“Xaricdə yaşamağımıza baxmayaraq
biz Azərbaycanla nəfəs
alırıq”
Sərdar Hüseynov:
“Bizim istəyimiz yalnız ondan
ibarətdir ki, biliyimizi,
ağlımızı, varlığımızı ancaq Azərbaycan üçün
sərf edək”
“Məqsədimiz
odur ki, hər şey Azərbaycan və azərbaycanlılar
üçün olsun”
Beynəlxalq Diaspora Mərkəzinin
Avropa üzrə nümayəndəliklərinin koordinatoru, mərkəzin
Belarusun Qrodnı şəhərində fəaliyyət
göstərən ofisinin rəhbəri Sərdar Hüseynovun “OLAYLAR”-a müsahibəsi
-Sərdar
müəllim, Beynəlxalq Diaspora Mərkəzinin Avropa
üzrə koordinatoru olaraq hazırda Azərbaycan diasporunun
Avropa məkanındakı fəaliyyətini necə dəyərləndirirsiniz?
-Mən fəaliyyət göstərdiyim
Belarus respublikasındakı Azərbaycan diasporunun fəaliyyətinə
nəzər yetirməklə bunu dəyərləndirmək
istərdim. Məlumat üçün qeyd edim ki, mart
ayının 20-də biz Belarusun Qrodnı şəhərində
fəaliyyət göstərən diasporamıza yeni rəhbər
seçdik. Əvvəlki diaspor rəhbəri son
iki-üç ildə Azərbaycanın mədəniyyəti,
irsini yetərincə təbliğ etmirdi. Biz də Belarusda
yaşayan azərbaycanlılar olaraq xahiş etdik ki, münasib
bir şəxsi diaspora rəhbəri seçək və kifayət
qədər vətənpərvər, iş adamı Namiq Vəliyev
diasporamıza yeni sədr seçildi. Onu da qeyd edim ki, Belarusda
yaşayan xalqların iki ildən bir festivalı keçirilir.
Əvvəlki diasporamız çox zəif olduğu
üçün Azərbaycan olaraq həmin festivalda yüksək
səviyyədə təmsil olunmurduq. Çünki həmin tədbirlərdə
daha geniş spektrdə iştirak etmək üçün
müəyyən dərəcədə maliyyə vəsaitinə
də ehtiyac duyulur. Əvvəlki illərdə festivalda
iştirak etmək üçün kifayət qədər vəsait
ayrılmırdı. Hazırda isə Belarusda yaşayan azərbaycanlılar
olaraq bu işi öz üzərimizə
götürmüşük və festivalda iştirak
üçün lazım olan vəsait dəyərli
soydaşlarımız tərəfindən ayrılacaq. Əsas
məqsədimiz odur ki, Belarusda yaşayan azərbaycanlıların
tarixi, irsi, adət-ənənələri mədəniyyəti,
mətbəxi barədə festivalda ətraflı məlumat
verək, həmin tədbirdə ölkəmizi layiqincə təmsil
edək. Ümumilikdə Azərbaycan diasporunun Avropa məkanındakı
fəaliyyətinə nəzər salsaq bu fəaliyyətin
ürəkaçan olduğunu söyləmək
mümkündür. Etiraf etmək lazımdır ki, Azərbaycan
diasporu bu gün kifayət qədər fəaldır. İstər
Avropa məkanında, istər keçmiş SSRİ məkanına
daxil olan respublikalarda Azərbaycan diasporu tam formalaşıb,
güc mərkəzinə çevrilib. Eyni zamanda Azərbaycan
diasporu birlik və bərabərliyə də nail olub. Bu
gün ayrı-ayrı ölkələrdə fəaliyyət
göstərən konqres və federasiyalarda, assambleyalarda
onlarla Azərbaycan diaspor təşkilatı birləşib ki,
bu da Azərbaycan diasporunun birlik və bərabərliyinin təcəssümüdür.
Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan dövləti də
diaspor fəaliyyətinə yaxından dəstək olur.
Müntəzəm olaraq keçirilən dünya azərbaycanlılarının
qurultayları bu prosesə təkan verir, diasporumuzun daha aktiv
olması, fəaliyyət göstərdiyi ölkələrdə
Azərbaycanı layiqincə təmsil etməsinə yardım
göstərir.
-Festivalın
keçirilməsi nə vaxta təsadüf edəcək?
-İyunun 1-dən 3-dək həmin festival
keçiriləcək. Ona görə də
qarşımıza məqsəd qoymuşuq ki, bu ilki festivalda
Azərbaycanı yüksək səviyyədə həm Belarus
ictimaiyyəti, həm də bu ölkədə yaşayan digər
xalqların nəzərinə çatdıraq, təbliğ
edək.
-Festivalda
iştirak etmək üçün Azərbaycandan da Belarusa
nümayəndə heyəti gedəcək?
-Bəli. Həmin festivalda Azərbaycandan
da nümayəndə heyətinin iştirakı nəzərdə
tutulub. Beynəlxalq Diaspora Mərkəzinin sədri
İsmayıl Ağayevin rəhbərliyi altında Azərbaycandan
Belarusa nümayəndə heyəti gedəcək. Nümayəndə
heyətinin tərkibinə millət vəkilləri, kütləvi
informasiya vasitələrinin nümayəndələri və sənət
adamlarının da daxil edilməsi nəzərdə tutulub.
-Ümumilikdə
həmin festivalda neçə ölkədən nümayəndə
iştirak edəcək?
-Hazırda Belarusda 50-yə yaxın xalq
yaşayır. Həmin festival respublikadaxili festival olduğu
üçün tədbirdə yalnız Belarusda yaşayan
xalqlar iştirak edir. Ancaq eyni zamanda, bu ölkədə
yaşayan xalqların mənsub olduğu dövlətlərdən
də nümayəndələr gələ bilər.
-Dünya Azərbaycanlılarının
üçüncü qurultayında prezident İlham Əliyev
diaspor təşkilatlarına səfirlik və iş
adamları ilə yaxından əməkdaşlıq etmək
barədə tövsiyyələr verdi. Belarusda bu istiqamətdə
vəziyyət necədir və bu ölkədəki Azərbaycan
səfirliyi ilə əlaqələriniz hansı səviyyədədir?
-İlk növbədə qeyd etmək
istərdim ki, Dünya Azərbaycanlılarının
üçüncü qurultayı Azərbaycan diaspor həyatı
üçün mühüm əhəmiyyətə malik bir
hadisə idi. Bu qurultaylar dünyanın müxtəlif ölkələrində
fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının
bir araya gəlməsi, onların dövlətlə əlaqələrinin
möhkəmləndirilməsinə xidmət edən
mühüm toplantılardır. Sonuncu, Dünya Azərbaycanlılarının
üçüncü qurultayını da məhz belə
xarakterizə etmək olar. Qurultayda cənab prezident İlham Əliyev
geniş və əhatəli nitqi ilə diaspor təşkilatları
qarşısında yeni vəzifələr qoydu, onlara öz
tapşırıq və tövsiyyələrini verdi. Biz də
bir azərbaycanlı olaraq cənab prezidentin bizə verdiyi
tapşırıq və tövsiyyələrin icrası
istiqamətində əlimizdən gələni əsirgəmir,
fəaliyyətimizlə millətə, Vətənə xidmət
etməyə çalışırıq. O ki, qaldı,
dövlət başçısının diaspor təşkilatlarına
səfirlik və iş adamları ilə yaxından əməkdaşlıq
etmək tövsiyyəsinə, biz müntəzəm olmasa da,
mütəmadi şəkildə Azərbaycanın
Belarusdakı səfirliyi ilə telefon əlaqəsi
yaradır, müəyyən məsləhətləşmələr
aparırıq. Həmçinin Belarusda yaşayan azərbaycanlı
ailələrin üzləşdiyi hər hansı bir problem
barədə səfirliyə məlumat veririk. Belarusdakı
iş adamları ilə əlaqələrimiz yüksək səviyyədədir.
Onu da qeyd etmək yerinə düşər ki, azərbaycanlı
iş adamları Belarusda kifayət qədər nüfuz
qazanıb, bu ölkədə müxtəlif sahələrə
sərmayələr yatırıblar. İş adamı olan
soydaşlarımız tərəfindən Belarusda
şadlıq evləri, restoranlar tikilir, müxtəlif iaşə
obyektləri inşa edilir. Bir sözlə Belarusda fəaliyyət
göstərən azərbaycanlı iş adamları bir-biri
ilə sıx əlaqəlidir. Həmçinin azərbaycanlılar
yerli iş adamları ilə də birgə bir sıra işlər
görürlər. İri yaşayış binalarının
tikintisi zamanı müştərək fəaliyyət
göstərilir.
-Ümumilikdə
Belarusda nə qədər azərbaycanlı yaşayır və
bu ölkədə yaşayan soydaşlarımızın
üzləşdiyi əsas problemlər nədən ibarətdir?
-Təkcə Belarusun Qrodnı vilayətində
700-ə yaxın azərbaycanlı ailə yaşayır.
Ümumilikdə isə, Belarusda 6 vilayət var ki, həmin
vilayətlərdə qeydiyyatdan keçmiş 5 mindən
artıq azərbaycanlı yaşayır. Belarusda yaşayan azərbaycanlıların
ən ciddi problemlərindən biri ondan ibarətdir ki, bu
ölkədə yaşayan soydaşlarımız konsulluqlarda
qeydiyyatdan keçmirlər. Nəticə etibarilə hansı
vilayətdə nə qədər azərbaycanlının
yaşadığı dəqiq bilinmir. Bu problemi bir müddət
əvvəl diaspor təşkilatları olaraq müzakirə də
etdik.
-Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemini diaspor nümayəndəsi
olaraq Belarus ictimaiyyətinə nə dərəcədə
çatdıra bilirsiniz?
-Belarusda yaşayan azərbaycanlılar
olaraq Azərbaycanın bayram günləri və hüznlü
tarixlərini həmişə qeyd edirik. Ötən ilin sonunda
31 dekabr-Azərbaycanlıların Həmrəylik Günü,
20 Yanvar faciəsinin ildönümü, Xocalı soyqırımının
20-ci ildönümünü geniş şəkildə qeyd
etmişik. Ümumiyyətlə, çalışırıq
ki, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ
problemi, ölkəmizin üzləşdiyi problemlər barədə
Belarus ictimaiyyətini ətraflı şəkildə məlumatlandıraq.
-Qarşıdan
gələn Şuşanın işğalının 20-ci
ildönümü ilə bağlı tədbir keçirməyi
nəzərdə tutmusunuzmu?
-Belarusda yaşayan azərbaycanlılar
olaraq cənab prezidentin belə bir sərəncam
imzalamasından çox razıyıq. Çünki bu bizə
imkan verir ki, Şuşanın işğalının 20-ci
ildönümü ilə əlaqədar
yaşadığımız ölkələrdə müəyyən
tədbirlər keçirək, torpaqlarımızın hələ
də erməni işğalı altında
saxlanıldığını Belarus ictimaiyyətinə
çatdıraq. Ümumiyyətlə, hər bir rayonun
işğalı tarixlərini qeyd edir, bu barədə yerli
ictimaiyyətə məlumat veririk.
-Ümumiyyətlə,
diaspor nümayəndəsi olaraq qarşınızda duran əsas
vəzifələr nədən ibarətdir?
-Bu gün bizim qarşımızda duran əsas
vəzifələr Azərbaycanın tarixi,
qarşılaşdığı problemləri həm
yaşadığımız ölkə, həm də
dünya ictimaiyyətinə çatdıraq Azərbaycanın
böyük gələcəyi var. Bizim istəyimiz yalnız
ondan ibarətdir ki, biliyimizi, ağlımızı,
varlığımızı ancaq Azərbaycan
üçün sərf edək. Xaricdə yaşamağımıza
baxmayaraq biz Azərbaycanla nəfəs alırıq. İstənilən
zaman Azərbaycanla əlaqədə olur, hər ötən
gün əldə edilən uğurlarla fəxr edirik. Məqsədimiz
odur ki, hər şey Azərbaycan və azərbaycanlılar
üçün olsun..
Süleyman İsmayılbəyli
Olaylar.- 2012.-
19 aprel.- S.15.