Xarici
serial dövrü sona çatır
Yeni
dövrdə bizi nələr gözləyir?
Zeynal
Məmmədli: “Yerli seriallarda ictimai önəmli məsələlərə
diqqət çəkilməlidir”
Təvəkkül
Dadaşov: “Efiri bu qədər xarici materiallarla doldurmaq olmaz, bunun
üçün Şuranın xüsusi bir qərar qəbul
etməsinə ehtiyac yox idi”
Ələsgər Məmmədli: “Efiri
doldurmaq istəyən tərəf izləyicinin
maraqlarını düşünürsə...”
Mayın 1-dən Azərbaycanda xarici
serialların yayımı dayandırılacaq. Milli Televiziya və
Radio Şurasının ötən ilin dekabrında bununla
bağlı verdiyi qərarın əsas məqsədi
xalqın mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi
dəyərlərini aşılayan yerli teleserialların
çəkilməsi üçün imkanların
yaradılmasıdır.
Qeyd edək ki, milli serialların
çəkilməsi ilə bağlı artıq telekanallara
300 min manat verilib, bundan başqa 500 min manat da ayrılacaq. Lakin
şuranın bu qərarı cəmiyyətdə birmənalı
qarşılanmadı. Bəziləri bu qərarı dəstəkləsə
də, bir qisim bunun tədricən aparılmasını
bildirdi. Qeyd edək
ki, artıq bir neçə aydır bəzi telekanallar milli
seriallar efirə verirlər. Lakin onlar uzun müddətdir,
professional seriallara baxan tamaşaçının
zövqünü oxşaya bilmir. Belə
olan halda MTRÇ-nın yeni qərarı hansı nəticələrə
səbəb olacaq? Media
eksperti Ələsgər Məmmədli bu
addımı o qədər də doğru hesab etmədiyini
bildirdi. Çünki belə bir qərarı
vermək Milli Teleradio Şurasının funksiyalarına aid
deyil. “Hansısa filmin Azərbaycan dilinə dublyaj
olunduqdan sonra yayımının dayandırılmasına hüquqi baxımından məhdudiyyət
qoyulmamalıdır, çünki bu həm də söz,
informasiya azadlığının məhdudlaşdırılması
deməkdir. Əlbəttə, dövlət
hansısa öncəlik müəyyən edir və maliyyələşdirə
bilər. Bunun üçün qanunvericilikdə
MTRŞ-ya konkret səlahiyyət verilib ki, dövlət sifarişlərinin istər
özəl, istərsə də dövlət teleradio yayımçılarından tələb
etsin. O, hansısa milli dəyərləri
inkişaf etdirən, qanuna hörməti, korrupsiyanın yox
olmasını təbliğ edən seriallar və ya filmlərin
çəkilməsini sifariş verə bilər. Bu sifariş çərçivəsində
televiziyalarda seriallar hazırlatdırıb yaya bilər.
Amma konkret olaraq heç bir
milli-mənəvi dəyərlərə zidd olmayan, eyni zamanda
qəddarlığı, zorakılığı təbliğ
etməyən, sadəcə bədii formatda çəkilmiş
serialların istehsal yerinə görə məhdudlaşdırılması
Azərbaycan qanunvericiliyi, qoşulduğu beynəlxalq aktlar,
Avropa Konvensiyası, BMT-nin insan hüquqlarına dair bəyannaməsi,
eyni zamanda “Mülki siyasi hüquqlara dair paktı”na, bundan
başqa Konstitusiyaya görə də belə bir məhdudiyyət
yolverilməzdir”. Media
eksperti Zeynal Məmmədli
də xarici serialların yayımının
dayandırılması ilə bağlı verilən qərarı
birmənalı qarşılamadı. “Serialların
dayandırılması birmənalı olaraq XXI ərsə
yaraşmayan bir qərardır. Amma burada bir
düşündürücü məqam isə, Azərbaycan
televiziyalarında yerli verilişlərin həcminin
artırılması, yerli serialların çəkilişlərini
stimullaşdırmaq kimi aktual məsələni də
gündəmə gətirir və bu olmalıdır. Amma bunu xarici serialların yayımını məhdudlaşdıraraq
etmək, sanki Azərbaycanı təcrid etməkdir. Bu həm də,
Azərbaycan izləyicisini peyklə
yayımı izləməyə məcbur etməkdir. Rəqəmsal yayıma keçdikdən sonra isə
bu da məhdudlaşacaq, pullu yayım artacaq. İstər-istəməz
izləyicisi də sevdiyi seriala kabel televiziyası ilə
baxacaq. Burada həm kommersiya maraqlarının
olduğunu güman etmək olar, başqa bir məqam isə
insanların seçimini məhdudlaşdırmaq kimi də
qiymətləndirilə bilər. Belə
bir qərar qəbul edilmədən öncə ciddi müzakirələr
getməli idi. Bu qərarla bağlı
seyrçilər nə düşünür?”
Serial bumu
MTRŞ-nın
ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin
müdiri Təvəkkül Dadaşov insanların xarici
seriallara ehtiyacının olmadığını bildirdi. “Demək olmaz ki, bu gün insanların seriallara və
həqiqətən də xarici seriallara böyük bir
ehtiyacı var, ona görə bunlar mütləq verilməlidir.
Bu görüntünü telekanallar özləri
yaradırlar. Elə kanal var ki, gündə
4-5 serial verir, axı bu tələbatdan irəli gəlmir.
Onlar sadəcə əllərində olan
materialı efirə verir və insanları məcbur edirlər
ki, ona baxsınlar. Mayın 1-dən əllərində
milli serial yoxdursa, məcbur olub maraqlı verilişlər
hazırlayacaq. Xarici serialın yeri sadəcə milli seriallarla
doldurulmamalıdır. Onların əvəzində
mədəni-maarif, intellektual verilişlər hazırlaya bilərlər”.
Qeyd edək ki, bəzi mütəxəssislər
xarici serialların tədricən dayandırılmasını
bildirirlər. Lakin T.Dadaşov
serialların bu qədər kütləvi nümayişinin bir
neçə aydır başladığını bildirdi.
“Əvvəllər hər kanalda bir və ya iki
serial vardı. MTRŞ-nın məlum qərarından
sonra onlar əllərində olan bütün materialları
efirə verdilər. Onlar özləri
anlamalı idilər ki, efiri bu qədər xarici materiallarla
doldurmaq olmaz, bunun üçün Şuranın xüsusi bir
qərar qəbul etməsinə ehtiyac yox idi. Onlar süni surətdə efirdə serial bumu
yaratdılar. Bir neçə il əvvəl də eyni
problemlər var idi, bəzi telekanallar həftədə 30-40 saat Türkiyə
serialları verirdi. Şuranın qərarından
sonra onları müəyyən verilişlərlə əvəzlədilər.
İndi də eyni prosesdir, düşünürəm
ki, çox tez bir zamanda bu problem də həll olacaq və
televiziyalar daha maraqlı layihələr hazırlayacaq”.
Televiziyalar hazırdır?
Qeyd edək
ki, bu gün bəzi telekanallar günün böyük bir hissəsini
məhz xarici seriallar yayımlayır. Lakin birdən-birə
bunların dayandırılması, həm də efirin necə
doldurulacağı kimi suallar yaradır. Lakin
hələ ki, telekanalların sakitliyi onların bu qərarla
razılaşdığına bir işarə kimi qiymətləndirilə
bilər. Ə.Məmmədli isə,
onların etiraz etməmələrinin başqa səbəblərlə
əlaqəli olduğunu bildirdi. “Burada televiziyalar etiraz etməmələrinin əsas səbəbi, onların lisenziya aldıqları qurumun qərarlarını
tənqid edə bilməmələri
və ya bundan çəkinirlər. Ancaq biz müstəqil tərəflər
kimi bu qərarlara obyektiv qiymət verməliyik və bu tip məhdudlaşdırıcı
normalarla nəyisə tənzimləyəməyəcəyimizi
dərk etməliyik. Bizə inkişaf
lazımdır, bunun üçün də rəqabət
mühiti də yaratmalıyıq. Rəqabət olmayan
yerdə, baxımlı olan serialı çıxarıb onun
yerində baxımlı olmayan bir serialı versəniz tamaşaçını zorla
televiziyaya baxdıra bilməzsiniz”. T.Dadaşov bu qərarın yeni
olmadığını və televiziyaların
hazırlaşmaq üçün zamanlarının
olduğunu bildirdi. “MTRŞ bu proseslə bağlı təxminən
bir il bundan əvvəl qərar qəbul edib və proseslər
də uzun müddətdir ki, başlanıb. Prezident milli
serialların çəkilməsi üçün maliyyə vəsaiti
ayırdı, 2011- ci ilin sonlarında artıq qəti
qərar qəbul olundu. Telekanalların bu qərara
hazırlığı üçün kifayət qədər
vaxtları olub. Bunun üçün
onların həm vaxtları, həm də vəsaitləri
olub. Mayın 1-dən sonra isə, qiymətləndirəcəyik
ki, onlar bu prosesə necə hazırlaşıblar. Bu günkü təhlillər onu göstərir ki,
telekanallar milli serialların çəkilməsi ilə
bağlı ciddi nəticələr ortaya qoymayıblar. Düzdür, xeyli serial çəkilib, bəziləri
yayımlanır, bəzilərinin anonsları gedir, yəqin
ki, mayın 1-dən efirlərdə bir çox yeni seriallar
görəcəyik. Ümumilikdə telekanallar yaranacaq boşluğu köhnə
layihələrin bərpası, yenilərinin
yaradılması, sənədli eyni zamanda, bədii filmləri verməklə efirə
verilməsi ilə dolduracaqlar. Hesab etmirik ki,
ciddi bir problem olacaq”.
Efirin necə doldurulacağına gəlincə isə, Ə.Məmmədli
bildirdi ki, məqsəd efiri doldurmaq
olmamalıdır. Əgər
tamaşaçının diqqətini çəkmək istəyirsizsə,
reytinq gətirə biləcək və böyük
auditoriyanı özünə cəlb edə biləcək
verilişlər hazılamalısınız. Bu serial yox,
aktual proqramlar, canlı disskusiyalar ola bilər,
efiri doldurmaq istəyən tərəf izləyicinin
maraqlarını düşünürsə, buna uyğun
şəkildə özünün
yaradıcılığından istifadə etməlidir. Serial bunların içərisində çox
cüzi bir yer tutur. Bu gün
dünyanın bir çox telekanallarında aktual seriallar var
ki, onlar gündə bir neçə saat serial verir, qalan saatlar
isə, başqa üsullarla doldurulur. Televiziyalar
özləri maraqlı olmalıdır ki,
tamaşaçıya maraqlı efir təqdim etsinlər.
Teleradio Şurası bunu hansısa inzibati qərarla
etməməlidir. Bu həm də Teleradio Şurasının
qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərinə
uyğun deyil. Qanuna zidd olduğunu əsaslandırmadan
qadağa qoymaq düzgün deyil”.
“Birmənalı olaraq
... televiziyalar buna hazır deyil”. Bunu Z.Məmmədli
telekanalların yeni qərara hazır olub-olmadığına
münasibət bildirərkən dedi. Serialların
müxtəlif növləri var. Məsələn,
seatkom-situasiya komediyalarıdır. Bir çox xarici
ölkələrdə bu serialların amerikan versiyaları tərcümə
edilərək, yerli şəraitə
uyğunlaşdırılıb yerli koloritlər artırılaraq
çəkilir. Bundan başqa həm yerli, həm
də dünya klassikasından ciddi əsərlərin
ekpanizasiyasıdır. Lakin bizim kinolarda bu üsuldan
istifadə çox az olduğu halda, bunu televiziyanın çəkməsi
asan deyil. “Çünki televiziya azməsrəfli
çəkiliş deməkdir ki, bu üsullarla belə
serialları çəkmək təcrübəmiz yoxdur.
Hansı texnika ilə işlənilməsi, rejissor, prodüser
işinin özəlliklərinin öyrənilməsi, büdcənin
müəyyən olunması və s. baxımından təcrübələr
öyrənilməli idi. Bu gün Türkiyə
serialları Yaxın Şərqi bürüyüb. Amma televiziyalar onlara ayrılmış pullarla
kadrlarını həmin çəkilişlərə
göndərdimi, kadr hazırladımı?” O həmçinin Milli Teleradio Şurasının izləyicilərdə demokratik dəyərlərin
alışması, çağdaş dünya ilə
bütünləşmə kimi xüsusiyyətləri
özündə əks etdirən serialların çəkilməsinə
maraqlı olmalıdır.
“Təkcə
məişət, əyləncəli seriallar çəkilməməlidir. Elə bir reklam bazarı da
yoxdur ki, oradan gələn gəlirlər hesabına serial
çəkilsin. Ona görə də yerli seriallarda ictimai önəmli
məsələlərə diqqət çəkilməlidir. Bu səbəbdən
də MTRŞ dövlət sifarişi elan etməlidir. Məsələn,
M.S.Ordubadinin “Qılınc və qələm”, Əziz Alpoutun
“Xatirələr”,
milli istiqlal mücadiləsi aparan azərbaycanlıların
xaricdəki həyatı və s. əsərləri əsasında,
bundan başqa ötən əsrin əvvəllərində
yaşamış tarixi şəxsiyyətlər, H.B.Zərdabi,
M.F.Axundovun həyatı haqqında seriallar çəkmək
olar. Çünki kanallara sadəcə 300, 500
min manat ayırmaq, bunun necə, nə üçün xərclənəcəyinə
nəzarət etməmək dövlət büdcəsindəki
pulların nəzarətsiz, mənasız, hədəfsiz xərclənməsi
deməkdir”.
Gülxar Şərif
Olaylar.- 2012.- 20 aprel.- S.13.