Azərbaycan diasporu fəaliyyət göstərdiyi ölkələrdə vahid milli icma kimi formalaşmalıdır

 

Taleh Əliyev: "Dövlətin ali məqsədlərinin həyata keçirilməsində diasporun yerirolu çox aydın şəkildə müəyyən edilməlidir"

 

İsveçrədə yaşayan azərbaycanlılar tərəfindən yaradılmış Haqq və Ədalət Uğrunda Hərəkatın Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Əliyevin “OLAYLAR”-a müsahibəsi

 

-Taleh müəllim, təmsil etdiyiniz qurumun əsas məram və məqsədi nədən ibarətdir. Bu təşkilatı bir diaspor təşkilatı hesab etmək olarmı?

-Haqq və Ədalət Uğrunda Hərəkat keçən ilin ikinci yarısında əsasən Avropada yaşayan azərbaycanlılar tərəfindən yaradılıb və noyabr ayının 18-də İsveçrədə dövlət qeydiyyatından keçib. Təşkilatımızın əsas məqsədi Azərbaycanda haqq və ədalət prinsiplərinin qorunması uğrunda mübarizə aparmaqdır. Eyni zamanda da Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və onların dəstəyini qazanmaqdır. Təbii ki, təşkilatımız həm də bir diaspor təşkilatıdır. Təşkilat olaraq diasporumuzun qarşısında duran vəzifələr və onların qarşılaşdığı problemlərin həlli istiqamətində də fəaliyyət göstərəcəyik.

- Azərbaycan diasporunun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycan diasporunun bugünki vəziyyəti heç də ürəkaçan deyil. Nəinki ayrı-ayrı ölkələrdə,  hətta bir ölkə ərazisində yaşayan soydaşlarımızın vahid bir təşkilat ətrafında birləşməməsi olduqca məyusedici bir haldır. Doğrudur Diasporla İş üzrə Dövlət Komitəsi  yaradıldıqdan sonra dünyanın müxtəlif ölkələrində xeyli sayda Azərbaycan cəmiyyətləri yaradıldı, amma o qurumların əksəriyyətinin işi elə yaradılmaqdan ibarət oldu.  Məncə dövlətimizin diaspor siyasəti tamamilə fərqli şəkildə təşkil olunmalıdır. İlk növbədə dövlətin ali məqsədlərinin həyata keçirilməsində diasporun yeri və rolu çox aydın şəkildə müəyyən edilməlidir  və bundan sonra diasporumuzun yaşadıqları ölkələrdə vahid təşkilatlarının yaradılmasına nail olunmalıdır. Azərbaycan diasporu yaşadıqları ölkələrdə vahid milli icma kimi formalaşmalıdır. Kimlərəsə şəxsi yaxınlığına görə diaspor təşkilatlarının qurulması, milli maraqlarımıza və diaspora quruculuğuna qarşı xəyanətdir. Nə qədər ki, Azərbaycan diasporu yaşadıqları ölkələrdə vahid milli icma kimi formalaşmayıb, nə Azərbaycan həqiqətlərini biz o ölkələrin əhalisinə çatdıra biləcəyik, nə də həmin ölkələrin siyasi hakimiyyətlərinin dəstəyini qazana biləcəyik. Bunun üçün həmvətənlərimizin özlərinin ciddi siyasi gücə çevrilməsi gərəkdir. Ən azından həmin ölkələrin siyasiləri həmvətənlərimizə yaxşı təşkilatlanmış elektorat gözü ilə baxmalıdırlar. Daha sonra isə dövlət diaspor siyasətinin proritet istiqamətlərini elan etməli və bu istiqamətlərdə diaspor təşkilatlarına illik və birbaşa maliyyə yardımları etməlidir. Diaspor təşkilatlarımızın daha uğurlu fəaliyyət göstərmələri üçün səfirliklərimiz də onlara dəstək olmalıdır. Həmvətənlərimizin daha çox yaşadıqları ölkələrdə Türkiyədə, Rusiyada, Birləşmiş Ştatlarda və s. ölkələrdə Azərbaycan konsulluqlarının sayı artırılmalıdır. Bu tip ölkələrdə yaşayan soydaşlarımızın daha ciddi təşkilatlanması və o ölkələrin daxili siyasətlərində önəmli mövqe tutmaları milli maraqlarımıza çox uygundur. Bütün bunların baş verməsi üçün isə yaxşı olardı ki, diaspor siyasəti xarici siyasətin proritet istiqamətinə çevrilsin.

-Coğrafi baxımdan bu gün Azərbaycan diasporu dünyanın hansı bölgəsində daha aktivdir?

-Türkiyədə, Avropada, Amerikada və MDB məkanında formalaşan diaspor təşkilatlarımız daha fəaldır. Ancaq qeyd etdiyim kimi bir ölkə ərazisində bir neçə diaspor təşkilatının fəaliyyət göstərməsi onların fəaliyyətinə də kölgə salır. Dövlətin bu sahəyə məhsul olan qurumları və yüksək səlahiyyətli şəxsləri siyasi baxışlarından aslı olmadan bütün fəal diaspor nümayəndələrinin yaxından iştirakı ilə həmvətənlərimizin yaşadıqları bütün ölkələrdə vahid diaspor təşkilatları yaratmağa nail olmalıdılar. Əks halda biz millət və dövlət olaraq heç nə qazanmayacayıq.

-Diaspor təşkilatları və onların rəhbərlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında rolunu necə dəyərləndirirsiniz?

-Bu sahədə elə də böyük uğurlarımız yoxdur. Amma potensialımız çox böyükdür. Düzdür başqa xalqlar var ki, onların diasporu bu gün onları millət olaraq, dövlət olaraq ayaqda saxlayır, amma bizdə belə deyil. Bunun obyektiv və subyektiv səbəbləri çoxdur, mən bu barədə daha geniş danışmaq istəmirəm. Mən istəyirəm başqa bir nümunədən danışım. Bizim üçün daha yaxın və doğma olan anadolu türklərindən. Bu gün Türkiyə Cümhuriyyəti bütün dünyada yaşayan türklərin qürur və güvənc yeridir. Təkcə anavətən olduğu üçün deyil, daha çox öz insanına sahib çıxdığına görə dünyanın harasında yaşamasından aslı olmayaraq bütün anadolu türkləri öz vətənlərini sevir və onunla fəxr edirlər. Bizim də bu nümunədən yararlanmağımız çox faydalı olardı. Həm diasporamız güclənər, həm də onların sayəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılar.

-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları diasporamız dünya ictimaiyyətinə tam mənada çatdıra bilibmi?

- Bütün bu sadaladıqlarınızın hamısını həyata keçirmək üçün məqsədyönlü şəkildə dövlət siyasəti həyata keçirilməlidir. Təkcə anım günlərinin qeyd olunması ilə iş bitmir. Dövlətimiz özü diaspor siyasətinin proritetlərini müəyyən etməli və onun bu istiqamətdəki fəaliyyətinə maddi və informativ dəstək olmalıdır. Bu işləri biz diasporun gücünə həll etməyi düşünsək, ilk növbədə özümüzü aldatmış olacağıq. Sadaladığınız bu problemlər son dərəcə ciddi məsələlərdir və dünya ictimaiyyətini bu məsələlər barədə tam məlumatlandırmaq üçün ardıcıl və çevik bir dövlət siyasəti olmalıdır. Əgər bu gün ermənilər Xocalıda qanına qəltan etdiyi azərbaycanlıları dünyaya öz şəhidi kimi təqdim edirsə bu çirkin siyasətin qarşısını yalnız ardıcıl və məqsədyönlü dövlət siyasəti ilə ala bilərik.

-Sizcə, diasporun fəaliyyətində daha hansı keyfiyyət dəyişiklikləri baş verməlidir?

-Diaspor təşkilatlarının fəaliyyət dairələrinin genişləndirilməsi lazımdır. Xüsusilə də iki istiqamətdə. Birinci həmin ölkələrin qanunvericiliyi imkan verdiyi qədər Azərbaycan dilli kütləvi informasiya kanalları və təhsil müəssələri yaratmaq.  İkinci, Azərbaycan dövlətinin sərmayyəsi hesabına soydaşlarımızı yaşadıqları ölkələrin iqdisadi həyatına inteqrasiya etmək. Biz birinci halda həmvətənlərimizi asimliasiya olunmaqdan qoruyuruq, ikinci halda isə onların vasitəsi ilə yaşadıqları ölkələrlə Azərbaycanın dost və mehriban münasibətlərinin yaradılmasına nail oluruq. Bax biz bu zaman Azərbaycan həqiqətlərini daha rahat və etibarlı şəkildə dünya ictimaiyyətinə çatdıra bilərik.

-Bir müddət əvvəl Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis toplantısı xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin diaspor fəaliyyətində aktivliyinə nə dərəcə təkan verəcək?

-Yeni yaran quruma mən də inamla baxıram ki, nələrsə edəcək. İlk növbədə bu qurumun yaradıcılarının gənclər olması xususilə də tələbə gənclər olması məndə belə inam yaradır.Amma yenə də qeyd edirəm ki, bu işin də arxasında dövlət özü dayanmalıdır ki, həm ardıcıllıq olsun, həm də xaricdə təhsil alan  azərbaycanlı tələbə gənclərin diasporumuzun formalaşmasına və dövlətimizə dəstək olmasına faydaları dəysin. Bütün bunlar olmayacağı halda gənclər öz dünyagörüşlərinə və təcrübələrinə uyğun işlər görəcəklər. Buna görə onlara təşəkkür etməli olsaq da, nəticədə millət, dövlət olaraq heç nə qazanmayacağıq. Buna görə də məncə hər bir iş planlı və sistemli şəkildə həyata keçirilməlidir.

-Azərbaycan diasporunun digər ölkələrin diaspor təşkilatları və lobbiləri ilə əməkdaşlığı arzuedilən səviyyədədirmi?

-Bu gün Azərbaycan diasporu əsasən Türkiyə diasporu ilə əməkdaşlıq edir. Türkiyə diasporu da öz növbəsində Azərbaycan diasporu ilə əməkdaşlıq edir. Ona görə ki, Türkiyə diasporu nə istədiyini çox yaxşı bilir. Bu gün Türkiyə diasporu Türkiyə Cumhuriyyətinin xarici siyasətinin həyata keçrilməsində və dövlət maraqlarının qorunmasında çox mühüm faktora çevrilib. Azərbaycan diasporu isə hələ də formalaşma mərhələsindədir. Doğrudur bu gün elə Azərbaycan təşkilatları, elə fədakar həmvətənlərimiz var ki, onların xidmətləri danılmazdır. Bu gün gözlə görünən və barmaqla sayılan uğurlarımız daha çox onların xidmətidir. Amma mən hər birimizi düşündürən və narahat edən məsələlərdən danışdım. Onların həlli isə həmin fədakar insanlarımızın və təşkilatlarımızın imkanı xaricindədi, bu problemlərin həllini dövlətimiz üstələnməlidi. Lobbiçilik fəaliyyəti daha qəliz məsələdi. Lobbiçilik üçün iki mühüm amilə sahib olmaq lazımdır. Bunlardan biri siyasi, digəri  isə iqtisadi amildir. Həmvətənlərimizi yaxşı təşkilatlandırmaqla onları yaşadıqları ölkələrdə real siyasi gücə çevirə bilərik. Nəticədə həmin ölkələrin siyasi elitası Azərbaycan diasporu ilə hesablaşa bilər. Xüsusilə də seçkilər zamanı. İqtisadi amil baxımından isə vəziyyət əksinədi. Əgər dövlət olaraq öz iqtisadi resurslarımızı diasporumuzla paylaşmasaq yaxın gələcəkdə iqtisadi cəhətdən qüdrətli diasporumuzun olması real deyil. Dövlət olaraq diasporumuzun iqtisadi gücünün də formalaşmasına diqqəti artırsaq o zaman lobbi təşkilatları üçün Azərbaycan və onun maraqlarını qorumaq cəlbedici olacaq.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 24 aprel.- S.15.