TQDK-nın qiymətləndirmə
siyasəti təhsilimizi qaranlığa aparır
Mütəxəssislər həyəcan
təbili çalır
Dünyanın
inkişaf etmiş ölkələrinin təcrübəsi
göstərir ki, təhsil cəmiyyətdə siyasi və
sosial-iqtisadi sabitliyin təmin edilməsində, insan
kapitalının formalaşmasında həlledici rol
oynayır. Yüksək təhsilli insanlar cəmiyyətdə
qarşılıqlı etibarın güclənməsini, sivil
və etik normalara riayət olunmasını təmin edir, həyatda
daha doğru, ədalətli, sağlam və konstruktiv mövqe
nümayiş etdirir, təhsil səviyyəsi aşağı
olan insanlar isə bir çox hallarda asanlıqla
ayrı-ayrı qrup maraqlarının alətinə çevrilə
bilirlər.
Araşdırmalar
göstərir ki, ümumi təhsil müddətində
şagirdlərin bilik və bacarıqlarının səviyyəsi
təhsil illərinin sayından daha çox öyrənmə
prosesinin keyfiyyəti ilə müəyyən olunur. Bu səbəbdən
də dünyanın inkişaf etmiş ölkələrində
təhsilin keyfiyyətinin təminatı dövlət siyasətinin
əsas istiqamətlərindən biri hesab edilir.
Bu
baxımdan son illərdə beynəlxalq təcrübədə
təhsilin keyfiyyətini ölçmək məqsədilə
müxtəlif məzmunlu qiymətləndirmə
proqramlarının nəticələrindən istifadə daha
da aktuallaşmışdır. Müasir dövrdə 15
yaşlı şagirdlərin həyati bacarıqlarını
qiymətləndirən PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi
Proqramı), şagird nailiyyətlərini kurikulum üzrə
ölçən TIMSS (Riyaziyyat və Təbiət Elmləri
üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və
PIRLS (Oxu Bacarıqlarının keyfiyyətini tədqiq edən
Beynəlxalq Qiymətləndirmə Proqramı)
proqramlarının nəticələri təhsildə beynəlxalq
keyfiyyət indikatorları kimi qəbul olunur.
Beynəlxalq
qiymətləndirmənin nəticələri əsasında
aparılan təhlillər göstərir ki, hər bir ölkənin iqtisadi
artımı ilə həmin ölkədə təhsilin
keyfiyyəti arasında sıx bağlılıq mövcuddur.
Məsələn, PISA üzrə nəticələrin 15%
yüksəlməsi ÜDM-in iki faiz artmasını şərtləndirir
Son illərdə
ölkəmizdə şagirdlərin nailiyyətləri
yalnız beynəlxalq qiymətləndirmə proqramları
çərçivəsində öyrənilmir, həm də
məktəbdaxili və milli qiymətləndirmələr
aparılır və onların nəticələri etibarlı
mənbə hesab olunur.
Bu qiymətləndirmələrin
aparılmasında Azərbaycan Respublikası Prezidentinin 5
sentyabr 2009-cu il tarixli, 156 ¹-li Fərmanı ilə təsdiq
olunmuş “Təhsil haqqında Azərbaycan Respublikası
Qanunu” (19.20-ci bəndi), Azərbaycan Respublikası Prezidentinin
01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş
“Təhsil Nazirliyinin Əsasnaməsi” (9.13-cü bəndi), Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9
nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası", Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı
ilə təsdiq olunmuş “Ümumi təhsilin dövlət
standartı və proqramları (kurikulumları) sənədləri
hüquqi, elmi və nəzəri baza rolunu oynayır.
Məlumdur
ki, beynəlxalq qiymətləndirmə ölkənin təhsil
səviyyəsini digər dövlətlərlə müqayisə
etmək imkanı yaradırsa, qiymətləndirmənin ikinci əsas
istiqamətlərindən biri olan milli qiymətləndirmə
tədqiqatları təhsil sahəsində perspektivlərin
müəyyənləşdirilməsinə və
proqnozların verilməsinə xidmət edir. Qeyd etmək
lazımdır ki, artıq ölkəmizin təhsil sistemində
milli qiymətləndirmə sahəsində 4 əsas və
sınaq mərhələsindən ibarət təcrübə
qazanılmışdır və hər bir milli qiymətləndirmə
tədqiqatının xüsusi məqsədləri
olmuşdur. Məsələn, təhsil tariximizdə
mühüm hadisə hesab olunan kurikulumun tətbiq edilməsindən
əvvəl məzmun və qiymətləndirmə
standartlarının hazırlanması məqsədilə
2003-cü ildə ilk dəfə milli qiymətləndirmə tədqiqatı
aparılmışdır. 2007-2008-ci dərs ilində ümumtəhsil
məktəblərinin I sinifləri yeni fənn kurikulumları
əsasında tədrisə başladı. Cari dərs ilində
IV siniflərdə keçiriləcək Milli qiymətləndirmə
tədqiqatının əsas məqsədi yeni fənn
kurikulumlarının qiymətləndirilməsi olacaqdır.
Düşünürük
ki, qiymətləndirmə sahəsində atılan hər bir
addım ölkədə təhsilin keyfiyyətinin
yaxşılaşdırılmasına xidmət etməlidir. Həm
beynəlxalq, həm də milli qiymətləndirmə tədqiqatlarının nəticələrindən təhsilin
keyfiyyətinin yüksəldilməsi istiqamətində daha səmərəli
istifadə olunmalıdır.
Ölkənin
təhsil sisteminin Avropa təhsil məkanına
inteqrasiyasını sürətləndirmək məqsədilə
2004-cü ildə Azərbaycan postsovet məkanında PISA
proqramının sınaq mərhələsinə qoşulan
ilk ölkələrdən biri oldu. Heç şübhəsiz
PISA-2006 beynəlxalq qiymətləndirmə proqramının əsas
mərhələsində iştirak edərkən bu bilik
yarışında şagirdlərimizin yüksək nəticə
göstərəcəklərini gözləmirdik. Səbəblər
çox idi, əsas səbəb isə ölkədə tətbiq
olunan təhsil proqramlarının şagirdlərdə idraki,
həyati və tətbiqi bacarıqların
formalaşdırılmasına yönəldilməməsi, təhsil
prosesi iştirakçılarının beynəlxalq qiymətləndirmə
təcrübəsi ilə tanış olmaması idi. Lakin bu
addım beynəlxalq tələb və standartları mənimsəmək,
şagird və müəllimlərimizi, təhsil ictimaiyyətini
bu proseslə tanış etmək, şagirdlərimizi psixoloji
cəhətdən həmin bilik yarışına
hazırlamaq və təcrübə qazanmaq baxımından
çox faydalı idi. Məhz bu proqramda iştirakın nəticəsidir
ki, artıq dərslik və dərs vəsaitlərimizdə,
qiymətləndirmə vəsaitləri toplusunda idraki
bacarıqları inkişaf etdirən qiymətləndirmə
nümunələrinə geniş yer verilir, summativ qiymətləndirmə
vasitələrinin böyük əksəriyyəti həmin tələblər
gözlənilməklə tərtib edilir. Artıq
buraxılış imtahanlarında istifadə olunan sual
kitabçalarındakı hər bir tapşırığın
məqsədi də konkret bilik və bacarığın
yoxlanılmasına xidmət edir.
Yeri gəlmişkən
qeyd edək ki, ölkənin ümumtəhsil məktəblərində
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
formada aparılması zamanın tələbi idi. Belə ki,
bir tərəfdən artıq 15 ildən çox bir müddətdə
ali məktəblərə qəbul imtahanlarının mərkəzləşdirilmiş
qaydada test üsulu ilə, buraxılış
imtahanlarının isə ənənəvi üsulla
keçirilməsi bunu tələb edirdisə, digər tərəfdən
həm beynəlxalq təcrübə, həm də məktəbin
və müəllimin nüfuzunun yüksəlməsi, təhsilalanların,
təhsilverənlərin və valideynlərin məsuliyyətinin
artırılması, beləliklə ölkədə təhsilin
keyfiyyətinin təmin olunması buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada
keçirilməsini tələb edirdi.
2004-cü
ildə biz bu işə başlamaq istəyərkən bu sahədə
nə təcrübəmiz, nə də texniki
imkanlarımız var idi. Onu da bilirdik ki, eyni vaxtda 100 mindən
çox şagirddən imtahan götürmək o qədər
də asan məsələ deyildir. Məhz bu səbəbdən
2005-ci ildə İmişli və Bakı şəhərinin Xətai
rayonlarında bu işə başlamağı qərara
aldıq. Həmin rayonların məktəblərində
şagirdlər, müəllimlər və valideynlərlə
çoxsaylı görüşlər və müzakirələr
apardıq, bir neçə dəfə sınaq imtahanları
keçirdik. Bu imtahanların nəticələrini təhlil
etdik. İlkin təhlillər göstərdi ki, getdikcə nəticələr
yüksəlir, müəllimlərin və valideynlərin məsuliyyəti
artır, şagirdlərin dərsə davamiyyəti
yaxşılaşır. Bütün bunları nəzərə
alaraq mərkəzləşdirilmiş buraxılış
imtahanlarının əhatə dairəsini ilbəil genişləndirdik,
2007-2008-ci dərs ilindən isə ölkənin bütün
ümumtəhsil məktəblərində tətbiq etdik. Qeyd
edilən addımları atarkən biz ümummilli lider Heydər
Əliyevin aşağıdakı tarixi kəlamını əsas
götürmüşdük: "Təhsil sahəsində hər
bir yeniləşmə inqilabi yolla deyil, təkamül yolu ilə
həyata keçirilməlidir".
Onu da qeyd
etmək istəyirik ki, ilkin mərhələdə fərqli
yanaşmalar olsa da, əksəriyyətin fikrincə, tətbiqindən
cəmi 3 il keçməsinə baxmayaraq, ölkəmizdə
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılması praktikası artıq özünü
doğrultmuşdur. Mahiyyət və məqsəd eyni olsa da,
ayrı-ayrı ölkələrdə bu proses müxtəlif
formalarda aparılır. Buraxılış
imtahanlarının sayında da müəyyən fərqlər
mövcuddur: tam orta təhsil səviyyəsi üzrə imtahan
aparılan fənlərin sayı ayrı-ayrı ölkələrdə
iki-dörd arasında dəyişir.
Fikrimizcə,
Azərbaycanda buraxılış imtahanlarının tam orta təhsil
səviyyəsində səkkiz əsas fənn üzrə mərkəzləşdirilmiş
qaydada aparılması real zərurətdən yaranan və təhsilin keyfiyyətinin artırılması istiqamətində
qəbul edilən ən mühüm qərarlardan biri idi.
Buraxılış imtahanlarının səkkiz fənn üzrə
keçirilməsi, bəzi fənlər üzrə biliklərin
12 sual vasitəsilə yoxlanılması hələ də
müzakirə mövzusudur. Şübhə yoxdur ki, 12 sual
vasitəsilə beş-altı
ildə qazanılan bilik və bacarıqları ətraflı yoxlamaq və qiymətləndirmək
o qədər də sadə məsələ deyildir. Amma etiraf
etməliyik ki, hazırkı mərhələdə müəyyən
olunmuş əsas səkkiz fəndən hər hansı birini
qiymətləndirmədən kənarda saxlamaq həmin fənnə
şagirdlərin, müəllimlərin və valideynlərin
münasibətinin dəyişməsinə səbəb ola bilər.
Eyni zamanda buraxılış imtahanlarında istifadə olunan
sualların ekspertizası və bir neçə ilin təcrübəsi
göstərir ki, kimya, fizika, biologiya, coğrafiya fənləri
üzrə tərtib olunmuş 12 sual da həmin fənlərdən
əsas standartları ehtiva edən, bilik və
bacarıqları yoxlamağa imkan verir. Əsas məsələ
sualların məqsədyönlü qoyuluşundadır.
Qeyd edək
ki, ölkəmizdə buraxılış imtahanlarının
mərkəzləşdirilmiş qaydada keçirilməsinə
mexaniki şəkildə deyil, beynəlxalq təşkilatların
nüfuzlu məsləhətçi və ekspertlərinin rəyi,
qabaqcıl ölkələrin təcrübəsi öyrənildikdən
sonra başlanılmışdır. Həmin qərarın qəbul
edilməsində CİTO Beynəlxalq İnstitutu (Niderland) təşkilatı,
Algirdas Zabulionis, Bojana Naceva, Àdrian Stoika və digər qiymətləndirmə
mütəxəssisləri ilə müxtəlif illərdə
aparılan əməkdaşlıq da önəmli rol
oynamışdır.
Azərbaycanın
ümumi təhsil sistemində aparılan islahatlara maliyyə
yardımı göstərən Dünya Bankı da
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsi ideyasını müdafiə edərək
bu istiqamətdə Təhsil Nazirliyinə lazımi dəstək
vermiş, bütün bunların əsasında yeni qiymətləndirmə
sisteminə keçid üzrə davamlı xarakter
daşıyan fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Hazırda
bu işlər Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihə çərçivəsində “Təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi və nəticələrindən
istifadə olunması” komponenti
daxilində davam etdirilir və görülən işlər
barədə rübdə bir dəfə
Dünya Bankına rəsmi hesabat verilir. Eyni zamanda hər bir dərs
ili ərzində iki dəfədən az olmayaraq, beynəlxalq
məsləhətçi və ekspertlərlə hesabat
xarakterli görüşlər keçirilir və nəticə
etibarı ilə şagird nailiyyətlərinin qiymətləndirilməsinin, o
cümlədən buraxılış imtahanlarının
keçirilməsi işinin təkmilləşdirilməsi istiqamətində
lazımi tədbirlər görülür. Perspektivdə buraxılış
imtahanlarının, ümumilikdə məktəbdaxili qiymətləndirmənin
beynəlxalq təcrübəyə daha da
uyğunlaşdırılması, eləcə də
buraxılış imtahanlarının nəticələrinə
görə fərqli attestatların verilməsi nəzərdə
tutulur.
Bunlarla
yanaşı, buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsinə başlanandan indiyədək hər
il imtahan suallarının məzmununda, qiymətləndirmə
vasitələrində məqsədli şəkildə sadədən
mürəkkəbə doğru dəyişikliklər
aparılır.
Deklarativ
biliyi, yaddaşı yoxlayan vasitələr artıq tətbiqi
bacarıqları üzə çıxaran suallarla əvəz
olunur. Əgər birinci il imtahan suallarının yalnız
20%-i tətbiqi bacarıqlara yönəlmişdisə, hazırda belə
tapşırıqlar ümumi sualların sayının 50%-ni
ötmüşdür. Qiymətləndirmə tədqiqatlarında
obyektiv və dəqiq məlumatların
toplanması üçün
qiymətləndirmə vasitələrinin
relevantlığı, yəni
qiymətləndirilənlərin eyni səviyyəli
suallarla yoxlanılması vacib şərtlərdən hesab
olunur.
Beynəlxalq təcrübədən
irəli gələn bu mühüm tələb
buraxılış imtahanları üçün sualların
hazırlanmasında əsas götürülsə də,
müəyyən amillərin təsiri nəticəsində bəzən
öz mütləqliyini qoruyub saxlaya bilmir. Hər il 150 minədək
IX sinif və 100 minə qədər XI sinif şagirdinin
iştirak etdiyi buraxılış imtahanları eyni gündə,
eyni saatda keçirilərsə, imtahanların səmərəli
təşkilinə və imtahan materiallarının məxfiliyinin
qorunmasına kim zəmanət verə bilər? Belə
olduğu halda, bir bölgədə istifadə olunmuş
imtahan suallarından olduğu kimi digər bölgədə də
təkrar istifadə edilməsi nə dərəcədə məqsədəuyğundur?
Əlbəttə, hər bir imtahan otağındakı
şagirdlərin sayına uyğun hazırlanmış
kitabçalarda imtahan sualları arasındakı balansın
mütləq şəkildə gözlənilməsini tam təmin
etmək də mümkün deyildir. Lakin fikrimizcə, imtahan
materiallarının məxfiliyinə xələl gəlincə,
hazırkı mərhələdə imtahan sualları
arasındakı balansın qismən pozulmasına müəyyən
haqq qazandırmaq olar.
Mərkəzləşdirilmiş
qaydada keçirilən buraxılış imtahanlarının
tətbiq olunmasından cəmi 3 il ötməsinə
baxmayaraq, onun təhsilin keyfiyyətinə müsbət təsiri
göz qabağındadır. Hər il keçirilən
görüşlər, aparılan sorğular göstərir
ki, şagird və valideynlərin, məktəb rəhbərlərinin,
müəllimlərin öhdəliklərinə, vəzifə
funksiyalarına münasibətləri dəyişmiş, məsuliyyətləri
xeyli artmışdır. Yoxlama imtahanlarında müşahidə
olunan mütəşəkkillik, valideynlərin müəllimlərə
və məktəb rəhbərlərinə qarşı
getdikcə artan tələbkarlığı, onların məktəblə
əməkdaşlığının xeyli genişlənməsi
buna real sübutdur.
***
Bir
mühüm cəhəti də qeyd etmək lazımdır ki,
şagirdin attestatına yazılan yekun qiymət yalnız
buraxılış imtahanlarının nəticəsinə
görə hesablanmır. Yekun qiymət dörd parametr (X və XI sinif
üzrə illik qiymətlər, yoxlama və
buraxılış imtahanlarının nəticələri) əsasında
hesablanır. Bu, şagirdlərin təhsil əməyinin qiymətləndirilməsində
subyektivliyi və formalizmi, psixoloji gərginliyi xeyli dərəcədə
aradan qaldırır, obyektivliyin təmin olunmasına real zəmin
yaradır.
Azərbaycanda
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsi təcrübəsi
artıq digər ölkələr tərəfindən də
öyrənilir. KİV-dən məlumdur ki, Dünya
Bankının xətti ilə 2011-ci ilin iyun ayında Rusiya
Federasiyasından gəlmiş qiymətləndirmə ekspertləri
(Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Viktor
Aleksandroviç Bolotov və Rusiya Təhsil
Akademiyasının təhsilin monitorinqi laboratoriyasının rəhbəri
İqor Aleksandroviç Valdman)
buraxılış imtahanları ilə bağlı
prosesləri - qiymətləndirmə vasitələrini, tətbiq
olunan qiymətləndirmə şkalasını geniş təhlil
edərək müsbət rəy . 2011-ci il oktyabrında
Tacikistan Respublikasının Prezident Aparatının Təhsil və Elm şöbəsinin
müdiri Əbdülhəmid
Nozimov, Tacikistan Respublikası Milli Test Mərkəzinin direktoru
Savzali Cəfərov, Tacikistan Respublikası Kulyab Dövlət
Universitetinin rektoru Nurali Salıxov və Tacikistan
Respublikası Təhsil Proqramlarının rəhbəri Nazarxuda Dastambuyev də
daxil olmaqla 10 nəfər qiymətləndirmə mütəxəssisindən
ibarət nümayəndə heyəti Azərbaycanda mərkəzləşdirilmiş
qaydada buraxılış imtahanları, milli və beynəlxalq
qiymətləndirmələrin
aparılması təcrübəsi ilə tanış
olmuş, müsbət rəy söyləmişlər.
2009-cu ilin
oktyabrında Dünya Bankının Gürcüstan Respublikasındakı ofisinin
nümayəndələrinin iştirakı ilə də Təhsil
Nazirliyinin apardığı milli, beynəlxalq qiymətləndirmə
tədqiqatları və buraxılış
imtahanlarının təcrübəsi
geniş müzakirə olunmuşdur.
Yeri gəlmişkən,
onu da diqqətə çatdıraq ki, 2011-ci ildə seçmə
yolla ölkənin ümumtəhsil məktəblərinin IX
sinif şagirdləri arasında Azərbaycan dili, riyaziyyat və
informatika fənləri üzrə
Milli qiymətləndirmə keçirilmiş, nəticələr
Nazirliyin Kollegiyasında geniş müzakirə olunaraq
müvafiq qərar qəbul edilmişdir. Müəyyən
olunmuşdur ki, qiymətləndirməyə cəlb olunmuş
IX sinif şagirdləri Azərbaycan dili fənnindən mətni
oxuyub nəticə çıxarmağı bacarmaq, mətndəki
hadisələri əlaqələndirmək, riyaziyyatdan -cəbri prosedurları yerinə
yetirmək, hesablamalar aparmaq və aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlamaq, funksional
asılılıqları qrafik şəkildə təsvir etmək,
informatikadan - kommunikasiya texnologiyalarından istifadə etməyi
bacarmaq, müxtəlif xarakterli informasiyaların həcmini
ölçmək və s. kimi bacarıqlara yiyələndiklərini
nümayiş etdirmişlər. Bununla yanaşı, həmçinin məlum
olmuşdur ki, şagirdlərdə müqayisə, təhlil,
müstəqil problem həlli, tədqiqatçılıq, tətbiqi
bacarıqlar inkişaf etdirilməlidir. Milli qiymətləndirmələrin
nəticələri bir daha sübut edir ki, bu növ qiymətləndirmə
ümumi təhsilin keyfiyyət göstəricilərinin üzə
çıxarılmasında ən etibarlı tədqiqatdır.
Bu mənada nə buraxılış imtahanlarının, nə
də qəbul imtahanlarının nəticələri
ümumi təhsilin keyfiyyətini qiymətləndirmək
üçün tam və yeganə əsas ola bilməz. Onu da
bildirmək istərdik ki, ABŞ, Almaniya və digər ölkələrdə
ali məktəblərə mərkəzləşdirilmiş qəbul
imtahanı ümumiyyətlə keçirilmir.
Ölkəmizdə
isə buraxılış və ali məktəblərə qəbul
imtahanlarının aparılmasında məqsəd, istifadə
olunan qiymətləndirmə vasitələri və qiymətləndirmə
parametrləri (məsələn, dörd səhv cavabın bir
düzgün cavabı silməsi) müxtəlif olduğuna
görə, hər iki imtahanın nəticələrinin eyni
olmasını gözləmək yanlış bir mövqedir.
Buraxılış imtahanları meyarlara əsaslanan
qiymətləndirmədir və hər imtahan verənin nəticəsi
heç bir digər şəxslə müqayisə
aparılmadan hesablanır və o, təhsil haqqında
müvafiq dövlət sənədini alır. Deməli,
buraxılış imtahanını ümumi təhsili başa
vuran hər bir kəs verməlidir.
***
Qəbul
imtahanı isə müəyyən olunmuş ümumi normalar əsasında
yalnız müraciət edən abituriyentlər arasında
seçim aparır və
onların nəticələri biri digəri ilə müqayisədə
nəzərə alınır.
Ali məktəblərə
qəbul imtahanlarında tətbiq olunan dörd səhvin bir
düz cavabı silməsi
praktikası da başa düşülən deyil.
Müraciət etdiyimiz beynəlxalq ekspertlər belə
praktikanı abituriyentlərə
qarşı “cəza” kimi xarakterizə edirlər. Ölkəmizin buraxılış və qəbul
imtahanlarını öyrənən Dünya Bankının
ekspertləri öz hesabatlarında 4 səhvin bir düz
cavabı silməsini abituriyentlər
üçün “sərt şəkildə tətbiq olunan
şərt” kimi ifadə etmişlər. Əgər bu tədbir
imtahan suallarının abituriyentlər tərəfindən təsadüfi
cavablandırılmasının qarşısını almaq
üçün görülübsə, onda ən
yaxşı yol açıq tipli imtahan suallarından istifadə
etməkdir.
Onu da qeyd
etmək lazımdır ki, ali məktəblərə qəbul
zamanı imtahan suallarının
çətinlik səviyyəsinə görə müvafiq bal
ilə qiymətləndirilməməsini də ekspertlər
imtahanları çətinləşdirən amillərdən
biri hesab edirlər. İmtahanlarda ədalətliliyin təmin
olunmasının əsas şərtlərindən biri də
sualın çətinliyinə görə ona daha yüksək
balın verilməsidir. Yəni asan sual aşağı,
çətin sual yüksək balla qiymətləndirilməlidir.
Oxucularda sual yarana bilər ki, niyə buraxılış
imtahanlarında suallar bu cür qiymətləndirilmir? Məlumat
üçün bildirək ki, buraxılış
imtahanları müsabiqə xarakterli deyil. Qəbul
imtahanları isə məhz müsabiqə xarakterli
imtahandır və burada hər
sualın çətinlik dərəcəsinə
görə fərqli qiymətləndirilməsində ən
cüzi bal belə ixtisas seçiminə hökm verir.
Abituriyent üçün daha əlverişli olar ki, məsələn,
dörd asan suala cavab verib 16 bal toplamaqdansa, iki çətin
suala cavab verib 20 bal toplasın. Başqa sözlə desək,
qəbul imtahanları abituriyentin cəzalandırılmasına
deyil, bilik və bacarıqlarını maksimum nümayiş etdirməsinə
şərait yaratmalıdır.
Sualların
imtahan kitabçalarında çətinlik səviyyəsinə
görə sıralanmaması ona gətirib
çıxarır ki, bir abituriyent
eyni zaman ərzində
dörd asan və ya orta
çətinlik səviyyəli,
digər abituriyent isə ifadə tərzi çətin
olan və oxunması vaxt tələb edən bir suala cavab
verir. Təbiidir ki, belə halda onların qəbul
imtahanlarının nəticələri ilə
buraxılış imtahanındakı nəticələri üst-üstə düşməyəcək.
Qəbul
imtahanları üçün əvvəlcədən minimal
balın müəyyən olunmasını da təhsil ekspertləri
qəbuledilməz hal sayırlar. Əslində, minimal balın
hansı elmi-nəzəri əsaslarla müəyyən
olunması bizim üçün də qaranlıqdır.
Ekspertlərin fikrincə, topladığı ballara uyğun olaraq abituriyentlərin
reytinq cədvəli müəyyənləşdirilməlidir,
istənilən halda universitetlər reytinq üzrə daha
yaxşı nəticə göstərənləri seçəcəkdir.
***
Yaxşı
olardı ki, imtahanlardan sonra abituriyentlər topladıqları
ballara müvafiq olaraq sıraya düzülsün və bu
sıradan plan yerlərinin sayı qədər abituriyentlər
müvafiq ali məktəblərə qəbul olunsunlar. Belə
olan halda, çoxlu söz-söhbətə səbəb olan əlavə
yerləşdirməyə ehtiyac olmaz. Beynəlxalq təcrübə
göstərir ki, hər hansı qiymətləndirmənin nəticələri
təhsilin keyfiyyəti haqqında etibarlı mənbə
rolunu o zaman oynaya bilər ki,
oradakı qiymətləndirmə vasitələri
bütün variantlarda testologiyanın elmi-nəzəri əsaslarına
uyğun olaraq eyni çətinlik
dərəcəsinə malik olsun.
Lakin
TQDK-nın apardığı imtahanlarda buraxılış
imtahanlarındakından qat-qat çətin olan qiymətləndirmə
vasitələri ixtisas qrupundan asılı olaraq fərqli
çətinlik dərəcəsinə malikdir. Məsələn,
Azərbaycan dili fənni üzrə suallar III qrupda çox
çətin, II qrupda çətin, I və IV qruplarda nisbətən
çətin, tarix fənni üzrə III qrupda çətin,
II qrupda nisbətən çətin olur, riyaziyyat, xarici dil,
fizika və digər fənlər də onun kimi. Eyni bir fəndən
fərqli çətinlik dərəcəsinə malik olan
suallarla təhsilin keyfiyyəti barədə hökm vermək
nə dərəcədə düzgündür?
Qiymətləndirmə
ilə bağlı qarşıda duran ən mühüm vəzifələrdən
biri də bu sahə üzrə ixtisaslı kadrların
hazırlanmasıdır. Ölkəmizdə qiymətləndirmənin
ali məktəblərə qəbul imtahanları timsalında
20 illik təcrübə əldə etməsinə baxmayaraq,
bu cür aktual və mühüm məsələ diqqətdən
kənarda qalmışdır. Qeyd edək ki, Təhsil
Nazirliyinin təşəbbüsü və Dünya
Bankının dəstəyi ilə Azərbaycan Dövlət
Pedaqoji Universitetində “Təhsildə monitorinq və qiymətləndirmə”
ixtisası üzrə magistr hazırlığı işinə
başlanıb və artıq bu ixtisas üzrə tədris
ediləcək fənlər müəyyənləşdirilib,
dərs deyəcək müəllimlər lazımi təlimlərdən
keçirilir və həm ölkə, həm də beynəlxalq
ədəbiyyat öyrənilməklə ilkin mühazirə və
məşğələ materialı hazırlanır.
Yazımızı
Dünya Bankının xətti ilə Rusiya Federasiyasından
gəlmiş qiymətləndirmə ekspertlərinin “Azərbaycanın
ali məktəblərə qəbul imtahanlarının məzmunu
ilə orta məktəblərdə istifadə olunan tədris
planının müqayisəli təhlili”ndə gəldiyi nəticələrdən biri ilə
bitirmək istəyirik: ”Beynəlxalq təcrübə göstərir
ki, bir çox səbəblərə
görə, yüksək tələblərlə həyata
keçirilən qəbul imtahanlarının nəticələrinə
əsasən təhsilin keyfiyyətini qiymətləndirmək
məqsədəuyğun deyil”. Ekspertlərin fikrinə
görə, təhsilin keyfiyyətini qiymətləndirmək
üçün iqtisadi və digər amilləri nəzərə alan geniş tədqiqatın
nəticələrindən istifadə edilməlidir.
Oxucuların nəzərinə çatdırırıq ki,
belə bir tədqiqat Dünya Bankının dəstəyi
ilə həyata keçirilən milli qiymətləndirmədir
ki, Təhsil Nazirliyi tərəfindən ümumi və
xüsusi məqsədləri əhatə
etməklə 2003-cü ildən
aparılır.
Aydın Əhmədov,
Fərzəli Qədirov,
Elvin Rüstəmov,
Təhsil Nazirliyinin əməkdaşları
Olaylar.- 2012.- 25 aprel.- S.12.