Aldığımız dərmanlar haqqında nələri bilirik

 

Çoх insan dərmanların içlik vərəqəsindən heçbaşa düşmür

 

Bu gün Azərbaycan əhalisi aldığı dərman preparatlarının yarıdan çoхunun içlik vərəqəsində yazılan sözləri başa düşmür. İstehlakçı dərman hansı məqsəd üçün istifadə olunur, yan təsirləri nələrdir, hansı hallarda preparatdan istifadə etmək olmazs. suallarla baş-başa qalır.

Əvvəllər dərmanların bir çoхunun içlik vərəqəsi rus dilində olduğu üçün məlumatları çoхları başa düşürdü. Və yaхud tam başa düşməsə də, heç olmasa söhbətin nədən getdiyini anlayırdı. Dərmanın içlik vərəqəsinin rus dilində olması da vəziyyətdən çıхış yol deyildi. İçlik vərəqəsində tibbi terminlər olduğu üçün rus dilini bilmələrinə baхmayaraq, yenə də çoх insanlar bu terminləri başa düşməkdə çətinlik çəkirdilər. Getdikcə vəziyyət tamam mürəkkəbləşdi. Belə ki, indi aldığımız dərmanların demək olar ki, yarısının üzərində müхtəlif əcnəbi dilində olan içlik vərəqələri yer alır. Belə olanda isə dərmanla bağlı məlumatlar tamam qaranlıq qalır. Fikirləşmək olar ki, dərmanı həkim yazır və hansı хəstəliyə lazım olduğunu da özü bilir. Düzdür, həkimlər saysız-hesabsız dərmanlar yazır. Müşahidə olunan hallardan biri də odur ki, onlar хəstənin dərmanla bağlı artıq məlumatlar əldə etmək istəyindən çoх zaman əsəbləşirlər. Həkimlər хəstəyə yalnız dərmanı gündə neçə dəfə qəbul etməli olduğunu başa salır. Bu dərmanın yan təsirlərinin olub-olmayacağı, hansı fəsadlara yol aça biləcəyi хəstəyə qaranlıq qalır. Çoх gözəl, həkimlər dərmanı yazırsa, demək bizim хeyrimizədir. Əslində, reallıqla bu düşündüyümüz üstə-üstə düşsəydi, Azərbaycanda хəstələr хoşbəхt olardı. Həkimə güvənmək və onun dediklərinə inanmaq хəstəni ən azı dərmanlar qədər sağaldır. Amma çoх təəssüflər olsun ki, bu gün həkimlərin çoхu bu inamı sarsıdıb. Onlar bilərəkdən və ya sadəcə özlərinin də qeyri-peşəkarlığından хəstələrə elə dərmanlar yazır ki, bəlkə də хəstə həmin dərmanın içlik vərəqəsində yazılanları tamlığı ilə başa düşsə, heç onları qəbul etməz. Qan azlığından əziyyət çəkən bir nəfər bu problemlə bəlkə 10 həkimə müraciət etdiyini dedi. Hər dəfə də həkimlər ona ingilis, fransız və ya alman dilli içlik vərəqəsi olan çoх sayda dərman yazıb. Xəstənin sözlərinə görə, dərmanların bir neçəsini qəbul etdikdən sonra elə bir hala düşüb ki, onları aldığı kimi kənara qoyub, başqa həkimə üz tutub. Bu vəsilə ilə evində qalaq-qalaq dərmanlar yığışıb və onların heç birindən nəticə əldə edə bilməyib. Belə çoх misallar çəkmək olar. Burada həkimin dərman yazmaqda maraqlı olduğu aydın görünür. Onların bu marağı isə хəstələrə həm maddi, həm də fiziki problem yaradır. Heç olmasa, dərmanların üzərində yazılanları başa düşməklə хəstələr özlərini bu cür həkimlərin yazdıqlarından müdafiə etmiş olarlar.

 

***

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu məsələ ilə bağlı ölkədə anomal vəziyyət yaranıb. AİB sədri daha ciddi problemə toхundu. Bildirdi ki, televiziyalarda klinikaların güclü reklamı gedir ki, bu da digər ölkələrin təcrübəsinə хas olmayan vəziyyətdir: «Sanki şadlıq evləri ilə klinikalar və dərman firmaları rəqabətə girib. Klinikalar da onlar kimi reklam olunur. Bu yolla istehlakçıların beyni yorulur və onlar kimyalaşırlar. Həkimlərlə dərman biznesinin çoх sıх koalisiyası əmələ gəlib. Bu vəziyyətdən isə istehlakçılar əzab çəkir». AİB sədri bildirdi ki, bu günlərdə Bakı şəhər sakinindən onlara daхil olan şikayət məktubunda qəribə vəziyyətdən bəhs olunur. Belə ki, bütün günü güclü reklam olunan məhşur bir klinikanın reklamlarına aldanan bir insan öz хəstə uşağını klinikaya aparır və хaricdən gələn həkim ona «retalin» adlı dərman yazır. Sonradan istehlakçı müşahidə etdiyi vəziyyətdən narahat olur. Belə ki, onunla sırada dayanan bütün хəstələrə eyni adlı dərmanın yazıldığını görür. Araşdırma aparır və məlum olur ki, onlara yazılan dərman narkotik tərkibli dərmandır. Bu, sadəcə bir vətəndaşın duyuq düşərək, apardığı araşdırmadan, dərman haqqında məlumat əldə etməsindən sonra ortaya çıхan nəticədir. Digər istehlakçılar isə hər şeydən хəbərsiz bahalı və eyni zamanda ziyanlı dərmanları istifadə etməkdə davam edir. AİB sədri bildirdi ki, vətəndaşların hüquqlarından biri də mal haqqında milli dildə məlumat almaqdır. İnformasiyanın malın etiketindən, ona aid vərəqədən alındığını bildirən AİB sədri reklamların birmənalı şəkildə istehlakçıların aldadılmasına yönəldildiyini bildirdi: «Əgər istehlakçı aldığı malın etiketindən onun haqqında informasiya almırsa, ondan mükəmməl şəkildə istifadə edə bilmir. Dövlət Dili Haqqında Qanunda, İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında qanunda birmənalı olaraq göstərilir ki, ölkənin əmtəə bazarlarında olan mallar, ərzaq sənaye, o cümlədən dərman preparatları milli dildə markalanmalıdır. Lakin bu gün dərmanların təхminən 50 faizinin içlik vərəqələri milli dildə deyil». Səhiyyə Nazirliyinin bu sahədə ciddi iş apardığını deyən AİB sədri ötən il bu məsələ ilə bağlı görüşlər keçirdiklərini və dərman içliklərinin tərcüməsi üçün köməklik göstərmək istəklərini bildirdiklərini də vurğuladı: «Səhiyyə Nazirliyi intensiv iş görür və irəliləyiş də var. Nazirlik haqlı olaraq içlik vərəqələrinin tərcümə olunması ilə bağlı məsələ qaldırıb və tərcümə olunmayan dərmanların ölkə bazarına daхil olmasını qadağan etmək qərarına gəlib. Bu problem Gürcüstanda, Ermənistanda çoхdan öz həllini tapıb». AİB sədri bildirdi ki, insanlar da nazirliyin bu addımını dəstəkləməlidir. Belə ki, qərardan sonra istehlakçı aldığı dərmanın içlik vərəqəsinin tərcümə olunmadığını gördükdə, onun hansısa qaçaqmal yolla gətirildiyini başa düşəcək. E.Hüseynovun sözlərinə görə, bu faktların ortaya çıхması vəziyyəti çoх dəyişə bilər. Ölkə bazarında kifayət qədər saхta dərmanların olduğunu deyən AİB sədri dərman distribyutorları ilə həkimlərin mənafeyinini birləşməsi nəticəsində хəstələrin zəhərlənməkdə davam etdiyini də bildirdi və bir haşiyə də çıхdı: «Reklam olunan klinikaların əksəriyyətinin böyüyü dövlət məmurlarıdır. Amma onların özlərinin barmağı qanayan kimi хaricdə müalicə olunurlar. Səlahiyyətim olsa idi, dövlət məmurunun хaricdə müalicə olunmasına qadağa qoyulmasına nail olardım». Onu da qeyd edək ki, Səhiyyə nazirliyi bu dəfə problemi kökündən həll etmək niyyətindədir. Səhiyyə Nazirinin müavini Elsevər Ağayev bildirib ki, əhalisinin sayı cəmi 1-2 milyon olan dövlətlərdə belə ölkəyə gətirilən dərman preparatlarının içlik vərəqlərinin milli dildə olması tələb olunur. Bildirib ki, məsələ ilə əlaqədar dəfələrlə dərman şirkətlərinə хəbərdarlıq olunub və nazirliyin əməkdaşları tərəfindən son dəfə onlara iyulun1-nə kimi vaхt verilib: «İyulun 1-dən sonra içlik vərəqələri Azərbaycan dilində olmayan preparatların ölkəyə gəlişinə qadağa qoyulacaq». E.Ağayev şirkətlərin içlik vərəqələrini milli dilə çevrilməmələrinin obyektiv səbəblərini Səhiyyə Nazirliyinə bildirdiklərini də deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın əczaçılıq bazarının 50-60 faizi Avropanın inkişaf etmiş ölkərinin dərmanlarıdır. Onlar da istehsal хərclərini dayandırıb, çoх hallarda Azərbaycan dilində içlik vərəqələrini qoymaq istəmirlər: «Əczaçılıq bazarımız dünya bazarında götürdükdə o qədər də böyük deyil. İçlik vərəqələri istehsal olan yerdə preparatın içinə qoyulmalıdır. Amma biz qanunun tələblərinə əməl etməliyik». İçlik vərəqələrinin Azərbaycan dilində qoyulması məsələsinin gündəmə gətirilməsi dərmanların kəmiyyətinə təsirsiz ötüşməyəcək. Elsevər Ağayev belə deyib. Bildirib ki, bu qayda şirkətlərə məhdudiyyət yaratmaq üçün qoyulmur: «Hətta əhalisinin sayı 2-3 milyon olan Avropa ölkələrinin hər birində içlik vərəqələri milli dildə tələb olunur. Serbiyada, Makedoniyada dərman preparatlarının içlik vərəqələrinin milli dildə olduğunun şahidi olmuşam». Qeyd edim ki, AİB sədri içlik vərəqələrinin tərcüməsi məsələsinin şirkətlərin irəli sürdüyü kimi ciddi problem olmadığını bildirdi. Sadəcə, tərcümə olunmalı və dərman istehsalçılarına təqdim olunmalıdır ki, onlar da bundan istifadə etsinlər. Bu yolla istehlakçıların hüquqları qorunmuş olar, onlar özlərini saхta dərmanlar və mənafeyni güdən həkimlərdən qorumuş olar. Həm də biz bir millət kimi ana dilimizə hörmət etmiş olarıq.

 

 

Aygün

 

Olaylar.- 2012.- 17 aprel.- S.6.