“Harda körpə qidasının reklamı varsa...”

 

Təhlükədən nə qədər sığortalanmışıq?

 

Eyyub Hüseynov: “...Orada iri hərflərlə “Ana südü əvəzedilməzdir” yazılmalıdır”

 

İmran Abdullayev: “Qidaların tərkibində ağır metalların aşkarlanması təhlükəlidir ”

 

Hər yerdə “uşaqlar bizim gələcəyimizdir” kimi sözlərə rast gəlirik. Deməli, körpələri nə qədər qorusaq, millətin, dövlətin gələcəyini daha etibarlı şəkildə qura bilərik. Sağlam cəmiyyətin təminatında ərzaq təhlükəsizliyi, xüsusi ilə uşaqların qidalandığı ərzaqlar mühüm rol oynayır. Lakin bu gün kütləvi şəkildə körpə qidalarına olan maraq gələcəyimizin təhlükədə olduğuna bir işarədir.

 Körpələrin ana südü əvəzinə keyfiyyətsiz süni qidalarla bəslənməsi bəşəriyyəti genetik fəlakətə sürükləyir. Bu gün tibb elminin qarşısında duran əsas vəzifələrdən biri də körpə ölümünün qarşısının alınması, ən azından minimuma endirilməsidir.  Hər gün bu qidalarla bağlı aparılan araşdırmaların nəticələri təhlükənin ciddiliyini sübut edir. Belə ki,  Böyük Britaniya mütəxəssislərin araşdırmasına görə, dünyanın bütün ölkələrində satılan populyar uşaq yeməklərinin tərkibində mərgümüş və digər zəhərli maddələr aşkarlanıb. Həmin qidaları istehsal edən şirkətlər maddələrin insan orqanizmi üçün təhlükəli olmadığını desələr də, ekspertlər bunun tam əksini söyləyirlər. "Organix", "Hipp", "Nestle" və "Holle" uşaq qidaları şübhə altındadır. İsveçdəki Karolin İnstitutunun metallar və sağlamlığın tədqiqatı bölməsinin alimləri Karin Lyunqun rəhbərliyi ilə araşdırma aparıblar. Alimlərin hesablamalarına görə, "Organix" uşaq qidasının hər porsiyasının tərkibində 2 mikroqram mərgümüş, 0,03 mikroqram kadmium və 0,09 mikroqram qurğuşun var. "HiPP" qidasında həmin rəqəmlər 1,7, 0,13 və 0,33-ə bərabərdir.

"Holle"nin hər porsiyasında isə 7,3 mikroqram mərgümüş, 0,38 qram kadmium və 0,26 mikroqram qurğuşun olub. Əlbəttə, aşkarlanan maddələr yaşından asılı olmayaraq insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Nəzərə alsaq ki, bu gün ölkədə körpə qidaları istehsal olunmur, həmin  tərkibli qidaların ölkə bazarlarda da yer alması  ehtimalını da artırır. Məhz bu məqsədlə də ölkədəki körpə qidaları ilə bağlı problemlərə aydınlıq gətirdik. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev bu zamana qədər apardıqları  araşdırmalarda uşaq qidalarının tərkibində hər hansı ağır metallar, təhlükəsizlik göstəricilərinə dair  normadan kənar hallar laboratoriyada aşkar olunmadığını bildirdi. “Sonuncu araşdırma ötən ilin sonunda aparılıb, bu ilki araşdırmalar isə,  aprelin sonunda başlayıb, mayın 10-a qədər davam edəcək. Ağır metalların aşkarlanması təhlükəlidir, lakin bu metallar öz-özünə yaranmır, onlar xammalın tərkibində olur. Ola bilər ki, hansısa partiyada müəyyən problemlər aşkarlanıb, ancaq bu tip metallar hələ ki, müəyyən olunmayıb, yoxlamalar da aparacayıq. Əgər belə hallar varsa, mütləq müəyyən olunacaq. İldə iki dəfədən az  olmayaraq bu tip müayinələr aparılır. Bu zamana qədər hər hansı bir problem aşkarlanmayıb, həmçinin bu qidalardan zəhərlənmə ilə bağlı da müraciət olunmayıb”.  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov uşaq qidaları ilə bağlı problemlərdən danışarkən, bu gün bildirdi ki, ilk növbədə reklammarketinqi sahəsində problemlər yaşanır. 2001-ci ildə “Erkən yaşlı körpələrin qidalanması” ilə bağlı qanun qəbul olunub. Azərbaycan bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə konvensiyasını ratifikasıya edib. Ancaq hələ də körpə qidalarının marketinqi, satışında problemlər yaşanır. “Həmin qanunlarda qeyd olunub ki, körpə qidalarının reklamı, etiketində sağlam uşaq, əmzik şəkli, bundan başqa valideynlərə yönəlmiş reklam materialları verilməməlidir. Pediatrlarla uşaq qidası distribüterlərinin əlaqəsi olmamalıdır. Onların xarici ölkələrə göndərilməsi müəyyən ianələr verilməməlidir. Harada körpə qidasının reklamı varsa, orada iri hərflərlə “ana südü əvəzedilməzdir”, “Övladlarınızı ana südü ilə qidalandırın” yazılmalıdır. Körpə qidaları 25 C temperaturdan aşağı dərəcədə saxlanılmalıdır, lakin bu gün həmin qidaların 40%-i lazım olan temperaturda saxlanılmır. Ona görə də, körpələr tədrici zəhərlənmənin qurbanı olurlar. Qidaların təxminən 6%- yararlılıq vaxtını keçmiş, əsasən regionlarda satılır. Əksər pediatrlar körpə qidaları distrübiterlərinin təsiri altındadır. Hətta doğum evlərində analara körpə qidaları haqqında məlumat verilir, lakin kodeks bu halları qadağan edir. Çünki ana körpə qidasının adını eşidəndə istər-istəməz südü çəkilir.  Qanunda göstərilir ki, üçüncü ölkədən körpə qidasının idxalı qadağandır, lakin bu hallara da rast gəlirik.  Üç aya qədər körpə  qidaların etiketləşdirilməsinə dair normalara da əməl olunmur. Biz 150 adda körpə qidası  etiketlərini tərcümə edib, Azərbaycandakı  distribüterlərə kağız və elektron formada təmənnasız olaraq vermişik. Bu qidalar milli dildə markalanmalıdır.  İstehlakçının mal haqqında məlumat almaq hüququ  onun etketindən başlayır. Bundan başqa “Dövlət Dili haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi” ilə bağlı qanunlarda bunlar hamısı əks olunsa da, ölkəyə idxal olunan körpə qidalarının 50%-i milli dildə markalanmır. Sadəcə vəziyyətdən çıxmaq üçün,  üzərlərinə kağız yapışdırılır”.

 

Bəs regionlar

 

Qeyd edək  ki, bu gün körpə qidaları ilə bağlı araşdırmalar  aparılır, lakin bunlar yalnız paytaxtı əhatə edir.  Regionlar isə diqqətdən kənarda qalır. Araşdırmalardan kənarda qaldığına görə, regionlardakı mağazalarda saxlanma qaydalarına əməl olunmur. İ.Abdullayev də araşdırmaların sadəcə paytaxtAbşeron rayonunu əhatə edəcəyini bildirdi. “Bölgələrdən isə, az olur bu tip araşdırmalar, səbəb məsafənin çox olmasıdır. Onsuz da bu məhsullar ölkədə istehsal olunmur, ona görə də bu araşdırmanın bölgələrdə və ya paytaxtda aparılmasının o qədər də əhəmiyyəti yoxdur. Əgər məhsulların tərkibində ağır metallar varsa, bu saxlanma şəraiti və s. dən  asılı olmayaraq bu büruzə verəcək”. O həmçinin araşdırmalar apararkən diqqət edilən məqamlara da aydınlıq gətirdi. “Araşdırma apararkən ağır metallar, toksiki elementlər, metotoksinlər, baktereoloji, radioloji  göstəricilər bunlar məhsulların təhlükəsizlik göstəricilərinə diqqət edirik. Həmçinin məhsulların saxlanma şəraitinə də nəzarət edirik. Əgər saxlanma normalarına əməl olunmayıbsa, burada ikincili  xarabolma prosesi gedir. Bu isə həm kimyəvi proses, həm də  məhsulların tərkibində kif göbələyi, mikroorqanizmlərin təsiri nəticəsində baş verən dəyişiklikdir. Ona görə də, məhsulun üzərində saxlanma temperaturu, rütubəti göstərilən normalara uyğun mühafizə olunsun.. Hələ ki, paytaxtda  bu zamana qədər olan araşdırmalarda bu tip hallara rast gəlinməyib. Amma ola bilər ki, bölgələrdə saxlanma şəraiti ilə  bağlı problemlər aşkarlanmayıb. Ümumilikdə, ərzaq dükanlarında kütləvi şəkildə yararsız vəziyyətdə olan məhsul müəyyən olunmayıb”. E.Hüseynov isə, bu sahədə müəyyən monitorinqlər aparılsa da, bunun yetərli olmadığını deyir. “Mövcud qanunvericiliyə görə, onlar vaxtı keçmiş, saxlanma şəraitinə uyğun olmayan məhsulu satışdan çıxarıb,  akt tərtib edib satıcıya təqdim edirlər ki, onu məhv etsinlər. Biz təşkilat  bu günə qədər bir dəfə də olsun körpə qidalarının məhv edilməsi prosesində iştirak etməyib. Həmin mallar yenidən istehlakçılara təqdim olunur, regionlara göndərilir. Rayonlarda isə, əhalinin böyük bir hissəsi çörəyi, qidanın böyük bir hissəsini borc dəftərinə yazdırır. Borc dəftərinə adını yazdıran biri haqqlarını necə tələb edə bilər? Çox təəssüf ki, istehlakçıların səsi eşidilmir. Biz bu şikayət və təhlillər dəftərini bütün şəbəkədə yaymaq istədik, lakin İqtisadi İnkişaf nazirliyi istehlakçıların səsinin eşidilməsinə etiraz etdi.  Regionlarda o cümlədən, Bakıda problemlər yaşadır”.  Qeyd etdiyimiz uşaq qidalarının bəziləri uzun illərdir ki, ölkəyə idxal olunur. Bəs övladlarımızı mövcud təhlükədən necə qoruya bilərik?  E.Hüseynov gömrük orqanlarının  idxal olunan məhsulları diqqətdə saxladığını bildirdi. “Lakin körpə qidaları çox mürəkkəb  bir tərkibə malikdir. Onun tərkibində olan mikrooqranizmləri araşdırmaq o qədər də asan deyil. Sertifikatların verilməsi aylar çəkir, ancaq bu hər partiya mala verilməlidir. Düşünürəm ki, Səhiyyə Nazirliyi bunu diqqətdə saxlayır. Lakin bu zamana qədər dövlət orqanların körpə qidalarından kiminsə zəhərlənməsi ilə bağlı bir dəfə olsun informasiya verməyib. Çünki ölkədə müstəqil ekspertiza yoxdur”.

 

Valideynlər diqqətli olmalıdır

 

Qeyd edək ki, burada dövlət orqanlarının nəzarəti qədər valideynlər bu məsələlərə xüsusi diqqət göstərməlidirlər. Onların bu sahədə məlumat alacağı şəxslər isə uşaq həkimləridir. E.Hüseynov isə, pediatrların distribüterlə əlaqəli işlədiyini deyir. Körpənin problemi olanda valideyn üz tutur pediatra, lakin çox təəssüf ki, bu gün onların da əksəriyyəti gözlə görünməsə , körpə qidaları distribüterlərinin təsiri altındadır. “Beynəlxalq ana südü ilə əmizdirmətəşkilatının üzvüyük bu sahədə müəyyən tədqiqatlarımız var. Valideynlər isə məlumatları həmin pediatrlardan alır, onlar da özlərinə sərf edən istiqamətə yönəldirlər. Səhiyyə Nazirliyi bu istiqamətdə müəyyən işlər görür, lakin pediatrları distribüterlərin təsirindən çıxarmaq asan deyil. Valideynlər bu məhsulları alarkən heç olmasa etiketə fikir versinlər”. Ekspertlərin uşaq qidalarının tərkibində aşkarladıqları maddələrə gəlincə E.Hüseynov onların öldürücü təsirə malik olduğunu dedi. “Bu çox dəhşətli bir zəhərdir,  onun kiçik bir dozası insanı həm tədricən, həm yerindəcə öldürə bilər. Əgər ölkəmizə idxal olunan məhsulların tərkibində bu tip maddələr varsa, deməli körpə uşaqların həyatı təhlükə altındadır”.

 

 Gülxar Şərif

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ABUC-nin həyata keçirdiyi “Sosial tədqiqatlar yolu ilə əhalinin reklama münasibətinin öyrənilməsi” layihəsi çərçivəsində çap olunur

 

 

Olaylar.- 2012.- 19 aprel.- S.12.