diasporumuzun
özünün strukturu fərqlidir, müxtəlif dövlətləri
təmsil edir və ümumi razılıq çox zaman çətinliklə
əldə olunur. Bir çox hallarda diasporun bəzi nümayəndələri
zəif işləmələrini maliyyə problemləri ilə
əlaqələndirirlər. Ancaq mən deyərdim ki,
diasporun maliyyə imkanları o qədər də zəif deyil.
Digər bir tərəfdən onların işləməsi
üçün heç də külli miqdarda vəsaitə
ehtiyac yoxdur. Məgər hər hansı bir dövlət rəsmisi
ilə görüşməyə pul lazımdır? Vətən
hər şeydən öndə olmalıdır və bu yolda
hamı canını qoymağa hazırlığını
sübut etməlidir. Məhz belə olduğu təqdirdə
bizim qarşımızda heç kim dayana bilməz. Diaspor bunu
anlamalıdır. Adi və görülməsi asan olan işlər
üçün maddi vəsait yox ürək lazımdır.
Lobbiçilik məqamında isə biznes diasporun
formalaşdırmaq lazımdır. İqtisadi imkanlar
yaradıb siyasi uğurlar tələb etmək də dövlətin
vəzifəsi olmalıdır. Buna görə də biz həqiqətləri
ilk öncə dünya səviyyəsinə qaldırmalıyıq”.
Zaur Əliyevin sözlərinə görə, Dağlıq
Qarabağ problemini yetərincə lazımı qurumların
müzakirəsinə qaldırmaq imkanlarından hələlik
məhrumuq: “Çünki bu iş üçün maliyyə
ilə yanaşı bu işi görəcək insanların
milli hisslərinin daha yüksək olması tələb
edilir. Sevindirici haldır ki, bu gün Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin rəhbəri,
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
sədri Leyla xanım Əliyevanın başladığı
“Xocalıya Ədalət” kampaniyası dünyada yüksək
səviyyədə aparılır. Eləcə də Birləşmiş
Ştatlarda Adil Bağırovun həyata keçirdiyi işlər
mühüm əhəmiyyət kəsb edir.
Düşünürəm ki, əgər fəaliyyətimizi
bu cür davam etdirsək yaxın gələcəkdə daha
böyük nəticələr əldə edə bilərik.
Həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsində təcavüzə məruz
qaldığımızı, həm də əsrlər boyu
erməni zülmündən əziyyət çəkdiyimizi
dünya ictimaiyyətinə anlata bilərik. Mərkəz rəhbəri
hesab edir ki, bu istiqamətdə əlavə tədbirlərin
keçirilməsi də olduqca zəruridir: “Hesab edirəm ki,
bu gün ”Qarabağ mədəniyyəti günləri”
adı altında dünya ölkələrinin bir çoxunda
eyni vaxtda tədbirlərin keçirilməsi Qarabağ
haqqında ermənilərin bu vaxta qədər
yaydığı uydurma təbliğatın alt-üst
olunması üçün əhəmiyyətli effekt verə
bilər. Bu tədbirlərin həyata keçirilməsi
üçün diasporumuzun gücündən geniş istifadə
etmək mümkündür. Həmin tədbirlərdə əslən
qarabağlı olan mədəniyyət xadimlərimizin əsərləri,
bu bölgədən olan müğənnilərimizin
ifaları səsləndirilər, ”Qarabağ bülbülləri”
kimi musiqi qrupları, işğal olunmuş rayon və səhər
mədəniyyət evlərinin ansamblları və
aktyorlarının iştirakı təmin olunar ki, bununla da mədəniyyətimizi
dünya ictimaiyyətinə təqdim edə bilərik. Belə
bir addımın atılması həm də Qarabağın
Azərbaycana məxsus olmasının əleyhinə
aparılmış yalançı erməni təbliğatını
asanlıqla alt-üst etməyə imkan yaradar. Hesab edirəm
ki, bu kimi tədbirlər həm də dövlətlə
diasporun əlaqələrinin daha sıx qurulmasına gətirib
çıxara bilər.
“Birlik”
jurnalının baş redaktoru İlqar İlkin isə hesab
edir ki, Azərbaycan diasporu ölkəmizin haqq səsi,
Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə
çatdırılması prosesində aktivlik nümayiş
etdirir: “Xüsusilə, diaspor təşkilatlarımızın
bütün dünyada Xocalı soyqırımının
tanıdılması istiqamətində apardıqları
işlər yüksək qiymətləndirilməlidir.
Bütün bu tədbirlər Azərbaycan dövlətinin
xarici siyasət kursuna uyğun olaraq həyata keçirilir və
biz hər ötən il ərzində bu tədbirlərin daha
effektli və mütəşəkkil
alındığını görməkdəyik. Bu məsələdə
diaspora təşkilatlarımıza lazımı dəstək
vermək üçün dövlət strukturları,
qeyri-hökumət təşkilatları və mətbuatın
da üzərinə böyük məsuliyyət
düşür”. İlqar İlkinin sözlərinə
görə, Dağlıq Qarabağ problemi yalnız dövlətin
deyil, bütün ictimaiyyətin, eləcə də
bütün Türk xalqlarının problemi olaraq dəyərləndirilməlidir:
“Yəni biz bu problemin bütün dünyada
tanıdılmasında diaspora təşkilatlarının birgə
fəaliyyət göstərməsinin daha effektli olduğuna
inanmalıyıq. Təmsil etdiyim “Azərbaycanlıların və
digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
də Dağlıq Qarabağ probleminin aparıcı Avropa
dövlətlərində gündəmə gətirilməsi
üçün də diaspora təşkilatları ilə
birlikdə layihələr həyata keçirməkdə davam
edir”.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 17 aprel.- S.15.