Avropa Azərbaycanlıları Konqresi
Avropa məkanında fəaliyyət göstərən diaspor təşkilatlarını koordinə edən
təşkilat
Hazırda
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları
müxtəlif cəmiyyət və konqreslərin tərkibində
birləşərək ölkəmizi dünyada
layiqincə təmsil edirlər. Bu gün Azərbaycan diasporunun
geniş və əhatəli şəkildə
fəaliyyət göstərdiyi coğrafi
məkanlardan birinin Avropa
qitəsi olduğunu desək
yanılmarıq.
Hazırda Avropa məkanında fəaliyyət
göstərən diaspor təşkilatlarımız Azərbaycan
həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdikləri
soyqırımlarla bağlı adı çəkilən
coğrafiyada aydın təsəvvür yaradıb,
Avropanın rəsmi və qeyri-rəsmi dairələrini
bütün bunlarla bağlı məlumatlandıra biliblər.
Avropa məkanında fəaliyyət göstərən diaspor
təşkilatları içərisində öz fəallığı,
mütəşəkilliyi ilə Avropa Azərbaycanlıları
Konqresi xüsusi seçilməkdədir. Sözügedən
konqresin təsis edilməsi Avropa məkanında Azərbaycan
diasporunun daha güclənməsinə təkan verən amillərdən
oldu. 2004-cü il aprel ayının 17-də Almaniyanın
paytaxtı Berlində "Avropa Azərbaycanlıları
Konqresi"nin təsis edilməsi müxtəlif ölkələrdə
yaşayan azərbaycanlıların təşkilatlanması
istiqamətində əhəmiyyətli hadisə
sayılırdı. Dünyanın 28 ölkəsində 50-dən
artıq diaspor təşkilatı - Rusiya, Ukrayna, Belarus,
Moldova, İsveç, İsveçrə, Norveç, Danimarka,
Fransa, Hollandiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan,
Belçika, Finlandiya və Almaniyadakı Azərbaycan
icmaları Avropa Azərbaycanlıları Konqresinın kollektiv
üzvləri idi. AAK təsis edilərkən
qarşısına qoyduğu əsas vəzifələr
regionda azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini
qorumaq, sosial və siyasi-hüquqi maraqlarını təmin etməkdən
ibarət idi. Avropa Azərbaycanlıları
Konqresinın fəaliyyət sahələrindən biri də
Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə
əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək,
fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis
etmək hesab olunurdu. Təşkilat Avropada, MDB-də və digər
regionlarda fəaliyyət göstərən diaspor qurumları
ilə əməkdaşlığı da özünün
başlıca prinsiplərindən sayırdı. Avropa Azərbaycanlıları
Konqresinin Almaniyada təsis edilməsi də təsadüfi
deyildi. Çünki Azərbaycan diasporunun ən geniş təmsil
olunduğu Avropa ölkələrindən biri məhz
Almaniyadır. 1980-ci illərdən bu ölkədə fasilələrlə
onlarla cəmiyyət fəaliyyət göstərib ki, həmin
diaspor təşkilatları Azərbaycan Respublikası ilə
Almaniya arasında ictimai-mədəni və iqtisadi əlaqələrin
inkişafında yaxından iştirak ediblər. Avropa Azərbaycanlıları
Konqresinin də bu istiqamətdə müstəsna xidmətləri
olub. Konqres iki ölkə arasında əlaqələrin
inkişaf etdirilməsinə dəstək verməklə
yanaşı Azərbaycanın haqq səsinin Avropa vasitəsilə
dünya ictimaiyyətinə çatdırılmasına səy
göstərib, müəyyən mənada bunu bacara bilib.
Konqres Azərbaycanın üzləşdiyi problemlər, erməni
saxtakarlıqlarının ifşa edilməsində aktiv fəaliyyəti
ilə seçilib. Azərbaycan xalqının hüznlü
günlərində müxtəlif tədbirlər təşkil
edən Avropa Azərbaycanlıları Konqresi müntəzəm
olaraq yaydığı bəyanatlar və etiraz məktublarında
erməni vəhşiliklərini üzə
çıxarıb, bunu rəsmi və qeyri-rəsmi
qurumların diqqətinə çatdırıb. Hər il ənənəvi
olaraq konqresin 31 mart Azərbaycanlıların Soyqırım
Günü ilə bağlı qəbul etdiyi bəyanatları
buna əyani sübut kimi göstərmək olar. Konqresin
yaymış olduğu bəyanatlarda bildirilir ki,
sivilizasiyaların birləşdiyi müasir dövrdə bəzi
separatçı və terrorçu qüvvələrin fəaliyyəti
bəşəriyyətin sülh şəraitində
yaşamasına ciddi şəkildə mane olmaqdadır. Bunun nəticəsində
də beynəlxalq terrorizmlə mübarizə hazırda
bütün dövlətlərin və onların birləşdiyi
nüfuzlu beynəlxalq təşkilatların bir nömrəli
vəzifəsinə çevrilib. Sənəddə XIX əsrin
əvvəllərindən etibarən Azərbaycan ərazilərinə
kütləvi şəkildə
köçürülmüş ermənilərin həmin
yüzilliyin sonlarından başlayaraq «böyük Ermənistan»
xülyasını reallaşdırmaq məqsədilə Azərbaycan
ərazilərində kütləvi terror aktlarını
törətdikləri qeyd olunur. Erməni terroru nəticəsində
hələ 1918-ci ilin mart-aprel aylarında Bakıda,
Şamaxıda, Muğanda, Qubada, Lənkəranda minlərlə
azərbaycanlının qətlə yetirildiyini, on minlərlə
insanın öz vətənindən didərgin
salındığı diqqətə
çatdırılır. Həmçinin bu gün də ermənilərin
eyni metodlarla Azərbaycanın dinc əhalisinə qarşı
terror aktı törətdiyi vurğulanır. Avropa Azərbaycanlıları
Konqresi XX əsrin sonlarında SSRİ rəhbərliyinin dəstəyi
ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsində bir milyondan çox insanın öz
yurd-yuvasından didərgin salınmasını, 20 min nəfərin
qətlə yetirilməsini, doğma Vətənimizin 20 faiz
torpağının erməni separatçıları tərəfindən
işğal olunmasını xatırladaraq beynəlxalq birliyin
hadisələrə laqeyd və etinasız münasibəti nəticəsində
təcavüzkarın daha da şirnikləndiyini və daha
böyük cinayət – Xocalı soyqırımını
törətdiyini dünya ictimaiyyətinə diqqətinə
çatdırır. Avropa Azərbaycanlıları Konqresinin qəbul
etdiyi sənədlər və nizamnaməsinə uyğun
olaraq keçirilən qurultayları da AAK-ın həyatında
tarixi hadisə kimi qalıb və həmin qurultaylarda həm
konqres, həm də ümumilikdə Azərbaycan diasporu
üçün mühüm sənədlər qəbul
olunub. Bu sırada Avropa Azərbaycanlıları Konqresinin
üçüncü qurultayı xüsusilə yadda qalan
hesab edilə bilər. 2009-cu ilin aprelində keçirilən
qurultay Azərbaycanın siyasi həyatı, eləcə də
ümummilli problemi olan Dağlıq Qarabağ münaqişəsi
ətrafında cərəyan edən proseslərlə eyni
vaxta təsadüf etdiyindən həmin qurultayın nəticələri
və orada qəbul edilən sənədlər bir müddət
müzakirə mövzusu oldu. Xüsusilə, qurultayda
Türkiyə-Ermənistan sərhədlərinin
açılması məsələsinin müzakirəsi kifayət
qədər diqqət çəkən məqam idi.
Qurultayın qəbul etdiyi qətnaməsi əsasında Avropa
Azərbaycanlıları Konqresinin Nizamnaməsinin müvafiq
maddəsinə uyğun olaraq 11 təşkilat quruma üzv qəbul
edilib. Bundan başqa, qətnamə ilə qərara
alınıb ki, Avropa Azərbaycanlıları Konqresinə
üzv təşkilatların Qurultayda irəli
sürülmüş rəy və təklifləri nəzərə
alınmaqla «Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu
illər ərzində Fəaliyyət Proqramı» əsasında
Konqresin növbəti qurultaya qədər fəaliyyət
proqramı tərtib edilib. Sənəddə nəzərdə
tutulub ki, 2007-ci il iyul ayının 6-da Almaniya Federativ
Respublikasında fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək
məqsədilə Almaniya Azərbaycanlılarının
Koordinasiya Mərkəzinin yaradılması təcrübəsi
təqdir edilsin. Bu təcrübənin səmərəliliyini
nəzərə alaraq digər Avropa ölkələrində
də Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların
fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzləri
yaradılsın və mərkəzə bir nəfər əlaqələndirici
şəxs təyin edilsin. Hazırda Avropa Azərbaycanlıları
Konqresi özünün növbəti, dördüncü
qurultayına hazırlaşır. Belə ki, aprelin 29-da
Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Azərbaycanlıları
Konqresinin IV Qurultayı keçiriləcək. Qurultayda Avropa
Azərbaycanlıları Konqresinə üzv təşkilatların
rəhbərlərin, Azərbaycan Respublikasının dövlət
və hökumət nümayəndələri, millət vəkilləri,
xarici ölkə deputatları,
eləcə də konqresə üzv olmayan Azərbaycan cəmiyyət
və birliklərin, həmçinin digər xalqların
diaspor təşkilatlarının təmsilçilərinin
iştirakı gözlənilir. Qurultayda Avropa Azərbaycanlıları
Konqresinin prezidenti Başar Kömürün ötən
qurultaydan keçən müddət ərzində
görülmüş işlərə dair hesabat məruzəsi
dinləniləcək. Daha sonra digər qurultay nümayəndələri
və qonaqlar çıxış edərək konqresın
ötən dövrdəki fəaliyyətinə, təşkilatın
qarşısında dayanan vəzifələrin icrasına qiymət
verəcəklər. Qurultay çərçivəsində
Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları
arasında əməkdaşlığın inkişafı sahəsində
qarşıda duran vəzifələr, xalqımızın
tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasının
yeni metod və texnologiyaları barədə müzakirələrin
aparılması, Avropa Azərbaycanlıları Konqresinə
yeni üzv-təşkilatların qəbulu da
planlaşdırılır. Qurultayda Avropa Azərbaycanlıları
Konqresinin rəhbər orqanları seçiləcək, həmçinin
bir sıra sənədlər, o cümlədən Avropa Azərbaycanlıları
Konqresinin IV Qurultayının Qətnaməsi qəbul ediləcək.
Avropa Azərbaycanlıları Konqresinın IV Qurultayında
“Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin
Məşvərət Şurası”nın yaradılması
gözlənilir.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdi
Olaylar.- 2012.- 21-23 aprel.- S.15.