Azərbaycan
diasporu kifayət qədər
formalaşıb
İsmayıl
Ağayev: “Xocalı
soyqırımının 20-ci ildönümü
ilə bağlı istər Türkiyə, istərsə də
Avropa ölkələrində silsilə tədbirlərin
keçirilməsi ilə Azərbaycan diasporunun
gücü birmənalı şəkildə
göründü”
“Beynəlxalq Diaspora Mərkəzi olaraq
özümüzü güclü hesab edir, arxamızda
dövlətin dayandığını görürük”
Beynəlxalq
Diaspora Mərkəzinin sədri İsmayıl
Ağayevin “OLAYLAR”-a müsahibəsi
-İsmayıl müəllim,
Şuşanın işğalının 20-ci ildönümünün
Azərbaycanda və ondan kənarda qeyd edilməsi ilə
bağlı bu günlərdə prezident İlham Əliyev sərəncam
imzaladı. Bu sərəncamdan irəli gələrək
Şuşanın işğalının ildönümü ərəfəsində
Beynəlxalq Diaspora Mərkəzi olaraq xarici ölkələrdə
hansı tədbirlər keçirməyi nəzərdə
tutmusunuz?
-Beynəlxalq
Diaspora Mərkəzi olaraq cənab prezidentin imzalamış
olduğu bütün sərəncamları birmənalı
şəkildə dəstəkləmişik. Biz də bir
diaspora təşkilatı olaraq bu istiqamətdə işlərimizi
davam etdiririk. Dövlət başçısının
Şuşanın işğalının ildönümü ilə
bağlı imzalamış olduğu sərəncam biz
diasporçuları da hərəkətə gətirib.
Şuşanın işğalının ildönümü ilə
bağlı Beynəlxalq Diaspora Mərkəzinin Avropa, Rusiya və
Orta Asiya nümayəndəliklərinə müvafiq təlimatlar
verilib ki, həmin yerli təşkilatlarda bu istiqamətdə tədbirlər
keçirilsin. Xüsusi olaraq bu kimi tədbirlər
Çexiya, Belarus, Türkiyə və digər dövlətlərdə
təşkil olunacaq. Həmin tədbirlər zamanı
iştirakçılara, eləcə də yerli ictimaiyyətə
Şuşanın ermənilər tərəfindən
işğal edildiyi, ermənilərin Şuşada milli-mədəni
abidələrimizi məhv etdiyi barədə məlumatlar veriləcək,
maarifləndirici xarakter daşıyan materiallar paylanacaq. Hesab
edirik ki, həm Şuşa, həm də itirilmiş digər
torpaqlarımızla bağlı apardığımız
mübarizəni daha da zənginləşdirməli və
sürətləndirməliyik. Həmçinin Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının az da olsa
ayırdığı maliyyə yardımı ilə ölkəmizin
haqq səsinin Türkiyə vasitəsilə dünya ictimaiyyətinə
çatdırılması istiqamətində müxtəlif tədbirlər
həyata keçirəcəyik. Eyni zamanda Azərbaycan mədəniyyətinin
təbliği sahəsində də tədbirlərimiz nəzərdə
tutulub. İyun ayına qədər Beynəlxalq Diaspora Mərkəzi
olaraq Türkiyənin Kayseri şəhərində Azərbaycan
mədəniyyəti günləri keçiriləcək. Eyni
zamanda Azərbaycan tarixi, Dağlıq Qarabağ problemi ilə
əlaqədar elmi-praktik konfrans, seminarlar təşkil olunacaq.
-Bu gün Azərbaycan diasporu ölkəmizin
həqiqətləri, Dağlıq Qarabağ problemini dünya
ictimaiyyətinə tam mənada çatdıra bilirmi?
Ümumiyyətlə, diasporumuzun bu istiqamətdəki fəaliyyətini
qənaətbəxş saymaq olarmı?
-Hesab edirəm
ki, son dövrlər, xüsusilə Dünya Azərbaycanlılarının
üçüncü qurultayındn
cənab prezidentimizin diaspor təşkilatları
qarşısında qoyduğu vəzifələr, verdiyi
tapşırıq və tövsiyyələrin icrası
yüksək səviyyədədir. Artıq bu istiqamətdə
müsbət tendensiya müşahidə edilir. Buna bir neçə
misal da göstərmək mümkündür. Belə ki,
Fransa Senatı qondarma “erməni soyqırımı” ilə
bağlı qanunu müzakirəyə çıxararkən Azərbaycan
diasporu kifayət qədər fəallıq nümayiş etdirərək
Türkiyəyə yetərincə dəstək verdi. Birmənalı
şəkildə dövlət və diasporun, qeyri-hökumət
təşkilatlarının birgə mübarizəsinin
forması əksini tapdı. Heç kimə sirr deyil ki, son
dövrlərdə Azərbaycan diasporu kifayət qədər
formalaşıb, mübarizənin formasını
düzgün taparaq aktiv bir fəaliyyətə keçib. Təbii
ki, bu da ilk növbədə Diasporla İş üzrə
Dövlət Komitəsinin bu məsələdə
öncül rol oynamasından irəli gəlir. Biz də
qeyri-hökumət təşkilatları olaraq bu istiqamətdə
dövlətimizə, Diasporla İş üzrə Dövlət
Komitəsinə, onun apardığı siyasətə dəstək
verir, bu və ya digər fəaliyyətimizlə aparılan
ümumi işə öz töhfəmizi verməyə
çalışırıq. Bir qədər kənarda qalan
diaspor təşkilatlarını isə aparılan ümumi
işə, Dağlıq Qarabağ problemində Azərbaycanın
haqq işinin qorunmasında dövlətə
yardımçı olmağa çağırırıq. Biz
o zaman fəaliyyətimizlə razı qala bilərik ki,
torpaqlarımız işğaldan azad edilsin, Cənubi Azərbaycandakı
35 milyonluq soydaşımızın haqqı tanınsın,
Şuşada, Xankəndində Azərbaycanın üçrəngli
bayrağı dalğalansın. Məhz o zaman tam əminliklə
deyə bilərik ki, diasporumuzun fəaliyyətindən
razıyıq. Ancaq onu da etiraf etmək lazımdır ki, bu məsələdə
beynəlxalq güclər, Birləşmiş Ştatlar,
Fransa, Rusiya kimi dünya nəhəngləri də müəyyən
rol oynayırlar. Ermənilər sadəcə həmin güclərin
əlində bir oyuncağa çevrilib. Bu dövlətlər
bəzi hallarda Azərbaycana dost olduqlarını desələr
də, ancaq sözün həqiqi mənasında müstəqil
bir Azərbaycan dövlətinin güclənməsini qəbul
etmək istəmirlər. Belə olan halda Azərbaycan dövlətinin
üzərinə daha artıq yük düşür ki, biz
ikiqat zəhmət çəkib işləyək. Nəticə
etibarilə bizim apardığımız fəaliyyət,
gördüyümüz işlər daha səmərəli
olsun.
-Dünya Azərbaycanlılarının
üçüncü qurultayından sonra Azərbaycan
diasporunun fəaliyyətində hansı müsbət keyfiyyətlər
baş verib?
-Dünya
Azərbaycanlılarının üçüncü
qurultayından sonra Diasporla İş üzrə Dövlət
Komitəsi ilə diaspor fəaliyyəti ilə məşğul
olan qeyri-hökumət təşkilatları arasında bir
rabitə yaranıb. Deyərdim ki, artıq Diasporla İş
üzrə Dövlət Komitəsi öz qapılarını
diaspor təşkilatlarının üzünə
açıb, bu dövlət qurumu diaspora fəaliyyəti ilə
məşğul olmaq istəyən təşkilatlarla əməkdaşlıq
etməyə daha çox can atır. Bu göz önündədir.
Konkret olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin
dəvəti ilə Fransa Senatının bir qrup
üzvünün Azərbaycana səfər etməsi, eləcə
də Avropanın digər ölkələrindən nümayəndə
heyətlərinin ölkəmizə gəlməsi, xüsusilə
Çanaqqala savaşında şəhid olmuş azərbaycanlıların
xatirəsinə abidənin ucaldılması ilə
bağlı Dövlət Komitəsinin Beynəlxalq Diaspora Mərkəzinin
başladığı təşəbbüsə dəstək
verməsi bütün bunları təsdiqləyir. Bu il
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı
ilə bərabər biz Türkiyədə səfərdə
olduq. Səfər çərçivəsində Ankara,
İstanbul və Çanaqqalada olduq, Çanaqqala savaşının
97-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə
iştirak etdik. İstər Diasporla İş üzrə
Dövlət Komitəsinin əməkdaşları, istərsə
də səfirlik və ya konsulluq nümayəndələri
bizimlə birlikdə həmin tədbirlərdə olanda Beynəlxalq
Diaspora Mərkəzi olaraq özümüzü güclü
hesab edir, arxamızda dövlətin dayandığını
görürük. Bu zaman biz də daha ürəkli olur,
işlərimizi daha güclü, səmərəli qurmağa
başlayırıq. Təkcə Xocalı
soyqırımının 20-ci ildönümü ilə
bağlı istər Türkiyə, istərsə də Avropa
ölkələrində silsilə tədbirlərin
keçirilməsi ilə Azərbaycan diasporunun gücü
birmənalı şəkildə göründü. Bu həm
də onu sübut edir ki, artıq iş başlayıb və
bu işi davam etdirmək lazımdır. Çünki bizim
zamanımız çox azdır. Torpaqlarımızın
işğalından artıq 20 il keçib, yaşlı
insanlar dünyasını dəyişib, orta nəsil xiffət
içərisindədir, gənclər isə bu məsələdən
bir çox hallarda bir qədər kənarda qalıb. Ancaq onu
da etiraf etmək lazımdır ki, son dövrlərdə gənclər
bu istiqamətdə bir qədər aktivlik nümayiş
etdirirlər. Gənclərlə bağlı Dövlət
Proqramının qəbul edilməsi, Bakıda Dünya Azərbaycanlı
Gənclər Birliyinin təsis qurultayının keçirilməsi
onu deməyə əsas verir ki, artıq gənclərimiz bu
mübarizədə yeni bir mərhələyə qədəm
qoyur, Azərbaycan həqiqətləri, Dağlıq
Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması
işində fəallıq nümayiş etdirirlər.
Düşünürəm ki, bu siyasət bu cür davam etsə
itirilmiş torpaqlarımızın geri qaytarılmasına
tezliklə nail ola biləcəyik.
-Ermənistandan deportasiya olunmuş
soydaşlarımızın haqq və hüquqlarının
tanınması, bu məsələyə Avropa İnsan
Hüquqları Məhkəməsində baxılması
istiqamətində Beynəlxalq Diaspora Mərkəzinin
başladığı layihə hansı mərhələdədir
və hazırda da Ermənistandan deportasiya olunmuş azərbaycanlıların
ərizələrinin qəbulu prosesi davam edirmi?
-Beynəlxalq
Diaspora Mərkəzi olaraq Ermənistandan qovulmuş azərbaycanlıların
ərizələrinin bir qismi Avropa İnsan Hüquqları Məhkəməsinə
göndərilib. Həmin ərizələrə
baxılması, onların aqibətini öyrənmək məqsədilə
Milli Qeyri Hökumət Təşkilatları
Forumunun prezidenti Rauf Zeyni ilə birlikdə Strasburqda səfərdə
olduq və məhkəmə heyəti ilə
görüşdük. Həm azərbaycanlılar, həm də
ermənilər tərəfindən qaldırılmış
bu məsələ artıq Fransanın özündə
siyasiləşmiş bir məsələyə çevrilib.
Çünki Azərbaycanla yanaşı Ermənistan tərəfindən
də kifayət qədər ərizələr təqdim
olunub. Hər iki tərəfdən Avropa İnsan
Hüquqları Məhkəməsinə müraciət edən
insanlar külli miqdarda vəsait tələb edir. Xüsusilə,
azərbaycanlılar illərlə yaşadıqları evlərindən
zorla çıxarılıb, mal-mülklərini itirib, torpaq
islahatlarından kənarda qalıblar. Bunun bir siyasi məsələ
olduğunu nəzərə alan Avropa İnsan Hüquqları
Məhkəməsi hələlik həmin şikayətlərə
baxmağı, onlara hüquqi qiymətin verilməsi prosesini
saxlayıb. Ancaq biz yenə də bu məsələnin üzərində
dayanırıq. Biz əzəli torpaqlarımız olan
Göyçə, Dərələyəz, Zəngəzur,
Vedibasar mahallarından qovulmuş azərbaycanlılara ən
azı Dağlıq Qarabağda yaşayan ermənilər kimi
muxtar vilayət statusunun verilməsini tələb edirik.
Ümumiyyətlə bu məsələlər gündəmdədir.
Çünki bu bizim haqq işimizdir, bir an da olsa bu məsələdən
geri çəkilmirik. Ancaq bu günkü durum, vəziyyət
daha artıq addımlar atmağı mümkünsüz edir.
Süleyman İsmayılbəyli
Olaylar.- 2012.- 18 aprel.- S.15.