Futbolda ikili standart

 

Azərbaycanda futbol üzrə ölkə çempionatının iki komandası digərlərindən kəskin şəkildə fərqlənir. Ölkə futbolu barəsində danışarkən bu iki klubun adını vurğulamaq yetər. Bu klublar hər zaman hər bir klubu güclü oynamağa məcbur edir. Kimlərdən söhbət getdiyi aydındır; biri “Neftçi”dir, o biri “Xəzər Lənkəran”.

 

Bu iki komanda həm də bir-birinə ciddi rəqibdir. Onların arasında baş tutan hər bir oyun diqqəti cəlb edir və çempionata əlavə rəng qatır. Biri paytaxt, o biri əyalət komandası sayılır. Eləcə ölkədə futbola münasibətin də bir paytaxt-əyalət fərqi hiss olunmaqdadır. Premyer Liqanın 12 klubundan 5-i paytaxt təmsilçisidir. İlk baxışdan burada qeyri-adi bir şey yoxdur. Amma onlara münasibətdə aşkar fərqin hiss olunması bu barədə düşünməyə əsas verir. Paytaxt futbolunun önündə “Neftçi” gedir. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır” deyənlər səhf etməyiblər. Biz gözümüzü açmışıq, “Neftçi”ni görmüşük. Uduzanda kədərləndiyimiz, udanda sinifdə iris payladığımız zamanlar olub. Çünki Sovetlər dövründə olanımız və bizim futbolumuzu tanıdan bircə o vardı. İndi müstəqil klub sahibi olanların əksəriyyətinin futbola məhəbbətinin bünövrəsində “Neftçi”nin oyunları və “Neftçi”yə azarkeşlik durur. Orta yaş nəslinin arasında məhəllə futbolu oynayarkən özünü Ələkbər Məmmədova, Banişevskiyə, Hacıyevə, Qurbanova, Cavadova və digərlərinə oxşatmaq istəyən nə qədər soydaşımız var! Hətta “Xəzər Lənkəran”ın fəxri prezidenti, əslində isə sahibi və son söz səlahiyyətlisi Mübariz Mənsimovun adı da bir vaxtlar “Neftçi”nin oyunçusu olmuş Mübariz Zeynalovun şərəfinə qoyulmuşdur. Və indi ölkənin əksər klublarının baş məşqçisi olan və digər futbol sahələrində çalışanların, o cümlədən ölkə futboluna ləyaqətlə rəhbərlik etmək amacını nümayiş etdirənlərin, yəni AFFA rəsmilərinin də əksəriyyəti “Neftçi”nin köynəyindən çıxmışlar. Bütün bunlar həm də “Neftçi”yə rəğbətin təbii əsaslarını formalaşdırır. Başqa cür olmasını iddia etməyimiz sadəlövhlük olardı. İnsanıq da, çörəyini yediyimiz, şəhərində yaşadığımız, yüz bir əlaqəmizin mövcud olduğu bir klubla heç bir ilişgimiz, yaşantılarımız, keçmişimiz olmayan bir ayrı klubun dartışması olarsa, biz də təbii ki, birinci klubun tərəfini saxlamağa çalışarıq. Heç kəs özünün 15-ci məsum olmasını iddia eləməsin, sinəsinə döyməsin. Eləcə də mövqelər dəyişərkən hər bir əyalət mənsubu, xüsusən də cənublu, lənkəranlı da “Xəzər Lənkəran”a tərəfgirlik edəcək, təəssübünü çəkəcək. Təbiidir! Amma... Amma insanda bir ədalət, insaf və obyektivlik hissi də var. Bu yoxdursa, şəxsi nəinki ölkə futbolunun məsul nümayəndəsi, İslamın fundamental əsaslarından biri olan firuiddinə əsasən heç əsil müsəlman belə hesab edə bilmərik. Amma...Amma təəssüf ki, AFFA-da çoxları bunun fərqində deyil. Çünki orada paytaxt klublarına, xüsusən də “Neftçi” klubuna açıq-aşkar rəğbət və tərəfgirlik hiss olunmaqdadır. Sanki “Unibank” premyer-liqası yalnız “Neftçi”ni (“İnter” və ya “Bakı”nı) hər il çempion və kubok sahibi etmək üçün keçirilir. Tərslikdən bunu ustalıqla edə bilmirlər və bəzən son anda çempionluq əldən çıxır. Nə qədər olsa da, çempionluq Bakı klublarından birinə qismət olur. Hərdən “Qarabağ” klubuna da nəsə bir pay düşür, amma o da artıq siyası məsələdir. Zatən nə “Neftçi”, nə “İnter”, nə də “Bakı” pis futbol göstərmir. “Neftçi” hamısından daha yaxşı oynayır. Sadəcə, AFFA və xüsusən də onun hakimləri aşkar tərəfgirlik edərək, “Neftçi”nin halalına haram qatırlar. Əslində paytaxt klublarına (“Neftçi”yə) bu dəstək olmazsa, o heç də həmişə stabil nəticə göstərə bilməz, tez sarsılar, ruhdan düşər, böhrandan çıxa bilməz. “Xəzər Lənkəran” da (“XL”) özünə görə əslində yaşlı bir komandadır; hazırki klubla arasında varislik prinsipi etiraf edilərsə, olmayan yerdə yaşı 60-dan çoxdur. İndiki klubu daha çox müstəqillik dövrünün övladı hesab edirlər. Amma nə qədər ki, Azərbaycan çempionatında “Xəzər Lənkəran” oynamırdı, çempionat çox sönük və diqqəti cəlb etmədən keçirdi. “XL” 2004-cü ildə çempionata qatılmaqla onun rəngini və ruhunu dəyişdi. “XL”-in bahalı transferləri və futbolçulara ödədiyi yüksək əmək haqqı, tikdiyi yeni stadion, baza digər komandaları da günə çıxartdı. Qapıçı Kamran Ağayevin o vaxtlar səfər oyunları zamanı yediyi “peraşkilər”in dadı hələ də yadından çıxmır. Amma son illər “XL”nin heyətində yenə bahalı futbolçuları olsa da, komanda gözəl oyun göstərə və yüksək nəticə əldə edə bilmir. Çünki çempionatın bir 13-cü (nəhs) komandası da var- “Hakimlər Komitəsi”. Bəzən hakimlər “Xəzər Lənkəran”ın oyunu zamanı o qədər lüzumsuz “sarı vərəqələr” göstərirlər ki, karta bu aludəçiliyə görə onların kart (qumar) oyunu həvəskarı olduğunu düşünürsən. “Kartlar” hər biri komandaya pul cəzasına başa gəlir. “Xəzər Lənkəran”da isə pul həmişə çox olub. Zamanında “Neftçi”nin dolayı sponsoru sayılan Dövlət Neft Şirkəti deyil, “XL” AFFA-nı rəsmən sponsorluğa götürərdisə, hər oyunda bu qədər lüzumsuz cəzalardan qurtular və oyunçular da rahatca futbol oynayırdı. Məncə AFFA-nın sponsoru “Palmali” Şirkətlər Qrupu olardısa, çempionat bu qədər ədalətsiz keçməzdi. Deyirlər bir cinayətə görə iki cəza verilməz. AFFA-da isə verilir. “Sarı vərəqədən” ötrü klub cərimə olunur, futbolçu isə 2-ci vərəqədən sonra 1 oyun meydançaya buraxılmır. Hələ bir klubda da müəyyən cəzası var! Bu oldu 3 cəza. “Xəzər Lənkəran”ın bəzi səbatsız azarkeşləri bu kimi hallara özlərinə məxsus tərzdə siyasi rəy verirlər. Bu kimi rəylərin arasında “Talışlara imkan verməzlər!” ifadəsi daha populyardır. Bircə nəfər də olsun talışın oynamadığı bir klub əvvəllər uğur qazanarkən kimsə “politoloqluq” etmirdi, amma indi çox vaxt yanmışlıqdan və qəzəbdən bu kimi iddialar da yaranır. Nədənsə bunu ölkənin futbol təsərrüfatında heç də hamı yaxşı anlamır. “Xəzər Lənkəran”a qarşı aşkar haqsızlıqlara görə Lənkəranda baş məşqçi Ağasəlim Mircavadov dözməyib hakimi döydü. Azarkeşlər skamyaları qopardıb hakim Əfqan Həmzəyevə sarı tulazladılar. Klub rəhbərliyi də şillə-təpiyini hərdən işə salmağa məcbur olur. Deyim ki, bunlar heç də qudurğanlıqdan, ərköyünlükdən və ya AFFA-nın hesabına əlavə cərimə məbləğləri yatırmaq öhtəliklərindən yaranmır, buna çox ciddi və haqlı əsaslar olub. Haqsızlıqlara qarşı əsəblər heç də həmişə dəmirdən olmur ki. Həm də “XL” azarkeşi futbolu bir çox məşqçi və hakimdən daha yaxşı bilir. Lənkəranın mərkəzi stadionunda ciddi və qərəzli “səhvlərə” yol verən hakimlərə güzəşt edilmir. Bir hakimə ki, on minə yaxın azarkeş xorla “maviliyə” xas bir əlaməti yaraşdıra və bunu xorla ifadə edə, o hakimin nə vaxtsa elə olmayacağına, ən azından homoseksuallara rəğbətinin oyanmayacağına inanmamaq olmaz. Nəfəs haqdan gələr və “Elin sözü əvvəl-axır düz olar... ” misallı. “Xəzər Lənkəran”a qarşı aşkar haqsızlıqlara dünyanın bahalı futbolçuları da dözmür və öz oyununu itirir. Burada o qədər baş məşqçi dəyişdirilib ki! Bir səbəb klub rəhbərliyinin səriştəsizliyində və ya azarkeşlərin sadəlövh tələblərində olubsa, bir səbəb də yarıtmaz hakimlikdən doğan psixoloji sarsıntılar olub. Amma AFFA-nın indiyədək “XL”ın hansısa tələbinə müvafiq müsbət cavab verdiyini kimsə xatırlamır. Bu cür ikili münasibət ümumilikdə ölkə futboluna ciddi xələl gətirmirmi? Və bir kluba qarşı qərəzkarlığın heç bir hüdudu yoxdurmu? Ona görə də əyalətdə futbol inkişaf etmir, yaranan klublar çox keçmir ki, qapadılır. Bu fikri statistik göstəricilərlə də isbata yetirmək və “XL”ın indiyədək hakim ədalətsizliyindən verdiyi apelyasiya şikayətlərini sadalamaq olar. Ötən illərin birində hətta görünməmiş bir hadisə də baş vermişdi. XL-in baş məşqçisi olmuş Mirça Rednik hakim ədalətsizliyinəmi, ya öz yetirmələrinin yarıtmaz oyununa görəmi başındakı kepkasını hirslə yerə çırpmışdı. Buna görə AFFA baş məşqçiyə səhv etmirəmsə, 5 oyunluq cəza verdi. Ölkə çempionatında anoloqu olmayan hadisə idi. Bakı klublarının məşqçiləri az qala hakimin gözünü çıxardır, buna görə heç xəbərdarlıq da almırlar. Tovuzda hakimlərin döyülüb al qana bələndikləri hadisə də günümüzün adiliklərindən biridir. Amma “XL”ın baş məşqçisi meydançadan çox kənarda kepkasını yerə çırpır və buna görə ən yüksək cəza alır. Əslində bu həm də kluba, oyunçulara və azarkeşlərə kəsilmiş ağır cəza idi. Çünki baş məşqçi olmadan keçirilən oyunlar komandanın qapısına oyun başlanan kimi vurulan erkən qolun mənfi effektini doğurur. “XL” ölkə futbolunda özünün çoxsaylı və sadiq azarkeşləri ilə fərqləndiyi halda bəlkə də provakatorlar tərəfindən meydançaya atılan bir-iki alışqana görə bütün azarkeşləri cəzalandırmaq hansı sağlam məntiqə müvafiqdir? Bu halda azarkeşsiz oyun cəzası verilməsindənsə, kluba, mühafizəçilərə və polisə maliyyə sanksiyaları qoymaq daha düzgün olardı. Klub stadionda bütün seksiyalara nəzarətçi veb-kameralar yerləşdirər və xuliqanı polisin də iştirakı ilə zamanındaca yaxalayıb böyük cərimə cəzası kəsdirər. Ölkədə başqa hansısa kluba azarkeşsiz oyun cəzasının kəsilməsi hallarını xatırlamaq olmur. Zatən onsuz da digərlərinin azarkeşi “yox” səviyyəsindədir. “Xəzər Lənkəran”a qarşı hazırkı ögey münasibət davam edərsə, bir azdan elə bu klubun azarkeşləri də tamam azalacaq. Bu il “Xəzər Lənkəran” onsuz da çox çətin psixoloji duruma düşmüşdü. Nəticədə komanda çempionatı 3 baş məşqçi ilə keçirdəsi oldu. Amma futbolçular özündə təpər tapıb klubu böhrandan çıxarda və turnir cədvəlinin 2-ci pilləsinə qalxa bildi. Hətta “İnter” kimi iddialı klubu və rəqiblərinin iradəsini sındırmaqda xüsusi imic qazanmış “Qəbələ” klubunu onun meydançasındaca məğlub edə bildi. Amma görünür bu vəziyyət kimlərinsə planına müvafiq deyildi. O saat klubun ötən illərdən qalmış “Ramulo Silva” problemi işə salındı. 2009-2010-cu il çempionatı hara, 2012-ci il çempionatının yekun mərhələsi hara?! Deməli, bunu “XL”-nın çempion olacağı son oyun ərəfəsində də ortaya çıxarda bilərdilər. Belə addımların onsuz da kimsə siyasi aqibətinin fərqində deyil. Bu futbolçunu seleksiyaçılar kluba “ sırımışdılar” desək yanılmarıq. Cəmi bir oyunda (“Bakı” ilə) meydançaya çıxdığı xatırlanır. Onda da çox keyfiyyətsiz, yarıtmaz bir futbolçu kimi diqqəti cəlb etdi və unuduldu. İşə bax ki, onun FİFA-ya təzminatla bağlı şikayətinə və tələblərinə məhz indi tam əməl edilir. “XL” rəsmilərinin səriştəsizliyinə fəxri prezidentdən başqa daha kimsə zərrəcə şübhəsi etmir - bu aydındır, bəs bu klubun heç haqlı tərəfi yoxdurmu? Axı yararlı və müqavilə öhtəliklərinə tam cavab verən futbolçudan heç kəs imtina etməz. Futbol dünyasında bunun az-az təsadüf edilən hadisə olduğunu iddia eləmək də çox gülünc olardı. Hər bir klubda “n” qədər bu cür məsələ var. Belə problemləri çox vaxt səsə salmadan, tərəflər öz aralarında həll edir və ya məsələ şişdikdə ortaq məxrəcə gəlirlər. Amma “XL” qarşı tərəfə 114 min dollar təminat və üstəgəl hər il üçün 5% əlavə ödəyir. Bu oldu bir cəza. Amma heç demə FİFA-da da bir cinayətə görə 2 cəza verilirmiş! FİFA hansı məntiqlə və indiki məqamda bu addımı atırdı? Yoxsa onlara ölkəmizdən kimsə işarə verib və ya olmaya “XL”-nın varlı klub olduğunu onlarda bilib və əlavə qazanc güdüblər? Əgər belə olubsa, deməli, elə çıxır ki, “XL” FİFA-a atıb və 2-ci cəza olaraq topladığı xallardan 6 xal da buna görə çıxarılıb. Bizim futbolda olan şeydir: hakimə vəd verilir, amma sonra haqqı tam ödənilmir. Həmin hakim növbəti dəfə bu komandanın oyununu idarə edəndə “atılmış” pulun əvəzini meydançada “vərəqələr” və “11 metrə” ilə çıxır. Görəsən FİFA ilə də belə olmuşdurmu? Əgər olubsa, AFFA-ya nə düşüb ki, turnir cədvəlinin 2-ci pilləsində gedən bir komandaya bu qədər sərt və 2-ci cəzanı kəsir? Bu cəzanın komandada doğurduğu ruh düşgünlüyünün nəticəsidir ki, bir gün sonra “Bakı” ilə oyuna çıxan komanda 1:4 hesabı ilə ağır məğlubiyyətə uğradı. 5-ci topu hakim Vüsal Əliyev özü şəxsən vurmaq istəyirdi. 2-3 gün ərzində 9 xal itkisi! Görünür AFFA-dakı bəzi şəxslərə də elə bu lazım imiş. Bu qurum Azərbaycan klublarının Assosiasiyası ikən nədən onların mənafeyini FİFA qarşısında müdafiə etməməli, apelyasiya şikayəti verməməlidir?! Və ümumiyyətlə, AFFA “XL”-nın balansından 6 xalı hansı əsasnaməyə və ya nizamnaməyə əsasən silmişdir? Əgər anoloji hadisə Ermənistanda baş verərdisə, AFFA özünün lider komandasına qarşı bu cür nalayiq addım atardımı? FİFA deyil, lap BMT də, AŞ da, Helsinki Assambleyyası da tələb edərdisə, AFFA paytaxt klubu olan “Neftçi” üçün adekvat sərt qərar qəbul etməz, yəqin ki, bir “ilan yolu” tapardı. Azərbaycan futbolunu inkişaf etməyə qoymayan mühüm bir səbəb də elə budur: klublara paytaxt-əyalət nəzəri və ikili standartla yanaşılması!

 

 

Hafiz Mirzə

 

Olaylar.- 2012.- 17 aprel.- S.10.