Azərbaycan
diasporunun beynəlxalq media
ilə əlaqələri
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında xaricdə yaşayan
diasporamızın müstəsna rolu var. Dünya arenasında
diaspor təşkilatlarının fəaliyyətinin daha
dolğun olması üçün onların
yaşadıqları ölkələrin media qurumları ilə
sıx əlaqəsi önəmli məsələlərdəndir.
Qloballaşan mühitdə informasiya müharibəsinə
qalib gəlmək lobbiçilik yönəmində ən
güclü və ciddi nəticələr verən bir
silahdır.
Bu gün Azərbaycan
Respublikasının bir başa dəstəyi, eləcə də
diaspora nümayəndələrinin təşəbbüsü
ilə diasporamıza aid müxtəlif media vasitələr
yaradılır. Bu media vasitələri əsasən çap
mediasına aiddir, çox hallarda Ana dilimiz – Azərbaycan dilində
olur. Qeyd edilən media vasitələr əksər hallarda elə
diaspor nümayəndələri arasında yayılır.
Diaspora təşkilatları tərəfindən hazırlanan
media vasitələrinin fəaliyyət göstərdikləri
ölkələrin dilində də çap edilməsi və
həmin ölkənin vətəndaşları arasında
yayılması çox vacibdir. Bu artıq təməli qoyulan
lobbiçilik məsələsinin daha da inkişaf etməsinə
ciddi təkan verə bilər.
Lobbiçilik
işinin daha da səmərəli olması üçün
diaspor təşkilatlarının fəaliyyət göstərdikləri
ölkənin media qurumlarına inteqrasiya etməsi çox
vacibdir. Azərbaycanlı jurnalistlərin xarici qəzet və
jurnallar üçün yazması, xaricdə təhsil alan azərbaycanlı
tələbələrin təhsil aldıqları ölkənin
media qurumlarında staj müddətinin keçirməsinə
nail olması önəmlidir.
Adi bir misal
gətirək. Qondarma erməni soyqırımı ilə
bağlı xəbərlər son dövrlərdə beynəlxalq
mediada tez-tez səslənir. Bir çox beynəlxalq çap
mediasında bu haqda danışılması və bu növ məqalələrin
həmin ölkənin etnik vətəndaşları tərəfindən
yazılması, orada olan erməni diasporunun bilavasitə fəaliyyətindən
irəli gəlir. Onlar üçün əsas sadəcə
"armenian genocide" söz birləşməsinin
hallanmasıdır. Yazı qərəzsiz yazılsa da qoy
yazılsın, önəmli bu məsələlərin nüfuzlu
mediaya çıxarılmasıdır. Bu erməni diasporunun
media ilə münasibətində mövqeyidir. İnformasiya
müharibəsində qalib gəlmək yönəmində
dünyanın nüfuzlu media qurumlarına azərbaycanlı
jurnalistlərin inteqrasiya olunması müasir
dövrümüzdə savadlı diplomatların,
iqtisadiyyatçıların yetişdirilməsi qədər
lazımlı məsələlərdəndir.
Azərbaycan
Respublikası tərəfindən Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün bir
çox media layihələr həyata keçirilir, internet
portallar yaradılır. Diaspora təşkilatlarının məqsədi
və fəaliyyəti isə Google, Yandex və s. bu kimi
axtarış sistemlərində "khojaly genocide"
yazılanda bu haqda məlumatların "the guardian",
"BBC", "CNN", "Washington Post" kimi media vasitələrində
yazılmasını tapmanı təmin etməkdir. Misal
üçün "armenian genocide" axtarışa versək,
daha sonra "khojaly genocide" axtarsaq fərqləri görə
bilərik. Görəcəyiniz kimi, qondarma erməni
soyqırımı haqqında bir çox müxtəlif
portallar yazır. Bu portalların müəyyən hissəsi ermənilərə
aid olsa da çox hissəsi digər dövlətlərin media
portalları və ya forumlarıdır.
Xocalı
soyqırımı haqqında isə çox hallarda elə
özlərimizin yaratdığımız portallarda, media vasitələrində
rast gəlirik. Xaricdə fəaliyyət göstərən Azərbaycan
diasporası internet məkanında beynəlxalq fəaliyyət
baxımından çıxış etməlidir. Xüsusilə
bu baxımdan gənclər fəal olmalıdırlar.
Məqsədimiz
hər birimiz üçün aydın olmalıdır. Daha bir
konkret misal gətirmək istərdim, 2010-cu il,
Gürcüstan, Gürcüstanın erməni diasporası
parlamentə qondarma erməni soyqırımının
tanınması ilə əlaqəli müraciət edir. 2010-cu
il 23-24 aprel tarixlərində bütün gürcü media
vasitələri qondarma erməni soyqırımı
haqqında danışır. Gürcüstan Parlamenti qondarma
erməni soyqırımını tanımadı. Amma erməni
diasporası Gürcüstan cəmiyyətində, eləcə
də bu məsələ ilə əlaqəli bir çox digər
dövlətlərin media vasitələrində müzakirələrin
aparılmasına nail oldu.
Dövrümüzdə
yaşadığı yerdən, pasportunda vətəndaşlıq
qrafasına hansı dövlətin adının
yazılmasından aslı olmayaraq hər bir azərbaycanlını
hər an düşündürən Qarabağ məsələsidir
və bu yöndə hər cür mücadilə, hər
növ fəaliyyət bir növ sistemləşdirilməli,
bir bağlı zəncir kimi birləşdirilməlidir.
Həqiqət
öz yolunu tapan bir məvhumdur, sadəcə zaman
lazımdır. Zaman isə Azərbaycanın xeyrinə işləyir.
İstədiyimiz nəticələri əldə etmək
üçün bizlər – xaricdə yaşayan azərbaycanlılar
fəaliyyətimizi daha da artırmalıyıq.
Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması
sahəsində mədəniyyətimizin, adət-ənənələrimizin,
tariximizin tanıdılması vacibdir. Bu sahədə də
yenə bizlərin ən nəticəli fəaliyyətimiz
media ilə bağlı olmalıdır. Bilirik ki, xaricdə
yaşayan azərbaycanlılar, Azərbaycan xalqına aid olan
bütün müvafiq tarixləri qeyd edirlər. Belə tədbirlərlə
yerli jurnalistlərin dəvət edilməsi mütləqdir. Bu
yönəmdə Rusiya diasporasının, RAGT təşkilatının
fəaliyyətini mütləq qeyd etmək lazımdır. Bu
il Rusiyanın aparıcı telekanallarında Azərbaycana aid
silsilə verlişlər hazırlandı, bir çox tədbirlər
geniş şəkildə nümayiş etdirildi.
Azərbaycanın tərənnüm
etmək üçün uğurlu yollardan biri də məhz
xarici jurnalistlər üçün etno layihələrin həyata
keçirilməsidir. Bir çox xalqların nümayəndələrinin
diaspor təşkilatları bu yöndə maraqlı layihələr
həyata keçirirlər. Xaricdə diaspora təşkilatları
tərəfindən jurnalistlər üçün etno layihələrin
keçirilməsi və bu layihələrin yerli mediada
işıqlandırılması Azərbaycan mədəniyyətinin,
tarixi-etnoqrafiyasını tanıtmaqla yanaşı Azərbaycan
dövlətinin xarici ölkələrdə tanınması
üçün əsl təminatdır. Beləliklə bizlər
xalqımıza aid olan xüsusiyyətləri təbliğ etməklə
yanaşı, Azərbaycanda turizmin inkişafına da bir
növ töhfə verə bilərik.
Hər bir halda AZƏRBAYCANÇILIQ
yolunda atılan hər bir addımın media tərəfindən
işıqlandırılması təminatçısına hər
birimiz çevrilməliyik. Xaricdə yaşayan hər bir azərbaycanlı,
Azərbaycanın PR meneceri, tərənnümçüsü
olduğunu anlamalı və bu məsələyə tam
ciddiliklə yanaşmalıdır.
Artıq dəfələrlə
diaspor təşkilatlarının fəaliyyət göstərdikləri
ölkələrin mediasında fəallıqlarının gərəkliyi
haqqında danışdıq. Bütün bu tələblərdən
dolayı, dünyada yaşayan azərbaycanlıların vahid
bir informasiya mərkəzinin formalaşdırılması
gözəl və yararlı bir nailiyyət olardı.
"Vahid İnformasiya Mərkəzi" altında birləşən
xaricdə olan bütün media qurumlarımız bir-birinə
dəstək olar, media inkişaf sahəsində yeniliklər əldə
etməkdə ciddi addımlar ata bilərdilər. Danılmaz
faktdır ki, bu gün diaspor nümayəndələrimizin
media ilə ünsiyyətləri baxımından mükəmməlləşdirilməsi
lazımdır. Hər bir diaspor nümayəndəliyimiz fəaliyyətdə
olduğu ölkədə müasir tələblərə
cavab verə biləcək media vasitələr yaratmağa can
atmalıdırlar. Bununla yanaşı fərdi olaraq özlərində
media ilə əlaqələrin yaradılması xüsusiyyətini
inkişaf etdirməli, media ilə ünsiyyətlərin
qurulması baxımından müvafiq treninqlərdə
iştirak etməlidirlər.
Onların
adını dəfələrlə hallandırmaq istəməzdim,
amma sadə bir misal üçün yenə Gürcüstan
kontekstini göstərmək istərdim. Gürcüstanda
yaşayan erməni diasporasının erməni dilli 2 regional
televiziyası, erməni və rus dilli bir neçə
güclü, özünü maliyyələşdirən
çap media vasitəsi var. Gürcüstanda yaşayan azərbaycanlıların
isə televiziya baxımından regional televiziyalardan birində
həftədə bir dəfə 10 dəqiqəlik verliş və
Azərbaycan Respublikasının dəstəyi ilə çap
edilən qəzetlərdən başqa media qurumları yoxdur.
Düşünürəm ki, Gürcüstanda sayca ən
çox saylı etnik azlıq statusunu daşıyan azərbaycanlılar
özünü maliyyələşdirə biləcək bir
media quruma mütləq malik olmalıdırlar və bu sahədə
Gürcüstanda fəaliyyət göstərən təşkilatlarımız
fəal işləməlidirlər.
Avropa
ölkələrində olan diaspor təşkilatlarımız
isə bu gün Azərbaycanımızı, dünyada
yaşayan azərbaycanlıların məsələlərinin
Avropa ölkələri mediasında işıqlandırılmasının
bir nov zəmanətinə çevrilməlidirlər.
Avropanın hər hansı bir şəhərində
yaşayan adi bir həyat tərzi sürən azərbaycanlı
mediada Azərbaycan həqiqətinin ən güclü, ən
obyektiv, ən yaxşı nümayişçisinə
çevrilə bilər. Belə ki, Avropa və ümumiyyətlə
beynəlxalq nüfuzlu media insan taleləri üzərində
qurulan xəbər hekayələrinə üstünlük
verir. Son 5-6 ildə hansısa bir qlobal məsələyə
adi vətəndaş prizmasından axılması nüfuzlu
media qurumlarının əsas seçimidir. Bütün
bünlardan irəli gələrək düşünürəm
ki, "Vahid İnformasiya Mərkəzi" yaradılması
və bütün bu sadalanan, eləcə də sadalanmayan məsələlərin
koordinasiya edilməsi, şəbəkələşdirilməsi
hazırki dövrümüzün qaçılmaz tələblərindəndir.
Olaylar.-
2012.- 20 aprel.- S.15.