“Azərbaycanı müsabiqədə layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm”

 

Səbinə Babayeva: “Əminəm ki, Bakıda keçiriləcək “Eurovision-2012” yarışması müsabiqə tarixində ən yaddaqalan, ən parlaqbütün parametrlərə görə ən yaxşı yarışma olacaq

 

Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək Səbinə Babayeva APA-ya müsahibə verib.

Ukraynada şouya hazırlıq prosesi keçən təmsilçimiz müsahibəsində Azərbaycanın ev sahibliyi etdiyi 57-ci “Eurovision” mahnı müsabiqəsindən, bu yarışmada təmsilçi kimi çıxış etməsinin sevincindən danışıb, eləcə də hamını müsabiqə öncəsi ona dəstək olmağa səsləyib.

- “Eurovision” müsabiqəsi Səbinənin həyatında hansı yeri tutur? Eldar və Nigarın möhtəşəm qələbəsindən sonra bu müsabiqədə çıxış etmək çətin deyil ki?

- “Eurovision” həyatımda əsas yeri tutur. İndi mənim üçün əsas məsələ müsabiqəyə hazırlığım işimdir. Hazırda bütün gücümü “Eurovision” üçün səfərbər etmişəm. Bu, çox böyük məsuliyyətdir. Əlimdən gələni edəcəyəm ki, Azərbaycan müsabiqədə layiqincə təmsil olunsun. Eldar Nigarın möhtəşəm qələbəsi bu gün gözümün önündədir. Bu möhtəşəm qələbə hər birimizin sevincinə səbəb oldu. Hər halı ilə bu müsabiqədə təmsil olunmaq çox məsuliyyətlidir.

- Müsabiqədə Azərbaycan adından ifa edəcəyin “When the Music Dies” mahnısı ruhən Sizə nə qədər yaxındır və bu mahnının ifası zamanı hansı hissləri keçirirsiniz? Sizcə musiqi nə vaxt ölə bilər və musiqinin ömrü nə qədərdir?

- Bu mahnı ruhən mənə çox yaxındır, çünki mən lirik müğənniyəm, ona görə də özümü bu mahnı ilə harmoniyada hiss edirəm. Bu mahnının mövzusunun insanların qəlblərinə yaxın olması vacib faktordur. Fikrimcə, insanların çoxu bu mahnının nədən ibarət olduğunu anlayır. Kommersiya məqsədi daşıyan musiqi tez ölür. Əsl və qəlbdən ifa olunan mahnı isə heç vaxt ölə bilməz.

 - Müsabiqə təmsilçisi olaraq artıq promo-tura start verilib. Macarıstanda baş tutan promo-tur çərçivəsində ölkənin təmsilçi qrupu “Compact Disco” ilə görüşdünüz?

- Budapeşt mənim çox xoşuma gəldi. Bu şəhər mənə səmimi insanlar, gözəl və qədim arxitekturası ilə Bakını xatırlatdı. Hətta bəzən evdə olduğumu sanırdım. “Compact Disco” qrupu çox gözəl musiqi duyumuna malikdir, bizim aramızda çox maraqlı görüş oldu. Biz hətta bir-birimiz üçün müsabiqə mahnılarını oxuduq, birgə şəkil çəkdirdik.

 - Bu ilin mayında 41 ölkə Azərbaycana yığışacaq. Müsabiqənin keçirildiyi yer Sizin üçün önəmlidirmi? 57-ci “Eurovision” mahnı müsabiqəsindən gözləntiləriniz nədir?

 - “Eurovision” ölkələri və xalqları birləşdirən unikal müsabiqədir. Keçən il ölkəmiz qalib oldu və biz bu müsabiqəni Vətənimizdə keçirtmək şərəfinə nail olduq. Mənə Azərbaycanın təmsilçisi kimi ikiqat xoşdur və çox önəmli məqamdır ki, biz çoxsaylı müsabiqə iştirakçılarını, bütün Avropa ailəsini qonaqpərvər və gülərüzlüklə qarşılaya bilərik. Təəssüratlar çox xoşdur. Müsabiqəyə gəlincə, əminəm ki, Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqə tarixində ən yaddaqalan, ən parlaq və bütün parametrlərə görə ən yaxşı müsabiqə olacaq. On minlərlə insan bu bayramı təkrarolunmaz, yaddaqalan etməyə çalışır və inşallah belə də olacaq. Mən də öz növbəmdə ölkəmizi ən yüksək səviyyədə təmsil etməyə var-gücümlə çalışacağam.

- Sizcə, Azərbaycan “Eurovision-2012”də neçənci yeri tutacaq? Birbaşa finalda iştirak etmək qalib olmaq şanslarını azaldır, yoxsa bu amil daha az həyəcan keçirtmək baxımından müsbət haldır?

 - Qarşımda dayanan əsas amil çıxışımı layiqincə yerinə yetirməkdən ibarətdir. Bu müsabiqənin nəticəsi ilə bağlı öncədən nə isə demək mümkün deyil, ona görə də gəlin müsabiqəni gözləyək. Düşünmürəm ki, birbaşa finalda iştirak qalib olmaq şanslarını azaldır. Hər şey mahnıdan, təmsilçidən və çıxışından asılıdır. Ən əsası odur ki, insanlar mahnını duya və onu yadda saxlaya bilsinlər. Müsabiqədə sözsüz ki, qalib olmaq möhtəşəm bir hissdir, amma milyonlarla insanın yaddaşına həkk olunmaq da vacib məqamlardan biridir.

- Əgər sirr deyilsə, mayın 26-da “Baku Crystal Hall” səhnəsində Sizinlə birgə neçə nəfər olacaq? Səhnə tərtibatı nə yerdədir və müsabiqə geyiminizdə hansı rənglərdən istifadə olunacaq?

 - Hələlik bu sirdir, gəlin mayın 26-da çıxışımı gözləyək. İnanın ki, bununla bağlı çoxsaylı sürprizlər olacaq və bunları gözləməyə dəyər.

- Builki müsabiqə təkcə Azərbaycanda keçirildiyinə görə yox, həmçinin Engelbert Hamperdink, Anggun, Pastora Soler, Zeljko Yoksimoviç kimi tanınmış müğənnilərin təmsilçi olması ilə də seçilir. Bu amil Sizi həyəcanlandırmır ki?

 - Çox şadam ki, adlarını qeyd etdiyiniz adları dünya ictimaiyyətinə tanış olan sənətçilər məhz Azərbaycanda yığışacaq və mən onlarla birgə bir şouda iştirak edəcəyəm, bu mənim üçün çox maraqlı təcrübədir. “Eurovision” yarışmasını uzun müddətdir izləyirəm. Son dörd ildə sözsüz ki, əsas favoritlərim öz təmsilçilərimiz olub. Həmçinin müsabiqədə çox sevdiyim və azarkeşlik etdiyim sənətçilər arasında Mariya Şerifoviç və Aleksandr Rıbakın da adını qeyd edə bilərəm.

 - Səbinə, mayın 26-da kimlər və necə “Eurovision” məşəlini alovlandıracaq?

 - Müsabiqəni gözləyin, bu da mənim kiçik sirrim olaraq qalsın...

 - Hazırda Ukraynada ciddi-cəhdlə müsabiqə şousuna hazırlaşan, Azərbaycanın “Eurovision-2012” təmsilçisi Səbinə Babayeva onu dəstəkləyənlərə nə demək istəyir?

- Əzizlərim! Bu müsabiqədə əsas məqsədim – ölkəmi yüksək səviyyədə təmsil etmək üçün əlimdən gələni əsirgəməməkdir. Mən ardıcıl olaraq 4 il bu istəyimə nail ola bilmək üçün milli seçim turlarına qatılmışam. İnanırdım ki, mən bunu bacararam. Niyə də yox? Məqsədim odur ki, bütün dünya bilsin ki Azərbaycan – istedadlı, böyük mədəni potensiala malik, qonaqpərvər ölkədir. Tariximizin, ənənələrimizin, musiqimizin “Eurovision” mahnı müsabiqəsi tarixində qalmasını arzulayıram. Biz hər şeyi birlikdə edəcəyik! Xoş sözlərə, böyük dəstəyə, inama görə hər birinizə təşəkkür edirəm. Bu dəstəyi məsuliyyətli yolda məndən əsirgəməyəcəyinizə əminəm. Biz ən yaxşıyıq, bunu unutmayaq!

 

 

Olaylar.- 2012.- 18 aprel.- S.11.