Uşaqlarinternet 

 

Oyunsosial şəbəkə tanışlıqların dəyişilməz ünvanı

 

Kimisi onu “ağıllı maşın”, kimisisehirli güzgü”, kimisi də narahatlıqla “əsrin bəlası” adlandırır. Söhbət çoxlarının “onunla çətindir, onsuz da mümkün deyil” prizmasından yanaşdığı kompyuterdən gedir. Xüsusilə dünyada təhsilə verilən önəmin müqabilində də uşaq və yeniyetmələrin kompyuter marağının nəticələri əksəriyyəti düşündürən vacib məsələlərdən birinə çevrilib.

Məlumdur ki, kompyuter insanın ən yaxın dostuna çevrilməklə yanaşı, əsas informasiya mənbəyi rolunu oynayır. Kompyuterə münasibətdə yalnız xeyirli tərəflərindən söhbət açmağı xoşlayanlar da məhz bu amildən istifadə edirlər.

 

“Uşaqlar əsəbi və bədbəxt böyüyür”

 

Amma o da sirr deyil ki, söhbət uşaqlardan gedirsə, onların bu “informasiya mənbəyi”nə münasibətində bir çox amillər nəzərə alınmalıdır. İlk növbədə uşağın fiziki və ruhi sağlamlığı diqqətdə saxlanılmalıdır ki, mütəxəssislər bu məsələ ilə bağlı artıq çoxdan həyəcan siqnalı çalırlar: kompyuter qarşısında 2 saatdan artıq vaxt keçirən uşaqların psixoloji problemlərlə üzləşmə ehtimalı digərlərinə nisbətən daha çoxdur. Bu, hələ hamısı deyil. Bristol Universitetinin alimləri müəyyən ediblər ki, 11 yaşlılar arasında kompyuter qarşısında çox vaxt keçirənlərin fiziki durumu digər həmyaşıdlarına nisbətən çox aşağıdır. Kompyuterə meyl edənlər əsasən utancaq və ünsiyyətə girmək bacarığı olmayanlardır. Amma əgər ünsiyyətcil uşaq da vaxtının çoxunu kompyuter qarşısında keçirirsə, o da zamanla psixoloji problemlərin girdabına düşəcək. Bunu da alimlər deyir. Monreal Universitetinin apardığı araşdırmadan məlum olub ki, kompyuter və televizora çox baxanlar məktəb yaşına gəldikdə dərslərini yaxşı oxumur və qeyri - sağlam yeməklərlə qidalanmağa meylli olurlar. Diqqətsizlik və hiperaktivlik sindromuna da belə uşaqlarda çox tez - tez rast gəlinir. Məhz bu amilləri nəzərə alaraq Avstraliya və ABŞ kimi ölkələrdə valideynlər üçün uşaqların 2 saatdan artıq kompyuter və televizor qarşısında vaxt keçirməməsini tələb edən təlimat var. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə mövzu ilə bağlı narahatlığını belə dilə gətirib: “Kompyuter və kompyuter oyunları üzündən uşaqlar əsəbi, dinclik olmadan, bədbəxt böyüyür”.

 

“Ağıllı maşın”ın ziyanları

 

 “İnformasiya mənbəyi” və ya “ağıllı maşın”ın uşaqlar üçün yarada biləcəyi təhlükələr barədə bu qədər.

Amma təbii ki, kompyuter yalnız narahatlıq demək deyil, o həm də günün tələbidir. Bu tələblə uyğunlaşmaq uşağın sonrakı həyatına təsir göstərə biləcək səviyyəyə yüksəlib, bu baxımdan kompyuter və internetsiz həyatı təsəvvür etmək çətindir. İnternet ən böyük və ən operativ məlumat mərkəzi, müasir əlaqə vasitəsi, biznes imkanı, reklam yeridir. Məktəblilərin də ən yaxın köməkçisi ola bilər. Məktəblərin informasiya - kommunikasiya texnologiyaları ilə təminatı yüksəldikcə, dünyaya inteqrasiya prosesi sürətləndikcə kompyuterin imkanlarından daha tez - tez istifadə olunur. Kompyuterlə məşğul olmağın uşaqların ətraf mühiti qavramasında, düşünmə qabiliyyətinin artırmasında, fantaziyalarının inkişaf etdirilməsindəki rolunu da mütəxəssislər vurğulayır. Başqa sözlə desək, mənfilərə qarşı müsbətlər də var və heç də az deyil. Lakin bu mənfi və müsbətləri tərəziyə qoyanda çox zaman mənfilər ağırlıq edir ki, narahatlığı yaradan əsas səbəb də budur. Başqa sözlə desək, uşaqlar kompyuterdən təyinatı üzrə istifadədən daha çox, onlara ziyan gətirəcək məqsədlər üçün istifadə edirlər.

 

İnternet böyük bir oyun meydançasıdır

 

Dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalar müxtəlif rəqəmləri əks etdirsə də, son nəticədə bu ölkələrin hamısı üçün problemin ortaq olduğu ortaya çıxır. Bu da uşaqların kompyuterdən nə məqsədlə, nə qədər istifadə etməsidir. Uşaqların 60 faizindən çoxunun kompyuterə olan marağı oyun oynamaq, sosial şəbəkələrdən istifadədən o tərəfə keçmir. İnternet imkanları da çox zaman uşaqların özləri üçün yaratdıqları çərçivədən kənara çıxmır. Bu çərçivənin daxilində oyunlar, tanışlıq, musiqi dinləmək və ya filmə baxmaq, alış - veriş, bir sözlə çox şey var. Amma sırf informasiya əldə etmək, məsələn, “Marafon” döyüşü ilə bağlı daha ətraflı məlumat almaq üçün kompyuter qarşısında oturmaq halları bu çərçivədə küncə sıxılmış bir formadadır. Uşaq və yeniyetmələrin kompyuterdən istifadəsində əsas yeri oyunlar tutur. İnternetdən də məhz bu məqsədlə istifadə edənlərin sayında kəskin artım müşahidə olunur. Məlumat üçün bildirək ki, ilk kompyuter oyunları 1970 - ci illərdə hazırlanıb. Həmin vaxtdan etibarən kompüter oyunları əyləncə sektorunda ən azı 9 milyard dollarlıq bir paya sahibdir. Araşdırmalar göstərir ki, oyunlar təkcə uşaqların yox, hətta 25 - 40 yaşlı şəxslərin də həyatının bir parçasına çevrilib. 2 - 17 yaşarası uşaq və gənclərin 70 faizinin kompyuter sahibi, 68 faizinin isə oyun marağının olduğu açıqlanıb. 2 - 7 yaşarası uşaqların həftədə 3 - 5 saat, VIII və IX sinif şagirdlərinin isə 9 saat oyun oynadığı da araşdırmalardan ortaya çıxan nəticədir. Oyunlara marağın səbəbləri sırasında boş vaxtı dəyərləndirmək, qalib olmaq duyğusunu yaşamaq istəyi, yeni dostlar tapmaq, maraqlı və yeni nələrsə kəşf etmək əsas yer tutur. Amma nəyinsə marağına kompyuterdən ayrıla bilməyən uşaq üçün bu oyunlar şiddətə meyl yaratmaqla bərabər, sosial münasibətlərdə geriləmələrə yol açır. Oyunlara maraq artdıqca uşaqlarda dünyanın qorxulu xəstəliklərindən biri olan obezite (kökəlmə) təhlükəsi yaranır, həmçinin təhsildə əldə edilən uğurlar azalır. Uşaqlar arasında intihar hallarının artması, qətllər, oğurluq, hətta avtoxuliqanlıq kimi hadisələrdə internetin payı durmadan artır.

 

***

 

Bunun yanında internet oyunlarını müsbət tərəfdən dəyərləndirən mütəxəssislər onun uşaqların inkişafında müəyyən dərəcədə rolundan danışmadan söhbətə yekun vurmurlar. Hətta ailədaxili zorakılığa məruz qalan uşaqların bu oyunlar vasitəsilə özünü sakitləşdirdiyi, şiddətə daha yanlış qərarla qarşılıq verməsinin qarşısını almasına dair də fikirlər var. Bu fikir sahiblərinin dediyinə görə, onlayn oyunların və bu oyunların dostlarla birlikdə oynanıldığı internet klubların ancaq mənfi tərəflərindən danışmaq doğru olmaz. Söhbət yalnız nəzarətdən getməlidir ki, buna da təəssüf ki, əsas hallarda nail olmaq mümkün olmur. Əgər uşaq günün müəyyən hissəsini internetdə keçirirsə, bu səbəbdən dərslərdə zəifləmə, yuxu pozğunluğu, ətrafdakılara qarşı münasibətdə fərq, fiziki fəaliyyətdə azalma, köhnə dostlarla əlaqələrin kəsilməsi, məsuliyyətsizlik, vəzifələrinin öhdəsindən gəlməmək kimi hallar müşahidə edilirsə, bu artıq “internet asılılığının” əlamətləridir. Bu halda valideyn və müəllimlərin üzərinə düşən əsas vəzifə uşaqlarını qorumaqdır ki, bunun da çox müxtəlif yolları var. Ən əsası kompyuterin ziyanlı tərəflərini uşağa başa salmaq lazımdır, bu zaman uşağın qavrayacağı dildə və onun qəbul edə biləcəyi şəkildə söhbət aparılmalıdır. Valideynlərin uşağın çox sevdiyi oyunu onunla birlikdə oynaması da əlaqələrin möhkəmlənməsinə kömək edə bilər.

 

Sosial şəbəkələrin özü kiçik, yaşı böyük üzvləri

 

Təəssüf ki, Azərbaycan valideyni bu baxımdan örnək valideyn deyil. Müşahidələr göstərir ki, uşaqlar əksər hallarda kompyuterdən informasiya almaq məqsədilə yox, digər məqsədlər üçün istifadə edirlər və valideynlər bundan məlumatsızdır. “Bakı Təhsili”nin bir neçə internet kafedə apardığı sorğunun nəticələrindən məlum oldu ki, uşaqlar arasında internet dedikdə ilk növbədə sosial şəbəkələr, oyunlar, yazışmalar yada düşür. Söhbətləşdiyimiz uşaqlardan demək olar ki, heç biri xəbər portalı və ya təhsillə bağlı saytın adını çəkə bilmədi. Onlar hətta məktəbdə internetdən hansısa mövzuda referat hazırlamaq üçün yox, məhz başqa məqsədlər üçün istifadə etdiklərini, o cümlədən müəllim nəzarətsizliyindən faydalandıqlarını gizlətmirlər. Klub əməkdaşlarının bildirdiyinə görə isə, uşaqlar nadir hallarda dərs materialları ilə tanış olurlar. “Elə valideyn var ki, uşağını özü gətirib tapşırır ki, gündə 1 - 2 saat oyun oynayacaq. İndiyə qədər kiminsə bir saat oturub internetdə dərslə bağlı nəsə material axtardığını görməmişəm”. Bunu artıq 5 ildir ki, internet klub işlətdiyini deyən şəxs bildirir. Onun sözlərinə görə, internet klubların da məhz məktəblərə yaxın yerdə açılmasına səbəb müştəri bazasının əsasən məktəblilərin təşkil etməsidir: “Etiraf etməliyik ki, uşaqlar olmasa bizim klublar işləməz. Kim nə deyir desin, uşaqların oyun oynaması klub sahiblərinə xeyirdir. Uşaq oyun oynayanda başı o qədər qarışır ki, dəfələrlə vaxtı uzadır, kompyuter qarşısından durmaq istəmir. Mən öz təcrübəmdə internetdə kitab oxuyan uşaq görməmişəm və görsəm ona münasibətim yəqin ki, fərqli olar”. Oyunlardan başqa sosial şəbəkələr uşaqların son zamanlar əsas məşğuliyyətindən birinə çevrilib. Klub əməkdaşları da bunu etiraf edir. Hətta dediklərinə görə, sosial şəbəkədə qeydiyyatdan keçmək üçün yaşı çatmayan azyaşlılar yaşlarını böyük göstərməklə bu imkanı əldə edirlər: “Görürsən uşağın 12 yaşı var, amma 20 yaşlı şəxs kimi qeydiyyatdan keçir. Sonra da başlayır elə burda, bir - birinin yanındakı kompyuterlərdən yazışmağa. Sosial şəbəkədə yazdıqlarını bir - biri ilə üzbəüz söhbət etmirlər, yəqin ki, onlar üçün bu hələ yenilikdir”. Təkcə yenilik yox, həm də dəbdir. Ona görə də sosial şəbəkə istifadəçilərinin sayı artır və bu artımda uşaqların payı heç də diqqətə alınmayacaq səviyyədə deyil. 

 

 

Elnarə

 

Olaylar.- 2012.- 17 aprel.- S.12.