Ayaqüstü
yeyilən qida
depressiya yaradır...
Sevgim Rəhmanov:
“Kartofu evdə özləri hazırlayıb uşaqlara versələr...”
Tahir Əmiraslanov:
“Bu qidalar narkotik kimidir, bir
neçə dəfə yedikdən sonra asılılıq
yaranır”
Nəsib
Quliyev: “Ayaqüstü qidanın uşaqlara verilməsini qəti
şəkildə məsləhət görmürük”
“Yemək
üçün yaşama, yaşamaq üçün ye” bu
deyimi adətən yeməyə düşkün olanlar
üçün deyirlər. Amma deyəsən artıq yeməklər
yaşamağımız yox, ölməyimiz üçün
hazırlanır. Əvvəl isti ocaqda təbii məhsullarla
bişirilib, süfrə ətrafında yeyilən yeməkləri
indi mənşəyi bəlli-olmayan süni qidalar əvəz
edir. GMO məhsulların həyatımıza
daxil olması, qidaların tərkibinə müxtəlif
qatqıların əlavə olunması ilə artıq
yaşamaq üçün yediyimiz qidaların bizi məhv
etdiyini görürük. Bunların sırasına bir də
ayaqüstü qidalar əlavə olunub.
Hər gün şəhərin
müxtəlif yerlərində yeni fast-food qidaları
satılan obyekt açılır. Bunlar da əsasən, ofislər,
təhsil ocaqlarının yaxınlığında yerləşir. İşdən
çıxarkən acanlar, ya da işlədiyi yerdə yemək
imkanı olmayanlar üçün bu yerlər çox əlverişlidir. Hər gün çoxlarının
qəbul etdiyi fast-food qidaları: peroşki, dönər,
müxtəlif növ hamburgerlər, cız-bız, soyuq
buterbrodlar, sandviçlər, pizza, qızardılmış
kartof çipsi, toyuq, kolalı içkilər, kappuçino və
s. sürətli və ucuz başa gəldiyinə görə
sevilir və çox istifadə edilir.
İşdə, şəhərdə gəzərkən,
daha çox bu növ yeməkləri sifariş verir, alır,
gündəlik rasionumuza çeviririk. Fast-food təkcə
küçədə yox, bəzən evdə də “köməyimizə”
çatır. İşdən yorğun gələndə yemək
bişirməmək üçün bu qidaların
satıldığı obyektlərə üz tutur ailə
üzvlərinin sayına uyğun
sayda “şam yeməyi” alırıq. Bəzən isə, mağazalardan
aldığımız qablaşdırılmış
hazır yeməkləri - yəni, süni qidaları həll
edib mədəmizə ötürürük. Düşünürük
ki, nə gözəl, həyat necə də asanlaşıb,
rahat olub. Bəs bütün bu qidaları yeyərkən
sağlamlığımıza təsirinin olub-olmaması haqda
düşünürükmü?
Nə yediyimizi bilirik?
Çox
düşündürücü məqamdır ki,
ömründə bir dəfə bu qidaların
satıldığı yerlərə baş çəkən
biri mütləq ikinci dəfə də ora getmək istəyir. Hətta iş o yerə
çatır ki, bəzilərimiz küçəyə
çıxıb həmin qidalardan yeməsək
özümüzü narahat hiss edirik. Ən azı gündə
bir dəfə bu qidalardan yemək ehtiyacında oluruq. Bu həm
də psixoloji asılılıqdır, lakin
araşdırmalara görə, bu qidalar təkcə
asılılıq yaratmır. Belə ki, isveçrəli
alimlər mütəmadi olaraq fast-fud yeyən insanlar hövsələsiz
olduğunu, digərlər insanlarla müqayisədə daha
çox depressiyaya düşdüklərini müəyyən
ediblər. Buna səbəb qidanın tərkibindəki
yağlardır. Əlbəttə,
təsir sadəcə psixoloji yox, həm də fizikidir.
Bu qidalar həmçinin
kişilərdə sonsuzluq riskini artırır. Alimlər
bildirir ki, bu cür tez hazırlanan qidaların tərkibindəki
kimyəvi və fiziki dəyişikliyə uğramış
qatışıq maddələr bədənin müqavimətini
zəiflədir.
Tərkibi
Fast-food məhsullarındakı
yağlar heyvan mənşəlidir, əksəriyyətində
isə doymuş yağ var. Həmçinin
bu qidalar insan orqanizmi və maddələr mübadiləsi
üçün çox zərərli olan bir konserogen maddələr,
çoxlu miqdarda duz var. Bu qidalar hazırlanarkən adətən,
keyfiyyətsiz məhsullardan istifadə olunur. Bunlar isə, bir çox ciddi xəstəliklər mədə,
bağırsaq, xərçəngin yaranmasına belə səbəb
ola bilir. Əlbəttə, bunlar həm də istehsal
normalarının pozulması deməkdir. Tacirlər və istehsalçılar birliyinin
sədri Sevgim Rəhmanov məhsulların
qaydalara uyğun hazırlanmasını bildirdi. “İstehsal olunan bütün
qidalar sənədə uyğun
hazırlanmalıdır. Qida məhsulları, sənədə
uyğun hazırlanırsa, onun hazırlanması
üçün istifadə olunan keyfiyyətlidirsə, normal
şəraitdə saxlanılırsa, daşınmasında
heç bir əngəllər törədilmirsə həmin məhsullar
yeyilməyə layiqdir. Bu qayda ümumi qidalarla
bağlıdır. Amma hər gün fast-food yeyib, otursaq həyat
tərzi keçirmək əlbəttə də ki, zərərlidir”.
O həmçinin bildirdi ki, bu məhsulların
hazırlanma tərkibi ilə bağlı araşdırma
aparmamışıq, lakin qidalar hazırlanarkən mütləq
qayda qanunlara əməl olunmalıdır. Məsələn,
qaydalara görə, tort hazırlanarkən mütləq
şit yağdan istifadə edilməlidir, başqa yağdan
istifadəsi qanunsuzdur. O zaman zəhərlənmə olur ki,
texnologiyaya uyğun hazırlanmır.
Hədəf uşaqlardırsa?
Fast food yeməkləri
nəinki böyüklərin, hətta
uşaqlarımızın da gündəlik və sevimli yeməklərinə
çevrilib. Fast-food sənayesinin hədəfi xüsusilə
uşaq və gənclərdir. Uşaqları cəlb etmək
üçün əsasən məşhur cizgi filmlərinin
surətlərindən də istifadə edilir. Həmçinin
uşaqlar üçün xüsusi hədiyyələr
verilir, bəzən isə bir hədiyyənin tamamlanması
üçün bir neçə dəfə həmin qidalardan
alınması kimi şərtlər olur. Cizgi filmlərində,
reklamlarda belə qidaların qəbul edilməsi tez-tez göstərilir.
Bunlar hamısı hələ formalaşmaqda olan uşaq təfəkkürünə
təsir edir. Əlbəttə,
uşaqların bu qidalara maraqlı olmasının bir səbəbkarı
da valideynlərdir. Adətən, onlar uşaqlarının
hansısa yaxşı bir işini qiymətləndirmək, ad
günü, və s. xüsusi günlərdə
övladlarını məhz həmin satış obyektlərinə
aparırlar. Əslində isə, onlar övladlarının ən
xoş günündə onları zəhərlədiklərini
heç düşünmürlər. Şübhəsiz ki, həmin
uşaqlar, sabahın gəncləri, valideynləri olaraq
fast-foodu həyatlarının ən önəmli hissəsinə
çevirəcəklər. Baş pediatr Nəsib Quliyev də
valideynləri bu məsələdə diqqətli olmağa
çağırır. “Həmin qidalarda müxtəlif xəstəliklərin
yoluxma ehtimalı var, həmçinin bu qidaların tərkibi normal olmur, həm
də hazırlanma normalarına əməl olunmur. Bunun
heç kimə xeyri yoxdur. Ayaqüstü verilən qida
insanları yoluxdura bilər, tərkibi standartlara uyğun gəlmir,
uşaqlarda həzm pozğunluqları, bəzən də qida
zəhərlənmələrinə gətirib çıxara
bilər. Mədə bağırsaq problemlərinə səbəb
olur. Ayaqüstü qidanın uşaqlara verilməsinə qəti
şəkildə məsləhət görmürük”. Azərbaycan
Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov
fast food-la qidalanan zaman mədəyə qan getmədiyini, buna görə də
ayaqüstü yeyilən qidalar yaxşı həzm
olunmadığını bildirdi. Mədəyə çox
ağırlıq verir, əksər fast-foodlar bədəni tədricən
zəhərləyir. O həmçinin bu qidaların uşaqlara verilməsinin
tam əleyhinədir. “Dünyanın heç bir ölkəsində
uşaqlar üçün kolbasa istehsal olunmur, amma bizdə
var. Çünki heç kim uşaqları
düşünmür, onlar üçün əsas pul
qazanmaqdır, kimdir uşaqları düşünən? Bu
cür reklamlar oyunlar keçirməklə onlar uşaqları
cəlb edir, daimi müştəriyə çevirirlər. Bu
qidalar narkotik kimidir, insana bir neçə dəfə yedikdən
sonra asılılıq yaranır”.
Yemək mədəniyyətimizi
sıradan çıxarıb
Əvvəldə
də qeyd etdiyimiz kimi, artıq insanlar fast-food yeməyə o qədər
adət ediblər ki, hətta ən önəmli
görüşlər bu satış müəssisələrində
olur. Məsələn, illərdir görüşmədikləri
dostları, yaxınları ilə görüş yeri fast-food
satış mərkəzləridir. Lakin bunlar həm də xalqımıza məxsus yemək ənənəsini
də sıradan çıxarır. İnsanlar yüngül,
asan həyat tərzinə öyrənir. T.Əmiraslanov bu gün xüsusən şəhər
insanlarının çox pis
qidalandığını bildirdi. “Ən çox da pis qidalanan
varlı təbəqədir, çünki nə qədər
çox pulu varsa, o qədər də zəhərli
qidalar-fast-food, restoran yeməkləri yeyirlər. Bu gün
valideynlər makaron, kartof bişirir, üstünə mayonez ya
da ketçup vurur uşaq yeyir deyir dadlıdır. Bir şeyin
ki, üstünə ketçup, mayonez vurulur, uşağın
dad bilmə qabiliyyətin məhv edir, inkişafına da maneə
olur. Bu qidalar sadəcə az vaxt sərf edirik, lakin dad, keyfiyyət
və digər məsələlərdə itiririk”.
Küçə satışları
Bu
qidaların tərkibi hazırlanma şəraiti bir tərəfə
onlar çox zaman onlar satış normalarına da əməl
etmirlər. Küçələrdə, xüsusən də
avtomobil yollarının kənarında, üstü
açıq obyektlərdə satılan bu qidalar, həm də
müxtəlif xəstəliklərin yayılma obyektləridir.
S.Rəhmanov satış obyektlərinin normalara cavab verməməsinin
ciddi bir pozuntu olduğunu bildirdi. “Ticarətdə qayda qanun
yaratmaq üçün ticarət haqqında qanun
olmalıdır. Bu gün isə,
ticarət Nazirlər Kabinetinin 1998-ci ildə verdiyi 80
nömrəli qərara görə nizamlanır. Həmin qərar
isə, həm köhnədir, həm də oradakı qaydalara əməl
olunmur. Küçələrdə qidaların normalara
uyğun satılmamasına polislər, yerli icra hakimiyyəti
orqanları, səhiyyə işçiləri cavabdehdir.
Axı həmin şəxslərin, küçənin
ortasında, üstü açıq, xalatsız, tibbi
arayış olmadan, çirkli əllərlə satış
həyata keçirmələrinə kim icazə verir? Bu
mövzular araşdırılmalıdır. Yeyinti məhsullarını
istehsal edən və satanların tibbi kitabçaları, əyinlərində
xalat, əlcək olmalıdır. Əlbəttə, bu normalar
pozulduğundan insan orqanizminə mütləq zərər verəcək”.
Qiymət ucuz, bəs keyfiyyət
Məlumdur
ki, ölkədə satılan
fast-foodların əksəriyyətinin xammalı müxtəlif xarici
ölkələrdən gətirilir. Tez-tez də müxtəlif
alimlər bu məhsulların zərərləri ilə
bağlı məlumatlar yayırlar. Lakin hələ ki bu
araşdırmalar idxala təsir etmir, həmin məhsullardan
istifadə olunur. Əlbəttə, onların nə dərəcə
keyfiyyətli olması da düşündürücü məqamdır.
S.Rəhmanov da bu qidaların tərkibinin açıqlanmasını
vacib hesab edir. ““Mc-Donalds, “Coca-cola”, “Pepsi-cola”, kimi içkilər
gətirilir, lakin onların tərkibi açıqlanmır.
Valideynlər anlamalıdırlar ki, orada yeyilən kartofu evdə
özləri hazırlayıb uşaqlara versələr daha
çox xeyirli olar, nəinki necə hazırlandığı
məlum olmayan yerdə yemək”. Qeyd edək ki, bu qidalar
çox zaman daha ucuz qiymətə təklif olunur. Qiymətin
ucuzluğu insanları, xüsusən də gəncləri,
yeniyetmələri daha çox cəlb edir. T.Əmiraslanov isə,
ucuzluğun keyfiyyət göstəricisi kimi qəbul etməyin
tərəfdarı deyil. “Ucuz ətin şorbası olmur, yəni
əgər qida keyfiyyətlidirsə,
onun müəyyən qiyməti var. Qiyməti həddindən artıq
aşağı salmaq olmaz. Amma bir tərəfdən isə,
bizim öz restoranlarımızda qiymətlər çox
yüksəkdir, bu o demək deyil ki, oradakı qidalar keyfiyyətlidir.
Ona görə də, qiymətə görə, qidanın
keyfiyyəti dəyərləndirilmir. Satış qiymətində
ərzağın qiyməti 20-25%-dən artıq təşkil
etməlidir. Bu cür aşağı qiymətə
satırlar ki, çox alsınlar bu ticarət qaydalarıdır, normaldır. Qiymətdən asılı olmayaraq
fast-foodların tam əleyhinəyəm, bu qidaları qəbul
etməyi zərərli hesab edirəm”.
Gülxar Şərif
Olaylar.- 2012.- 25 aprel.- S.13.