“Əsas məqsəd elm və biznesin birliyinə nail olmaqdır”

 

İlqar Orucov: “Gənc alimlərimizin elmdə qalması və onların daha effektiv fəaliyyət göstərmələrinə dəstək lazımdır”

 

AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri namizədi İlqar Orucov gənc alimlərin fəaliyyəti, onların sosial-iqtisadi vəziyyəti, elmə gətirdikləri yeniliklər və digər məsələlərlə bağlı “Azadinform”un suallarını cavablandırıb.

- İlqar müəllim, gənc alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyiniz təkliflərin  reallaşması istiqamətində hansı yeniliklər var?

- Gənc alimlərin mənzillə təmin edilməsinə münasibət müsbətdir, amma bununla bağlı konkret qərar yoxdur, hələlik gözləyirik. Təkliflərimiz "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına salınıb. Eyni zamanda bu məsələ Elmin İnkişafı ilə bağlı Milli Strategiyada da nəzərə alınıb. Hələlik bununla bağlı ortada rəsmi yekun qərar yoxdur. Yəqin ki, yaxın vaxtlarda bu məsələyə baxılacaq və təbii ki, bir daha müraciətimiz olacaq.

- Yenidən edəcəyiniz müraciət nədən ibarət ola bilər?

- Müraciətimiz yenə də ipoteka şərtlərinin yüngülləşdirilməsi ilə bağlı olacaq. Düzdür, bununla bağlı iş gedir, ancaq istəyirik ki, bu proses sürətləndirilsin. Müraciətdə, həmçinin gənc alimlərin sosial problemləri ilə bağlı məsələ olacaq. Bu, heç də asan məsələ deyil və buna zaman lazımdır. Amma hesab edirəm ki, çox gözləməyin də bir səmərəsi yoxdur. Çünki bizim alimlər var ki, mənzil-məişət şəraiti ilə bağlı ciddi problemlərlə üzləşirlər. Hesab edirəm ki, bu işləri sürətləndirmək vacibdir.

- İlqar müəllim, nə qədər gənc alimin mənzilə ehtiyacı var?

- Ümumilikdə akademiyada 2500-ə yaxın gənc var, amma onların hamısı elmi dərəcəsi olanlar deyil. Düzdür, bu statistikanın özü də dəyişəndir, yeni gənclər gəlir, yaxud gənclər yaşlaşmağa doğru gedir. Bu ilin birinci rübü üçün statistika hazırlanır. Hazırda müdafiə edənlərin, yəni alimlərin sayı 200 nəfərə yaxındır. Amma 2500-ə yaxın olan gənclərin içərisində laborantlar, dissertantlar, doktorantlar var. Hazırkı problem də müdafiə edənlərlə bağlıdır. Bu gənclər alimlik dərəcəsi alıb, özlərinə görə müəyyən pilləyə yüksəliblər. Təbii ki, gələcəkdə bunların elmdə qalması və onların daha effektiv fəaliyyət göstərmələri üçün dəstək lazımdır. Məqsədimiz də odur ki, onlar elmdən getməsinlər.

- Konkret nə qədər gənc alimin mənzilə ehtiyacı var?

- Belə bir statistikanı keçən il toplamışdıq. Həmin statistikaya əsasən deyə bilərəm ki, təxminən 160-a qədər gənc alimin mənzilə ehtiyacı var.

- Bütün bunların mənzillə təminatı məsələsinin Dövlət Proqramı çərçivəsində həyata keçirmək fikrindəsiniz, yoxsa başqa planlar da var?

- Fikirləşmirəm ki, bu məsələ təkcə Dövlət Proqramı ilə əhatə oluna bilər. Təbii ki, əsasən Dövlət Proqramını rəhbər tuturuq, amma digər tədbirlər də görmək olar. Məsələn, mən düşünürəm ki, bu məsələ Prezidentin Ehtiyat Fondunun vəsaiti ilə də həll edilə bilər, necə ki, siz jurnalistlər üçün belə bir addım atılıb və belə bir ənənə var. Qeyd edim ki, belə ənənə MDB ölkələrində, o cümlədən Rusiyada da var. Gənc alimlər üçün evlər, yataqxanalar tikilir. Hesab edirəm ki, belə müsbət ənənələri gənc alimlər üçün də tətbiq etmək olar.

- İlqar müəllim, gənc alimlərin ixtiralarını, kəşflərini, təşəbbüslərini, səmərələşdirici təkliflərini stimullaşdırmaq, layihə və proqramların maliyyələşdirilməsi, elmi kəşflərin və ixtiraların tətbiq olunması ilə əlaqədar nə işlər görürsünüz? Müxtəlif sahələri əhatə edən təşəbbüslərin dəstəklənməsi üçün hansısa dövlət və özəl təşkilatlarla əməkdaşlıq, yaxud onlara müraciət edirsinizmi?

- Biz gənc alimləri əhatə edən müxtəlif tədbirlər həyata keçiririk. Bu yaxınlarda iki gənc alimin monoqrafiyasını çap etdik, eyni zamanda, Gənc Alimlərin Əsərləri elmi jurnalı hazırdır və bu yaxınlarda çap ediləcək. May ayında  “Gənc alim tədqiqatçılar üçün biznes inkubatorların yaradılması” adlı tədbir keçirməyi nəzərdə tutmuşuq. Bütün bunlar gənc alimlərin təşəbbüslərinin dəstəklənməsi istiqamətində atılan addımlardır və hesab edirəm ki, belə tədbirlər davam etdirilməlidir. Həmçinin bizim layihəmiz Elmin İnkişafı Fondu tərəfindən dəstəklənib. Gənc alimlərin ikinci innovativ ideya  yarmarkasını keçirmək istəyirik. Bu istiqamətdə hazırlıq işləri başlanıb. Əsas məqsəd gənc alimlərin innovativ ideyalarını, onların səmərələşdirici təkliflərini müzakirə etməkdir. Həmçinin elm və biznesin birliyinə nail olmaqdır. Bununla bağlı müsabiqə elan ediləcək. Eyni zamanda, müvafiq dövlət qurumları, biznes strukturları üçün həmin innovativ ideyaların həyata keçirilməsinə görə təkliflər hazırlanacaq. Budəfəki yarmarkada fərqli format da fikirləşirik və istəyirik ki, müvafiq dövlət qurumları, iri biznes şirkətlərinin nümayəndələrini dəvət edək. Burada təqdim olunacaq layihələr birbaşa iqtisadiyyatda tətbiq ediləsi ideyalardır. Müsabiqədə ən yaxşı innovativ işlər mükafatlandırılacaq. Onu da qeyd edim ki, bizim ilk yarmarkamız 2010-cu ildə olub.

- Gənc alimlərin təşəbbüslərinin dəstəklənməsi üçün dövlət və özəl kommersiya qurumlarını tapmaqda çətinlikləriniz olur?

- Bu gün dünyada aktual olan məsələlərdən biri də bilik iqtisadiyyatının qurulmasıdır və inkişaf etmiş ölkələrin hamısında bu təcrübə var. Ölkə başçısı da artıq bəyan edib ki, keçid dövrü başa çatıb və Azərbaycan yeni mərhələyə qədəm qoyub. Prezident keçən il akademiyanın illik ümumi yığıncağındakı iştirakında da bu məsələyə  xüsusilə toxundu. Birmənalı olaraq ölkə başçımız qeyd etdi ki, belə təşəbbüslər dəstəklənəcək. Eyni zamanda, elmi biliklərin iqtisadiyyatda tətbiqi ilə bağlı təşəbbüslərin dəstəklənməsi də orada vurğulandı. Deməzdim ki, burada hansısa maneələr ola bilər. Bu, ilkin addımlardır. Biz dünya, eyni zamanda bizə yaxın olan ölkələrin bu istiqamətdəki təcrübələrini öyrənməliyik. Necə olub ki, onlarda bizneslə elmin birliyi yaradılıb, elmi biliklər iqtisadiyyatda tətbiq edilib. Təbii ki, bu təcrübə öyrənilməlidir. Bu yol varsa, biz də həmin müəyyən olunan və səmərə verən təcrübədən bəhrələnməliyik.  Burada dövlət qurumları da maraqlıdır. Çünki ölkə başçısının bu istiqamətdəki işlərin dəstəklənməsi ilə bağlı mövqeyi var. Ona görə də hesab etmirəm ki, burada hansısa problem ola bilər. Alimlərimiz də müvafiq dövlət qurumları ilə sıx işləməlidirlər. Alimlərimiz dövlət qurumlarından sosial-iqtisadi sferaya xeyir verə biləcək sifarişlər almalıdır. Burada gənc alimlərimiz daha çevik ola bilərlər, çünki onlar müxtəlif elmi tədbirlərə gedir, dünyaya çıxırlar. Elmi-tədqiqat institutlarındakı tədqiqatlarda bu təcrübə ilə bağlı müəyyən informasiyalar toplayıblar. İnanıram ki, təşəbbüslərimiz gec olmayan müddətdə reallaşacaq.

- Belə başa düşdüm ki, bu vaxta qədər heç bir təşəbbüsünüz dəstəklənməyib?

- Mən belə deməzdim. Dəqiq statistika yoxdur. Amma neft kimyası ilə bağlı konkret işlər var ki, bunlar artıq ARDNŞ tərəfindən dəstəklənir və tətbiq edilir. Onların sifarişləri var ki, orada alimlərimiz iştirak edir. AMEA İqtisadiyyat İnstitutunun gənc alimlərinin işləri var ki, onlar dövlət sifarişi əsasında işləyir. Kimya Problemləri İnstitutunun əməkdaşlarının işləri var və həmin təşəbbüslər neft-kimya müəssisələrində tətbiq edilir. Bundan başqa, Fizika İnstitutunun işləri “Azerenerji” tərəfindən dəstəklənir və s.

- Bəs özəl təşkilatlar necə, gənc alimlərin təşəbbüslərinin dəstəklənməsində maraqlıdırlarmı?

- Düşünürəm ki, böyük biznes qurumlarının burada daha çox marağı olmalıdır. Amma çox istisna hallarda həmin təşkilatlar bu təşəbbüslərə cəlb edilirlər. Məqsədlərimizin biri də odur ki, belə iri biznes strukturlarını təşəbbüslərimizə cəlb edək. Buna böyük ehtiyac var.

- Sizin istehsalatda tətbiqi səmərə verən pozitiv nəticələriniz var?

- Təbii ki, bizim alimlərin yüzlərlə ixtirası var ki, onlar artıq patentləşdirilib. Həmin ixtiralar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Bunlar iqtisadiyyatda tətbiq olunası və səmərə gətirəcək işlərdir. 

 

 

Olaylar.- 2012.- 24 aprel.- S.11.